Məhkəmə qərarları › İş №2(103)-5075/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5075/2020

24.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5075/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh “X12 Azərbaycan” QSC-nin vəkili Mustafayev Muxtar oğlunun və nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakı ilə İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə və müstəqil tələb irəli sürən 3-cü şəxs X5 cavabdeh “X12 Azərbaycan” QSCnə qarşı “zaminlik müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2013-cü il tarixli Zaminlik müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslanndırmışdır ki, “X12 Azərbaycan” QSC arasında xx xxxx 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, xx xxxx 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə “xxxxxxxxxxx” MMC-nin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə cavabdeh qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Halbuki, Kredit müqaviləsi, əslində, müqavilə deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 385.1-ci maddəsinə görə isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin Kredit müqaviləsində deyilir: “Bu Müqavilə borcverənin kredit vermək vədini ifadə etmir”. Başqa sözlə, Kredit limiti müqaviləsi üzrə cavabdehin Borc alan qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil, o istədiyi vaxt kreditin verilməsindən imtina edə bilər. Buna görə də, Kredit müqaviləsi konsensual müqavilə deyil, yəni cavabdehin Borc alana gələcəkdə kredit vermək vədi mövcud deyil. Kredit müqaviləsi ilkin müqavilə də deyil. Çünki MM-in 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit müqaviləsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit müqaviləsi üzrə Borc alan cavabdehə kredit üçün müraciət edə bilər. Cavabdeh isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur və bu, bir daha təsdiq olunur. Buna görə də Kredit müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Belə ki, MM-in 402.6-cı maddəsinə müvafiq olaraq niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(102)- 2547/l 7 saylı Qərarında da təsdiq edilmişdir. Qərarda deyilir: “xx.xx.2009-cu il tarixli, 15L********** saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinin sonuncu cümləsində “bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir” göstərilməsi “xxxxxxxxxx” QSC-nin X7 qarşısında hər hansı öhdəliyi, o cümlədən, kredit vermək öhdəliyinə dəlalət etmir. Buna görə də, kredit xətti müqaviləsi konsessual müqavilə deyil, yəni “xxxxxxxxxx” QSC-nin X4 gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün kredit xətti müqaviləsinə ümumiyyətlə, müqavilə kimi baxmaq olmaz”. Beləliklə, bu tip münasibətlər Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən heç bir mülki hüquqi nəticə doğurmayan niyyət razılaşması kimi qiymətləndirilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddianın dəyişdirilməsinə dair” barədə məhkəməyə ərizə vermiş və xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-443/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3844/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə, İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilmiş, “X12 Azərbaycan” QSC ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış, 24273/04 saylı zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh “X12 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və üçüncü şəxs X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd edilməsi qət edilmişdir. X3 və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin həm faktiki, həm də hüquqi cəhətdən səhv qiymətləndirmişdir. Belə ki, iddiaçı tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən verilmiş “iddianın dəyişdirilməsinə” barədə ərizə məhkəmə tərəfindən qəbul edilməsinə baxmayaraq ümumiyyətlə qiymətləndirilməmişdir. Məhkəmə ilkin iddia tələbinə qiymət verərək, idiaçının prosessual hüquqlarını pozmuşdur. Zaminlik müqaviləsinə əsasən, iddiaçı xx xxxx 2013cü il tarixli, kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə “xxxxxxxxxxx” MMCnin (“Borc alan”) öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə cavabdeh qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxx 2013-cü il tarixli Zaminlik müqaviləsində zaminin təminat verdiyi kreditin məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda, zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti öz üzərinə götürdüyünü bilmir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yalnız mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “X12 Azərbaycan” QSC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin etibarsızlığına səbəb ola biləcək hallara yol verilməmişdir. Bundan başqa “X12 Azərbaycan” QSC və İddiaçı arasında bağlanan zaminlik müqaviləsinin sadəcə görünüş üçün bağlandığı fərz edilsə belə, İddiaçı 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiklərindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx xxxx 2013-cü il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə “xxxxxxxxxxx” MMC arasında 24273/1 saylı Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən “xxxxxxxxxxx” MMC-ə xx xxxx 2015-ci il tarixinədək, 24 (iyirmi dörd) ay müddətinə, 941.160 manat məbləğində kredit limiti ayrılmışdır. xx xxx 2014-cü il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə “xxxxxxxxxxx” MMC arasında 24273/1 saylı Kredit müqaviləsinə dair 5 saylı kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə, bank tərəfindən borcalan “xxxxxxxxxxx” MMC-yə 8 ay müddətinə, illik 14% olmaqla 1.153.873.25 USD ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2013-cü il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən, zamin İddiaçı “xxxxxxxxxxx” MMC-nin nizamnamə kapitalının 34% payı üzrə, zamin Z.Nərimanov isə 33% payı üzrə təsisçisidir. Bundan başqa iş materiallarından görünür ki, “xxxxxxxxxxx” MMC-nin xx xxxx 2013-cü il tarixili təsisçilərinin ümumi yığıncağının qərarına əsasən, X6, X5 və İddiaçı “xxxxxxxxxxx” MMC-nin imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X12 Azərbaycan” QSC-dən 1.200.000 manat məbləğində kredit vəsaitinin alınması üçün müraciət edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Bundan başqa “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərardad həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürürvə borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Kollegiya qeyd edir ki, İddiaçı zamin olduğu kimi, əsas borclu “xxxxxxxxxxx” MMC-nin 34 % pay hüquqlu təsisçisidir. Göründüyü kimi onun kredit müqaviləsinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla İddiaçı iddia tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəmsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbləri həmin hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar