Məhkəmə qərarları › İş №2(103)-5079/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5079/2022

19.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5079/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(007)- 163/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 143591,20 (yüz qırx üç min beş yüz doxsan bir manat 20 qəpik) manat icra edilməmiş əsas borc, 12119,10 (on iki min yüz on doqquz manat 10 qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 73949,64 (yetmiş üç min doqquz yüz qırx doqquz manat 64 qəpik) manat müqavilə müddəti bitən tarixə faiz, 39774,80 (otuz doqquz min yeddi yüz yetmiş dörd manat 80 qəpik) manat cərimə olmaqla, cəmi 269434,74 (iki yüz altmış doqquz min dörd yüz otuz dörd manat qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3182 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18% (on səkkiz faiz) ödənilmək şərtilə 146000 (yüz qırx altı min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 143591,20 (yüz qırx üç min beş yüz doxsan bir manat 20 qəpik) manat icra edilməmiş əsas borc, 12119,10 (on iki min yüz on doqquz manat 10 qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 73949,64 (yetmiş üç min doqquz yüz qırx doqquz manat 64 qəpik) manat müqavilə müddəti bitən tarixə faiz, 39774,80 (otuz doqquz min yeddi yüz yetmiş dörd manat 80 qəpik) manat cərimə olmaqla, cəmi 269434,74 (iki yüz altmış doqquz min dörd yüz otuz dörd manat qəpik) manat məbləğində borcu mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-163/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 143591,20 manat əsas, 70072,90 manat faiz borcu, 10000 manat cərimə, ümumilikdə 223664,1 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 24,9 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərclər ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2019-cu il tarixinə olan əsas borcu 143591,20 manat, faiz borcu 73949,64 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 5% məbləğ 12119,10 manat, 39774,80 manat cərimə, cəmi borcu 269434,74 manatdır. Cavabdeh xx.xx.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 143592 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), xx.xx.2019-cu il tarixə əsas borc üzrə 143592 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), faiz borcu üzrə 12145,49 manat (illik 5%-lə), xx.xx.2020-ci il tarixə əsas borc üzrə 143592,00 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), faiz borcu üzrə 14359,20 manat (illik 5%-lə), xx.xx.2021-ci il tarixə əsas borc üzrə 143592,00 manat, faiz borcu üzrə 70072,90 manat (illik 18%-lə), faiz borcu üzrə 24550,24 manat (illik 5%-lə) borcu vardır. Cavabdeh xx.xx.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə borcunu müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı iddia tələbində cavabdehin kredit müqaviləsi üzrə əsasən borcunu 143591,20 manat kimi göstərmişdir. İddiaçının iddia tələbinin həcmini artırmadığını, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə 143591,20 manat məbləğində pul tutulmaqla təmin edilməlidir. Məhkəmə faiz borcuna münasibətdə qeyd edib ki, xx.xx.2021-ci il tarixli 9/3089 nömrəli rəyi ilə Cavabdeh xx.xx.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 70072,90 manat müəyyən etmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edib ki, Cavabdeh müqavilə müddəti bitən tarixə 70072,90 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən xx.xx.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə 12119,10 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz.. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 442, 553.1, 448.1, 462.1, 463.1, 465.2, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-163/2021 saylı qətnaməsinin təmin edilməyən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ hissəsini ləğv edilməsi və iddia tələbinin bu hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində, yəni iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən xx.xx.2015-ci il tarixli 3182 saylı kredit müqaviləsi üzrə 12119,10 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti 5.02.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən həmin hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11606/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin hüquqdan istifadə edərək tərəfimizdən, əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulmasını məhkəmədən xahiş etmişdik. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyimiz Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 44 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(102)-1979/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 dekabr 2021ci il tarixli, 2(103)-11606/2021 saylı qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki apelyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qismən, yəni, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsinin təmin edilməməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını, iddiaçının nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmayan gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-cü maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Kollegiya qeyd edir ki, iddia tələbində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3182 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12119,10 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuş və tələbin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 445.2, 445.7, 449.1, 472.2-ci maddələrinin tələbləri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqe ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə Mülki Məcəllənin 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan kollegiya qeyd edir ki, xx.xx.2015-ci il tarixli, 3182 saylı kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün cavabdeh kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulan öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərərin məbləği göstərildiyindən, ilkin iddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Kollegiya iddia tələbinin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda hissəsini əsaslı hesab edir. Çünki bu tələbin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Həmin normanın tələbi imperativ olduğu üçün, bu tələbə dair əlavə sübutların tələb edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Göstərilən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verdiyindən, qətnamə qismən qanuni və əsaslı olmamışdır. Bu səbəbdən də qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmalı, həmin hissədə iddia tələbi qismən – iddianın təmin olunmayan gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(007)-163/2021 saylı qətnaməsi qismən – iddianın təmin olunmayan gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində ləğv edilsin, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla, əldən çıxmış fayda kimi 12119,10 (on iki min yüz on doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar