Məhkəmə qərarları › İş №2(103)-510/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-510/2022

21.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-510/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Müstəqil tələblər irəli sürməyən üçün şəxs X4 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(005)-3381/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmək haqqı ödənişləri üzrə ümumilikdə 7686 (1281 manat x 6 ay) manatın, işəgötürən tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin (mütəxəssis tərəfindən hesablanaraq) və son haqqhesabın cavbdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən etibarən cavabdeh ASC-də tikinti sahəsi üzrə briqadir vəzifəsinə işə qəbul edilmiş, ASC-nin İdarə Heyətinin xx.xx.2021-ci il tarixli əmri ilə öz xahişinə əsasən işdən azad edilmişdir. ASC-də işlədiyi müddətdə 2020-ci ilin iyul ayınadək hər ay 1000 manat məbləğində əmək haqqı almışdır. Əmək haqqı onlara kart vasitəsilə verilməli olsa da, şirkətin əməkdaşları tərəfindən şəxsən təqdim edilmişdir. Sonradan isə ona məlum olmuşdur ki, işçilərin adlarına olan kartlara daha çox əmək haqqı oturur, lakin kartlar onlarda olmadığı üçün bundan, eyni zamanda kartlardan pulların hansı qaydada çıxarılmasından xəbərləri yoxdur. Bundan başqa, 2020-cı ilin avqust ayından 6 ay ərzində ona ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Adına olan kart çıxarışından görünür ki, əmək haqqı hər ay 1281 manat təşkil etmiş, işlədiyi müddətdə məzuniyyətə buraxılmamış və əksər vaxt qeyri iş günləri də işdə olmuşdur. Rəsmi olaraq bu məsələnin həll edilməsi və dəymiş ziyanın ödənilməsi üçün ASC-yə müraciət etsə də, heç bir nəticəsi olmamış, xx.xx.2021-ci il tarixdə verdikləri rəsmi cavabda bildirmişlər ki, əmək haqqını və son haqq-hesabı kartından və ya banka yaxınlaşaraq götürə bilər. Lakin hesabına əmək haqqı və digər ödənişlər tam köçürülməmiş, bu barədə Əmək Müfəttişliyinə məlumat versə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(005)- 3381/2021 saylı qətnaməsi ilə (hakim Əsədova Gültəkin) iddia rədd olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmamasını, əmək haqqını nağd formada almasını, ona ümumiyyətlə kart verilməməsini, əmək haqqının karta vurulmasından, oradan pulun kim tərəfindən çıxarılmasından məlumatlı olmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ona əmək haqqı daima nağd formada verilmişdir. Əmək haqqının verilməməsi ilə bağlı şikayətlər etdikdən sonra, cavabdeh ona məktub göndərmiş, orada əmək haqqının karta köçürülməsi, bunun üçün banka yaxınlaşmalı olması qeyd edilmişdir. Kartı olmadığından 30 aprel 2021-ci il tarixdi "xxxx" ASC-nin filialına yaxınlaşmış, şəxsiyyət vəsiqəsini təqdim edərək hesabda qalıq qalmış 1281 manat pulu çıxarmışdır. Hesabında başqa pul vəsaiti olmamışdır. "xxxx" ASC-dən ona verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, hesabına vurulmuş pul vəsaitləri Bakı şəhərində yerləşən müxtəlif ATM-lər vasitəsilə çıxarılmışdır. Halbuki, o, Bakıda yaşamamış və işləməmişdir. O, Quba rayonunda yaşamaqla, iş yeri də rayon ərazisində olmuşdur. Hesab edir ki, kartından pul vəsaitlərini cavabdehin aidiyyəti şəxsləri çıxarmışlar. Apellyasiya icraatı zamanı aparılmış araşdırmanın nəticəsindən və alınmış audit rəyindən ona məlum olmuşdur ki, aylıq əmək haqqı 700 manat təşkil etmişdir. Yenidən apardığı hesablama nəticəsində cavabdehin ona ödəməli olduğu pul vəsaitinin miqdarı 2061 manat təşkil etmişdir. O, isə iddia ərizəsində hesablamalarını aylıq 1281 manatla aparmışdır. Qeyd etdiyi kimi bankdan şəxsiyyət vəsiqəsilə 1281 manat çıxarmış, həmçinin cavabdeh şirkətdən aldığı aparata görə maaşından 500 manat çıxılmalıdır. Bu səbəbdən də məhkəmə kollegiyasından qətnamənin ləğv olunmasını, cavabdehdən 2061 manat pul vəsaitinin onun xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinə verilmiş etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində aylıq 1281 manat əmək haqqı aldığını qeyd etsə də, əmək müqaviləsinə əsasən onun əmək haqqısı 700 manat təşkil etmişdir. Həqiqətən əmək haqlarının verilməsində müəyyən gecikmələr olmuş, lakin sonradan iddiaçının bütün ödənişləri kart hesabına vurulmuşdur. Eyni zamanda əmək haqqı kartı da iddiaçıya verilmişdir, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilmirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, iddiaçının şikayəti üzrə tərəflərində araşdırma aparılmış və müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək haqqı və son haqq hesabı tam ödənilməmişdir. Bu səbəbdən də Cavabdeh ASC-nin sədri barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş, sonuncu 700 manat cərimə olunmuşdur. Hesab edir ki, iddiaçı tələbində haqlıdır. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 22 iyul 2019-cu il tarixli, L-xx-xx/2019 saylı əmək müqaviləsinə əsasən iddiaçının tikinti sahəsi üzrə briqadir vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının 700 manat müəyyən olunması, əmək müqaviləsinə 18 yanvar 2021-ci il tarixli, 15A/21 əmrlə (ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən) xitam verilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində ona 6 ay müddət ərzində (2020-ci ilin avqust ayından etibarən) əmək haqqının, son haqq-hesabın verilməməsini iddia etmiş, aylıq əmək haqqısının 1281 manat olmasını bildirmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, işlədiyi müddət ərzində iddiaçıya ödənilməli olan bütün ödənişlərin "xxxx" ASC-də olan hesaba vurulmasını, əmək haqlarının gecikmə ilə də olsa tam həyata keçirilməsini, iddiaçıya borclarının qalmamasını və s. göstərmişlər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqı borcunun olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 9-cu maddəsinin «d» bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. ƏM-nin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı seçkiliyə yol verlməməsi prinsplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işgəbtürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylın məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-nin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ƏM-nin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İşin hallarından və təqdim olunmuş sənədlərdən görünür ki, əmək müqaviləsi üzrə iddiaçının əmək haqqı 700 manat müəyyən edilmiş, iddiaçının işlədiyi müddət ərzində əmək haqları vaxtında ödənilməmişdir. Cavabdeh tərəf də bu halı mübahisələndirmir. Eyni zamanda bu hal istər "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan, istərsə də apellyasiya baxışı zamanı təyin olunmuş audit rəyindən görünür. Belə ki, işdə olan Azərbaycan Respublikası Auditorlar X1 Ç.A.Abbasov tərəfindən verilmiş 31 may 2022-ci il tarixli rəydən görünür ki; - İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən işçinin (iddiaçının) aylıq əmək haqqı 700,00 manat təsdiq edilmişdir. Cavabdeh tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli arayışa əsasən iddiaçının əmək haqqı 13239,39 manat hesablanmışdır. - 29 iyun 2021-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş bank çıxarışına əsasən iddiaçının ümumi əmək haqqısı 12392,59 manat "xxxx" ASC-də açılmış 510307.....7816 saylı əmək haqqı kartı hesabına köçürülmüşdür. - Cavabdehin baş mühasibi Ozal Hüseynovun şifahi izahatına görə əmək haqqı kartı iddiaçıya təqdim olunmuşdur. Lakin bu barədə təsdiqedici sənədlər auditə təqdim olunmamışdır. - Cavabdehin 01 iyul 2021-ci il tarixli, 18/21 saylı arayışında istifadə etmədiyi məzuniyyətə görə 740,41 manat göstərilmişdir. əmək haqqı kartı üzrə çıxarışa əsasən 24 dekabr 2020-ci il tarixdə karta mədaxil 3843,00 manat olmuşdur. Axırıncı olaraq 27 aprel 2021-ci il tarixdə əmək haqqı kartına mədaxil 4 ay sonra 1281,32 manat olmuşdur. Gecikdirilmiş əmək haqqı barədə heç bir yazılı sənəd verilməmişdir. Beləliklə, cavabdeh iddiaçıya əmək haqqı kartının (bank kartının) təqdim olunmasını sübut edə bilməmişdir. Eyni zamanda "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan da görünür ki, 2020-ci ilin iyul ayından sonra əmək haqqının hesablanıb hesaba yerləşdirilməsi 5 ay sonra, yəni 24 dekabr 2020-ci il tarixdə həyata keçirilmiş, ondan sonra isə hesaba 30 aprel 2021-ci il tarixdə 1281,32 manat vəsait yerləşdirilmişdir. Bununla yanaşı, qeyd edilən çıxarışdan görünür ki, iddiaçı şəxsən banka yaxınlaşmaqla 30 aprel 2021-ci il tarixdə 1281,59 manat pul vəsaitini əldə etmişdir. Lakin, əvvəlki ödənişlər ATM vasitəsilə çıxarılmışdır ki, iddiaçının da müvafiq kart olmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının iddia etdiyi müddət üzrə əmək haqqının ona verilməməsi ilə bağlı dəlilləri ilə razılaşır. Cavabdeh tərəf bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işdə olan iddiaçının şikayəti üzrə X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə görə tərtib edilmiş 27 aprel 2021-ci il tarixli inzibati təhveh vermə haqqında qərardan və digər sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zamanı son haqq-hesab Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq ödənilməmiş, bu səbəbdən də cavabdehin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində olan hesablamaları ilə razılaşmır. Çünki, iddiaçı ona ödənilməli olan ümumi pul vəsaitini aylıq əmək haqqı 1281 manat olmaqla hesablamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının aylış əmək haqqısı (müvafiq tutulmalar nəzərə alınmadan) 700 manat olmuşdur. İddiaçı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək dəqiqləşdirmə aparmasını, ona cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitinin 2061 manat olmasını, iddiasının həmin məbləğdə təmin olunmasını xahiş etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi, cavabdeh tərəfindən bank hesabına 24 dekabr 2020-ci il tarixdi 3843 manat pul vəsaiti köçürülmüş, iddiaçının da bildirdiyinə görə bankdan 30 aprel 2021-ci il tarixdə 1281 manat pul çıxartmış, 500 manat isə cavabdehlə qarşılıqlı razılaşmaya görə aldığı aparata görə əmək haqqında çıxılmışdır. Belə olan halda iddiaçıya ödənilməli olan pul vəsaiti 2061 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia 2061 manat hissədə təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 2061 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia 2061 manat həddində təmin olunduğundan və həmin məbləğ 5000 manatdan az olduğundan cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(005)-3381/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(005)- 3381/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh ASC-dən İddiaçı xeyrinə 2061 (iki min altmış bir) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz, iddiaçı isə qətnamədən rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar