Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-503/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Paşa Sığorta ASC-yə qarşı mülki iş üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Paşa Sığorta ASC-in nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Paşa Sığorta ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 333/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 157 saylı arayışına əsasən, Hümmətov X5 rayonu Nabur kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. RPA********** olan BB seriyalı 699132 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İddiaçı Paşa Sığorta ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı sığortalanmış əmlaka zəlzələ nəticəsində zərər dəyməsini bildirib, sığorta ödənişinin verilməsində köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alınmış, zəlzələ Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Paşa Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli “zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabat”ına əsasən Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinə dəymiş ziyan, material və ehtiyyat hissələrinə görə 34 manat və zəhmət haqqına görə 105 manat olmaqla, ümumilikdə 139 manat məbləğində qiymətləndirilmişdir. Paşa Sığorta ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, əmlaka dəymiş zərər 139 manat məbləğində qiymətləndirilmişdir. BB 699132 saylı sığorta müqaviləsi üzrə azadolma məbləğinin 150 manat təşkil etdiyi nəzərə alınsa sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi azadolma məbləğindən azdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Belə olduğu təqdirdə sığortalanmış əmlaka dəymiş zərər məbləği azadolma məbləğini aşmadığından, "xxxx" ASC-nin 17 iyul 2023-cü il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar üzrə Rayon Komissiyasının sədri, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri M.X.Əkbərov, Komissiyanın sədr müavini İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri X.Y.Novruzov, Komissiyanın üzvləri, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və X1 ilə İş Şöbəsinin müdiri E.E.Mikayılov, Gigiyeva və Epidemiologiya Stansiyasının baş həkimi R.H.Hümbətov, Qobustan rayon Sukanal İdarəsinin rəisi B.M.Mehdiyev, X4 baş mühəndisi Ə.N.Əliyev, Nabur kənd İƏD üzrə nümayəndəsi R.Q.İsayev, fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş və imzalanmış akta əsasən, Qobustan rayonu Nabur kənd sakini İddiaçı müraciətinə əsasən ona məxsus Nabur kəndində tikilmiş fərdi yaşayış evinin qəzalı vəziyyətdə olmasını müəyyən etmək üçün vizual baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evində aşağıda qeyd edilən qəza vəziyyəti müəyyən edilmişdir: fərdi yaşayış evi tarixi dəqiq bilinməyən vaxtda, 2 mərtəbəli olmaqla tikilmişdir (fərdi yaşayış evinin mərtəbə hündürlüyü birinci mərtəbədə 2.2 metr, ikinci mərtəbə 2.6 metrdir). Dam örtüyü yamac formada dəmir və azbes örtüyü materialı ilə örtülmüşdür. Dam örtüyündə çökmə və ya deformasiyaya uğramaq halına rast gəlinmədi. Fərdi yaşayış evinin üç tərəfi mişarlanmış əhəng daşı ilə 0.4 m ölçüdə tikilmişdir. Ön fasad birinci mərtəbə də mişarlanmış əhəng daşı ilə 0.4 m ölçüdə tikilmişdir. İkinci mərtəbənin ön divarında divar boyunca taxta materialı ilə pəncərə yığılmışdır. Həmin hissədə, yəni pəncərənin deformasiyaya uğraması halına rast gəlinmədi. Fərdi yaşayış evinin ön divarında birinci mərtəbədə şaquli istiqamətdə 7 ədəd çatların olduğu müəyyən edildi. Həmin çatların şaquli istiqamətdə uzunluğunun ən az hissəsi 0.4 m, ən hündür hissəsi 0.8 m ölçüdədir. Çatların qalınlığı ən az hissəsi 10 mm, ən qalın hissəsi 20 mm-dir. Fərdi yaşayış evinin yan divarında (şimal tərəfdə) birinci mərtəbədə şaquli istiqamətdə 2 ədəd çatların olduğu müəyyən edildi. Həmin çatların şaquli istiqamətdə uzunluğunun ən az hissəsi 0.4 m, ən hündür hissəsi 1 m ölçüdədir. Çatların qalınlığı ən az hissəsi 10 mm, ən qalın hissəsi 15 mm-dir. Fərdi yaşayış evinin arxa divarında bütün divar boyunca şaquli istiqamətdə uzunluğunun ən az hissəsi 1 m, ən hündür hissəsi 4.1 m ölçüdədir. Çatların qalınlığı ən az hissəsi 3 mm, ən qalın hissəsi 5 mm-dir. Komissiyanın qərarına əsasən fərdi yaşayış evi qismən qəzalıdır. İnsan həyatı üçün qismən təhlükəlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/230 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və döşəməsində çatların, aralanmaların, çökmələrin olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, aralanmaların və çökmələrin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikintiquraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikintiquraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2023-cü il tarixində zəlzələ baş verdiyini, fərdi yaşayış evinin yerləşdiyi ərazinin maili olduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qobustan rayonu Nabur kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 47.380 manat (103 x 460,0) məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Paşa Sığorta ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi evə dəyən zərərin müəyyən edilməsi və cavabdehin hesabına bərpa edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qobustan rayonu Nabur kəndində yerləşən yaşayış evi X3 məxsus olsa da 10 ildən artıqdır ki, həmin ünvanda özü və ailə üzvləri yaşayır. Fərdi ev mişar daşından hörülmüşdür, 2 mərtəbəlidir. Fərdi evin hər mərtəbəsində 11 metr ölçüsündə şüşəbənd vardır. O, xx.xx.2022-ci ildə bir il müddətinə Qobustan rayonunun Nabur kəndində yerləşən yaşadığı fərdi evi "xxxx" ASC-də sığorta etdirmişdir. Tərəflər arasında “Yaşayış evi”nin icbari sığorta olunması barədə şəhadətnamə təsdiq edilmişdir (şəhadətnamə №RPA**********, seriya: BB № 699132). Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsinə görə yaşayış evi 15.000 manat sığorta edilmiş və o, cavabdehin hesabına müqaviləyə əsasən 30 manat sığorta ödənişi etmişdir. 04 iyul 2023cü ildə baş vermiş zəlzələ nəticəsində evin arxa divarında bünövrədən binanın hörgüsünün sonuna qədər olan hissədə bir neçə yerdən çatlar əmələ gəlmişdir. Binanın ön hissəsində zəlzələnin təsirindən daş divar bir-birindən aralanmışdır. Əmələ gələn çatlar arasından əl keçir. O, baş vermiş hadisə ilə əlaqədar olaraq dərhal "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin nümayəndələri yaşadığı evə baxış keçirmiş və binanın divarlarında əmələ gəlmiş çatları öz gözləri ilə görmüşlər. Yaşadığı evə ciddi zərər dəyməsinə baxmayaraq, cavabdeh SMS-lə müraciət edərək əmlakına dəyən zərərin 139 manat müəyyən edildiyini bildirmişdir. Maddi itkiyə görə dəyən zərərin cavabdeh tərəfindən qiymətlənməsindən narazıdır. Hesab edir ki, əmlakına zəlzələ nəticəsində dəyən zərərin məbləği 139 manat deyil, həmin məbləğdən qat-qat yüksəkdir. Belə ki, yaşayış binasının təmir edilib əvvəlki vəziyyətinə gətirilməsi üçün 10.000-15.000 manatdan artıq vəsait sərf edilməlidir. Buna görə də, fərdi evə dəyən zərər müəyyən edilərək vurulan zərərin nəticələrinin aradan qaldırılması müəyyən edilməli və həmin xərclərin cavabdehin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 daha öncədən məhkəməyə ünvanladıqları etiraz ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, “Paşa Sığorta" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** (BB 699132) nömrəli sığorta şəhadətnaməsi ilə Qobustan rayonu Nabur kəndində yerləşən yaşayış evi “Daşınmaz əmlakın icbari sığortası” üzrə xx.xx.2022 - xx.xx.2023 tarixləri üçün sığortalanmışdır. xx.xx.2023-cü il tarixində İddiaçı Cəmiyyətə müraciət edərək ona məxsus olan əmlaka ziyan dəydiyini bildirmişdir. İddiaçı xx.xx.2023cü il tarixli izahatına əsasən əmlaka xx.xx.2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində zərər dəymişdir. Müraciət dərhal qeydiyyata alınmış, sığorta araşdırmasına başlanılmış, ziyan dəymiş əmlaka baxış keçirilmişdir. Əmlaka baxışın nəticəsi olaraq ilkin akt tərtib olunmuş, həm sığortaçının nümayəndəsi, həm də sığortalı tərəfindən imzalanaraq doğruluğu təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinin tələbini nəzərə alaraq, əmlaka dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixli “Zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 139 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələbini nəzərə alaraq, səlahiyyətli dövlət orqanına Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə sorğu məktubu ünvanlanmışdır. Seysmoloji Xidmət Mərkəzinin sorğularına cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli 8-1-17/2265/2023 nömrəli cavab məktubunda xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 00:01-də Xəzər Dənizində maqnitudası Ml=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alındığı, zəlzələnin Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvələ üzrə 4 bala qədər hiss olunduğu göstərilmişdir. Araşdırmanın yekununda baş vermiş hadisənin sığorta hadisəsi hesab edilmədiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixində İddiaçı sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, sözügedən imtina tam əsaslıdır, faktiki hallara və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilmişdir. Belə ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələ daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnmir. Yəni iddiaçının iddia etdiyi zərərlərin zəlzələ nəticəsində əmələ gəlməsi səlahiyyətli dövlət orqanının mövqeyinə əsasən mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Əmlaka dəymiş zərərin həcmi 139 manat çərçivəsindədir. “İcbari sığortalar haqqında'’ Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən Qobustan üzrə şərtsiz azadolma məbləği 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. İlkin aktda çatların köhnə olduğuna dair qeyd vardır və bu qeyd İddiaçı tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və ya mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmiş, müvafiq müraciət üzrə isə məsuliyyəti yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-333/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 14850 manat sığorta ödənişinin cavabdeh Paşa Sığorta ASC-dən tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdeh Paşa Sığorta ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 2023-cü ilin iyul ayında (sənədlərə əsasən 04 iyul 2023-cü il tarixdə) sığorta hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Baş vermiş olan zəlzələ nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka zəlzələ nəticəsində zərər dəyməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin sığorta şirkəti müxtəlif əsaslar gətirərək sığorta ödənişini verməkdən yayınmışdır. Şirkətin sığorta ödənişi verməkdən imtina etməsi kimi əsaslandığı hallar isə aşağıdakılardan ibarət olmuşdur: Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələ daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnmir. Yəni iddiaçının iddia etdiyi zərərlərin zəlzələ nəticəsində əmələ gəlməsi səlahiyyətli dövlət orqanının mövqeyinə əsasən mümkünsüzdür. Əmlaka dəymiş zərərin həcmi 139 manat çərçivəsindədir. “İcbari sığortalar haqqında'’ Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən Qobustan üzrə şərtsiz azadolma məbləği 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. İlkin aktda çatların köhnə olduğuna dair qeyd vardır və bu qeyd İddiaçı tərəfindən təsdiqlənmişdir. Məhkəmə qeyd etmişdir ki, əvvəla şirkətin birinci, yəni zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələnin daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnməməsi və bununla da zərərin zəlzələ nəticəsində əmələ gəlməsinin səlahiyyətli dövlət orqanının mövqeyinə əsasən mümkünsüzlüyünə dair dəlili ilə məhkəmə razılaşmayıb qeyd edir ki, şirkətin sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələnin qeydə alındığı, zəlzələnin Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunduğu qeyd olunmuş, lakin bu intensivlikli zəlzələ nəticəsində fərdi yaşayış evinə zərər dəyməsinin mümkünsüz olmasına dair hər hansı bir məlumat cavab məktubunda əks olunmamışdır. Eyni zamanda, şirkət zəlzələlərin intensivliyinə görə təsnifata dair materiallar təqdim etmiş olsa da, həmin materiallarda zəlzələnin MSK-64 seysmik intensivlik şkalasının ətraflı şəkildə izahı verilmiş və zəlzələnin 4 bal gücündə hiss olunduğu halda kəskin mövqe ifadə olunmamaqla, yalnız hansı nəticələri gözləməyin mümkün ola biləcəyinə dair ümumi məlumat əks olunmuşdur. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, şirkətin birinci dəlilinin tam əksinə iddiaçının əmlakına zərərin məhz zəlzələ nəticəsində dəyməsi təkcə iddiaçının təqdim etdiyi sənədlərlə deyil, həmçinin məhkəmənin təyin etmiş olduğu ekspertiza nəticəsində də müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/230 saylı eskpert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və döşəməsində çatların, aralanmaların, çökmələrin olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyriyaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrıayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, aralanmaların və çökmələrin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikintiquraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2023-cü il tarixində zəlzələ baş verdiyini, fərdi yaşayış evinin yerləşdiyi ərazinin mailli olduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/230 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, şirkətin ikinci dəlili, yəni əmlaka dəyən zərərin 139 manat məbləğində qiymətləndirilməsi və bununla da, sığortalanmış əmlaka dəymiş zərər məbləğinin azadolma məbləğini (azadolma məbləği 150 manat təşkil edir) aşmadığından, "xxxx" ASC-nin məsuliyyətinin yaranmamasına münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil də əsassız omaqla, qəbul edilməsi mümkün deyildir. Belə ki, şirkət zərərin qiymətləndirilməsinə dair hesabata əsaslanıb həm material, həm də zəhmət haqqına görə tələb olunan vəsaitin ümumilikdə 139 manat olmasına əsaslansa da, işdə olan fotoşəkillər, Qobustan rayonunun səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli akt və nəhayət ekspert rəyi tam əksini deməyə imkan verir. Həmin sənədlərlə müəyyən olunur ki, fərdi yaşayış evinə nəinki zərər dəymişdir, hətta yaşayış üçün təhlükəli olmaqla, eləcə də təmir işləri ilə bərpası mümkünsüz olmaqla, yenidən inşa olunması tələb olunur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, şirkətin sonuncu, ilkin aktda çatların köhnə olduğuna dair qeydin mövcudluğuna dair dəlili ilə də razılaşmayıb qeyd etməyi vacib sayır ki, işdə olan fotoşəkillərlə tikilinin təzə tikili olmadığı müəyyən edilir. Həmçinin bu məsələ ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, müəyyən olunduğu kimi, sözügedən fərdi yaşayış evi Qobustan rayonu Nabur kəndində inşa edilmiş və Respublikanın müxtəlif bölgələrində (rayon/kənd yerlərində) tikinti işlərinin aparılması zamanı tikinti norma və qaydalarına riayət edilməsi adətən gözlənilmir. Eyni zamanda, sığorta müqaviləsinin əsas şərtlərindən biri sığortaçının sığorta obyektinə baxış keçirmək, sığorta obyektinə dair zəruri sənədləri tələb etmək və məhz razılığı olduqda müqavilə bağlamaq imkanının olması, sığorta hadisəsi baş verdiyi zaman sığorta şirkətinin sonradan bu hallara (çatların daha əvvəl əmələ gəlməsi və sair) istinad edib sığorta ödənişi ödəməkdən imtina etməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış olan hallarla müəyyən edilir ki, sığorta hadisəninin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti müxtəlif səbəblər gətirərək sığorta ödənişini ödəməkdən yayınmış, bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ekspert rəyində əmlaka dəymiş ziyanın daha yüksək məbləğdə qiymətləndirilməsinə baxmayaraq, sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq azadolma məbləği (150 manat) də nəzərə alınmaqla, sığorta məbləği həddində ödənişin cavabdeh şirkət tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2-ci maddələrinə, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 101.3, 206.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-333/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(006)-333/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia məbləğinin tam həcmdə (ekspertin rəyi ilə müəyyən edilmiş 47380 manat məbləğdə) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-333/2024 nömrəli qətnaməsindən cavabdeh Paşa Sığorta ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(006)-333/2024 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(006)-333/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 14850 manat sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. O, bu iş üzrə qəbul olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(006)-333/2024 saylı qətnaməsi ilə razı deyildir. Məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Belə ki, məhkəmə baxışının gedişində təsdiq edilmişdir ki, yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmamışdır. İşdə olan materiallarla təsdiq olunmuşdur ki, həmin ərazidə xx.xx.2023-cü il tarixində zəlzələ baş vermişdir. Fərdi yaşayış evinin yerləşdiyi ərazisi maili olduğundan İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu məhkəmə ekspertizası təsdiq etmişdir. Məhkəmənin 14 dekabr 2023-cü il tarixdə qəbul edilmiş 2(006)-4040/2023 saylı qərardadı ilə ekspert qarşısında qoyulan suallara cavab verən ekspert tədqiqatın nəticəsində yaşayış evinin divarlarında və döşəməsində çatların, aralanmaların və çökmələrin olduğu qənaətinə gəlmişdir. Eskpert qarşısında qaldırılan 3-cü suala cavab verərək bildirilmişdir ki, Qobustan rayonu, Nabur kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 47380 manat müəyyən edilmişdir. Lakin mübahisəni araşdıran məhkəmə heç bir araşdırma aparmadan hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, 14850 manat sığorta ödənişi edilməldir. Halbuki 14850 manata həmin fərdi evin heç üçdə birini bərpa etmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Qobustan rayonunda 1 ədəd mişar daşı qara bazarda 1 manat, 1 m3 taxta 400-450 manat, 1 kisə Qaradağ istehsalı olan sement 9-10 manatadır. Hal-hazırda mülkiyyətində olan evin sökülüb əvvəlki vəziyyətdə bərpası üçün 60-70 min manat tələb edilir. Belə olan halda məhkəmə heç bir əsaslanma aparmamış, bir mal-qara tövləsinin qiyməti həcmində sığorta ödənişinin edilməsi qənaətinə gəlmişdir. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(006)-333/2024 saylı qətnaməsi qismən ləğv edilməli, iddia məbləği tam həcmdə (ekspertin rəyi ilə müəyyən edilmiş 47380 (qırx yeddi min üç yüz səksən) manat məbləğdə) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh Paşa Sığorta ASC-in apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** (BB 699132) nömrəli sığorta şəhadətnaməsi ilə Qobustan rayonu, Nabur kəndində yerləşən yaşayış evi “Daşınmaz əmlakın icbari sığortası” üzrə xx.xx.2022 – xx.xx.2023 tarixləri üçün sığortalanmışdır. xx.xx.2023-cü il tarixində İddiaçı Cəmiyyətə müraciət edərək ona məxsus əmlaka zərər dəydiyini bildirmişdir. Onun xx.xx.2023-cü il tarixli izahatına əsasən əmlaka zərər dəyməsinin səbəbi xx.xx.2023-cü il tarixində baş vermiş zəlzələ olmuşdur. Müraciət dərhal qeydiyyata alınmış, sığorta araşdırmasına başlanılmış, zərər dəymiş əmlaka baxış keçirilmişdir. Baxışın nəticəsində ilkin akt tərtib olunmuş, bu akt həm Cəmiyyətin nümayəndəsi, həm də İddiaçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığortaçı hər bir halda dəymiş zərərin miqdarını müəyyən etməli olduğuna görə qiymətləndirmə həyata keçirilmiş, xx.xx.2023-cü il tarixli hesabata əsasən 139 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.2-ci maddəsinə əsasən səlahiyyətli dövlət orqanına yazılı sorğu vermək sığortaçının vəzifəsi olduğuna görə Cəmiyyət Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə sorğu ünvanlanmış, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Xəzər dənizində baş vermiş zəlzələnin Qobustan rayonu, Nabur kəndi ərazisində 12 ballıq MSK64 seysmik cədvəli üzrə 4 bala qədər hiss olunduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. İmtina ilə razı olmayan İddiaçı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-333/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hesab edilir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Paşa Sığorta ASC-in nümayəndəsi X7 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Maddə 7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində, cavabdeh isə təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış mülki məsuliyyətin icbari sığortası müqaviləsinə əsasən, müqavilədə göstərilən əmlakı qanuni əsaslarla istismar edən iddiaçı müqavilədə nəzərdə tutulan və baş verən sığorta hadisəsi (zəlzələ) nəticəsində ona dəymiş ziyana görə sığorta ödənişinin ödənilməsi tələbi ilə cavabdehə müraciət etmiş, sonuncu aşağıdakı əsaslarla sığorta ödənişini ödəməkdən imtina etmişdir. 1.Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələ daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnmir. 2.Əmlaka dəymiş zərərin həcmi 139 manat çərçivəsindədir. 3.İlkin aktda çatların köhnə olduğuna dair qeyd vardır və bu qeyd İddiaçı tərəfindən təsdiqlənmişdir. İmtinasında, etirazında, eləcə də apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan cavabdehə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılsa da, o, imtinasının əsası olan halları sübuta yetirə bilməmiş, araşdırma zamanı isə müəyyən olunmuşdur ki, cavabdehin imtinasının əsası olan hallar hər hansı bir mötəbər sübuta söykənmir. Əksinə, iddiaçıya baş vermiş sığorta hadisəsi (zəlzələ) nəticəsində ziyan dəyməsi tədqiq olunan sübutlarla təsdiq olunur. Ona görə də kollegiya iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı və tədqiq olunan digər sübutlarla cavabdehin imtinasının əsassız olması birmənalı olaraq öz təsdiqini tapdığından cavabdehin imtinası ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirib qeyd edir ki, sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi 15.000 manat təşkil etdiyindən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirmək vəzifəsi daşıdığından, iddiaçının iş üzrə keçirilən ekspertizanın rəyi ilə müəyyən olunan ziyanın məbləğini tam olaraq tələb edə bilməsi üçün hüquqi əsası yoxdur. Beləliklə, Məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Paşa Sığorta ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-333/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-503/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-503/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver