Məhkəmə qərarları › İş №2(103)-5108/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5108/2024

17.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5108/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2192/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə “Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) lə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli obyektlərin tikintisinə icazələrə əsasən həmin ünvanda 1, 2, 4, 5, 6, 7, 8, 9, 10 saylı yaşayış binasının, 56 və 57 saylı həyətyani dayanacağın tikintisinə icazə verilmişdir. Həmin sahədə Cavabdeh (bundan sonra cavabdeh) məxsus olan M-46 saylı tikinti yerləşir. Tərəflər arasında bağlanmış 230 saylı akta əsasən həmin tikintinin ümumi sahəsi 62,48 kv.m (ev – 49,6 kv.m., ayaqyolu – 3,45 kv.m., dəhliz 9,43 kv.m.) təşkil edir. “X3” MMC-nin xx.xx.2024-cü il tarixli, 26 nömrəli qiymətləndirilmə rəyinə əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli sərəncamı ilə yaşayış kompleksinin tikintisi üçün iddiaçıya icarə əsasında istifadəyə verilmiş həmin torpaq sahəsinin daxilində olan və cavabdehə məxsus ümumi sahəsi 62,48 kv.m-dən ibarət M-46 nömrəli özbaşına tikilinin hazırki real bazar qiyməti ilə təqribi dəyəri 30.000 manat təşkil edir. Həmin tikilinin bazar dəyəri ”X9 Mərkəzi” MMC-nin 07.10.024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 34.850 manat, “X8” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən isə 58.000 manatdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdehə məxsus ümumi sahəsi 62,48 kv.m olan M- 46 nömrəli özbaşına tikilinin 30.000 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, “X5” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli rəyə əsasən cavabdehə məxsus M-46 nömrəli ev qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin dəyəri 30.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, yaşayış və qeyri-yaşayış kimi inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmiş, əksəriyyəti yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədirlər. "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri və cavadehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikililərin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, "xxxx" ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikililəri maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. "xxxx" ASC sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər etmiş, lakin cavabdeh həmin təklifdən imtina etmiş və nəticədə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2192/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 62,48 kv.m olan M-46 nömrəli özbaşına tikili evin, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 30.000 manat kompensasiya ödənilməklə boşaldılaraq, sökülmüş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X10).

5. Məhkəmə iddia tələbinin təmin edərkən qeyd etmişdir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə bu zaman xüsusi qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci, 180cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə, "xxxx" MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni “cavabdehə 30.000 manat kompensasiyanın ödənilməsi” hissəsində ləğv edilməsi, yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib, ədalətli kompensasiyasının müəyyən edilərək ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yalnız mütəxəssis arayışı kimi qəbul edilən “X5“ MMC-nin rəyi məhkəmə tərəfindən ekspert rəyinə bərabər tutularaq mötəbər sübut kimi qəbul edilmişdir. Lakin birtərəfli qaydada və iddiaçı tərəfin sifarişi əsasında müstəqil və onun dəvət olunmadan keçirilməsi bildirilən baxış zamanı belə, yaşayış sahəsinin hansı tikinti norma və standartlarına və hansı göstəricilərə əsasən qəzalı hesab olunması ilə bağlı məlumatlar göstərilməmiş, əsas təmir və xərclər tələb olunan yaşayış evinin iç sahəsinə baxış keçirilmdən evin qiymətləndirilməsinin hansı qaydada aparılması aydın deyildir. Bütün bunlar göstəriri ki, rəy subyekti mülahizə və ehtimallar əsasında tərtib edilmişdir. Odur ki, hazırki halda kifayət qədər tam olmayan mütəxəssis rəyi ilə ədalətli və obyektiv yekun məhkəmə qərarının qəbul edilməsi mümkünsüzdür. Ona məxsus olan və mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlaka iddiaçı tərəfindən qanunsuz müdaxilə edilmiş və ona maddi ziyan vurulmuşdur. Bu səbəbdən ona vurulan maddi ziyana görə kompensasiya tələbləri əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, məhkəmə onunla birlikdə yaşayan ailə üzvlərini işdə iştirak etməyə hər hansı formada cəlb etmədən onun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edib və həmin şəxslərin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul etmişdir. Həmçinin, iddiaçının subyektiv hüququnun yaranmasına əsas olmuş sərəncamı verən Yasamal Rayon İcra Hakimiyyəti də hər hansı formada işdə iştirak etməyə cəlb edilməmişdir. İddiaçı tərəfindən ona məxsus yaşayış sahəsi heç bir məlumat verilmədən özbaşına olaraq sökülmüş və əmlakları oradakı zirzəmiyə yerləşdirilmişdir. Halbuki, bu hərəkətlər məhkəmə qərarının icrası qaydasında həyata keçirilməli idi. Bu hərəkətlər əslində iddiaçı tərəfindən mövcüd sübutların və ekspertiza tədqiqatı olacaq əmlakın məhv edilməsi kimi qiymətləndirilməli və bunun yaradacağı tələblərin əksini artıq onların özləri sübut etməlidirlər. Çünki həmin əmlakın yuxarı instansiya məhkəməsi tərəfindən mülkiyyət kimi dəyərləndirilməsi və razılaşdırılmış kompensasiya ödənilməsi məsələləri məhkəmə mübahisənin predmetidir və iddiaçının özbaşına hərəkətlərinin riski və məsuliyyəti onun üzərinə hesablanmalıdır. Onun öz zəhməti ilə ərsəyə gətirdiyi tikiliyə təyin olunan kompensasiyadan dəfələrlə artıq vəsait xərclənmişdir. Bununla yanaşı, Bakı şəhərində ərazi və əmlakların qiymətləri əsas götürülsə, onda təyin olunan kompensasiyanın hansı ədalətə və humanizmə cavab verdiyini aydın şəkildə görmək olar. Hazırda mübahisə predmeti olan yaşayış sahəsi uzun müddət, yəni 2014-cü ildən sahibliyində və istifadəsində olmuş, o, həmin əmlakdan maneəsiz istifadə etmiş və bu da sözügedən əmlakın onun üçün mühüm iqtisadi maraq kəsb edən əmlaka çevrilməsinə səbəb olmuşdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, mübahisəli yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ ilə bağlı gözləntilər qanuna və uzun müddət davam edən real vəziyyətə əsaslandığından, həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməklə nəzərə alınmalıdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməməsini və kompensasiya qismində 58.000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qismən qəbul edərək və bu barədə məhkəməyə ərizə təqdim edərək, kompensasiya məbləği qismində ”X9 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmiş 34.850 manat məbləğində pulun ödənilməsinə razı olduqlarını bildirmiş və apellyasiya şikayətini bu məbləğ həddində təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.

16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki apellyasiya şikayətində qətnamənin qismən, kompensasiyanın məbləği ilə bağlı hissədə ləğv edilməsi, yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib, ədalətli kompensasiyasının müəyyən edilərək ödənilməsi xahiş edildiyindən, qətnamə yalnız iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən cavabdehə məxsus tikilinin sökülməsi müqabilində kompensasiya məbləği kimi ödənilməli pul vəsaiti müəyyənləşdirilərkən diqqətəlayiq olan bütün hallar nəzərə alınmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdehə məxsus olan tikintinin (M-46 saylı mənzil) yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Tərəflərin qarşılıqlı razılığı əsasında aparılmış ölçmə işləri nəticəsində tikintinin sahə etibarı ilə ümumilikdə 62,48 kv.m. olduğu müəyyən edilmiş və bununla bağlı tərəflər arasında 230 saylı akt tərtib edilmişdir. Eyni zamanda, iddiaçının sifarişi əsasında “X3” MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli qiymətləndirmə rəyinə əsasən tikintinin real bazar qiyməti ilə təqribi dəyəri 30.000 manat müəyyən edilmişdir.

25. Birinci instansiya məhkəməsi də həmin qiymətləndirmə rəyini (iş materiallarında kompensasiya məbləği ilə bağlı hər hansı başqa sübut mövcud deyil) əsas götürərək, tikintinin sökülməsi müqabilində ödənilməli olan kompensasiyanı məhz 30.000 manat məbləğində müəyyən etmişdir. Tikinti artıq sökülmüşdür, hazırda mövcud deyil. Lakin cavabdeh onun bərpa edilməsini tələb etmir. Müəyyən edilmiş kompensasiya məbləğini aşağı hesab edərək, mübahisələndirir və tikintinin bazar qiymətinə uyğun qiymətləndirilib, ədalətli kompensasiyasının müəyyən edilərək ona ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, Sərəncamda qeyd edilən sahə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir.

26. Bununla belə, iddiaçı yeni yaşayış kompleksinin inşası üçün ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Lakin cavabdehə məxsus olmaqla artıq sökülmüş tikintinin əvəzi olaraq təklif olunan kompensasiyanın məbləği ilə bağlı cavabdehlə razılığa gələ bilmir. Hazırki mübahisə də məhz bu səbəbdən yaranmışdır.

27. Apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı kompensasiyanın məbləği, habelə mübahisənin məhkəmədən kənar qaydada, barışıq yolu ilə həll edilməsinin mümkünlüyü ilə bağlı tərəflərlə müzakirələr aparılmış və kompensasiyanın məbləği ilə bağlı mövqelərin dəqiqləşdirilməsinin, o cümlədən kompensasiyanın formasının dəyişdirilməsinin, habelə mübahisənin məhkəmədən kənar qaydada, barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün bir daha nəzərdən keçirilməsi üçün işə baxılması təxirə də salınmışdır. Bunun nəticəsi olaraq tərəflər arasında hər hansı barışıq və ya razılıq olmamış, lakin tərəflər tikintinin bazar dəyəri, yəni kompensasiya məbləği ilə bağlı mövqelərini dəyişmişdilər. Belə ki, tikintinin bazar dəyəri iddiaçının təqdim etdiyi ”X9 Mərkəzi” MMC-nin 07.10.024-cü il tarixli qiymətləndirmə rəyində 34.850 manat, “X8” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatında isə 58.000 manat göstərilmişdir. Bu rəylərə uyğun olaraq iddiaçı kompensasiya məbləği olaraq 34.850 manat ödənilməsinə razılıq verir, cavabdeh isə 58.000 manat tələb edir.

28. Məhkəmə kollegiyası vurğulayır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

29. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb vurğulayır ki, cavabdehin ona məxsus olmuş tikintiyə görə pul formasında kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya məbləğ etibarı ilə cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən cavabdehə məxsus olmuş tikintinin ölçüləri, texniki (yararlıq və təmir) və hüquqi vəziyyəti, təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

31. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək qəbul edir və mübahisəyə məhz hazırki təklif əsas götürməklə hüquqi qiymət verərək, qeyd edir ki, cavabdehə məxsus olmuş tikintinin inşa edilməsi üçün nəinki hüquq müəyyənedici, ümumiyyətlə hər hansı sənədi mövcud deyil, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Onun yerləşdiyi torpaq sahəsi də cavabdehə məxsus deyil. İş materiallarında mövcud olan fotoşəkillərə əsasən tikinti yaşayış sahəsi formasına gətirilməsi səviyyəsində təmir edilmiş, faktiki olaraq təmirsizdir, bəzi divarlarında yalnız suvaq var. Xarici divarların əksər hissəsində isə ümumiyyətlə suvaq da mövcud deyil. Yaşayış üçün tam yararlı olması açıq və aydın şəkildə görünmür. Baxımsız vəziyyətdədir. Orada yaşayışın olmaması aşkardır. Cavabdeh özü də apellyasiya şikayətində əmlakın ona hər hansı məlumat verilmədən söküldüyünü bildirir. Bu da bir daha onun həmin tikintidə yaşamadığını təsdiq edir. Tikinti təcrid edilməmiş (hasarlanmamış) vəziyyətdə olmuşdur. Sanitar qovşaq tikintidən kənarda yerləşir, ayrıca tikintidir. Aparılmış ölçmə işlərinə əsasən tikintinin ümumi sahəsi 62,48 kv.m. təşkil edir.

32. Cavabdehin təqdim etdiyi mütəxəssis rəyində ümumiyyətlə hər hansı fotoşəkil mövcud deyil. Qiymətləndirməni həyata keçirən qiymətləndirici həmin tikintinin qiymətləndirilməsi üçün müqayisə yanaşmasının tədbiq olunmasını daha məqsədəmüvafiq hesab etmiş və 3 analoqdan (həmin ərazidə yerləşən başqa əmlakların göstəriciləri, dəyəri və sair) istifadə etməklə tikintinin bazar dəyərini 58.000 manat hesablamışdır. Halbuki, analoq qismində istifadə edilmiş əmlaklar öz göstəricilərinə və hüquqi vəziyyətinə görə mübahisəli tikintidən fərqlənir və həmin fərqlər bilavasitə həmin əmlakların daha yüksək bazar dəyərinə malik olmasını mümkün edir, eyni zamanda, mübahisəli tikintinin bazar dəyərinin müəyyən edilməsi zamanı onların analoq kimi götürülməsini istisna edir. Belə ki, təqdim edilmiş məlumatlara əsasən mübahisəli tikintidən fəqrli olaraq birinci analoq üzrə əmlak 2 mərtəbəli, 4 otaqlı, 140 kv.m. olmaqla 1,5 sot torpaq sahəsi üzərində yerləşir, 0,7 sot həyətyani torpaq sahəsinə malikdir. Təmirli və yaşayış üçün tam yararlı olmaqla, kommunal xidmətlidir. Mülkiyyət kimi dövlət qeydiyyatına aldırılması üçün sənədləri var. 2-ci analoq üzrə əmlak 2 mərtəbəli, 3 otaqlı, 120 kv.m. olmaqla, 2 sot torpaq sahəsi üzərində yerləşir. Təmirli və yaşayış üçün tam yararlı olmaqla, kommunal xidmətlidir. Mülkiyyət kimi dövlət qeydiyyatına aldırılması üçün sənədləri var. 3-cü analoq üzrə əmlak isə 1 mərtəbəli, 3 otaqlı, 85 kv.m. ölçüdədir, kiçik həyəti var, əla təmirli, yaşayış üçün tam yararlı olmaqla, kommunal xidmətlidir. Sadalanlar, o cümlədən texniki göstəriciləri bilavasitə bu əmlakların qiymətinə təsir göstərir. Nəzərə alınmalıdır ki, analoq üzrə əmlakların hər birinin həm sahəsi, həm otaqların, ikisində isə ümumiyyətlə mərtəbələrin sayı artıqdır. Sənədləşmə baxımından həmin əmlaklar daha üstün hüquqi vəziyyətdədir. Bu baxımdan mübahisəli tikintinin bazar dəyərinin müəyyən edilməsi üçün onların analoq kimi istifadə edilməsi tam uyğun deyil. Analoq üzrə əmlaklarla mübahisəli tikinti arasında hər bir göstərici üzrə əhəmiyyətli dərəcədə fərqin olduğu adi vizual görünüşdən belə müəyyən edilir.

33. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində analoq kimi istifadə edilən əmlaklar, sahə baxımdan daha uyğun, otaqların sayı baxımdan isə tam uyğundur. İlk iki əmlak müvafiq olaraq 50 kv.m. və 45 kv.m. olmaqla 0,5 sot torpaq sahəsi üzərində yerləşir və hər ikisinin təmirli olmaqla mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onlar yaşayış üçün tam yararlı və kommunal xidmətlidir. Hər birinin dəyəri 78.000 manat göstərilmişdir. 3-cü əmlak isə 40 kv.m., 2 otaqlı olmaqla, 1 sot torpaq sahəsi üzərində yerləşir, bələdiyyə sənədi var. Təmirli və kommunal xidmətlidir. Bununla belə, texniki göstəriciləri (mübahisəli tikintinin özü 49,6 kv.m. ölçüdərir, qalan sahə dəhliz və sanitar qovşaqdır) və hüquqi vəziyyəti baxımından mübahisəli tikintiyə daha yaxın olan 3-cü analoq üzrə əmlakdır ki (halbuki, bu əmlak ən azı sənədləşmə vəziyyəti baxımından mübahisələndirilən tikintidən daha üstündür), onun da satış qiyməti 24.500 manat göstərilmişdir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və məbləğini (34.850 manat) məqbul, cavabdehin tələb etdiyi kompensasiyanın məbləğini (58.000 manat) isə həddindən artıq yüksək hesab edir və belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdehin ona məxsus olmuş tikintinin sökülməsi nəticəsində üzləşdiyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla onun üzərinə fərdi və həddən artıq yük qoymuş olmur. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsini şərtləndirir.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməli, cavabdehə məxsus olmuş, ümumi sahəsi 62,48 kv.m olan M-46 nömrəli özbaşına tikintiyə görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiya 34.850 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2192/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh məxsus olmuş, ümumi sahəsi 62,48 kv.m olan M-46 nömrəli özbaşına tikintiyə görə iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ödənilməli olan kompensasiya 34.840 manat (otuz dörd min səkkiz yüz əlli manat) məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar