Məhkəmə qərarları › İş №2(103)-5050/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5050/2023

18.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5050/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş (Açar sözlər: «qanunsuz tikilinin sökülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 21 dekabr 2022-ci il tarixli S-10s/2-012 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq Açıq Səhmdar Cəmiyyəti və payçılar arasında imzalanmış müqavilə şərtlərinə əsasən tərəflərin öhdəliklərinə əməl olunmadığı təqdirdə və hüquqazidd hərəkətlər baş verdikdə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunmalıdır.

2. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 08 fevral 2023-cü il tarixli məktubunda və həmin məktuba əlavə edilmiş Tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə 01 fevral 2023-cü il tarixli 0008 nömrəli Göstərişdə - cavabdeh "xxxx" ASC-yə Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1.2-ci maddəsinin tələblərinə uyğun tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurların digər tikinti işlərini dayandırmadan 30 müddətində aradan qaldırılması təmin edilsin göstərişi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən cavabdeh ASC tərəfindən çoxmərtəbəli və çoxmənzilli binanın qarşısında qeyri-qanuni inşa edilmiş hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsindəki əlavə tikilinin layihə sənədlərinə uyğun olaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, iddiaçı 2010-cu ildə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş çoxmərtəbəli və çoxmənzilli binadan mənzil almışdır. Mənzili almazdan əvvəl tikinti şirkəti yeni tikilən binanın qarşısında olan boş sahədə istirahət mərkəzi tikiləcəyini və park salınacağını bildirmişdir. Lakin sonradan iddiaçının aldığı evin qarşısında təxminən 10 metr məsafədə hündür mərtəbəli bina tikilmiş, həmin bina onun mənzilinin tam qarşısını kəsmişdir. Mənzilin havalanması çətinləşmiş və mənzilə gün işığı demək olar ki, düşməmişdir. İddiaçı mənzilin qarşısının tam kəsilməsi, havalanma getməməsi və gün işığının düşməməsi səbəbindən mənzildə yaşaya bilmir. Binanın tikilməsi azmış kimi, cavabdeh həmin binanın üstündə əlavə tikili də inşa etmişdir. İddiaçı həmin binanın və onun üstündə tikilmiş hasarın layihə-eskiz sənədlərinə baxmaq və həmin sənədlərin hansı orqanlarda və kim tərəfindən təsdiq edildiyini bilmək istədikdə, cavabdeh ona həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Hündürmərtəbəli binanın üstündə əlavə tikilmiş 10 metr hündürlükdə olan hasarın da hansı məqsədlə tikildiyi sualına aydınlıq gətirilməmişdir. Ona görə Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhəri İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək onlardan mənzilin qarşısını kəsən tikilinin qanuni və əsaslı olubolmamasını aydınlaşdırmalarını xahiş etmişdir. Cavabdeh tərəfindən qanunsuz tikililərin inşa edilməsi Azərbaycan Respublikasının Mənzil və Mülki Məcəlləsinin tələblərinə uyğun deyil və çoxmənzilli binanın mülkiyyətçilərinin hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Mənzilin qarşısının tam kəsilməsi, mənzilə gün işığı və havanın daxil olmaması səbəbindən iddiaçı 2010-cu ildə aldığı mənzildə indiyə qədər bir gün belə yaşamamış, həmin mənzili sata da bilməmişdir. Bu neçə illərdə mənzili ola-ola o, kirayədə yaşamışdır. Bu da onun əsəb sarsıntısı keçirməsinə səbəb olmuşdur. Respublika daxilində və xarici ölkələrdə saysız-hesabsız xəstəxanalarda müayinə olunmuş, müalicələr almışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, sözügedən hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin tikilməsi üçün müvafiq dövlət orqanlarından icazənin alınması zəruri sayılsa da və cavabdeh tərəfindən tikilmiş əlavə tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2. bəndinin tələblərinə riayət olunmayaraq tikilsə də, həmin tikili iddiaçıya məxsus ünvanın havalandırma və işıqlandırmasına maneə yaratmadığı üçün onun sökülməsini tələb etməkdə haqlı deyil. Odur ki, İddiaçı heç bir subyektiv hüququ olmadan cavabdeh tərəfindən hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4, eləcə də Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, qanunsuz tikili onun mənzilinin qarşısını tam kəsir, mənzilindən şəhərə görüntünü tamamilə bağlayır və havalanmanın qarşısını kəsir. Bu səbəbdən 13 ildən çoxdur ki, mənzilində yaşaya bilmir. Məhkəmə qətnaməsində Mülki Məcəlləsinin 180-ci maddəsinə toxunsa da, cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsinə dair qərar qəbul etməmişdir. Məhkəmə onun təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin göstərişini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin qərarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarələri tərəfindən binanın dam hissəsində tikilmiş hündür hasarın qeyriqanuni tikildiyini, layihədə öz əksini tapmaması haqqında verilən qərarı nəzərə alınmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

19. Belə ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 aprel 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən çoxmərtəbəli binanın qarşısındakı hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikili inşa edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2. bəndinin tələblərinə riayət olunmadığı müəyyən edilir. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yerləşən çoxmərtəbəli binanın qarşısındakı hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında iddiaçı Soltanova R eyhan Misir qızının mülkiyyətində olan mənzilin təbii havalandırma və işıqlandırılmasına maneələr yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmayıb, həmin sahə üzrə müvafiq qurumlardan (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş İdarəsi) xüsusi biliyə malik mütəxəssis cəlb edilməklə müəyyən edilə bilər.

20. Apellyasiya baxışı zamanı məhkəmə tərkibi hesab etdi ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə mühəndis texniki ekspertiza təyin edilməli, ekspertizanın keçirilməsi ayrı-ayrı suallarla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə edilməlidir. Çünki, məhkəmə tikinti-texniki ekspertizasının 14 aprel 2023-cü il tarixli rəyi tam olmamış, ona görə də mübahisənin düzgün və ədalətli həlli üçün ünvan 2 ünvanda çoxmərtəbəli binanın qarşısında hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin iddiaçıya məxsus mənzildən istifadəyə maneə yaradıb-yaratmaması müəyyən edilməlidir.

21. Bundan başqa, işdə olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 06 iyul 2023-cü il tarixli məktubunda qeyd edilib ki, sözügedən mənzilin yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının surəti 0.05 m/s, pəncərə bağlı vəziyyətdə 0,00 m/s (norma 0,3 m/s), qonaq otağında hava cərəyanının surəti pəncərə açıq vəziyyətdə 0.09 m/s, pəncərə bağlı vəziyyətdə 0.00 m/s (norma 0.3 m/s) olmuşdur. Ölçmələr aparılan zaman yataq və qonaq otaqlarında hava cərəyanının surəti tələb olunan normadan az olmuşdur. Ölçmələrin nəticəsi barədə xx.xx.2023-cü il tarixli 04-22/7/1095- 2023 nömrəli məktubla (bağlı yerlərdə havanın müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 112 №-li protokol əlavə edilməklə) cavab verilmişdir. Ölçmələrin nəticəsi barədə Mərkəzin xx.xx.2023-cü il tarixli 04-22/7/1095-2023 nömrəli məktubunda isə qeyd edilmişdir ki, aparılmış laborator müayinələrin nəticəsi olaraq mənzilin yataq və qonaq otaqlarında ölçmələr aparılmışdır. Yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının surəti 0,05 m/s, pəncərə bağlı vəziyyətdə 0,00 m/s (norma 0.3 m/s), işıqlanma 208 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının surəti pəncərə açıq vəziyyətdə 0,09 m/s, pəncərə bağlı vəziyyətdə 0,00 m/s (norma 0.3 m/s), işıqlanma 200 Lk (norma 150 Lk) olmuşdur. Göründüyü kimi, mənzildə hava cərəyanının surətinin tələb olunan normadan az olmasına ünvan 2 ünvanda çoxmərtəbəli binanın qarşısında hündürmərtəbəli binanın yuxarı (mansar) hissəsində inşa edilmiş əlavə tikilinin səbəb olub-olmaması da dəqiq müəyyən edilməli idi.

22. Bununla əlaqədar, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanındakı çoxmənzilli yaşayış binasının qarşısında cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş hündürmərtəbəli qeyri-yaşayış binasının yuxarı (mansar) hissəsindəki ekran tipli hasarın İddiaçı məxsus mənzildən hansı məsafədə yerləşməsi, həmin tikilinin eni, uzunu və hündürlüyünün neçə metr təşkil etməsi, mənzildən istifadəyə tikinti-texniki təhlükəsizlik baxımından hansısa formada maneə yaradıb-yaratmaması, yaradırsa bu maneələrin nədən(konkret göstərilməklə) ibarət olması, mənzilə düşən günəş işığının qarşısını kəsibkəsməməsi, mənzilindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaradıbyaratmaması barədə mühəndis texniki ekspertizanın, mənzilin (yataq və qonaq otaqlarında) hava cərəyanının surətinin tələb olunan normadan az olmasına qeyri-yaşayış binasının yuxarı (mansar) hissəsindəki ekran tipli hasarın səbəb olub-olmaması, mənzilindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qarşısında suallar qoyuldu.

23. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli məktubda qeyd edildi ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanındakı çoxmənzilli yaşayış binasında İddiaçı məxsus mənzildə hava cərəyanının surətinə cavabdeh "xxxx" ASC tərəfındən inşa edilmiş hündürmərtəbəli qeyri-yaşayış binasının yuxarı (mansar) hissəsindəki ekran tipli hasarın maneə olması və ekran tipli hasarın İddiaçı mənzilindən istifadə zamanı onun həyat və sağlamlığı üçün təhlükə yaratması Mərkəzin səlahiyyətləri çərçivəsində deyil.

24. Məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7635 saylı, 20 noyabr 2023cü il tarixli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanındakı çoxmənzilli yaşayış binasının qarşısında cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş hündürmərtəbəli qeyri-yaşayış binasının yuxarı (mansar) hissəsindəki ekran tipli hasar İddiaçı məxsus mənzildən 19 metr məsafədə yerləşdiyi, həmin tikilinin uzunluğunun 45,0 metr, hündürlüyünün isə 3,0 metr təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin rəis müavini Zenfira Rzayevanın imzası İİə təsdiq edilmiş, "xxxx" ASC-nin rəhbərliyinə, Xətai Rayon İcra Hakimiyyətinə və İddiaçı ünvanlanmış 08 fevral 2023-cü il tarixli, 3-18-2/2- 859/2023 saylı məktubda, layihədən kənar aparılmış tikinti obyektinin təhlükəsizliyinə və etibarsızlığına təhlükə yaratdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» X9 Həsənovanın imzası ilə təsdiq ediimiş, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış 12 may 2023-cü il tarixli, 04-2217/1095-2023 saylı məktubda, yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının surəti 0,05 m/s, pəncərə bağlı vəziyyətdə 0,00 m/s (norma 0,3 m/s), İşıqlanma 208 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının surəti pəncərə açıq vəziyyətdə 0,09 m/s, pəncərə bağlı vəziyyətdə 0,00 m/s (norma 0,3 m/s), işıqlanma 200 Lk (norma 150 Lk) olduğu qeyd olunmuşdur.

25. Göründüyü kimi, mühəndis texniki ekspertizanın rəyində ekran tipli hasarın İddiaçı məxsus mənzildən 19 metr məsafədə yerləşdiyi, tikintinin uzunluğunun 45 metr, hündürlüyünün isə 3 metr təşkil etdiyi müəyyən edilmişdir. Digər üç suala, yəni iddiaçının mənzildən istifadəsinə tikinti-texniki təhlükəsizlik baxımından hansısa formada maneə yaradıb-yaratmaması, yaradırsa bu maneələrin nədən(konkret göstərilməklə) ibarət olması, mənzilə düşən günəş işığının qarşısını kəsib-kəsməməsi, mənzilindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması barədə suallara tikinti-texniki ekspert mahiyyəti üzrə cavab verə bilməməklə faktiki olaraq xüsusi biliyə malik olmadığını yaxud bu cür biliyə kifayət qədər malik olmadığını nümayiş etdirdi. Düzdü, rəyin nəticə hissəsində 2 və 4-cü suallara cavab kimi iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin iddiaçıya, cavabdehə və Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış 08 fevral 2023-cü il tarixli məktubunda, 3-cü sual üzrə isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 04- 22/7/1095-2023 nömrəli məktubunda qeyd olunanlara istinad etmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin qeyd olunan məktubunda və həmin məktuba əlavə edilmiş Tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə 01 fevral 2023-cü il tarixli 0008 nömrəli Göstərişdə - cavabdeh ASC-yə Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1.2-ci maddəsinin tələblərinə uyğun tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurların digər tikinti işlərini dayandırmadan 30 müddətində aradan qaldırılmasının təmin edilsin göstərişi verilmişdir. Başqa sözlə, qeyd olunan məktub və Göstəriş sökülməsi tələb olunan hasarın iddiaçının mənzildən istifadəsinə tikinti-texniki təhlükəsizlik baxımından hansısa formada maneə yaratması yaxud mənzilə düşən günəş işığının qarşısını kəsib-kəsməməsi və ya mənzilindən istifadə zamanı onun həyatı və sağlamlığı üçün təhlükə yaratması ilə bağlı olmamışdır. Yalnız tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurların aradan qaldırılması ilə bağlı olmuş, hətta qüsurun nədən ibarət olduğu da aydın şəkildə göstərilməmişdir. Əlbətdə ki, bu cür Göstəriş vermək əvəzinə Tikintidə X2 Agentliyi mübahisəli tikilinin şəhərsalma norma və qaydalarını ciddi pozduğu halda onun sökülməsi üçün məhkəməyə də müraciət edə bilərdi. Çünki, bu cür iddialarla məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada onların səlahiyyətinə verilmişdir. Ancaq, Agentlik də həmin hüququndan istifadə etmək üçün əsas olmadığını anlayaraq hələlik bu cür iddia irəli sürmür.

26. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 03 oktyabr 2023-cü il tarixli məktubu ilə göndərilmiş rəyində iddiaçıya məxsus mənzildə hava cərəyanının surətinə cavabdehin qeyri-yaşayış sahəsinin mansard hissəsində inşa etdiyi ekran tipli hasarın maneə olmasının və mənzildən istifadə zamanı onun həyat və sağlamlığı üçün təhlükə yaratmasının müəyyən edilməsinin Mərkəzin səlahiyyətində olmadığını bildirmişdir. Halbuki, Mərkəz tərəfindən bundan əvvəl verilmiş məlumatlarda iddiaçının mənzilində olan işıqlanmanın norma daxilində olduğu göstərilsə də, mənzilin yataq və qonaq otağında olan otaqların pəncərələri açıq olduğu halda hava cərayanının surətinin norma daxilində olduğu, bağlı olduğu halda isə normadan az olduğu göstərilmişdi. Məhz buna görə normadan az olmanın səbəbinin cavabdehin inşa etdiyi mübahisəli tikilinin olub-olmaması barədə Mərkəzin qarşısında konkret suallar qoyulmuşdur. Ancaq bu dəfə Mərkəz nədənsə bu məsələnin onun səlahiyyətində olmadığını göstərmişdir.

27. Beləliklə, apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə aparılan araşdırmalar nəticəsində iddianın əsaslı olmadığı, apellyasiya şikayətinin isə əsassız olduğu bir daha öz təsdiqini tapdı. Başqa sözlə, sökülməsi tələb edilən mübahisəli tikilinin iddiaçının mənzilindən istifadə etməsinə bilavasitə, o cümlədən tikinti-texniki təhlükəsizlik baxımından, eləcə də onun həyatı və sağlamlığı üçün hər hansı maneə və heç bir təhlükə yaratmadığından hazırki iddia ilə də məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yaranmamışdır. Yəni, sökülməsini tələb etdiyi tikilinin iddiaçıya hansısa formada zərər vurduğu da sübuta yetirilmir. Bu hallar da cavabdeh tərəfin gətirdiyi arqumentlərin daha da ciddi olduğunu təsdiq etmiş olur. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının aldığı mənzilə görə ASC-dən təzminat istədiyini, daha doğrusu mənzilin bazar qiymətindən baha satılmasını təmin etməyi onlardan tələb etdiyini göstərmişdir. Demək ki, əslində iddiaçının həqiqi niyyəti hüquqdan pis niyyətlə sui-istifadə edərək cavabdehə zərər vurmaq olmuşdur ki, bu da hüquqla qadağan edilir.

28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar