Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5053/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alqısatqı müqavilələrinin, vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın, nəqliyyat vasitəsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras paylarının müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-146/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 21 saylı Notariat kontoru, Bakı şəhəri 9 saylı Notariat kontoru, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh6, Cavabdeh7, X2, Cavabdeh8 və Cavabdeh10nə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921 məhəllə ünvanında yerləşən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 verilən xx xxxxxx 2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında X9 Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Cavabdeh1 verilən çıxarışın etibarsız hesab edilməsi, “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh1 ilə Cavabdeh6 arasında olan xx.xx.2017-ci il tarixli, Cavabdeh6 ilə Cavabdeh7 arasında olan xx.xx.2017-ci il tarixli, Cavabdeh7 ilə X2 arasındakı xx.xx.2018-ci il tarixli, X2 ilə Cavabdeh8 arasında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh8 verilən AD414756 saylı şəhadətnaməsinin etibarsız hesab edilməsi, “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” markalı ** BG *** (** CP ***) dövlət qeydiyyat nişanlı və Cavabdeh1 (ər-arvadın birgə mülkiyyəti olan) avtomobillərdən məhrum atası X3 ər kimi ½ payına münasibətdə İddiaçı1 çatan 1/6 payın, İddiaçı2 çatan 1/6 payın (miras əmlakın) müəyyən olunması, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921 məhəllə ünvanında yerləşən və sağlığında X3 adına olan 97 saylı mənzildən mərhum atası X3 ¾ payına münasibətdə İddiaçı1 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın, İddiaçı2 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)- 146/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921 məhəllə ünvanında yerləşən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, 2V- 345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921 məhəllə ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı1 ¼ hissədə və İddiaçı2 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi, həmin əmlaka dair iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh1 tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-146/2019 saylı qətnaməsinin qismən-iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum ərinin vəfatından sonra miras qalmış yeganə əmlak olan mənzili vərəsəlik qaydasında qanuni əsaslarla əldə etmişdir. Birinci instansiya məhkəməsi mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-345 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışı etibarsız hesab etsə də, gəldiyi bu nəticəni əsaslandırmamış, hansı səbəbdən və hansı maddi hüquq normasına əsaslanaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni, eləcə də müvafiq çıxarışı etibarsız saydığını qeyd etməmişdir. Əgər iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş qaydada ərizə ilə notariat kontoruna müraciət edilmiş olsaydı, Notariat Kontoru iddiaçıların da mübahisəli əmlakla bağlı müraciətlərinin olduğunu vahid elektron sistem vasitəsilə müəyyən edər və xx.xx.2017-ci il tarixli 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməzdi. Sözügedən şəhadətnamə verilərkən iddiaçıların atalarından miras qalmış əmlakla bağlı hər hansı bir müraciətlərinin olmadığı müəyyən edildiyindən 9 saylı notariat kontoru qanuni şəkildə müvafiq şəhadətnamə vermişdir. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. İddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirdikləri miras əmlakları nə formal üsulla, nə də ki, qeyri-formal üsulla qəbul etməmişlər. İddiaçılar atalarından miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən eilmiş qaydada notariat kontoruna müraciət etməmişlər. Həmçinin iddiaçılara artıq xx.xx.2017-ci il tarixdə məlum idi ki, onlara imtina məktubu verilmiş və vərəsəlik işi açılmamışdır. Belə olan halda iddiaçılar qanunvericilikdə müəyyən edildiyi kimi 2 ay ərzində mirasla bağlı mübahisə aça bilərdilər. Bu və ya digər şəxsin avtomobil üzərində mülkiyyət hüququ həmin hüququn dövlət qeydiyyatına alınmasından sonra yaranır. Belə olan halda aydın olur ki, iddiaçıların iddia etdikləri avtomobillərin, o cümlədən “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobilin ümumiyyətlə miras kütləsinə hər hansı bir aidiyyəti yoxdur. Həmçinin iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddia ərizəsinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər avtomobilə dair müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilsəydi avtomobilə dair tərəflər arasında olan bütün müqavilələr etibarsız hesab edildiyindən bütün hüquq münasibətləri ilkin vəziyyətinə qayıdacaqdı. Yəni heç bir alıcının mənafeyinə toxunmayacaq, ödədiyi pul vəsaitləri müvafiq şəxslərə geri qaytarılacaqdı. Son aylara qədər Naxçıvan MR DYP-də həyata keçirilən alqı-satqı müqavilələrində avtomobilin dəyəri qeyd olunmurdu. Hazırkı alqı-satqı müqavilələrinin heç birində də bu barədə qeyd yoxdur. Bu baxımdan gələcəkdə həmin avtomobilin ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə olunan pul məbləğindən hər hansısa bir hissəsini tələb edə bilməyəcəklər. Çünki həmin avtomobil özgəninkiləşdirilərkən hansı qiymətə satılması barəsində heç bir sübut yoxdur. Digər tərəfdən həmin əmlak maddi olsa belə mərhum atalarının sağlığında onun pulu ilə alındığından onlar üçün həm də mənəvi dəyəri vardır. Digər avtomobilin isə bağışlama müqaviləsi əsasında Cavabdeh1 tərəfindən əldə olunması barəsində hər hansısa sənəd məhkəməyə təqdim olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9264/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-621/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş qətnamə, qismən, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik hüququnun tanınması və tanınmış paya mütənasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...apellyasiya instansiyası məhkəməsi işin faktiki halı kimi müəyyən etmişdir ki, mübahisə predmetini təşkil edən “Nissan Navara” markalı avtomobil iddiaçıların atası ilə Cavabdeh1 birgə nikah dövründə sonuncunun adına əldə edilsə də, alqı-satqı kənar şəxslə deyil, elə ərlə-arvad arasında olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin avtomobili ər-arvadın ümumi birgə mülkiyyət kimi qiymətləndirərkən Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə ərinə ödədiyi pulun ümumi gəlir hesabına qazanılmış vəsaitdən ödənilib- ödənilmədiyi aydınlaşdırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Nissan Navara” markalı avtomobillə bağlı qənaətə gələrkən həmin avtomobilin nikah dövründə mərhumun mülkiyyətindən Cavabdeh1 mülkiyyətinə məhz alqı-satqı müqaviləsi üzrə keçməsi baxımından ödənilən məbləğin ümumi gəlir hesabına qazanılmış vəsaitdən ödənilib-ödənilmədiyi aydınlaşdırmamışdır.” Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, “Nissan Navara” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, miras qoyan şəxsin Cavabdeh1 qardaşına borcu olmuş və bunun müqabilində Afətlə miras qoyan arasında alqı-satqı müqaviləsi bağlanaraq avtomobili Cavabdeh1 vermişdir. Həmçinin bildirir ki, Cavabdeh1 ailə həyatı qurana kimi işləmiş, kifayət qədər gəlirə mailik olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, çıxışında bildirmişdir ki, Cavabdeh1 nə nikahdan öncə, nə də nikahdan sonra gəliri olmamış və ər-arvad arasında alqı-satqı müqaviləsinin bağlanması və ərin bunun müqabilində arvadından pul alması inandırıcı deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri 9 saylı Notariat kontorunun nümayəndəsi X8 hazırki iş barəsində az məlumatlı olduğunu bildirmiş, bununla belə cavabdehin apellyasiya şikayətinin təmin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri 21 saylı Notariat kontoru, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, və Cavabdeh10 nümayəndələrini məhkəməyə göndərməmiş, Cavabdeh6, Cavabdeh7, X2 və Cavabdeh8 isə məhkəmə iclasına gəlməmişlər, kollegiya onların işitrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik hüququnun tanınması və tanınmış paya mütanasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, Afət Abdullyaevanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət X10 xx.xx.2018-ci il tarixli, 1/68 nömrəli məktubundan görünür ki, «Nissan Navara» markalı 50- CC492 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Həsrət Körpüsü kiçik müəssisəsinin 487769 saylı hesab-arayışı əsasında ünvan 4 ünvanında qeydiyyatda olmuş mərhum X3 adına qeydiyyatda alınmış, xx.xx.2013-cü il alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Zeynəddin kənd sakini Cavabdeh6 adına qeydiyyata alınaraq **-BF-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 5 mənzil 3 ünvanında qeydiyyatda olan Cavabdeh7 adına qeydiyyata alınaraq **-BG-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 6 mənzil 51 ünvanında qeydiyyatda olan X1 adına qeydiyyata alınaraq **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2019-cu il tarixdə isə alqı-satqı müqaviləsi əsasında ünvan 7 mənzil 4 ünvanında qeydiyyatda olan Cavabdeh8 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına müvafiq olaraq, nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən). Yuxarıda da qeyd edildiyi kimi «Nissan Navara» markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Həsrət Körpüsü kiçik müəssisəsinin 487769 saylı hesab-arayışı əsasında ünvan 4 ünvanında qeydiyyatda olmuş mərhum X3 adına qeydiyyatda alınmış, xx.xx.2013-cü il alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alındığı və sonradan həmin avtomobilə dair bir neçə alqı-satqı müqaviləsinin bağlandığı işin mübahisəsiz hallarındandır. Bu mənada kollegiyanın qənaətinə görə, ağlabatan mühakimə əsasında Cavabdeh1 həmin avtomobili öz vəsaiti hesabına aldığının inandırıcı olmadığı qəbul olunmalıdır. Belə ki, Cavabdeh1 nikahdan əvvəl və ya sonra hər hansı bir yerdə işlədiyi, əlavə gəlirinin olduğu apellyasiya baxışı zamanı müəyyən edilməmiş, həmçinin iş materiallarına bu barədə heç bir sübut əlavə olunmamışdır. Kollegiya onu xüsusilə vurğulayır ki, cavabdeh “Nissan Navara” markalı avtomobilə aid hissədə iddiaya etiraz kimi irəli sürdüyü halları sübut edə bilməmişdir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 mübahisəli avtomobili öz keçmiş ərindən alqı-satqı müqaviləsi əsasında almış və hazırda həmin avtomobili öz vəsaiti hesabına aldığını irəli sürür. Buna görə də kollegiyanın qənaətinə görə, həmin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak statusuna malik olmadığı, əmlakın cavabdehin öz vəsaitini hesabına alındığının sübutetmə yükü məhz cavabdehin üzərində olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə - yəni, ““Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh1 tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5053/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5053/2020
09.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver