Məhkəmə qərarları › İş №2(103)-5104/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5104/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5104/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(008)-663/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, onlardan müştərək qaydada xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 172,62 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, cəmi 192,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(008)- 663/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 172,62 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, cəmi 192,62 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 tərəfdən apellyasiya şikayəti verilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Hazırda verilmiş apelyasiya şikayəti qeyd edilən normanın tələblərinə cavab vermir, belə ki, hazırki iş üzrə məhkəmə aktının nömrəsi 2(008)-663/2023 olduğu halda, apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktının nömrəsi 2(008)- 636/2023 göstərilmiş, həmçinin şikayətin əsaslandırılması da hazırda mübahisələndirilən məhkəmə aktına aid deyildir. Beləliklə, verilmiş apellyasiya şikayətinin hazırda baxılan işə deyil, başqa bir işə aid olduğu müəyyən edilmişdir. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi MPM-in 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(008)- 663/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar