Məhkəmə qərarları › İş №2(103)-5088/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5088/2021

17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5088/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(006)-3269/2021 saylı iddianın təmin tədbiri barədə qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun və onun xeyrinə ipoteka yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(006)- 3269/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin üzərinə həbs qoyulmuşdur. Qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət məhkəmənin 21.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi xahiş edilərək, göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaşayış evi qanuni əsaslarla sonuncunun mülkiyyətinə verilmişdir, tərəflər arasında bağlanmış müqavilə qanunun tələbləri gözlənilməklə rəsmiləşdirilmiş və mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 teleqram ünvanlayaraq, COVİD-19 testinin pozitiv çıxması ilə əlaqədar məhkəmə prosesinin iki həftə sonraya təxirə salınmasını xahiş etsə də, qeyd olunan halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ünvan 1 ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, kollegiya işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi bilavasitə mübahisə predmeti ilə bağlı olduğundan, həmin ev ilə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(006)-3269/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar