Məhkəmə qərarları › İş №2(103)-5108/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5108/2023

21.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5108/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-310/2022 saylı qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "xxxx" Firması tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin alğı-satqısına dair Cavabdeh2 verilmiş yeni müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında göstərilən mənzilin Cavabdeh2 adına qeydiyyata alınması barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-310/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən "xxxx" Firmasının direktoru (İcraçı) X3 ilə İddiaçı (sifarişçi) arasında – Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi İİ məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli, şərti olaraq «___» binasında İİİ mərtəbədə 1 otaqlı, ümumi yaşayış sahəsi 52 m2 olan 12 saylı izolə olunmuş mənzilin satılması və bunun müqabilində mənzilin hər 1 m2-nin dəyərinin razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməsi barədə müqavilə bağlanmışdır; - xx.xx.2008-ci il tarixli maliyyə arayışından məlum olur ki, İddiaçı tərəfindən mənzilə görə 14040 manat məbləği "xxxx" Firmasına ödənilmişdir; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsi 30C saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3099 nömrəli reyestr kitabının 289420 saylı vərəqində qeydiyyata alınmışdır; - 04 iyul 2019-cu il tarixli maliyyə arayışında isə "xxxx" Firması tərəfindən qeyd olunmuşdur ki, mübahisə predmeti olan mənzil üçün Cavabdeh2 11310 manat ödəniş etmişdir; - 04 iyul 2019-cu il tarixli müqavilədən məlum olur ki, buna heç bir əsas olmadığı halda, İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilə Cavabdeh2 adına dəyişdirilmişdir (iş səh. 6, 9, 115, 116, 117).

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-310/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7155/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-310/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

5. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1933/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7155/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3, 337.4. 354.2; Mülki Prosessual Məcəlləsinin 82.3, 418.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. İşin mübahisə olunmayan hallarına görə, 11 sentyabr 2004-cü il tarixdə iddiaçı rəsmi nikah əsasında üçüncü şəxslə ailə qurub və onların birgə nikahından 2006-cı il tarixdə əkiz uşaqları doğulub. Sonradan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014cü il tarixli qətnaməsi ilə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış nikah pozulub. Həmçinin, tərəflərin mübahisələndirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əlyar Gülbabayev küçəsi 30 “C” saylı evin 12 saylı mənzili işə əlavə edilmiş 29 avqust 2005-ci il tarixli müqaviləyə əsasən "xxxx" firması tərəfindən 14040 manata iddiaçıya satılıb və mənzilin pay haqqının tam məbləğdə ödənilməsinə dair sonuncunun adına maliyyə arayışı verilib. İddiaçının yazılı razılıq ərizəsi olmadan "xxxx" firması tərəfindən 16 mart 2015-ci il tarixli müqaviləyə əsasən sözügedən mənzil Cavabdeh2 adına keçirilib və sonuncunun adına 04 iyul 2019-cu il tarixli maliyyə arayışı verilib. 31 iyul 2019-cu il tarixli Çıxarışa əsasən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Bundan sonra, İddiaçı məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq, sözügedən mənzilin ½ hissəsinə onun, ½ hissəsinə isə Cavabdeh2 paylarının müəyyən edilməsi, həmin mənzilin onun payına düşən ½ hissəsinin dəyərini təşkil edən 20000 manat pulun Cavabdeh2 tutulub ona ödənilməsini xahiş edib və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Sözügedən qətnamə ilə müəyyən edilib ki, İddiaçı mənzilə münasibətdə hüququnun müdafiəsi məqsədi ilə ilk dəfə 2015-ci ildə eyni xarakterli iddia tələbi ilə məhkəməyə müraciət edib. Bu hal isə onu deməyə əsas verir ki, İddiaçı ən geci həmin vaxt mübahisəli mənzilə münasibətdə hüququnun pozulduğundan məlumatlı olub. Bununla da İddiaçı hazırkı iddia tələbi ilə 24 sentyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etməklə, qanunla nəzərdə tutulmuş iddia müddətini ötürüb. Bu da iddianın rədd olunması üçün əsasdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı ümumi əmlak sayılan mübahisəli mənzilin bölünməsi, yəni həmin mənzildən ona düşən ½ payın ayrılması və dəyərinin ödənilməsi barədə iddiası 3 illik iddia müddətini ötürdüyü üçün rədd edilib. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354; Mülki Prosessual Məcəlləsinin 19, 21-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı iş üzrə İddiaçılə onun arasında bu mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə əldə olunması ilə əlaqədar əmlak bölgüsünə dair iş olmuşdur. Həmin iş üzrə də İddiaçı ona qarşı əmlak bölgüsü tələbi irəli sürərək mənzilə ½ payının tanınması və payına uyğun olaraq 20000 manat ondan tutulub iddiaçıya verilməsini tələb etmişdir. Həmin vaxt da işə Qaradağ Rayon Məhkəməsində hakim Kamran Əsədov baxıb iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Baxmayaraq o iddia müddətinin tətbiqi barədə ərizə vermişdi və nikahlarının ləğvindən artıq 5 ilin keçdiyini bildirmişdi. Həmin işin nəticəsi qısa olaraq belə olmuşdur ki, yuxarı instansiya məhkəmələri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edərək İddiaçı iddiasının təmin edilməməsi barədə qərar vermişdilər. Həmin vaxt İddiaçı (o cümlədən elə hakim Kamran Əsədov) onun mənzilə dair çıxarışı 2019-cu ildə aldığını nəzərə alaraq iddia edirdi ki, hüququnun pozulduğunu 2019-cu ildə bilib ona görə indi məhkəməyə müraciət edir. Bununla belə iddiaçı tərəfindən əqdin etibarsızlığı tələbi qoyulmamışdır. İşə yuxarı məhkəmə instansiyaları tərəfindən baxılıb yekun qiymət verilmiş, İddiaçı əmlak tələbi rədd edilmişdir. Cavabdehin iddianı qəbul etməsi və guya onun onları aldadaraq İddiaçı adından yalançı vədlər verməsi, guya onların iddiaçı ilə boşanmalarından xəbərsiz olmaları və buna görə ona inanıb yeni müqavilə imzalamaları ağ yalandan başqa bir şey deyil. Qeyd edilənlərin hamısı yalandır. Hakimin mövqeyi isə bundan əvvəl işin mahiyyəti üzrə qəbul etdiyi qanunsuz qətnamənin ləğvindən sonra açıq-aşkar aydındır. Maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, mübahisəli mənzilin iddiaçı tərəfindən Cavabdeh2 ilə nikahda olan zaman alındığını, münasibətlər pozulduğu üçün iddiaçının evdən çıxdığını, orada qızlarının və Cavabdeh2 qaldığını, daha sonra həmin mənzilin bölünməsi üçün iddia qaldırdığını, iddianın birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin edildiyini, Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən apellyasiya baxışına göndərildiyini, hazırda Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin qüvvədə olduğunu, sonra Cavabdeh2 2019-cu ildə mənzili öz adına keçirdiyinin məlum olduğunu, ona görə bu iddianı qaldırmağa məcbur olduqlarını, Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı nə birinci, nə də apellyasiya instansiya məhkəməsində ərizə verildiyini, xx.xx.2019-cu il tarixli çıxarışdan əmlak bölgüsü ilə bağlı əvvəlki məhkəmə prosesindən sonra xəbərdar olduqlarını, hər bir halda iddia müddətinin keçmədiyini bildirmişdir.

8. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" Firmasının nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

12. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 3.1. Məhkəmə icraatı işə baxılan, ayrıayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

13. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə münasibətdə qeyd edilməlidir ki, yeni apellyasiya icraatı zamanı iddia tərəfi yuxarı məhkəmənin qərarında əks edilmiş halları təkzib edən sübutları müzakirəyə təqdim etməmişdir.

14. Qeyd edilən müstəvidə yuxarı instansiya məhkəməsinin göstərişlərinə və mülahizəsində əks edilmiş mövqeyə dair iddiaçının dayanıqlı sübutedici mövqeyinin olmaması, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılması üzrə qənaətinin işin faktiki hallarına uyğun gəlməməsi (digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarına müvafiq əsaslandırılmaması), birinci instansiya məhkəməsinin qətnaməsində formalaşdırdığı mövqeyinə müsbət qənaətin hasil olmasına prosessual (sübutedici) əsaslar yaratmır, yəni artıq məhkəmə qərarı ilə qiymət verilmiş əqdin etibarsızlığına qiymət verilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (iş səh. 216) İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş mənzildən payların müəyyən edilməsi, həmin mənzildən İddiaçı payına düşən ½ hissəsinin dəyərinin Cavabdeh2 alınaraq ona ödənilməsi” tələbinə dair iddiası qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Qeyd edilən qətnamədə iddiaçının 2015-ci ildən məlumatlı olduğu qeyd edilmişdir. Ona görə, əqdin etibarsızlığı üzrə mülki qanunvericiliklə müəyyən edilmiş (müddətlərin iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş) kəsici müddət əsas götürülməlidir. Apellyasiya şikayətində qeyd edilmiş dəlillərə münasibətdə subyektiv tərkib və tələblərin predmeti baxımından işin icraatına xitam verilməsi üçün əsaslar olmasa da, iddiaçının mülki hüquqlar əldə (təsdiq) edilməsi üzrə digər tələbin əsasları ilə eyni olması, qanuni qüvvəyə minmiş qərar üzrə tərəflərin və işdə iştirak edən digər şəxslərin, habelə onların hüquq varislərinin məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə etməsini istisna edir.

15. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasiya instansiyası məhkəməsinin göstərişlərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 139-158, 337-354, 385-388, 560; Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 76, 77, 80- 82, 106.2, 217.4, 307, 385-390-cı maddələrinə əsasən yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə yalnız ehtimallara əsaslanaraq müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmişdir. Ona görə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının iddia tələbi rədd edilməli, dövlət rüsumları üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid olmalıdır.

16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-310/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar