Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5033/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(009)-1233/21 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” KB ASC-nə qarşı (3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-nin 21.01.2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokollarının (Y-02/4 və Y-02/5 nömrəli), əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinə dair ərizə verərək mülki iş üzrə yekun qərar çıxarılanadək iddianın təmini tədbiri kimi icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş № 2(009)-1233/21) ərizə təmin olunmamışdır. İddiaçı qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri əsasında davam etdirilirsə, icra hərəkətləri dayandırılmalıdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən dayandırılması xahiş olunan hərrac Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2198/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə keçirilir və hazırkı halda iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi qanuni qüvvədə olan məhkəmə aktı üzrə başlanmış icra icraatının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə isə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, icra sənədi üzrə icraatın dayandırılması qaydası və halları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra məmurunun müvafiq təqdimatı ilə həyata keçirilir. Həmçinin hazırkı iddia, icra sənədi ilə bağlı məhkəmə araşdırması hesab edilə bilməz. Belə ki, iddiaçı icra sənədini mübahisələndirməmişdir, etibarsız hesab edilməsi tələb olunan aktlar isə icra sənədinin icrası ilə bağlı həyata keçirilən hərəkətlərlə əlaqədardır. Müvafiq icra sənədi qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmişdir və onun icrasının hazırkı iddia ilə bağlı dayandırılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5033/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5033/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver