Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5062/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndələri X4 və X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı ASC-nin nümayəndəsi ASC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 465 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə iddiaçı ASC-də “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış və "xxxx" MMC-yə məxsus olan “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə sığorta edilmişdir. Sığorta müddətində sığorta hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Neftçilər prospekti ərazisində cavabdehin idarə etdiyi, “Hundai Tucson” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC tərəfindən sığortalanmış “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə toqquşmuş və nəticədə sonuncu avtomobil zədələnərək, istismara yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi X7 İdarəsinin araşdırma obyekti olmuş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri nəticəsində baş vermişdir. Araşdırmanın nəticəsi ilə inzibati iş üzrə qəbul edilmiş xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh inzibati qaydada cərimə olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə iddiaçı ASC, sığorta müqaviləsinin şərtlərini yerinə yetirərək, şərtsiz azadolmanın məbləğini təşkil edən 200 manatı çıxmaqla, qalan 465 manat məbləğində sığorta ödənişini zərər uğramiş avtomobilin sahibi "xxxx" MMC-nin bank hesabına tam olaraq ödəmişdir. Bundan sonra iddiaçı ASC tərəfindən cavabdehə dəflərlə xəbərdarlıq məktubları göndərilərək, həmin məbləğin əvəzinin subroqasiya qaydasında ASC-yə ödənilməsi tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Bu səbəbdən də, ASC, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə istinad etmiş Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə subroqasiya hüququnun yaranmasına gətirib çıxaran işin faktiki halları mövcud olmadığından, subroqasiya barədə iddia tələbi təmin edilməməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəni “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından həll etməli deyildir. Çünki, "xxxx" MMC-yə məxsus olan “Kia Rio” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanması ilə əlaqədar həmin MMC ilə iddiaçı ASC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilə “avtonəqliyyat vasitələrinin kompleks sığortası haqqında” (KASKO) müqavilədir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. İddiaçı ASC-nin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, eləcə də iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəblər barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
10. Belə ki, cavabdeh ASC ilə hazırkı iş üzrə tərəf olmayan "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış “Avtonəqliyyat vasitələrinin kompleks sığortası haqqında” müqavilədən görünür ki, MMC-yə məxsus olan “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə sığorta edilmişdir.
11. İşdə olan sənədlərdən görünür ki, sığorta müddətində, yəni xx.xx.2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş, həmin tarixdə Bakı şəhəri, Neftçilər prospekti ərazisində cavabdehin idarə etdiyi, “Hundai Tucson” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC tərəfindən sığortalanmış “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə toqquşmuş və nəticədə sonuncu avtomobil zədələnərək, istismara yararsız vəziyyətə düşmüşdür.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 İdarəsinin xx.xx.2016-cı il tarixli, KYP seriyalı, 448068 saylı “İnzibati xəta haqqında protokolundan” və həmin tarixli qərarından görünür ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi həmin İdarənin araşdırma obyekti olmuş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin yolnəqliyyat hadisəsi cavabdehin təqsiri nəticəsində baş vermişdir. Buna görə də, cavabdeh, inzibati qaydada cərimə olunmuşdur.
13. İşdə olan sənədlərdən görünür ki, ASC tərəfindən sığortalanmış "xxxx" MMC-yə məxsus həmin avtomobilin zədələnməsi nəticəsində MMC-yə maddi zərər dəymişdir. İddiaçı ASC, onunla MMC arasında bağlanmış sığorta müqaviləsinin şərtlərini yerinə yetirərək, şərtsiz azadolmanın məbləğini təşkil edən 200 manatı çıxmaqla, qalan 465 manat məbləğində sığorta ödənişini MMC-nin bank hesabına tam olaraq ödəmişdir. Daha sonra iddiaçı ASC tərəfindən cavabdehə dəflərlə xəbərdarlıq məktubları göndərilərək, həmin məbləğin əvəzinin subroqasiya qaydasında ASC-yə ödənilməsi tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.
14. Hazırda isə iddiaçı ASC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
15. İşdə olan “ödəniş qəbzindən” görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ASC tərəfindən dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Göründüyü kimi iddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə “avtonəqliyyat vasitəsinin icbari sığortası haqqında” müqavilə deyil, “avtonəqliyyat vasitəsinin kompleks sığortası haqqında” (KASKO) müqaviləsidir. Buna baxmayaraq Rayon Məhkəməsi hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəni “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından həll etmişdir ki, bu da işin hallarına uyğun olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
17. MPM-in 385.1.1ci maddəsinin tələbinin mənasına görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
18. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.
19. Bu nəticəyə gələn Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır (maddə 1114.1.). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir (maddə 916.1.).
20. Qeyd edilən maddi hüquq normalarının hazırkı mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. f) apellyasiya baxışının nəticəsi
21. Beləliklə qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Rayon Məhkəməsi işə baxarkən tətbiq edilməli olan maddi hüquq norması tətbiq etməmiş, nəticədə iddianın təmin edilməməsi barədə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
22. Buna görə də, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçı ASC-in apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
24. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiası təmin edilsin. Subroqasiya qaydasında 465 (dörd yüz altmış beş) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və bu məqsədlə Cavabdeh 15 (on beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.