Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5086/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5086/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-128/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 28 avqust 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı ünvan 1 ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən “təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” 25 yanvar 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyana görə 2695,68 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanına (**********00030) əsassız olaraq hesablanmış 2695,68 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 24, mənzil 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2023-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən TİP: Eslter-G-4T nömrəli smart tipli qaz sayğacı yoxlanarkən iddiaçının sayğacdan qeyri-qanuni kənar istifadə etməsi barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçıya aylıq sərfiyyat barədə hesab gəldikdə ona 2695,68 manat borc hesablanmışdır. İddiaçı bunu araşdırmaq məqsədi ilə yerli qaz idarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyi üçün ümumi məbləğdə 2695,68 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehə bunun absurd ittiham olduğunu bildirmiş və ona hesablanmış əsassız borca dair sənədlərin ona təqdim edilməsini tələb etmişdir. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa tərtib edilmiş saxta akta əsasən borcun hesablanması qaydası heç bir hüquqi akta, qanuna əsaslanmadan aparılmışdır. İddiaçı qeyd etmişdir ki, o, təbii qazdan qanunsuz istifadə etməmişdir və tərtib edilmiş saxta akta imza çəkməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, qanunsuz istifadə halını müəyyən etmək o qədərdə çətin deyil və buna görə o, məhkəmədən yerində baxış keçirilməsini və ya müvafiq ekspertlərin baxış keçirməsinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-128/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00030) hesablanmış 2695,68 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 46.96 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 64 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü, 18-ci maddəsinin 1-ci bəndinə , 26-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2., 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci və 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 77.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir Bildirir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalə tetmir. Bundan əlavə olaraq bildirir ki, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim həmin sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, qeyd edilməlidir ki, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Mülki Prosessual Məcəllənin əsaslandığımız maddəsinə nəzərən hakim iddianı nəyə görə təmin etdiyini tam və sübutlarla əsaslandırmadığına görə, işə yenidən baxılaraq, iddianın təmin edilməməsi xahiş edilir. Göründüyü kimi məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
11. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
12. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
13. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. ... (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
14. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
15. Maddə 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5- 2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, X3 (abonent kodu: **********00030) 2023-cü il üçün borcu 2695,68 manat təşkil edir.
27. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu” kimi qeyd edilmişdir.
28. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 120 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 541 saylı, 16 noyabr 2023- cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu A.Manafov küçəsi-1000, 3 saylı mənzildə qeydiyyatda olmaqla, yaşayır.
29. Хİİİ-ЖГ seriyalı, 485410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası isə Rəfiqə Qəhrəmanovadır.
30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/2229 saylı, 20 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
31. Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmə trasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir.
32. Kollegiya ilk kollegiya növbədə bildirir ki, işin mübahisəsiz halına görə sayğac iddiaçının atası X3 adına olsa da, İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla yaşayır və faktiki qaz istehlakçısı İddiaçıdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
34. İşdən qanunvericiliyin qeyd olunan tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilmir. Belə olan təqdirdə isə kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsinə əsas vermir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-128/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova