Məhkəmə qərarları › İş №2(103)-5053/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5053/2024

22.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5053/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh2 və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən İddiaçı nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti, şikayətin qanunvericiliklə müəyyənləşdirilmiş formaya uyğun tərtib olunmadığı əsas göstərilməklə məhkəmənin 22 iyul 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardaddan şikayət verən İddiaçı nümayəndəsi (vəkili) onun qanunsuz və əsassız olduğunu, apellyasiya şikayətinin müəyyənləşdirilmiş formada tərtib edildiyini irəli sürmüş, məhkəmənin 01 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı nümayəndəsinin (vəkilinin) qətnamədən verdiyi apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab verməməkdədir; MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna da uyğun deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.6-cı maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir; İddiaçı nümayəndəsi (vəkili) isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini konkret göstərməmiş, işin bəzi hallarını sadalamaqla qətnamənin əsassız olduğunu irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı iş üzrə 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar