Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5054/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kompensasiya verilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kompensasiya verilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(004)-2923/2024 nömrəli qətnaməsindən cavabdeh Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı 41000 manat kompensasiya verilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(004)- 2923/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq "xxxx" ASC tərəfindən 41000 manat ödənilməklə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən özbaşına tikililərin boşaldılaraq sökülməsi qət edilmişdir.
3. Maraqlı şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(103)-5054/2024 nömrəli qərardadına əsasən apellyasiya mümkün hesab edilmişdir.
5. İşə apellyasiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, Maraqlı şəxs işdə iştirak edən şəxs deyildir və qətnamədən maraqlarına toxunulan şəxs statusunda apellyasiya şikayəti vermişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
8. Şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs iş üzrə tərəf olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda, onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir.
9. Onu da qeyd etmək zəruridir ki, MPM-nin 364.2-ci maddəsində apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmənin qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlaması, bunun nəticəsinə dair qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanı da göstərilmişdir. Yəni, birinci instansiya məhkəməsi bu məsələyə qiymət verməməklə işdə iştirak edən şəxslərin şikayət vermə imkanını da məhdudlaşdırmışdır.
10. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul edilməsi müəyyən olunduğundan icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kompensasiya verilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2(103)- 5054/2024 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev