Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5036/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “İktech” markalı sutəmizləyici sistemə dair iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alıq-satqı müqaviləsi üzrə gecikdirilmiş borc kimi 1.490 manat, cərimə kimi 119,2 manat, məhkəməyə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,5 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, gecikdirilmiş borc kimi 1.490 manat, cərimə kimi 119,2 manat, məhkəməyə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,5 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, su təmizləyici sistemi almaq üçün hər hansı şəxsə müraciət etməyib, həmin sistemi satan şəxslər mənzilləri qapı-qapı gəzərək belə sistemin nisyə satıldığını və sistemin keyfiyyətindən narazı qalan alıcının onu 14 gün müddətində geri qaytarmaq imkanının olduğunu bildirmişlər. Həmin şəxslər onun da yaşadığı mənzilə gəlmişlər. O, həmin şəxslərin sözlərinə inanaraq sutəmizləyici sistemin nisyə alqı-satqısına dair müqavilə imzalamışdır. Sistemi aldıqdan bir gün sonra onun yaxşı işləmədiyini müəyyən etmişdir. Belə ki, təmizləyici sistemdən keçən su acı tamı verirdi. Bunu özü və ailə üzvləri müəyyən etdilər, həm də mənzillərinə gələrək sudan istifadə edən qohumları da bunu bildirdilər. Bundan başqa, firmanın nümayəndələri sistemi quraşdıranda bildirdilər ki, sistemdən keçən su ərp verməyəcək, lakin su ərp verdi. Firmanın nümayəndələrinin alıcılara göstərmək üçün gətirdikləri aparat başqa cür idi, o, suyu təmizləyirdi, ancaq onun mənzilinə başqa aparatı quraşdırdılar, həmin aparat yaxşı işləmədi. Ona görə də alqı-satqıdan bir gün sonra sistemi satan firmanın satış rəhbəri Elnur adlı şəxsin mobil nömrəsinə zəng edərək sistemin keyfiyyətindən narazı qaldığını bildirmiş, o cümlədən müqavilədən imtina etdiyi bildirmiş və xahiş etmişdir ki, gəlib sistemi söküb götürsünlər. Lakin firmanın nümayəndəsi gəlməmişdir. Həmin vaxt pandemiya ilə əlaqədar karantin olmuş, eyni zamanda gözləmişdir ki, şirkətin nümayəndəsinin özü gəlib sistemi söküb götürsün. Sonra yenə firmaya zəng etmiş, ona bildirmişlər ki, Elnur adlı şəxs işdən çıxıb. Həmin vaxtdan etibarən sistemdən istifadə etmir. Sonra mənzilini satmışdır, hazırda kirayədə yaşayır. Mənzili satarkən su təmizləyici sistemi sökmüşdür və özü ilə götürmüşdür, lakin istifadə etmir, kənara qoyub. Həyat yoldaşı fəhlədir, xəsarət alıb, işləyə bilmir, 3 uşağı var, istifadə etmədiyi sistemə görə ondan ondan pul tələb edilməsi ədalətsizdir. Hətta sistemə görə öncədən verdiyi 200 manatın da geri qaytarılmasını tələb etmir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2020-ci il tarixdə su təmizləyici sistemə dair iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında KG-506/2020 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə görə, satıcı həmin sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları alıcıya satmağı, alıcı isə bunun müqabilində sistemin qiyməti kimi 1.690 manat ödəməyi öhdəsinə götürüb. xx.xx.2020-ci il tarixdə təhvil-təslim aktı tərtib edilməklə sistem və onun tərkib hissələri satıcı tərəfindən alıcıya təhvil verilib. O cümlədən satıcı tərəfindən iddiaçıya “Zəmanət talonu” verilib, zəmanət müddəti malın təhvil verildiyi vaxtdan başlamaqla fiziki şəxslər üçün 5 il, yəni xx.xx.2025-ci ilədək müəyyən edilib. Su təmizləyici sistem təhvil verildikdən sonra onun təmizlədiyi suyun keyfiyyəti barədə mübahisə yaranıb. Alıcı bildirir ki, sistemdən keçən su acı tamı verir və ərp bağlayır, bu isə o deməkdir ki, sistem lazımi keyfiyyətdə deyil. Alqı-satqı müqaviləsinin 2.1ci bəndində qeyd olunub ki, malın keyfiyyət göstəriciləri təhvil-təslim aktı ilə müəyyən olunur. Təhvil-təslim aktının 4-cü bənində suyun tamı və keyfiyyəti barədə qrafa olsa da həmin qarafa boş saxlanılıb, suyun tamı və keyfiyyəti barədə qeyd aparılmayıb. Sutəmizləyici sistemin təyinatı suyun təmizlənməsindən ibarətdir, ona görə də sistemin keyfiyyəti onun təmizlədiyi suyun keyfiyyətinə əsasən təyin olunur. Suyun keyfiyyəti barədə mübahisə olduğu halda sistemin lazımi keyfiyyətdə olduğunu, yəni onun təmzilədiyi suyun lazımi kefiyyətdə olduğunu sübut etmə yükü satıcının üzərinə düşür. Satıcıya məhkəmə bildirişi verilsə də o, məhkəmə iclasına gəlməyib, alıcının etirazlarının əsassız olduğunu, sutəmizləyici sistemin təmizlədiyi suyun lazımi keyfiyyətdə olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Satıcının (iddiaçının) bu hərəkətsizliyi Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinin təsiri altına düşür. Həmin maddəyə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə də alcının (cavabdehin) bildirdiyi məlumatlar əsasında suyun lazmıi keyfiyyətdə olmadığı, buna müvafiq olaraq sutəmziləyici sistemin lazımi keyfiyyətdə olmadığı müəyyən olunmuş sayılır. O cümlədən məhkəmə bu halı əşyanın (su təmizləyici sistemin) keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirir. Mülki Məcəllənin 587.2.1-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Bundan başqa, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5036/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5036/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver