Məhkəmə qərarları › İş №e-2(3-8)-1058/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-1058/2026

24.09.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-1058/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İsgəndərova Nəzakət Vaqif qızının cavabdehlər Abşeron Rayon * saylı notariat ofisi və cavabdeh2 (müstəqil tələb irəli sürməyən III şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK) qarşı mülki işi üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İsgəndərova Nəzakət Vaqif qızının cavabdehlər Abşeron Rayon * saylı notariat ofisi və cavabdeh2 (müstəqil tələb irəli sürməyən III şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK) qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş ziyana görə pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İsgəndərova Nəzakət Vaqif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:

1. Birinci tərəf İsgəndərova Nəzakət Vaqif qızı və ikinci tərəf cavabdeh2 arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 3M-303 reyestr nömrəsi ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İsgəndərova X3 rayonu, Xırdalan şəhəri, Şükür Həmidov küçəsində 112 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi olan 112 m2 olan fərdi yaşayış evini DƏDRX-dən çıxarış aldıqdan və həbsdə girovda olmaması barədə arayış aldıqdan sonra alıcı cavabdeh2 143000 manata satılması barədə gələcəkdə alqısatqı müqaviləsinin bağlanılmasına dair razılığa gələrək bu müqaviləni bağladılar.

2. Sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı satılacaq fərdi yaşayış evini 143000 manata qiymətləndirir və gələcəkdə həmin qiymətə alıcı ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürür. Alıcı isə həmin məbləği almağı öhdəsinə götürür. Alıcı 143000 manat manatı hazırda notariusun bankda açdığı hesab vasitəsilə satıcıya ödəmiş, satıcı isə həmin məbləği tam almışdır.

3. Abşeron rayon * saylı notariat ofisi tərəfindən 8İ-1794 reyestr nömrəsi ilə qeydiyyata alınmış İsgəndərova Nəzakət Vaqif qızının ************* saylı ərizəsində qeyd edilmişdir ki, İsgəndərova Nəzakət Vaqif qızı onun adına olan *************** saylı elektrik, X2 adına olan 011401000018520 qaz və İsgəndərli Vaqif Aydın oğlunun adına olan 1314801100023 su abonent kodlarında olan borclar ona məxsusdur və həmin borcları 5 ay ərzində bütünlüklə ödəyəcəyini və alıcının adına keçirəcəyini öz imzası ilə təsdiq edir. Həmin kommunalların məxsus olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Şükür Həmidov küçəsində 112.0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 112.0 kv.m olan fərdi yaşayış evini cavabdeh2 satmış və ona çatası pulu bütünlüklə almış, gələcəkdə həmin əmlakın sökülməsinə, üzərində hər hansı bir əməliyyatın aparılmasına və satılmasına heç bir etirazı yoxdur, razıdır. Həmin əmlak barəsində alıcıya və “xxxx” ASC-yə qarşı hər hansı bir iddiası və tələbi olmayacaq.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İsgəndərova Nəzakət Vaqif qızı cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK, Abşeron Rayon * saylı notariat ofisi və cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş ziyana görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsgəndərova Nəzakət Vaqif qızı ilə cavabdeh2 arasında Abşeron rayon * saylı Notariat ofisində bağlanmış ## #### 2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh cavabdeh2 25.088 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 5 nəfər ailə üzvləri ilə birlikdə 2005-ci ildən etibarən 2025-ci ilin mart ayına kimi Xırdalan şəhəri, Şükür Həmidov küçəsində özlərinə məxsus fərdi yaşayış evində yaşamışdır. 2025-ci ildə onların yaşadıqları ev plana düşmüşdür. Həmin ərazi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti tərəfindən hündür mərtəbəli binalar tikmək üçün alınmışdır. Həmin vaxt onlara ödəniləcək kompensasiyanın məbləği ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin əməkdaşı Azər müəllimlə danışıq aparılmışdır. Həmin vaxt onların tələbi hər kvadrat metr üçün 1500 manat idi. Lakin Azər müəllim ona həmin vaxt bildirmişdir ki, bu layihədə heç kimə 1500 manatdan ödəniş olmayacaq və evlərin ölçüləri içəridən ölçüləcəkdir. Bu zaman Azər müəllimlə belə şərtləşmişdir ki, əgər onlardan sonra bağlanacaq müqavilələrdə hər kvadrat üçün onlarla bağlanılan müqavilədən artıq məbləğlə razılıq əldə edilərsə, bu zaman aradakı fərq şirkət tərəfindən ona ödənilməlidir. Alqı-satqı müqaviləsindən görünür ki, ona məxsus ev 112 kv.m. olmuş və həmin evə görə ona 143000 manat ödənilmişdir ki, bu da hər kvadrat üçün 1276 manat edir. Lakin iddiaçıdan sonrakı mülkiyyətçilərlə bağlanılan müqavilələrdən görünür ki, şirkət tərəfindən hər kvadrat metr üçün 1500 manat ödənilmişdir. Göründüyü kimi evləri plana düşən digər şəxslərə ödənilən məbləğlər ona ödənilən məbləğdən hər kvadrat üçün 224 manat artıq olmuşdur. Bu isə ümumilikdə 25088 manat təşkil edir. Dəymiş ziyanın ödənilməsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinə müraciət etsə də, ona heç bir ödəniş edilməmişdir. Şirkətin əməkdaşı Azər müəllimin onunla bağladığı şərtin səsyazısından açıq-aşkar görünür ki, Azər müəllim başqa şəxslərə plana düşmüş evlərə görə ona ödəniləndən artıq pul ödəniləcəyi halda fərqin hesablanaraq ona ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Bu barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin nümayəndəsinin səs yazıları da mövcuddur. Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın əməkdaşı onu aldadaraq müqaviləni mənzilin hər kvadratını 1276 manatdan hesablamaqla imza etdirmişdir. O həmin müqaviləyə o şərtlə imza etmişdir ki, digər şəxslərlə bağlanılan müqavilələr də həmin şərtlərlə bağlanmalı idi. Lakin sonradan ona məlum olmuşdur ki, digər şəxslərə (plana düşən evlərin sahiblərinə) hər kvadrat metrə görə 1500 manat ödənildiyi halda ona 1276 manatdan ödənilmişdir. Göründüyü kimi müqavilə aldatılmaqla ona imzalatdırılmışdır. Şirkətin əməkdaşının səs yazısından da görünür ki, şirkətin əməkdaşı ona bildirmişdir ki, hətta digər şəxslərə 1301 manat belə ödənilərsə, ona dəymiş ziyan ödəniləcəkdir. İndi onlara məlum olmuşdur ki, digər şəxslərə 1500 manatdan ödənilmişdir. Bunu təsdiq edən şahidlər də var. Beləliklə göstərilənlərdən də görünür ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə iddiaçının aldatmağı nəticəsində bağlanmış və həmin əqd məhkəmə tərəfindən etibarsız sayılmalıdır. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 390.1, 324.1 - 324.4, 337.1 - 337.5-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, məhkəmə işin faktiki hallarını araşdırmamış və iddia tələbini əsassız olaraq rədd etmişdir. Belə ki, qədin etibarsız sayılması üçün əsaslardan biri olan aldatma yolu ilə bağlanmış əqd qanunvericilikdə qeyd edilmişdir. Məhkəməyə isə tərəfindən onun aldadılmağı ilə bağlı sübutlar təqdim edilmişdir. Məhkəmə tərəfindən isə həmin sübutlar nəzərə alınmamışdır. Müqavilə “xxxx” ASC ilə bağlanmasa belə həmin Cəmiyyətin işçisi onu aldatmağı sübut olunur və bunun nəticəsində ona maddi ziyan dəymişdir. Bu səbəbdən də hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İsgəndərova Nəzakət Vaqif qızı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Abşeron Rayon * saylı notariat ofisi və cavabdeh2, müstəqil tələb irəli sürməyən III şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimin və işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus Xırdalan şəhəri, Şükür Həmidov küçəsində yerləşən, 112 kvadratmetr sahəsi olan fərdi yaşayış evi ilə bağlı ## #### 2025-ci il tarixdə İsgəndərova Nəzakət Vaqif qızı ilə cavabdeh2 arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, həmin əmlakın satış qiyməti 143.000 manat müəyyən edilmiş, satıcı əmlakı gələcəkdə alıcıya bu qiymətə satmağı, alıcı isə almağı öhdəsinə götürmüşdür. Müqavilə notariat qaydasında təsdiq edilmişdir.

18. Beləliklə, tərəflərin razılaşdırdığı ümumi satış qiyməti 143.000 manat olmaqla, 112 kvadratmetr sahəyə bölündükdə bir kvadratmetr üçün təxminən 1.276 manat qiymət müəyyən edilmişdir.

19. İddiaçı sonradan həmin ərazidə yerləşən və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən alınan digər fərdi yaşayış evləri üzrə bağlanmış müqavilələrdən məlumat əldə etdiyini və bəzi hallarda əmlakların hər kvadratmetri üçün 1.500 manat qiymət tətbiq edildiyini bildirmişdir. Onun hesablamasına görə, 1.500 manatla 1.276 manat arasındakı 224 manatlıq fərq 112 kvadratmetr sahəyə tətbiq edildikdə 25.088 manat təşkil edir. Bu əsasla iddiaçı həmin məbləğin cavabdeh cavabdeh2 tutulmasını tələb etmişdir.

20. İddiaçı tələbinin digər əsasını onun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın əməkdaşı olduğunu bildirdiyi Azər adlı şəxslə apardığı danışıqlar təşkil etdiyini göstərmişdir. Onun izahatına görə, əmlakının layihəyə düşməsi ilə əlaqədar kompensasiya məsələsi müzakirə edilərkən hər kvadratmetr üçün 1.500 manat tələb etmiş, lakin ona həmin layihə çərçivəsində bu məbləğin ödənilməyəcəyi bildirilmişdir. İddiaçı həmin danışıqlar zamanı əmlakın sahəsi və kompensasiya məbləğinin hesablanması ilə bağlı razılaşma əldə edildiyini, həmçinin gələcəkdə digər şəxslərə daha yüksək məbləğdə kompensasiya ödənilərsə, aradakı fərqin ona da ödəniləcəyinin vəd edildiyini bildirmişdir.

21. İddiaçı bu razılaşmanın mövcudluğunu, xüsusilə, həmin şəxslə aparılan danışıqların səs yazısı ilə təsdiq olunduğunu qeyd etmişdir. Onun mövqeyinə görə, səs yazısında digər şəxslərə daha yüksək kompensasiya ödənildiyi halda bu barədə müraciət edə biləcəyi və qiymət fərqinin ona da ödəniləcəyi bildirildiyindən, tərəflər arasında əlavə öhdəlik yaradan şifahi razılaşma mövcud olmuşdur.

22. İddiaçı həmçinin hesab edir ki, müqavilənin bağlandığı zaman ona bu şərtlər bildirilməsəydi, 143.000 manatlıq satış qiyməti ilə razılaşmazdı. Bu səbəbdən müqavilə bağlanarkən iradəsinin sərbəst və həqiqi formalaşmadığını, aldadıldığını və sonradan digər şəxslərlə daha yüksək qiymətə müqavilələrin bağlanmasının əvvəlcədən verilmiş vədin yerinə yetirilməməsi nəticəsində ona zərər vurduğunu irəli sürmüşdür. Bu əsaslarla o, həm müqavilənin etibarsız hesab edilməsini, həm də 25.088 manat məbləğində maddi zərərin ödənilməsini tələb etmişdir.

23. İddiaçının tələbinin hüquqi qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin və müqavilələrin etibarlılığına, müqavilə azadlığına, habelə öhdəliklərin icrasına və zərərin əvəzinin ödənilməsinə dair müddəaları nəzərə alınmalıdır.

24. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi, yəni ikitərəfli əqd zəruridir. Buna görə müqavilənin etibarlılığı baxımından tərəflərin iradəsinin sərbəst formalaşması və müqavilənin məzmununun onların həqiqi iradəsinə uyğun olması mühüm əhəmiyyət daşıyır.

25. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəyə görə, etibarsız əqd, onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur və bağlandığı andan etibarsız hesab edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən isə əqd etibarsız olduqda, qanunda başqa nəticə nəzərdə tutulmadıqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır.

26. Digər tərəfdən, Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipi təsbit edilmişdir. Həmin normaya əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və onların məzmununu müəyyənləşdirə bilərlər. Bu prinsip tərəflərə qanunvericiliyə zidd olmayan şərtlərlə müqavilənin predmetini, qiymətini və digər şərtlərini öz iradələrinə uyğun müəyyən etmək hüququ verir.

27. Hazırkı işdə tərəflər ## #### 2025-ci il tarixli müqavilə ilə əmlakın satış qiymətini konkret olaraq 143.000 manat müəyyən etmişlər. Müqavilənin məzmunundan həmin qiymətin gələcəkdə dəyişdirilməsi və ya digər şəxslərlə bağlanacaq müqavilələrdə daha yüksək qiymət müəyyən ediləcəyi təqdirdə satıcıya əlavə ödəniş edilməsinə dair hər hansı şərtin mövcudluğu müəyyən edilmir. Buna görə də sonradan digər şəxslərlə bağlanmış müqavilələrdə fərqli qiymətlərin tətbiq edilməsi, özlüyündə, iddiaçı ilə bağlanmış müqavilədə müəyyən edilmiş qiymətin dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.

28. Digər şəxslərin əmlakları üzrə daha yüksək qiymətin müəyyən edilməsi də avtomatik olaraq bütün digər əmlaklara eyni qiymətin tətbiq edilməsini tələb etmir. Konkret əmlakın yerləşmə xüsusiyyətləri, hüquqi statusu, tikinti və söküntü ilə bağlı hallar, torpaq sahəsinin xüsusiyyətləri və digər faktiki hallar nəzərə alınmaqla müxtəlif müqavilələr üzrə fərqli qiymətlərin müəyyən edilməsi mümkündür. Bu baxımdan yalnız digər şəxslərlə bağlanmış müqavilələrdə bir kvadratmetr üçün 1.500 manat qiymətin tətbiq edilməsi iddiaçının müqaviləsində müəyyən edilmiş qiymətin də həmin məbləğə uyğunlaşdırılmasını şərtləndirmir.

29. İddiaçının 25.088 manat məbləğində maddi zərərin ödənilməsi tələbinə gəldikdə isə, belə tələbin təmin edilməsi üçün yalnız qiymət fərqinin mövcudluğu kifayət etmir. İlk növbədə cavabdehin üzərinə konkret öhdəliyin düşməsi, həmin öhdəliyin pozulması, bunun nəticəsində iddiaçıya real zərərin dəyməsi və zərərlə cavabdehin hərəkəti arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlərin pozulmasıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəyə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır.

31. Beləliklə, zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə cavabdehin belə bir öhdəliyinin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı işdə iddiaçının əsaslandığı öhdəlik digər şəxslərə sonradan 1.500 manat hesabı ilə ödəniş edildiyi halda ona da qiymət fərqinin ödənilməsi barədə razılaşmanın mövcudluğu ilə bağlıdır. Bu razılaşmanın mövcudluğu, məzmunu və hüquqi nəticə doğurması isə yalnız iddiaçının izahatı ilə müəyyən edilə bilməz.

32. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də iddiaçı onunla belə bir razılaşmanın bağlandığını, razılaşmanın konkret məzmununu, həmin öhdəliyin kim tərəfindən və hansı səlahiyyət əsasında götürüldüyünü, habelə öhdəliyin cavabdeh tərəfindən pozulduğunu mötəbər sübutlarla təsdiq etməlidir.

33. İddiaçının istinad etdiyi səs yazısına münasibətdə də həmin ifadənin hansı şəraitdə verilməsi və onu verən şəxsin belə bir öhdəlik götürmək səlahiyyətinin olub-olmaması müəyyən edilməlidir. İş materiallarından görünür ki, ## #### 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin tərəfləri İsgəndərova Nəzakət Vaqif qızı və cavabdeh2dur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK isə həmin müqavilənin tərəfi olmamışdır.

34. Məhkəmə iclasında MTK nümayəndəsi cavabdeh2 MTK-nın mühasibi olduğunu, tərəflər arasında əmlakın alınması ilə bağlı ilkin danışıqlar aparıldığını, lakin son nəticədə alqısatqının məhz cavabdeh2 ilə bağlandığını bildirmişdir. Həmin nümayəndə, həmçinin, Azər adlı şəxsin filial müdiri olduğunu və kompensasiya məbləğinin müəyyən edilməsi və belə öhdəliklərin götürülməsi ilə bağlı səlahiyyətinin olmadığını göstərmişdir.

35. Odur ki, Azər adlı şəxsin verdiyi ifadələrin hüquqi öhdəlik yaratması üçün onun müqavilənin tərəfi və ya belə öhdəlik götürmək səlahiyyətinə malik nümayəndə olması müəyyən edilməlidir. İş materiallarında isə həmin şəxsin iddiaçının istinad etdiyi əlavə öhdəliyi hüquqi qüvvə ilə yaratmaq səlahiyyətinin təsdiq edildiyi müəyyən olunmur. Bu səbəbdən səs yazısında müəyyən vədin səsləndirilməsi təkbaşına cavabdehin üzərinə 25.088 manat məbləğində əlavə ödəniş öhdəliyinin qoyulması üçün kifayət etmir.

36. Nəticə etibarilə, iddiaçı öz tələbinin təmin edilməsi üçün zəruri olan əsas halları, o cümlədən onun xeyrinə əlavə ödəniş öhdəliyinin yaranmasını, bu öhdəliyin cavabdeh tərəfindən pozulmasını və həmin pozuntu nəticəsində 25.088 manat məbləğində zərərin yaranmasını sübuta yetirməmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri iş üzrə müəyyən edilmiş halları və məhkəmənin nəticəsini təkzib edən mötəbər sübutlarla təsdiq olunmamışdır. Buna görə də həmin dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

38. Odur ki, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilmiş maddi və prosessual hüquq normalarına uyğun hesab edilməli, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar