Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5047/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri qismində ondan tələb edilən 432 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi və ödənilmiş 125 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, rayon məhkəməsi əsassız olaraq onun subyektiv hüququ olmaması əsası ilə iddia tələbini təmin etməmişdir. Hesab edir ki, başqasına aid olan və ondan tələb edilən borcun onun adından silinməsini tələb etmək hüququ var. Bu səbəbdən, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş edilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işin materiallarında olan 30 sentyabr 2021-ci il tarixdə X2 (birinci tərəf) ilə X3 (ikinci tərəf) arasında bağlanmış podrat müqaviləsinin surətindən görünür ki, birinci tərəf X2 ünvan 1 ünvanında 115.34 kv.m-dən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsi, təmir edilməsi və sifariçiyə təhvil verilməsi müqabilində ikinci tərəf ilə nəzərdə tutulan işi icra etmək üçün 61.000 manata razılaşmışlar. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə 13 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Novruz Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 73-cü korpus ünvanındakı sayğacda elektron lövhə işləmir, sayğacın giriş bağlayıcı klapanı aşkar edilməmişdir. Sayğac yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 yanvar 2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 18 oktyabr 2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2021-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan **********04261 nömrəli abonent saldosundan görünür ki, onun 2021-ci ili üçün akt üzrə olan borcu 432 manat təşkil edir. Hüquqi dəyərləndirmə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçının “432 manat məbləğində borcun silinməsi” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının hazırda mübahisələndirdiyi 432 manat məbləğində borc 13 oktyabr 2021-ci il tarixdə həmin dövrdə istehlakçı olmuş X1 “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında yazılmışdır. Həmin tarixdən sonra isə Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2021-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” yeni müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» İddiaçı istehlakçı kimi istifadə etdiyi qaz sərfiyyatına görə ödədiyi 125 manat məbləğində pulun borca çıxıldığını bildirsə də, işdə olan sənədlərdən görünür ki, 2021ci ilin aktlar üçün olan borc 432 manat məbləğindədir, yəni 432 manatdan hər hansı məbləğdə pulun çıxılması, borc məbləğinin azaldılması müəyyən edilməmişdir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququnun olmaması əsası ilə iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Məmməd Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5047/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5047/2022
04.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver