Məhkəmə qərarları › İş №2(103)-5065/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5065/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5065/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 6 saylı Asan xidmət mərkəzinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, miras əmlak üzərində payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddia ilə məhkəməyə müraciət edərək, ataları X5 vərəsəlik işi üzrə 484/2022 saylı, Reyestr 2V-253 № qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh2 adına verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin və onun əsasında verilmiş Çıxarışın etibarsız edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, X5 vərəsəlik işi üzrə 484/2022 saylı, Reyestr 2V-253 № qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlkada paylarının müəyyən edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ataları X8 xx.xx.2022-ci ildə vəfat etmiş, sonuncunun adına avtomobil, mənzil, şadlıq evi və s. əmlaklar olmuşdur. X8 vəfat edəndən sonra notariat kontorunda vərəsəlik işi açılmış və onlar beş bacı-qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər. O zaman qardaşları Cavabdeh2 onlara bildirmişdir ki, atalarında qalmış miras əmlaka dair onun, yəni Cavabdeh2 adına vərəsəlik şəhadətnaməsi yazılsın və o da öz növbəsində ata mülkünü sataraq onların hər birinə 100000 manat pul ödəyəcəkdir. Ona görə onlar razılaşmış və notariat ofisində ərizə yazaraq Cavabdeh2 xeyrinə miras paydan imtina etmişlər. Eyni zaman da qardaşları Cavabdeh2 öz xətti ilə yazaraq göstərmişdir ki, “Mən Cavabdeh2 bildirirəm ki, atamın X2 vəsiyyətinə görə Ordubad k/m satılandan sonra İddiaçı, Cavabdeh3, X9 hər birinə, 100.000 (yüz min manat) verilsin. Öz imzamla atamın son vəsiyyətini təsdiqləyirik İmzamızla, İddiaçı, Cavabdeh3, X12, X15 və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023”. Hazırda notariat ofisindən alınmış sənədlərdən müəyyən edilir ki, atalarının miras əmlakı üzrə 484/2022 saylı, Reyestr 2V- 253 №-li vərəsəlik işi üzrə iki ədəd qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, 07 aprel 2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə miras əmlakın 4/5 hissəsi Cavabdeh2 və 08 aprel 2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə 1/5 hissəsi X6 adına sənədləşdirilmişdir. Onlar qardaşları Namiqin və Nadirin onları dilə tutaraq miras əmlakdan Namiqin xeyrinə imtina barədə sözlərinə və Cavabdeh2 onlara verdiyi sözə və yazılı qəbzə inanmışlar. Lakin sonradan onadlara məlum olmuşdur ki, Namiq onlara verdiyi sözün üstündə durmur və qısa müddətdə onlara verilməli paylarını ödəmək istəmir. Bu barədə dəfələrlə aparılan söhbətlərin nəticəsi olmamışdır. Qardaşı Namiq miras əmlakdan onlara pay verməsi adı ilə aldatmışdır. Ona görə aldatma adı ilə miras əmlakın sənədləşdirilməsi və verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır, saxtakarlıq olmasaydı mövcud qanun üzrə vərərsəlik şəhadətnaməsi verilməyəcəkdir. Onların hər birinin miras əmlakdan payları müəyyən ediləcəkdir. Beş bacı-qardaşın hamısının vərəsəlik və miras kütləsində payları vardır, cavabdehlərin qanunsuz və saxta əməlləri nəticəsində onalar çatası əmlakdan məhrum olumuşlar, cavabdehlərin hərəkətləri qanunsuz və əsasız varlanma kimi qiymətləndirilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia rədd edilmişdir. İddiaçı və üçüncü şəxs ayrı-ayrılıqda qeyd olunan qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətləri - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdikləri izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, ataları vəfat edən anda onun mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37 ünvanda yerləşən 79 saylı mənzil qalmışdır. Əslində atalarına məxsus çoxlu əmlaklar olmuş, lakin sağlığında həmn əmlaklar adından çıxarılmışdır. Miras qalmış ünvan 1 ünvanında isə faktiki Cavabdeh2 yaşayırdı. Qardaşları Cavabdeh2 onları inandırmışdır ki, miras əmlakdan imtina etsələr, atalarına məxsus olmuş Ordubad k/m-ni (obyektləri) satacaq və onların hər birinə 100000 manat pul verəcək. Hətta bu barədə sadə yazılı formada qəbz də imzalamışdır. Bu səbəbdən də onlar 29 avqust 2022-ci il tarixdə notariat ofisində yazılı ərizə verərək, atalarından qalan miras əmlakın onlara çatası miras paylarından Cavabdeh2 xeyrinə imtina etmişlər. Lakin, bir müddət sonra qardaşları Cavabdeh2 vədinə əməl etməməsini görüb aldanıldıqlarını başa düşmüşlər. Bu səbəbdən də İddiaçı 03 fevral 2023-cü il tarixdə notariat ofisinə yazılı ərizə ilə müraciət edərək mirasdan imtina barədə ərizənin ləğv olunmasını xahiş etmişdir. 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəifndən ona 05 fevral 2023-cü il tarixli məktub ünvanlanaraq, mirası qəbul etməkdən imtina barədə ərizənin geri götürülə bilinməməsi qeyd olunmuşdur. O, həmin notariat ofisinə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 29 avqust 2022-ci il tarixdə atasından qalan miras əmlakdan Cavabdeh2 xeyrinə imtina etməsi barədə ərizəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddia ərizəni geri götürmüş, bu səbəbdən də məhkəmənin 09 mart 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması qərara alınmışdır. Bundan sonra, hazırki tələblə məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, mirasdan imtina barədə ərizələr aldatma ilə alındığından etibarsızdır, bu səbəbdən də iddia tələbləri təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçılar özlərinin könüllü razılıqları ilə atalarından miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37 ünvanda yerləşən 79 saylı mənzildən onun xeyrinə imtina etmişlər. İddiaçılar özləri də bilirdilər ki, həmin mənzil onun puluna alınmışdır və orada ailəsi ilə birlikdə yaşayır. Atalarının sağlığında "xxxx" Kiçik Müəssisəsini idarə etmişlər, hazırda təsisçiləri o və qardaşı Nadirdir. Lakin atasının ona son vəsiyyətinə görə gələcəkdə həmin hüquqi şəxsin əmlaklarını satıb, iddiaçıların hər birinə 100000 manat ödəməyi öhdəsinə götürmüş, bu barədə yazılı qəbz vermişdir. Bildirir ki, "xxxx" Kiçik Müəssisəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir, özəlləşdiriməmişdir, özəlləşdirmə proseduru isə müəyyən vaxt tələb edir. Hazırda bacıları X11 ona və qardaşına qarşı digər məhkəmədə iddia qaldırmış, eyni zamanda həmin müəssisəyə həbs qoydurmuşdur. Belə olan halda isə müəssisə ilə bağlı hər hansı hərəkət edə bilmirlər. Bir daha qeyd edir ki, o, iddiaçıları aldatmamış, onlar könüllü olaraq mirasdan imtina etmişlər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçılar özlərinin könüllü razılıqları ilə atalarından miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37 ünvanda yerləşən 79 saylı mənzildən qardaşları Cavabdeh2 xeyrinə imtina etmişlər. Belə ki, həmin mənzildə qardaşı ailəsi ilə birlikdə yaşayır və atalarının sağlığında da hamı bilirdi ki, mənzil qardaşınındır. Eyni zamanda onun özü də həmin miras əmlakdan qardaşının xeyrinə imtina etmişdir. Həqiqətən qardaşı "xxxx" Kiçik Müəssisəsini satıb, onların hər birinə 100000 manat ödəməyi öhdəsinə götürmüş, bu barədə yazılı qəbz vermişdir. Lakin, bunun mirasdan imtinaya hər hansı aidiyyəti olmamışdır. Bildirir ki, "xxxx" Kiçik Müəssisəsi özəlləşdirilməmişdir, buna bacıları X11 imkan vermir, onlara qarşı məhkəmədə iddia qaldıraraq həmin müəssisəyə həbs qoydurmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətini əsaslı sayaraq, birinci instansiya məhkəməsində verilmiş uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qardaşları olan Cavabdeh2 və Cavabdeh3 atalarına məxsus olan çoxsaylı əmlaklara sahib çıxaraq onların payını verməkdən imtina edir. Belə ki, sağlığında bəzi əmlaklar atasının adından çıxarılmışdır. Hazırda onun iddiası üzrə digər məhkəmədə iş gedir, icraat zamanı "xxxx" Kiçik Müəssisəsinin üzərinə həbs qoyulmuşdur. Atalarından miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37 ünvanda yerləşən 79 saylı mənzil üzərində 1/5 hissədə miras payı tanınsa da, sonradan Cavabdeh2 onun payının dəyərini ödəmiş, o da payını ona adına keçirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd olunmalıdır ki, tərəflərin bacı-qardaş olması, ataları X4 13 avqust 2022-ci il tarixdə vəfat etməsi işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işin hallarından və təqdim olunmuş sübutlardan (çıxarış, vərəsəlik işinin materialları və s.) görünür ki, ünvan 2 ünvanda yerləşən, 79 saylı mənzil tam mülkiyyət hüququ üzrə miras qoyun X4 adına qeydiyyata alınmış, iddiaçı tərəf (İddiaçı və X12) ataları X3 qalan miras əmlakın onlara çatası payından xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizələrlə Cavabdeh2 xeyrinə imtina etmiş (eyni zamanda digər vərəsə Cavabdeh3 da eyni tarixli ərizə ilə mirasdan Cavabdeh2 xeyrinə imtina etmişdir), Mülki Məcəllənin 1268-ci maddəsinin tələbləri onlara izah olunmuşdur. Bundan sonra, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”lərlə, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37 ünvanda yerləşən, 79 saylı mənzilə dair qanun üzrə vərəsələri X6 1/5 hissədə, Cavabdeh2 isə 4/5 hissədə payları müəyyən edilmişdir. Bununla yanaşı, işdə olan 12 sentyabr 2023-cü il tarixli sadə yazılı formada tərtib edilmiş əlyazmanın mətnindən görünür ki, Cavabdeh2 atasının son vəsiyyətinə görə Ordubad k/m satılandan sonra İddiaçı, Cavabdeh3, X7 hər birinə 100000 manat verməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı tərəfindən 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, mirasdan o, imtina barədə yazdığı xx.xx.2022-ci il tarixli ərizənin ləğv edilməsini xahiş etmşidir. İşdə olan 6 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 304/2023 nömrəli məktubundan görünür ki, İddiaçı “X3 miras qalmış əmlakdan imtina ilə bağlı xx.xx.2022-ci il tarixli ərizənin ləğv edilməsinə dair” müraciəti təmin olunmamış, səbəb kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Birinc instansiya məhkəməsi iddianı rədd edərkən - iddiaçı tərəfin sübutetmə yükünü həyata keçirə bilməməsinə (mirasdan imtina barədə ərizələrin aldatma nəticəsində bağlanması və s.), həmçinin Mülki Məcəllənin 1272-ci tmaddəsində nəzərdə tutulmuş 2 aylıq kəsici müddətin ötürülməsini qeyd etmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Həmçinin qeyd edilməlidir ki, MM-nin 1256-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. MM-nin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. MM-nin 1268.1-ci maddəsinin tələbinə görə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İşin yuxarıda qeyd olunan hallarına əsasən, iddiaçı tərəf miras qoyanın birinci növbəli vərəsələri kimi mirasın qəbulundan qanunla müəyyən olunmuş müddət ərzində (miras 13 avqust 2022-ci il tarixdə açılmış, mirasın qəbulundan imtina isə 29 avqust 2022-ci il tarixdə həyata keçirilmişdir) imtina etmiş, mirasın qəbulundan imtina barədə ərizələr notariat orqanında rəsmiləşdirilmişdir. Belə olan halda isə, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İddiaçı tərəf mirasdan imtina barədə iradə ifadələrinin məhz cavabdeh tərəfindən aldatma yolu ilə həyata keçirilməsini iddia edərək, hazırki tələbləri irəli sürmüş, bunun əsası kimi cavabdeh tərəfindən mərhum atalarına məxsus olan digər əmlakların satılması nəticəsində onların hər birinə 100000 manat pulun ödəniləcəyinə dair verilmiş vədin yerinə yetirilməməsini göstərmişlər. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324-cü mad.). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci mad.). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Qeyd edilməlidir ki, MM-in 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nətijələrə səbəb ola bilən əqd anlaşılır. Kollegiya, əqdin etibarsız sayılması tələbində aldatmaya istinad olunmasını nəzərə alaraq bildirir ki, MM-in 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. MM-nin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Mülki qanunvericiliyinin normalarının məzmunundan göründüyü kimi, aldatma bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əqd aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin mövcudluğu məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onların sübuta yetirilməməsi isə MMin 339.3-cü maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. İddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Hazırkı mülki işdə isə iddiaçı tərəf birtərəfli iradə ifadəsinin (mirasdan imtina barədə ərizənin) aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəf sübut kimi cavadeh tərəfindən sadə yazılı formada tərtib edilmiş müvafiq əlyazmaya istinad etsə də, həmin sübutdan görünür ki, o 12 sentyabr 2023-cü il tarixdə, yəni iddiaçı tərəfindən mirasdan imtina etməsi barədə iradə ifadələrinin həyata keçirildiyi tarixdən (29 avqust 2022-ci il) bir ildən çox müddət keçdikdən sonra tərtib edilmişdir. Göründüyü kimi, istinad olunan sübutla, iddiaçı tərəfin mirasdan imtina etməsi faktı arasında səbəbli əlaqənin olması da müəyyən edilmir. Eyni zamanda, iddiaçı tərəf mirasdan imtinanın qeyd edilən şərtlər əsasında həyata keçirmələrini də ərizələrində göstərməmişlər. Həmçinin, İddiaçı mirasdan imtina etməsinə dair ərizəsinin ləğv olunması barədə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə ünvanlanladığı xx.xx.2023-cü il tarixli müraciətində bunun səbəbi kimi – hüquqlarını tam başa düşməməsini, peşiman olmasını göstərməklə, ərizədə aldanılması ilə bağlı hər hansı fikir qeyd etməmişdir. Bununla yanaşı, Cavabdeh2 məsələyə münasibətdə bildirmişdir ki, o, atasının son vəsiyyətinə əsasən miras əmlak sayılmayan, təsisçisi olduğu "xxxx" Kiçik Müəssisəsinin əmlakının gələcəkdə satılacağı təqdirdə iddiaçıların hər birinə 100000 manat ödəməyi öhdəsinə götürmüşdür və hazırki vəziyyətdə də bundan imtina etmir. Lakin, müəssisənin əmlakının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir, onun özəlləşdirmə proseduru isə müəyyən vaxt tələb edir. Hazırda bacıları X11 ona və qardaşına qarşı digər məhkəmədə iddia qaldırmış, eyni zamanda həmin müəssisəyə həbs qoydurmuşdur. Belə olan halda isə müəssisə ilə bağlı hər hansı hərəkət edə bilmirlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qeyd edilən halı təsdiq edərək, tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırmasını, eyni zamanda müvəqqəti təminat tədbiri kimi "xxxx" Kiçik Müəssisəsinin üzərinə həbs qoyulmasını təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan əlyazmada Cavabdeh2 iddiaçı tərəfə gələcəkdə əmlak satışından müəyyən pul vəsaiti vermək öhdəliyini götürməsi özü-özlüyündə mirasdan imtina barədə iradə ifadələrinin aldatma yolu ilə həyata keçirilməsi anlamına gələ bilməz (yuxarıda da qeyd edildiyi kimi səbəbli əlaqə müəyyən olunmur). Əksinə, işin hallarından müəyyən olunur ki, iddiaçı tərəf könüllü iradə ifadələri nəticəsində mirasdan cavabdehin xeyrinə imtina etmişlər. Lakin, iddiaçılar Cavabdeh2 qarşı qeyd edilən öhdəlikdən irəli gələn müvafiq tələb hüquqlarını özlərində saxlayırlar (məhkəmə kollegiyası hazırki mübahisəyə tələb həddində baxaraq, qeyd edilən öhdəliklə bağlı məsələyə hüquqi qiymət verməyi məqsədə müvafiq hesab etmir). Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iddiaçı tərəfin xeyrinə izahat verməsi də vəziyyəti dəyişdirmir. İşdən göründüyü kimi, X11 ilə cavabdehlər arasında münasibətlər kəskin olmaqla, aralarında başqa məhkəmə mübahisələri vardır. Bununla yanaşı, işdə olan sübutlara əsasən, X6 özü mirasdan imtina etməmiş, mənzildən 1/5 hissədə pay almışdır (izahatlardan görünür ki, X1 özünün payının cavabdehin xeyrinə özgəninikləşdirmişdir). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf mirasdan cavabdehin xeyrinə imtina etməsi barədə iradə ifadələrininin məhz aldadılmaları səbəbilə etibarsız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu istiqamətdə dəlillərini ümumi sözlərlə ifadə etməyə çalışmışdırlar. Belə olan halda isə cavabdehin adına verilmiş iddia olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlak üzərində iddiaçı tərəfin payların müəyyən olunması barədə tələblər təmin oluna bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəifn izahatı da özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlər iddia tələblərinin əsassız olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MM-nin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qeyd edilən normaya əsasən - mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının məhz iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı). Qanunvericliyin qeyd olunan normasının məzmunundan, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövedən göründüyü kimi, maraqlı tərəf mirasın qəbulundan imtina barədə mübahisə üzrə müvafiq əsasın ona məlum olduğu, onu bildiyi vaxtdan etibarən iki ay müddətində mirasdan imtina barədə iradə ifadəsini mübahisələndirməlidir. Əks halda, həmin hüququ itirmiş, ona xitam verilmiş olacaqdır. İşdən görünür ki, iddiaçı hüquqlarının pozulmasını ən azı xx.xx.2023-cü il tarixdə bilmiş, bu səbəbdən də notariat orqanına yazılı ərizə ilə müraciət edərək imtina barədə ərizəsinin ləğv olunmasını xahiş etmişdir. Notariat orqanı bundan imtina etdikdə isə, iddiaçı həmin notariat ofisinə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 29 avqust 2022-ci il tarixdə atasından qalan miras əmlakdan Cavabdeh2 xeyrinə imtina etməsi barədə ərizəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin sonradan iddia ərizəni geri götürmüş, bu səbəbdən də məhkəmənin 09 mart 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəf yalnız 05 dekabr 2023-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş 2 aylıq kəsici müddət ötürülmüş, bu da həmin hüquqa xitam verilməsi ilə nəticələnmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətlərinin dəlillərinin əsassız olmasını nəzərə alaraq hesab edir ki, şikayətlər təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 6 saylı Asan xidmət mərkəzinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, miras əmlak üzərində payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar