Məhkəmə qərarları › İş №2(103)-5054/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5054/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5054/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5054/2025 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı, X14, X9 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-986/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 2(003)-34/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsindəki 52 saylı mənzilə dair cavabdeh X10 ilə «Bakı-İnşaat-2005” MTK arasında bağlanmış 03 yanvar 2013cü il tarixli 77 №-li müqaviləyə bərabər paylı alıcı qismində İddiaçı adının müqaviləyə daxil edilməsi və qeyd olunan müqavilənin dəyişdirilməsinin «Bakı-İnşaat-2005” MTK-nın rəhbərliyinə həvalə edilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli, 2(103)- 3939/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-34/2016 saylı iş üzrə 14 yanvar 2016-cı il tarixli qətnaməsi “Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilə dair X10 ilə "xxxx" MTK arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 №-li müqaviləyə bərabər paylı alıcı qismində İddiaçı adının daxil edilməklə qeyd olunan müqavilənin dəyişdirilməsinin MTK-nın rəhbərliyinə həvalə edilməsi” hissəsində ləğv edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2016-cı il tarixli, 2(102)-5420/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli, 2(103)-3939/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(003)- 6235/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, X10 və X18 arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilinə dair X13 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində X6 payı 1/2 hissədə, İddiaçı payı 1/2 hissədə müəyyən edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı X18 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin alınması üçün 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləğ təşkil edən həmin mənzilə dair kooperativ paya X6 payı 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2018-ci il tarixli, 2(103)-1386/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı, cavabdehlər X13 və X6 apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. qətnamə onunla əsaslandırılmışdır, ki işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər "xxxx" MTK ilə Fərhad İsmayılov arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən MTK Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə tikilən binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzili kooperativdəki payı olaraq Fərhad İsmayılova verməyi, sonuncu isə payın dəyəri üzrə 63.450 manat məbləğində pay dəyərini ödəməyi öhdəsinə götürmüş, 37.500 manat ("xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli məktubundan müəyyən olunur) ödəniş etmişdir. Göründüyü kimi 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37.500 manat kooperativdəki pay olaraq cavabdeh F.İsmayılovla iddiaçının ümumi birgə mülkiyyətində olmuşdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli, 2(102)-3361/2018 saylı qərarından görünür ki, cavabdeh X10 və vəkili Cəfərov Fərman Dəmir oğlunun kassasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2018-ci il tarixli, 2(103)-1386/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli sorğuya ünvanlanmış cavab məktubundan görünür ki, ünvan 1 ünvanı ”Bakı-İnşaat-2005” MTK üzvlərinin ümumi iclasının 65 nömrəli xx.xx.2019-cu il tarixli protokoldan çıxarışa və 65 nömrəli xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə ‘’Bakı-İnşaat-2005" MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin ½ hissəsində payının ona verilməsi və həmin 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə dair kooperativ paya X6 payı 1/2 hissədə, 1/2 onun payı müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə iddianın təmin tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş və Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2016- cı tarixli 2(003)-6235/2016 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə “Bakı-İnşaat-2005" MTK tərəfindən inşa edilən hündür mərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, mənzil 52 nömrəli mənzilin başqa şəxslərin adına rəsmiləşdirilməsi "xxxx" MTK-nə qadağan edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1386/2018 saylı 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli 2 (102)-3361/2018 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1386/2018 saylı 10 yanvar 2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, qeyd olunan məhkəmə araşdırmalarının bütün mərhələlərində cavabdeh işə cəlb edilmişdir. Buna baxmayaraq, cavabdeh olaraq payı “1/2” hissədə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilini qanunsuz və əsassız olaraq satmışdır. Halbuki, mənzilin satılmasının qadağan edilməsi barədə Xəzər Rayon Məhkəməsinin müvafiq qərardadı da mövcuddur, həmçinin məhkəmə prosesləri zamanı o dəfələrlə MTK-nın məsul şəxslərinin yanında olmuşdur, onlara məsələ ilə əlaqədar münasibətini bildirmişdir və onlar ona cavab olaraq bildiriblər ki, “siz narahat olmayın məhkəmə araşdırması bilənədək onlar həmin mənzili sata bilməzlər”. Belə olan halda cavabdehin mənzilin satılması barədə eyni nömrəli alqı-satqı müqaviləsinin bağlandığı şəxsin kim olması məlum deyildir. Eyni zamanda həmin şəxsin 52 saylı mənzilə pay hüququnun olubolmaması məlum deyildir. Görünür cavabdeh mənzili satmaqla vicdanlı alıcı görüntüsü yaratmaq və onun pozulmuş hüququnun bərpasını aradan qaldırmaq məqsədilə işdə mövcud olmayan digər şəxsi qoşmaqla bu addımı almış və onun vasitəsilə də mübahisəli mənzil maraqlı şəxsə satmışdır. Onu da qeyd edir ki, 30 noyabr 2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə icra vərəqəsi verilərək iş icraya yönəldilmiş və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə xx.xx.2018-ci il tarixdə məlumat verilmişdir. Cavabdehin qeyd etdiyi etiraz əsaslı olmadığından qəbul edilməməlidir və bu onun konstitusyon hüququnun pozulması kimi qiymətləndirilməlidir.

10. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X11 və X7 üçüncü şəxslər kimi qismində işə cəlb edilməsini; Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küç. 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə 1/2 hissədə payının "xxxx" MTK-dan alınaraq ona verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; X5 adına 52 saylı mənzilə alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11 və X7 üçüncü şəxslər qismində işə cəlb edilməsini; Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küç. 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə 1/2 hissədə payının "xxxx" MTK-dan alınaraq ona verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2(011)-986/2025 nömrəli qətnaməsi (hakim Aynur Abdullayeva) ilə iddia tələbinin təmin edilməməsi, ödınilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov 47-ci məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasında 2-ci giriş, 6-cı mərtəbədəki 52 saylı mənzil üçün "xxxx" MTK rəhbərliyi ilə İsmayılov F.İ. arasında 03 yanvar 2013-cü ildə 77 saylı alqı-satqı müqaviləsi tərtib edilmişdir. Mənzilin ümumi dəyəri 63 450 (altmış üç min dörd yüz əlli) manat təşkil edilmişdir. Həmin mənzil üçün 37 500 (otuz yeddi min beş yüz ) manat ödəmişdir. Müqavilənin şərtlərinin 6-cı bəndinə əsasən mənzilin dəyərinin tam dəqiqləşdirilməsi üçün 24 ay vaxt verilmişdir. X3 müqavilənin 6-cı bəndini yerinə yetirməmişdir. Buna görə müqavilənin 7-ci bəndinə əsasən 52 saylı mənzil mübahisəli olaraq qalmaqdadır.

14. "xxxx" MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisəli mənzil X10 tərəfindən X1, daha sonra X14 mənzili X2. X9 həmin mənzil üçün çıxarış alaraq mənzilin tam mülkiyyətçisi olmuşdur. Alqı-satqı müqavilələrinin MTK tərəfindən rəsmiləşdirilməsi X10 tərəfindən Bakı şəhəri Xəzər Rayonu Məhkəməsinə şikayət ərizəsinin təmin olunması nəticəsində verilmiş xx.xx.2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qərardadı əsasında həyata keçirmişdir. Qeyd edir ki, İddiaçı yuxarıda qeyd olunan qərardadın ləğvilə bağlı xx.xx.2017-ci il tarixdə yenidən müraciət etsədə məhkəmə şikayəti təmin etməyib.

15. Məhkəmə müəyyən etmişdir ki, X15 Məmmədova 08 iyul 2008-ci il tarixdə evlənmişlər. Onların birgə nikah dövründə "xxxx" MTK ilə Fərhad İsmayılov arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 sayh müqaviləyə əsasən MTK Bakı şəhəri Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə tikilən binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzili kooperativdəki payı olaraq Fərhad İsmayılova verməyi, sonuncu isə payın dəyəri üzrə 63.450 manat məbləğində pay dəyərini ödəməyi öhdəsinə götürmüş, 37.500 manat ödəniş etmişdir.

16. Bu əmlakın bölgüsünə dair tərəflərin arasında mülki mübahisə olmuş, həmin mübahisəyə Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək, müəyyən edilmişdir ki, qeyd edilmiş 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37.500 manat dəyərində olan kooperativdəki pay üçüncü şəxs F.İsmayılovla iddiaçının nikah dövründə qazanılmış ümumi birgə mülkiyyətinə aiddir.

17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, , pay haqqı tam ödənilməməsi səbəbindən mənzilə dair hüquqlar Fərhad İsmayılova ötürülməmişdir, daha sonra mənzil X8 özgəninkiləşdirilərək, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Podrat müqaviləsinin tam şəkildə icra olunması nəticəsində mübahisəli mənzilə dair əmlak hüquqlarının F.İsmayılova ötürülməsi öz təsdiqini tapmadığından mənzilin ½ hissəsinin iddiaçıya verilməsi barədə iddia tələbləri təmin edilməli deyil.

18. Məhkəmə qeyd etmişdir ki, X15 Məmmədovanın nikah dövründə əldə etdikləri ümumi birgə əmlak – mübahisəli mənzil deyil, "xxxx" MTK-də Fərhad İsmayılova məxsus olan dəyəri 37.500 manat təşkil edən kooperativ payıdır. Buna görə iddiaçının mənzilin ½ hissəsinin ona verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Çünki podrat müqaviləsinin tam icra edilməməsi səbəbindən, mübahisəli mənzilə dair əmlak hüquqları F.İsmayılova ötürülməmişdir.

19. Həmin mənzilin özgəninkiləşdirilməsi barədə əqdin etibarsızlığı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının mənzilin yarısını tələb etməyə subyektiv hüququ olmadığından, sonuncunun həmin mənzilin özgəninkiləşdirilməsinə dair əqdləri də mübahisələndirməyə sübyektiv hüququ yoxdur.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 442, 752.1, 753.1, 753.2, 753.3, 753.4, 755, 756.1, 756.2, 759.1, 763.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1,119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

22. İddia ərizəsinin eyni dəlilləri ilə əsaslandırılmış apellyasiya şikayətində göstərilmişdir ki, mənzilin pay haqqı müqavilə əsasında Fərhad İsmayılovun və iddiaçının hüquqları ilə, yəni pay haqqı müqabilində mənzil almaq hüquqları ilə yüklü edilmişdir. MTK və Fərhad İsmayılovun mənzili satmaq səlahiyyəti olmamışdır. Belə ki, pay haqqı müqaviləsinə xitam verilməmişdir. İlk müqaviləyə xitam verilmədən eyni obyektə dair yeni müqavilə bağlanması Mülki Məcəlləyə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) və digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).

28. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

29. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 32.Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. 33.Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 34.Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 35.Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 36.Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 37.Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 38.Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 39.Maddə 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 40.Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11 və X7 üçüncü şəxslər qismində işə cəlb edilməsini, Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küç. 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə 1/2 hissədə payının "xxxx" MTK-dan alınaraq ona verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

50. Hazırki halda əmlakın bölgüsünə dair tərəflərin arasında mülki mübahisə olmuş, həmin mübahisəyə Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək, müəyyən edilmişdir ki, 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37.500 manat dəyərində olan kooperativdəki pay üçüncü şəxs F.İsmayılovla iddiaçının nikah dövründə qazanılmış ümumi birgə mülkiyyətinə aiddir.

51. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mənzilə görə pay haqqı tam ödənilməməsi səbəbindən mənzilə dair hüquqlar Fərhad İsmayılova ötürülməmişdir, daha sonra mənzil X8 özgəninkiləşdirilərək, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

52. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən podrat müqaviləsinin tam şəkildə icra olunması nəticəsində mübahisəli mənzilə dair əmlak hüquqlarının F.İsmayılova ötürülməsi öz təsdiqini tapmadığından mənzilin ½ hissəsinin iddiaçıya verilməsi barədə iddia tələbləri təmin edilməli deyil.

53. Daha əvvəl tərəflər arasında olmuş məhkəmə mübahisələrindən də göründüyü kimi mənzilə görə ödənilmiş 37500 manat üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir.

54. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlmişdir. Qüvvədə olan qətnamələrlə iddiaçının mübahisəli mənzilə yox, həmin mənzilə görə ödənilmiş pula payı tanınmışdır, yəni həmin mənzilə münasibətdə iddiaçı hər hansı hüquq sahibi deyil, ona görə də müqavilənin etibarsızlığını da mübahisələndirə bilməz.

55. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-986/2025 nömrəli iş üzrə 18 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar