Məhkəmə qərarları › İş №2(103)-5052/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5052/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5052/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(004)- 95/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MTK ilə (Cavabdeh MMC) ilə İddiaçı arasında 08 yanvar 2016-cı il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində bina 6, mərtəbə 12, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 98 kv.metr olmaqla, o cümlədən balkon sahəsi 13,45 kv.m., 2 otaqdan ibarət 66 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 117.600 manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.200 manat, 11.760 manatın sifarişçinin şəxsi vəsait hesabına, qalan 105.840 manat hissənin isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2016-cı il tarixədək ödəcəyi barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 91,37 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 98,0 kv.metr göstərilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında 1-xx-xx-2016-SHM-GH saylı 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və o, həmin müqaviləyə əsasən 105840 (yüz beş min səkkiz yüz qırx) manat məbləğində kredit borcu götürmüşdür. Kredit müqaviləsinin müddəti müqaviləyə əsasən 240 ay müəyyən edilmişdir. Daha sonra yəni, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DƏDRK İddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü ünvanda yerləşən yaşayış kompleksində bina 6, mərtəbə 12, mənzil 66 ünvanında yerləşən mənzil üzrə mülkiyyət hüququ qeydiyyata almış və bu barədə ona çıxarış təqdim etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mənzil sahəsinin 81.40 kv metr olması müəyyənləşdirilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü etmişdir. İddiaçı ona, müqaviləyə əsasən, ümumi sahəsi 98 kv.m olan mənzil deyil, ümumi sahəsi 81,40 kv.m olan mənzilin təhvil verildiyini və beləliklə mənzilin ümumi sahəsində 16,60 kv.m fərqin yaranmasını, nəticə etibarı ilə, "xxxx" MTK-nın müqavilə üzrə öhdəliyini düzgün icra etməyərək, İddiaçı 19920 manat (16,60x1200=19920) maddi ziyan vurulduğunu iddia edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ilkin olaraq cavabdehlər "xxxx" MTK, “X3” MMC və Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK və eləcə də hüquqi varisləri “X3” MMC, Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 ünvanında yerləşən ümumi sahəsi 81,40 kv.m olan mənzildə, müqavilə üzrə göstərilən kv.m görə yaranmış 16,60 kv.m üzrə 19920 (on doqquz min doqquz yüz iyirmi) manat pul məbləğinin və eləcə də sahənin düzgün hesablanmaması nəticəsində götürülmüş kreditə görə iddiaçıya vurulmuş 35992,80 manat (otuz beş doqquz doxsan iki manat 80 qəpik), həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 258,14 (iki yüz əlli səkkiz manat, 14 qəpik), hüquqi xidmətə görə 120 manat olmaqla cəmi 56290,94 (əlli altı min iki yüz doxsan manat, 94 qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı mənzil almaq üçün "xxxx" MTK-ya müraciət etmiş, nağd pul vəsaitinin az olması səbəbi ilə ona ilkin ödəniş edilməsi və işgüzar münasibət, müqaviləsi olan "xxxx" ASC-dən kreditin götürülməsi ilə evin alınmasının mümkün olacağı bildirilmişdir. Bu səbəbdən İddiaçılə cavabdeh "xxxx" MTK arasında GH-B6/000881 nömrəli 08 yanvar 2016-cı il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü ünvanında "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində bina 6, mərtəbə 12 ümumi sahəsi 98,00 kv.m o cümlədən balkon sahəsi 13,45 kv.m olan 2 otaqdan ibarət 66 saylı mənzili İddiaçı təhvil verməyi, o isə bunun qarşılığında "xxxx" MTK-nə 117600 (yüz on yeddi min altı yüz) manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəmək öhdəliyini götürmüşdür. Belə ki, 08 yanvar 2016-cı il tarixli GH-B-6/000881 saylı müqavilənin 3.1-ci bəndində qeyd olunduğu kimi, mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1200 (min iki yüz) manat pul məbləğində hesablanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən 11760 manat pulu sifarişçi şəxsi vəsaiti hesabına, qalan 105840 manat hissəsini isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2016-cı il tarixinədək ödəyəcək. Bu səbəbdən iddiaçı ilə "xxxx" ASC ilə 1-xx-xx-2016-SHM-GH saylı 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlamışdır və o, həmin müqaviləyə əsasən 105840 (yüz beş min səkkiz yüz qırx) manat məbləğində kredit borcu götürmüşdür. Kredit müqaviləsinin müddəti müqaviləyə əsasən 240 ay müəyyən edilmişdir. Daha sonra yəni, iddiaçıya çıxarışın verilə bilməsi üçün şirkət tərəfindən ondan öz əməkdaşlarına etibarnamə verilməsi tələb olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixdə etibarnamə vermiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DƏDRK İddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü ünvanda yerləşən yaşayış kompleksində bina 6, mərtəbə 12, mənzil 66 ünvanında yerləşən mənzil üzrə mülkiyyət hüququ qeydiyyata almış və bu barədə ona çıxarış təqdim etmişdir. Bundan sonra İddiaçı verdiyi etibarnamədən sui-istifadə edən "xxxx" MTK-nin əməkdaşı ona məxsus evi "xxxx" ASC ilə 1-xx-xx-2016-SHM-GH sayl 15 dekabr 2022-ci il tarixli ipoteka müqaviləsi bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ƏMDX DƏDKR PHŞ-in verdiyi çıxarışa əsasən mənzil sahəsinin 81.40 kv metr olması müəyyənləşdirilmişdir. İddiaçı müqaviləyə əsasən, ümumi sahəsi 98 kv.m olan mənzil deyil, ümumi sahəsi 81,40 kv.m olan mənzil təhvil verilmişdir və beləliklə nəzərdə tutulan mənzilin ümumi sahəsində 16,60 kv.m fərq yaranmışdır. Nəticə etibarı ilə, "xxxx" MTK müqavilə üzrə öhdəliyini düzgün icra etməmiş və İddiaçı 19920 manat (16,60x1200=19920) maddi ziyan vurmuşdur. Beləliklə, "xxxx" MTK tərəfindən sözügedən mənzilin ümumi sahəsinin kv.m düzgün hesablanmayaraq qanunvericiliyin normaları pozulmuş, "xxxx" MMC 19920 manat məbləğində əsassız varlanmış və eyni zamanda iddiaçıya həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa qeyd etmişdir ki, mənzilin kvadratı və dəyəri düzgün hesablanmış olsaydı (81.40x1200=97680) iddiaçı tərəfindən 97680 manat pul ödənilməli, belə olan halda 9768 manat ilkin ödəniş, 87912 manat isə kredit götürməli olacaqdı. Səhv hesablanmış 98 kv.m-ə görə götürdüyü 105840 manat kreditə səbəbindən hər ay 885,30 manat kredit ödəyir və bu səbəbdən ümumilikdə (240x885.30=212472) 212472 manat banka kredit öhdəliyi yaranmışdır. Düzgün hesablanmış 81.40 kv.m-ə görə 87912 manat kredit üzrə banka aylıq 735,33 ödəniş verəcəkdi. Bununla da ümumilikdə 176479,20 manat (240x735,33=176479,20) ödəniş etmiş olacaqdı. Yəni 08 yanvar 2016-cı il tarixli GH-B-6/000881 saylı müqavilənin 1.1 və 3.1-ci bəndinin pozulması səbəbindən İddiaçı "xxxx" ASC ilə 1-xxxx-2016- SHM-GH saylı 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 35992,80 AZN (otuz beş min doqquz yüz doxsan iki manat 80 qəpik) zərər (212472- 176479,20=35992,80) görmüşdür. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdehlərin əsl Cavabdeh MMC ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən (xx.xx.2024-cü il tarixli protokola qeyd edilməklə) əsl olmayan cavabdehlər əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 iddia tələbinə etiraz verərək iddia ərizəsinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: Mülki Məcəlləyə əsasən maddə 752: Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İşdə olan 3-16 16/2-10/7752 nömrəli 28 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən azaltma əmsalları tətbiq edilmədən mənzilin faktiki sahəsi 91,1 kv.m., mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 98 kv.m. təşkil edir. Hansı ki, müqavilənin tərkib hissəsi olan (müqavilənin 11.2-ci bəndi), mülkiyyətçiyə təqdim edilmiş mənzilin sxemlayihəsində də brut sahə 98 kv.m, net sahə mənzilin faktiki sahəsi 91.3 kv.m. qeyd edilmişdir. MTK-nın təqdim etdiyi həmin sxem layihə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin mülkiyyətçiyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli Mənzilin Texniki pasportundakı sxem layihə və otaqların ölçüləri ilə eynilik təşkil edir. Yəni həm MTK-nın təqdim etdiyi sxem layihədə, həm mənzilin texniki pasportunda, həm də ekspert rəyində mənzilin faktiki sahəsinin 91.1 kv.m olduğu təsdiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, mənzilin ümumi sahəsinə (brut sahə) yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Yəni tərəflər arasında podrat müqavilə bağlanmışdır və podrat müqaviləyə əsasən podratçı müqavilə şərtləri ilə razılaşdırılmış işi icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən otaqların ölçüsü və mənzilin ümumi sahəsi barədə İddiaçı geniş izah verilmiş və o, hansı ölçüdə hansı mənzili aldığını anlayıb müqaviləyə imza atmışdır. Mənzilin “çıxarışında” mənzilin kvadratı hesablanarkən azaltma əmsalları tətbiq edildiyindən faktiki sahə ilə uyğunsuzluq yaranmışdır. Podratçının vəzifəsi tərəflər arasında razılaşdırılmış ölçüdə mənzili tikib təhvil verməkdir ki, o da öz öhdəliyini tam icra etmişdir və müqavilə şərtlərinə uyğun mənzil İddiaçı təhvil verilmişdir. Çıxarışda azaltma əmsallarının tətbiq edilərək mənzilin ölçüsünün faktiki ölçüsündən az göstərilməsi podratçının işinin qüsurlu icrası kimi təfsir edilməməlidir. Çünki podratçı müqavilə ilə razılaşdırılmış işin qiymətini hesablayarkən faktiki sahənin tikintisinə çəkdiyi xərcə əsasən hesabat aparır. Azaltma əmsallarının tətbiq edilməsi isə onun çəkdiyi xərclərin nəzərə alınmamasına, həddən artıq ziyana düşməsinə və nəticədə podratçının hüquqlarının pozulması ilə nəticələnər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(004)- 95/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 98,0 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Mənzilin faktiki (net sahə) sahəsinə gəldikdə isə, ekspert rəyinə əsasən faktiki sahənin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 91,1 kv.m, yəni müqavilədə göstərilən 91.37 kv.m net sahədən hələ, 0.27 kv.m. çox təşkil etməsi müəyyən edilir. Müqavilə üzrə təhvil verilməli olan brut sahə - 98,0 kv.m isə, ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur. (eks.rəyi 2 sual) Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə görə iddiaçı 98,0 kvm brut sahəsinin hər bir kv.m-nə görə 1200 manat hesablamaqla cəmi 117 600 manat ödəməlidir və iddiaçı tərəfindən bu məbləğ tam ödənilmişdir. Ekspert rəyi ilə 98,0 kv.m. brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Deməli, iddiaçı mənzilə görə nə artıq (əlavə), nə də müqavilədən kənar heç bir məbləğ ödəməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı işdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi cavabdeh “X3” MMC və İddiaçı Samil oğlu arasında baglanmış muqaviləyə əsasən müqavilənin predmeti olan Bakı səhəri, Yasamal rayonu, Əbdulvahab Salamzadə kucəsi, 1054-cu məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 unvanında yerləşən mənzilin ümumi sahəsi 98 kv.m olaraq göstərilmişdir. Lakin İddiaçı umumi sahəsi 98 kv.m olan mənzil əvəzinə ümumi sahəsi 81,40 kv.m olan mənzil təhvil verilmişdir və beləliklə nəzərdə tutulan mənzilin umumi sahəsində 16,60 kv.m fərq yaranmışdır. Göründüyü kimi podratçı sifarişçi qarşısında olan öhdəliyini Mülki Məcəllənin 762-ci maddəsinə zidd olaraq qüsurlu şəkildə icra etmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunan Mülki Məcəllənin 442-ci maddəsinin şərtlərini nəzərə almamışdır. Belə ki, öhdəliyin məzmununda müqavilənin predmeti olan Bakı səhəri, Yasamal rayonu, Əbdulvahab Salamzadə kucəsi, 1054-cu məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 unvanında yerləşən mənzilin 16/2-10/7752 nomrəli 28 mart 2024-cu il tarixli ekspert rəyininin 3-cü sualının cavabına əsasən mənzilin ümumi sahəsinin 81,4 kv.m, həmin mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91 kv.m təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 08 yanvar 2016-cı il tarixli GH-B 6/000881 saylı müqavilənin tələblərinə (98,0 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Lakin məhkəmə bunu nəzərə almayaraq cavabdeh “X3” MMC- nin öhdəliyini pozmadığını qeyd etmişdir. Məhkəmə qətnamədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə istinad edərək cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etdiyini və podratı kəmiyyətcə tam yerinə yetirdiyini qeyd etmişdir. Lakin, ekspert rəyi ilə məhkəmənin qətnaməsi arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlara və 16/2-10/7752 nomrəli 28 mart 2024-cu il tarixli ekspert rəyinə əsasən mənzilin ümumi sahəsinin 98 kv.m olmadığı müəyyənləşdirilmişdir. Qətnamədə qeyd edilir ki, 3-16- 16/2-10/7752 nomrəli 28 mart 2024-cu il tarixli ekspert rəyinə əsasən azaltma əmsalları tətbiq edilmədən mənzilin faktiki sahəsi 91,1 kv.m., mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımcı sahələr də daxil edilməklə umumi sahəsi 98 kv.m. təskil edir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilədə brut sahə ilə bağlı hər hansı bir bənd olmadığı halda standart şərtli müqavilə tam şəkildə Mülki Məcəlləyə zidd olaraq şirkətin xeyrinə təfsir etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, iş materiallarında olan 28 mart 2024-cü il tarixli ekspert rəyində də qeyd edilmişdir ki, azaltma əmsalları tətbiq edilmədən mənzilin ümumi sahəsi 91.1 kv.m, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə mənzilin ümumi sahəsi 98 kv.m təşkil edir. Ekspert rəyindən də aydın olur ki, podratçı müqavilədə razılaşdırılmış mənzili təhvil vermiş və öhdəliyini qüsursuz icra etmişdir. "Çıxarış"da azaltma əmsallarının tətbiq edilərək mənzilin ölçüsünün faktiki ölçüsündən az göstərilməsi podratçının işinin qüsurlu icrası kimi təfsir edilməməlidir. Çünki, podratçının vəzifəsi tərəflər arasında razılaşdırılmış ölçüdə mənzili təhvil verməkdir ki, oda öz öhdəliyini tam icra etmişdir və müqavilə şərtlərinə uyğun mənzil İddiaçı təhvil verilmişdir. Müqavilə bağlanarkən otaqların ölçüsü və mənzilin ümumi sahəsi barədə İddiaçı geniş izah verilmiş və o, hansı ölçüdə hansı mənzili aldığını anlayıb müqaviləyə imza atmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

762. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Şəhərsalma və Tikinti Məcəlləsi: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində bina 6, mərtəbə 12, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 98 kv.metr olmaqla, o cümlədən balkon sahəsi 13,45 kv.m., 2 otaqdan ibarət 66 nömrəli mənzili İddiaçı oğluna təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 117.600 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 81,40 kv.m göstərilmişdir. İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna bildirir və artıq ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddia etiraz edərək əsası kimi müqavilədə razılaşdırılmış mənzili təhvil verməklə öhdəliyini qüsursuz icra etməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı hazırki iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən - məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və 28 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə, 6-cı bina, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqlı 66 saylı mənzilin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 122A, M12, m2) ümumi sahəsinin 81,4 kv.m, mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə, 6-cı bina, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqlı 66 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin ümümi sahəsinin 81,4 kv.m, həmin mənzilin mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91,1 kv.m. təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2016 cı il tarixli GH-B 6/000881 saylı müqavilənin tələblərinə (98,0 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən də yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Bununla yanaşı ekspert rəyinə əsasən faktiki sahənin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 91,1 kv.m, yəni müqavilədə göstərilən 91.37 kv.m net sahədən hələ, 0.27 kv.m. çox təşkil etməsi müəyyən edilir. Müqavilə üzrə təhvil verilməli olan brut sahə- 98,0 kv.m isə, ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur. Beləliklə də ekspert rəyi ilə təsdiq olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 98,0 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Məhkəmə kollegiyası qeyd olunan halın müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə görə iddiaçı 98,0 kvm brut sahəsinin hər bir kv.m-nə görə 1200 manat hesablamaqla cəmi 117.600 manat ödəməlidir və iddiaçı tərəfindən bu məbləğ tam ödənilmişdir. Ekspert rəyi ilə 98,0 kv.m. brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Deməli, iddiaçı mənzilə görə nə artıq (əlavə), nə də müqavilədənkənar heç bir məbləğ ödəməmişdir. Apellyasiya şikayətinin ekspert rəyi ilə məhkəmənin qətnaməsi arasında uyğunsuzluğun mövcud olması, 16/2-10/7752 nomrəli 28 mart 2024-cu il tarixli ekspert rəyinə əsasən mənzilin ümumi sahəsinin 98 kv.m olmadığı müəyyənləşdirilsə də, Qətnamədə 3-16- 16/2-10/7752 nomrəli 28 mart 2024-cu il tarixli ekspert rəyinə əsasən azaltma əmsalları tətbiq edilmədən mənzilin faktiki sahəsi 91,1 kv.m., mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə umumi sahəsi 98 kv.m. təşkil edilməsinin qeyd edilməsi, məhkəmənin tərəflər arasında bağlanmış müqavilədə brut sahə ilə bağlı hər hansı bir bənd olmadığı halda standart şərtli müqavilə tam şəkildə Mülki Məcəlləyə zidd olaraq şirkətin xeyrinə təfsir etməsi kimi dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində bina 6, mərtəbə 12, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 98 kv.metr olmaqla, o cümlədən balkon sahəsi 13,45 kv.m., 2 otaqdan ibarət 66 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 91,37 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 98,0 kv.metr göstərilmişdir. Ekspert rəyində də ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən eləcə də iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbinin əsassız hesab edilməklə rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsas hissəyə münasibətdə təmin edilmədiyindən iddia tələbinin digər – sahənin düzgün hesablanmaması nəticəsində götürülmüş kreditə görə iddiaçıya vurulmuş 35992,80 manat (otuz beş doqquz doxsan iki manat 80 qəpik), həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 258,14 (iki yüz əlli səkkiz manat, 14 qəpik), hüquqi xidmətə görə 120 manatın cavabdehlərdən müştərək qaydada tutulması hissələrində də təmin edilməsi üçün əsaslar olmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(004)- 95/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar