Məhkəmə qərarları › İş №2(103)-5086/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5086/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5086/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadına əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi 1620 ünvanında yerləşən bağ sahəsindən və bağ evindən adı çəkilən şəxsin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması, bağ evindən, bağ sahəsindən və meyvə ağaclarının barından qanunsuz istifadə etməsinə görə cavabdehdən maddi ziyanın əvəzi olaraq 10 800 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, məhkəmənin hazırlıq iclasında isə cavabdehin atasının adının “Firudin”, qeydiyyat ünvanının Nəsimi rayonu ərazisində yerləşdiyi müəyyən olunduğundan, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi özünün xx xxxxx 2021-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia tələbi iddiaçının mülkiyyətində olan və Bakı şəhərinin Sabunçu rayonunun ərazisində yerləşən daşınmaz əmlak üzərində hüquqlarının bərpası barədədir və onun iddia ərizəsi aidiyyat qaydalarına riayət edilməməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Bu səbəblə kollegiyanın qənaətinə görə, sonradan həmin məhkəmə MPM-in 35-ci maddəsinə istinadla işi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır – çünkü işə müstəsna aidiyyat qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi) və bu kontekstdə qeyd olunmalıdır ki, aidiyyat qaydalarına əməl edilmədən aparılan istənilən prosessual addım qanunsuz olmaqla məhkəmə aktının ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar