Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5051/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3ın vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı miras əmlakın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh ASC məhkəməyə vəsatət göndərərək, təqdim edilən sənədlərin həqiqiliyinə tam əmin olunması və işin tam obyektiv həlli üçün, Böyük Britaniya və X1 Krallığında fəaliyyət göstərən həmin notariusa məhkəmə tapşırığının verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, qeydiyyata alınmış ünvanı 100 Borough Road, Middlesborough, İngiltərə, TS1 2HJ olan, İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X2 həmin dövlətin vətəndaşı, 24 iyun 1953-cü ildə Middlesborough şəhərində doğulmuş Colin Connorun ölüm faktı, açılmış vərəsəlik işi, müəyyən edilmiş vərəsələrinin dairəsi, vərəsəlik işi barədə səlahiyyətli şəxslərə dair məlumatların və onlara dair müvafiq sənədlərin əldə edilməsi üçün Böyük Britaniya və X1 Krallığının müvafiq məhkəməsinə məhkəmə tapşırığının göndərilməsi, məhkəmə tapşırığı cavablandırılana qədər mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (sədrlik edən: Kəmalə Əmirxanova). Həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul tarixli qərardadı ilə vəsatət təmin edilərək, işə şifahi qaydada baxılması qərara alınmışdır. Kollegiya iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Böyük Britaniya və X1 Krallığının müvafiq məhkəməsinə məhkəmə tapşırığı göndərilməsini qərara alarkən, bunu 100 Borough Road, Middlesborough, İngiltərə, TS1 2HJ olan, İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X2 həmin dövlətin vətəndaşı, 24 iyun 1953-cü ildə Middlesborough şəhərində doğulmuş Colin Connorun ölüm faktı, açılmış vərəsəlik işi, müəyyən edilmiş vərəsələrin dairəsi, vərəsəlik işi barədə səlahiyyətli şəxslərə dair məlumatların və onlara dair müvafiq sənədlərin əldə edilməsi zərurəti ilə izah etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, məhkəmə məhkəmə tapşırığı göndərilməsini qərara alarkən iş materiallarında məhkəmə tapşırığı ilə əldə edilməsi nəzərdə tutulan sənədlərin apostil olunmuş şəkildə iş materiallarında olmasını nəzərə almamışdır. İş materiallarından görünür ki, qeyd edilən sənədlər apostil olunmuş və iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən də, məhkəmənin yenidən həmin sənədləri vermiş səlahiyyətli şəxslərə dair məlumatların əldə edilməsi üçün məhkəmə tapşırığı göndərməsi əhəmiyyətsiz olmaqla yanaşı, işin lüzumsuz şəkildə uzadılmasına səbəb olur. Kollegiya qeyd edir ki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin apostil və konsul leqallaşdırması olmaqla iki növü mövcuddur. Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin apostil olunmuş sənədlərin həqiqiliyinin müəyyən edilməsi məqsədilə məhkəmə tapşırığı göndərməsi lüzumsuz olmuşdur. Azərbaycan Respublikası qeyd olunan Konvensiyaya 5 mart 2004-cü ildə qoşulmuş və o, ölkəmizə münasibətdə 2 mart 2005-ci il tarixdən qüvvəyə minmişdir. Konvensiyanın müddəalarına və “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 6-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 10 dekabr 2004-cü il tarixli 544 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası məhkəmələrinin, prokurorluq və ədliyyə orqanlarının rəsmiləşdirdiyi sənədlər, Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlər, Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən rəsmiləşdirilmiş vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən icra edilən sənədlər, kommersiya və gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlər istisna olmaqla, digər rəsmi sənədlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən apostil verilir. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5051/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5051/2022
08.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver