Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5046/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul etdiyi 06 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 1.555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49-da yerləşən 70 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzil cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, mənzildən kənarda qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00047). 2023-cü ilin fevral ayının sonunda Birliyin əməkdaşları sayğaca baxış keçirmiş və sayğacda nasazlıq aşkar etmişlər. Bundan bir müddət sonra Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, sayğacda problem aşkar olunduğu üçün ona əlavə sərfiyyat olaraq 1.555,20 manat məbləğində borc hesablanmışdır. İddiaçı bildirir ki, özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sayğacdakı nasazlıqdan xəbəri yoxdur. Qaz sayğacı iddiaçının mənzilindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlara görə iddiaçı cavabdehlik daşıya bilməz. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mənzilindən kənarda, ümumi istifadədə olan sahədə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh Birlik özü daşıyır. İddiaçı tərəfindən qaz sayğacına hər hansı bir formada müdaxilə olunmasına, habelə onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair sübutlar cavabdeh Birlik tərəfindən təqdim edilməyib və bu kimi hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə müdaxilə edilmiş, bu fakt Birliyin əməkdaşları tərəfindən aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, araşdırmalar aparılmış və ziyanın məbləği hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, iddianı təmin edərək iddiaçıya əsaslı olaraq hesablanmış borcu heç bir əsas olmadan silmişdir. Həmçinin təqdim edilmiş sayğacların saldoları, aktlar və sair sübutlar Rayon Məhkəməsi tərəfindən araşdırılmamış, onlardan istifadə edilməmişdir. d) İş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi və iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus mənzil cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni mənzildən kənarda qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00047).
11. Cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* və MSK-14-2-2/3-5-2231- 1 saylı aktlardan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmişdir və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yarasızıdır.
12. “Dəymiş ziyanın ödənilməsinə dair” xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, yuxarıda qeyd edilən aktlarda göstərilənlərə əsasən iddiaçıya əlavə sərfiyyat olaraq 1.555,20 manat məbləğində borc hesablanmışdır.
13. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
14. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
16. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır.
17. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Başqa sözlə, yuxarıda qeyd edilən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın – Birliyin üzərinə düşür, lakin o, öz mövqeyini sübuta yetirə bilmir.
18. Məhkəmə eyni zamanda bildirir k, Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta” əsaslanaraq, həmin aktda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki cavabdeh Birlik həmin aktda qeyd edilən faktları təsdiq edə biləcək sübutları (məsələn: sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək şahidləri) məhkəmələrə təqdim etməmişdir. Birlik tərəfindən təqdim edilmiş sübutlar isə qaz sayğacına müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq etmir.
19. Bununla da, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilənlərə əsaslanaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır və formal xarakter daşıyır.
20. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.