Məhkəmə qərarları › İş №2(103)-504/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-504/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-504/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2, Cavabdeh X3 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-3037/2020 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdeh X4 qarşı “faiz borcunun qaytarılması tələbinə” dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 faiz borcu üzrə 7956,02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956,02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT məhkəməyə ərizə təqdim edərək, cavabdeh X1 07 iyul 2006-cı il tarixli 542/06 nömrəli kredit müqaviləsi üzrə faiz borcu üzrə 7956,02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956,02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X4 dair sənədlər S-FK-XAÇ-56 saylı, 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xaçmaz filialı ilə cavabdeh X5 arasında 07.07.2006-cı il tarixdə, №549/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 07.07.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi X4 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X3 banka hazırda olan borcu faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-3037/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı QSC BOKT-un adından “X7 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-3037/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, "xxxx" QSC BOKT-a səlahiyyətli şəxs tərəfindən imzalanmış şikayətlə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, 02.10.2015-ci il tarixdə İddiaçı QSC-nin nizamnaməsinə “Fərmanda nəzərdə tutulmuş aktivlərin Kredit Təşkilatı tərəfindən alınması və idarə olunması ilə bağlı qərarları Nizamnaməyə uyğun olaraq Kredit Təşkilatının Səhmdarlarının Ümumi Yığıncağı, Müşahidə Şurası, Təftiş Komissiyası və İdarə Heyəti qəbul edir. Həmin aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeleyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsi ilə həyata keçirir” məzmununda 2.5-ci bənd əlavə edilmişdir. “X7 Edilməsi Agentliyi” (BAİEA) MMC-nin Nizamnaməsinə görə MMC, Fərmanla İddiaçı QSCyə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədi ilə yaradılmışdır, onun təsisçisi İddiaçı QSC-dir, cəmiyyət müstəqil balansa, kredit təşkilatlarında cari və hesablaşma hesabına, habelə digər hesablara, möhürə, müvafiq ştamplara və blanklara malikdir, öz adından müqavilələr bağlayır, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edir və vəzifələr daşıyır, məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir, öz öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyır, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, cəmiyyət dövlətin, dövlət isə cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. "xxxx" MMC-nin Nizamnaməsinin 3-cü bəndinə əsasən, cəmiyyətin əsas məqsədi Fərmanın icrasını təmin etmək məqsədilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən alınmış aktivlərin idarə edilməsindən ibarətdir və cəmiyyət aktivlərin idarə edilməsində iştirak edərkən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: … 3.2.2. ödəmə vaxtı keçmiş borcların (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görür. … Beləliklə aydın olur ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlərin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə sonuncu, müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. Düzdür, "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kredit borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, İddiaçı QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik deyil. İşin hallarından aydın olur ki, apellyasiya şikayəti İddiaçı QSC BOKT-un adından “X7 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmışdır. Kollegiya bir daha qeyd edir ki, belə bir imkan 01.01.2018-ci il tarixədək mümkün olmuşdur; belə ki, həmin tarixədək Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Yəni, hüquqi şəxs istənilən hüquqi və ya fiziki şəxsə etibarnamə verməklə həmin şəxs vasitəsilə məhkəmədə təmsil oluna bilərdi. Lakin 31 oktyabr 2017ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Mülki Prosessual Məcəllənin 69.2ci maddəsinə edilmiş dəyişiklikdən sonra belə imkan aradan qalxmışdır və artıq hüquqi şəxsin nümayəndəsi qanun, digər hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyrimümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-3037/2020 saylı qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından “X7 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. "xxxx" QSC BOKT-a izah olunsun ki, səlahiyyətli şəxs tərəfindən imzalanmış apellyasiya şikayəti vermək hüququna sahibdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar