Məhkəmə qərarları › İş №2(103)-5108/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5108/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5108/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı debitor borcun əsassız hesab edilərək silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(011)-393/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 2523 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayonu Balaqusar kəndində yaşayır. Ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh nümayəndələri tərəfindən smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, onun sayğacında problem olub və ona cərimə yazılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(011)- 393/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı evinə baxış keçirilərkən Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğacdan kənar əlavə qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəfələrlə qaz xətti ləğv olunmasına baxmayaraq istehlakçı xətti bərpa etmiş və yaranmış qaz itkisinə görə 2523 manat hesablanmışdır. Birinci instansiya məhkəməsində işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilində şlanq vasitəsilə qanunsuz qoşulma var. Əgər məhkəmə işi obyektiv araşdırsaydı, müəyyən edərdi ki, iddiaçı 2018-ci ildən etibarən heç bir ödəniş həyata keçirməyib, istehlakçının dörd ilə yaxındır ki, ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi sual yaratdığına baxmayaraq, hakim bu xüsusatları araşdırmamışdır. Məhkəmə iddiaçının özünümüdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(103)- 6556/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(102)-581/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(103)- 6556/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında olan **********00022 saylı abonentin saldosundan görünür ki, İddiaçı qaz sərfiyyatına görə borcu 2523 manat təşkil edir. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə 30.07.2018-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş 24.07.2018-ci tarixli ******* saylı akta əsasən cəmi 1332 kub metr itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə 30.04.2019-cu il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş 30.04.2019-cu tarixli ******* saylı akta əsasən cəmi 1098 kub metr itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş mühəndis-texniki ekspertizasının 27.02.2020-ci il tarixli 30871 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh İB-yə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi aktlar 24 iyul 2018-ci il və 30 aprel 2019-cu il tarixlərdə tərtib olunmuşdur. İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, həmin dövrdə ona məxsus olan evdə qızının keçmiş qaynanası yaşamış, sonuncu qazdan istifadə etmiş, qaz xəttinə qanunsuz qoşulma aparmışdır. Beləliklə, iddiaçı faktiki olaraq qaz xəttinə qanunsuz qoşulmanın olmasını etiraf etmiş, yalnız həmin qoşulmanın onun tərəfindən deyil, başqa şəxs tərəfindən edildiyini iddia etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin ünvanda təbii qazdan qanunsuz istifadəyə görə aktlar haqlı olaraq abonent kimi İddiaçı barəsində tərtib olunmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsinə bir neçə fotoşəkil əlavə olunmuşdur. Həmin fotoşəkillərin ikisində ünvana gedən qaz xəttinin sayğacdan keçməsi göründüyü halda, bir şəkildən müəyyən olunur ki, qaz borusu bilavasitə ünvana daxil olur, sayğac mövcud deyildir. İddiaçı onun barəsində tərtib olunmuş 30 iyul 2018-ci il və 30 aprel 2019cu il tarixli vurulmuş zərərin hesablanmasına dair tələbnamələrə istinad edərək 2523 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Halbuki, 30 iyul 2018ci il tarixli akt üzrə 1332 kub metr itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 266,40 manat, 30 aprel 2019-cu il tarixli akt üzrə isə 1098 kub metr itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 109,80 manat məbləğində ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh İB-yə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlərin aşkar edilməməsi barədə mühəndis-texniki ekspertizasının 27.02.2020-ci il tarixli 30871 saylı rəyinə istinad etmiş, lakin nəzərə almamışdır ki, həmin rəy iddiaçının ünvanına sonuncu akt tərtib edildikdən 10 ay sonra aparılmışdır. İş materiallarından həmçinin görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2018-ci ildə cəmi 19 manat məbləğində ödəniş edilmiş, 2019-cu ilin birinci yarımilində isə ümumiyyətlə ödəniş edilməmişdir. Beləliklə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(011)- 393/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 2523 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar