Məhkəmə qərarları › İş №2(103)-5084/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5084/2025

02.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5084/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Xəzər Rayon Məhkəməsinin 2(003)-3377/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ilkin sənədlərin etibarsızlığı, çıxarışın ləğvi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Xəzər Rayon Məhkəməsinin 2(003)-3377/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ilkin sənədlərin etibarsızlığı, çıxarışın ləğvi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı1 qeyd edilən qərardaddan verdiyi şikayət məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina etmişdir. Məhkəmə bu mövqeyində Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki işin materiallarına əlavə edilən Xəzər Rayon Məhkəməsinin 2(003)-939/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı “daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Hazırda rayon məhkəməsi hesab etmişdir ki, İddiaçı1 eyni tələblə eyni cavabdehə qarşı məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmişdir. Bunu nəzərə alaraq məhkəmə eyni iddiaçı və eyni cavabdeh arasında eyni tələblə bağlı mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə həkim ərizəni qəbul etməkdən imtina edir. Kollegiya qeyd edir ki, həmin normaya (153.2.2) görə ərizənin icraata qəbulundan imtina üçün aşağıdakı üç halın, həm də eyni vaxtda mövcud oması tələb olunur: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Hazırkı mülki iş üzrə verilmiş iddia ərizəsindən göründüyü kimi, iddiaçının əvvəlki tələbinin əsasını yalnız “daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi” təşkil edirdisə, hazırkı tələbinin əsasını “ilkin sənədlərin etibarsızlığı, çıxarışın ləğvi, miras əmlakda payın müəyyən edilməsi” təşkil edir. Bundan başqa, iddia tələbindən məlum olur ki, hazırda bu tələblə İddiaçı1 və İddiaçı2 birgə iddiaçı kimi məhkəməy müraciət etmişlər, rayon məhkəməsinin qərardadında istinad etdiyi əvvəl baxılmış mülki işdə isə iddia tələbi ilə birgə iddiaçılar İddiaçı1 və X1 olmuşdur. Belə olan halda məlum olur ki, rayon məhkəməsinin istinad etiyi mübahisə üzrə əsaslar eyni olsa da, tərəflər və predmet eyni olmamışdır. Demək ki, rayon məhkəməsinin hazırkı iddia ərizəsini MPM-in 153.2.2-ci maddəsinə əsasən icraata qəbulundan imtina etməsi əsaslı olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, Xəzər Rayon Məhkəməsinin 2(003)-3377/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-3377/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və ərizənin icraata qəbul eilməsi məsələsinə yenidən baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar