Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5043/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı çoxmənzilli binanın saxlanılması xərcinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı MTKya qarşı təhvil-təslim aktının və bildirişin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(009)-641/2021 saylı qərardadından İddiaçı MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə İddiaçı MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən 305”C” saylı mənzilə görə Cavabdeh1 25429,4 manat məbləğində borcun və həmin binanın 405”C” saylı mənzilinə görə Cavabdeh2 25528,95 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 isə İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən 405 “C” saylı mənzilin təhvil-təsliminə dair 11.06.2013-cü il tarixli aktın və həmin mənzilin təmirinə başlanılması barədə 10.10.2013-cü il tarixli bildirişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı təmin etmə tədbirinə dair ərizə verərək, Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən binanın 405 “C” saylı mənzilinə elektrik enerjisinin verilməsinin bərpa edilməsi, həmin mənzildən istifadə və həmin mənzilin təmiri ilə əlaqədar hər hansı maneçiliklərin edilməsinin cavabdehə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(009)- 641/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı MTK həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən binanın 305C və 405C saylı mənzilləri ilə bağlı 14 oktyabr 2010-cu il tarixdə PBR041 və PBR042 saylı müqavilələr imzalamışlar. Həmin müqavilələrə görə su, elektrik enerjisi və xidmətlər cavabdehlərə İddiaçı MTK vasitəsilə təmin edildiyi halda əmlaka tətbiq olunan müvafiq xərclər İddiaçı MTK tərəfindən müəyyənləşdirilmiş xidmət haqları kimi tətbiq olunmalı və cavabdehlər bütün bu cür xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. Bundan əlavə, müqaviləyə əsasən onlar şirkət tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə bağlı xidmət haqlarının hər ay şirkətə ödənilməsinə görə məsuliyyət daşıyırlar. Müqavilənin şərtlərini cavabdehlər qəbul edərək müqaviləyə imza atmışdır. İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdehlər israrla hal-hazırkı dövrə qədər göstərilən xidmətlərə görə xidmət haqqı ödəməkdən boyun qaçırırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(009)- 641/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MTK-nın nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(009)-641/2021 saylı qərardadı qismən, yəni Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən binanın 405 “C” saylı mənzilinin təmiri ilə əlaqədar hər hansı maneçiliklərin edilməsinin cavabdehə qadağan edilməsi hissəsində ləğv edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. İş materiallarından görünür ki, Cavabdeh2 (investor) ilə İddiaçı MMC şirkəti arasında bağlanmış 14 oktyabr 2010-cu il tarixli PBR041 saylı müqaviləyə əsasən, şirkət Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən 405”C” saylı mənzili tikməyə və yaşayış məqsədləri üçün investora təqdim etməyə, investor isə həmin mənzili yaşayış məqsədləri üçün şirkətdən qəbul etməyə razılıq verir. Cavabdeh1 ilə İddiaçı MMC şirkəti arasında həmin binanın 305”C” saylı mənzilinə dair 14 oktyabr 2010-cu il tarixli PBR042 saylı eyni məzmunlu müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, hər iki mənzilin dəyəri ödənilmişdir. Bina tikilib istismara verilmiş və hal-hazırda həmin binada yaşayış vardır. 05 mart 2015-ci il tarixdə İddiaçı MMC-nin təşkilati-hüquqi forması dəyişilərək İddiaçı MTK-ya çevrilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 1.5-ci bəndinə əsasən, investorlar, yəni Cavabdeh2 və Cavabdeh1 binanın idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçmiş və İddiaçı MTK-ya binanın idarə olunması, nəzarətdə saxlanılması və ona xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti vermişlər. İşin faktiki hallarından görünür ki, binanın idarə olunması hal-hazırda İddiaçı MTK tərəfindən həyata keçirilir. Müqavilənin 5.2-ci bəndinə əsasən, əmlak ilə əlaqədar su, elektrik enerjisi, kanalizasiya sistemi, telefon və digər kommunal xidmət birləşmələrinin istifadə olunması xərclərinin hansının gec başlamasından asılı olaraq əsaslı tamamlama tarixindən və ya şirkət tərəfindən məlumat verilmiş hər hansı digər tarixdən etibarən müvafiq kommunal xidmət və (və ya) xidmət şirkətlərinə və (və ya) qurumlarına birbaşa ödənilməsinə görə, habelə əsaslı tamamlama tarixindən başlayaraq şirkət tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə bağlı xidmət haqlarının aylıq əsasda şirkətə ödənilməsinə görə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Su, elektrik enerjisi və xidmətlər investora şirkət vasitəsilə təmin edildiyi halda əmlaka tətbiq olunan müvafiq xərclər şirkət tərəfindən müəyyənləşdirilmiş xidmət haqları kimi təqdim olunmalı və investor bütün bu xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. İlk İddiaçı MTK 305”C” və 405”C” saylı mənzillərə görə sonuncu dəfə 11 mart 2014-cü il tarixdə 619,6 manat xidmət haqqının ödənildiyini bildirərək 2014-cü ilin mart ayından 2020-ci ilin dekabr ayına qədər xidmət haqlarının ödənilmədiyini bildirmiş və yaranmış borcların ödənilməsini tələb etmişdir. İddiaçı MTK həmçinin qarşılıqlı iddiaya yazılı etirazda Cavabdeh2 və Cavabdeh1 müxtəlif vaxtlarda həmin yaşayış binasının sakinləri və onların qonaqları üçün yaradılmış istirahət mərkəzi/klubun xidmətlərindən istifadə etdiklərini və müvafiq sistemdə 13 və 14 sayla qeydiyyatdan keçdiklərini, binaya giriş-çıxış jurnalında aparılmış qeydiyyatlara əsasən həmin mənzillərə ayrı-ayrı vaxtlarda tikinti materialları daşındığını, həmin mənzillərdə quraşdırılmış elektrik sayğaclarının göstəricilərinin mənzillərdə elektrik enerjisindən istifadə edildiyinə dəlalət etdiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin təmiri ilə əlaqədar hər hansı maneçiliklərin cavabdehə qadağan olunması iddianı təmin tədbirinin məqsədləri ilə uzlaşmır. Buna görə də həmin hissədə qərardad ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158, 398-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın şikayəti qismən təmin edilsin. İddianı təmin etmə tədbirinin tətbiq olunması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(009)-641/2021 saylı qərardadı qismən, yəni Bakı şəhəri Neftçilər prospekti, 151 ünvanında yerləşən binanın 405 C saylı mənzilinin təmiri ilə əlaqədar hər hansı maneçiliklərin cavabdehə qadağan edilməsi hissəsində ləğv edilsin və həmin hissədə ərizə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5043/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5043/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver