Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5055/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1726/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC (bundan sonra “iddiaçı”) ilə “X12” MMC arasında bağlanmış “avtomobillərin tam sığortası” (avtokasko) növü üzrə sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən “X10” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, 8 noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Honda Civic” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil “X10” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Honda Civic” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinmişdir. Aparılmış qiymətləndirmə nəticəsində “X10” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5.300 manat məbləğində zərərin vurulduğu müəyyən edilmiş və bu barədə mütəxəssis rəyi tərtib edilmişdir. Müqavilədə göstərilən 250 manat şərtsiz azadolma məbləği çıxılmaqla, qalan 5.050 manat məbləğində sığorta ödənişi xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “X10” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə ödənilmişdir. “Honda Civic” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada "xxxx" ASC (ANVSMMİS) tərəfindən sığortalandığından, sığorta ödənişinin 1.825.99 manat hissəsi bu cəmiyyət tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə “Geriyə tələb (subroqasiya)” məktubu göndərilərək, qalan məbləğin ödənilməsi tələb edilmiş, lakin bu bir nəticə verməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3.224.01 manat məbləğində sığorta ödənişinin, 52.24 manat məbləğində dövlət rüsumunun və 0,40 xidmət haqqının, ümumilikdə 3.276,65 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad olunaraq əsaslandırılmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1726/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə iddia icraatına keçirilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1726/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.224.01 manat məbləğində sığorta ödənişinin, 52,24 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, ümumilikdə 3.276,65 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim X7).
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iddia tələbinin hüquqi əsasında reqress qaydasında subroqasiya hüququ dayanır. Hazırki mübahisə üzrə avtomobil icbari sığorta qaydasında deyil, kasko sığortası qaydasında sığortalanmışdır. Mülki işin araşdırması zamanı yüksək təhlükə mənbəyinin sahibi olan avtomobilin mülkiyyətçisinin məsuliyyətini istisna edən xüsusatlar (avtomobilin sürücü tərəfindən qanunsuz formada (mülkiyyətçinin iradəsinə zidd) əldə edilməsi, idarə edilməsi və s.) müəyyən edilməmiş, bu barədə zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Odur ki, hər iki cavabdehin, yəni həm avtomobilin mülkiyyətçisinin, həm də avtomobili idarə etmiş şəxsin hazırki iddia tələbi üzrə öhdəlik daşımaları istisna edilmir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı, 1096-cı, 1108-ci, “İcbari sığortalar haqqında” Qanununun 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, avtomobili etibarnamə əsasında istifadəyə vermişdir. (əslində avtomobili bu qaydada satmışdır). Hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, digər Cavabdeh2 tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yol-nəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh2 tutulmalıdır. Lakin məhkəmə tərəfindən qanunsuz olaraq ödənişin müştərək qaydada tutulması qət edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı "xxxx" ASCi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin və həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin Cavabdeh1 münasibətdə təmin edilən hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, vurulmuş maddi zərərin apellyatordan da müştərək qaydada tutulması ilə bağlı öz qənaətində haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “Cavabdeh1 iddiaçı "xxxx" ASCnin xeyrinə sığorta ödənişinin, dövlət rüsumunun və xidmət haqqının tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olmaqla onun tərəfindən verilmiş etibarnaməyə əsasən Cavabdeh2 istifadə və sahibliyində olan “Honda Civic” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh2 həmin avtomobili xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, 8 noyabr prospektində idarə edərkən yolnəqliyyat hadisəsi törədərək “X10” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin baş verməsində “Honda Civic” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinmiş, onun nəqliyyat vasitəsini narkotik vasitənin (psixotrop maddənin təsiri altında) idarə etdiyi müəyyən olunmuş, nəticədə o, inzibati məsuliyyətə cəlb edilmişdir. “X10” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" ASC-də avtokasko növü üzrə sığortalanmış, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 5.050 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bundan sonra "xxxx" ASC subroqasiya tələbi ilə ödədiyi məbləğin 1.825,99 manat hissəsini yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar hesab edilmiş avtomobilin icbari qaydada sığortalandığı "xxxx" ASC-dən almış, qalan məbləğin isə təqsirkar avtomobilin mülkiyyətçisi və sürücüsündən müştərək qaydada tutularaq ödənilməsi üçün məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə kollegiyası bu konteksdə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat zamanı Cavabdeh1 iddiaçının subroqasiya hüququnun olmasını və ya tələb edilən məbləği mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal mülkiyyətində olan avtomobilin sürücüsünə etibarnamə verilməsinə baxmayaraq, sığorta şirkəti tərəfindən ödənilmiş pulun subroqasiya qaydasında ondan da tutulması ilə bağlıdır.
21. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şkayətinin dəlillərini də nəzərə alaraq qeyd edir ki, Honda Civic” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, o, da etibarnamə ilə sərəncamverici hərəkətlərin icra edilməsi ilə bağlı avtomobili xx.xx.2023-cü il taixdə X5, sonuncu da xx.xx.2023-cü il tarixdə avtomobilin idarə edilməsini Cavabdeh2 etibar etmişdir. Başqa sözlə, avtomobil hadisə baş verən tarixdə, yəni xx.xx.2023-ci il tarixdə Cavabdeh2 qanuni istifadə və sahibliyində olmuşdur. Həmin vaxt onun sürücülük hüququ məhdudlaşdırılmamış, hüquqi nəticə etibarı ilə mülkiyyətçi Cavabdeh1 avtomobili idarəetmə hüququ olan şəxsə vermişdir. Bu səbəbdən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mülkiyyətçinin avtomobili qanuni əsaslarla idarə edən şəxslə (sürücü) birlikdə müştərək qaydada məsuliyyət daşıması və dəymiş zərərin ondan da subroqasiya (reqress) qaydasında tələb edilməsi qanunsuz və əsassızdır.
22. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Cavabdeh2 barəsində çıxarılmış inzibati xəta haqqında qərara əsasən o, yol-nəqliyyat hadisəsi baş verən zaman (İXM-nin 333-1.3-cü maddəsi) narkotik vasitənin (psixotrop maddənin) təsiri altında olmuşdur. Cavabdeh2 barəsində tərtib edilmiş inzibati xəta haqqında icraat sənədlərindən də yolnəqliyyat hadisənin baş verməsində mülkiyyətçidən qaynaqlanan və ya bu hadisənin nəticəsi olaraq mülkiyyətçinin məsuliyyətinin yaranmasını şərtləndirən hər hansı hal aşkar edilməmişdir. Başqa sözlə, hazırki iddia tələbi üzrə Cavabdeh1 təqsirli və ya təqsirsiz məsuliyyətinin olduğu müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsaslıdır və göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərə görə Cavabdeh1 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməsini şərtləndirir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə sığorta ödənişinin, dövlət rüsumunun və xidmət haqqının tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Cavabdeh1 aid edilməlidir.
24. Hazırkı iş üzrə iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1726/2024 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə sığorta ödənişinin, dövlət rüsumunun və xidmət haqqının tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.