Məhkəmə qərarları › İş №2(103)-5111/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5111/2022

04.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5111/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, Cavabdehin vəkili X3 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-651/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir Nizami Rayon Məhkəməsinin 2(007)-651/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iddiaçı tərəfindən təqdim edilən səsyazma sübut kimi qəbul edilməmiş, həmçinin atası Cavabdeh həmin evi bağışlayan zaman evin ər-arvadın birgə mülkiyyətində olmasını və ümumi mülkiyyət və vərəsəlik hüququ ilə məhdudlaşdığını nəzərə almamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçının atası evi ona azyaşlı uşağı ilə birgə yaşaması şərti ilə bağışlamış, ancaq cavabdeh qısa müddət sonra evi satmışdır. İddiaçı evin cavabdehə bağışlanması ilə bağlı atası ilə onun arasında yaranan mübahisə və sözsöhbəti sonlandırmaq məqsədilə atasının ona verdiyi etibarnamə vasitəsilə evi bağışlamışdır. Müqavilənin bağlanmasında əsas cavabdehin atasını tez-tez təhdid etməsi və evi onun adına keçirməsini istəməsi olub, bu səbəbdən hədə-qorxu təsirilə bağlanmış əqd olduğundan, eləcə də həmin mənzilin bağışlanmasından bir müddət sonra iddiaçının atası ölmüş, demək ki, həmin bağışlama müqaviləsi həm də məcburi pay hüququ ilə əlaqədar olaraq da etibarsız olmuşdur, rayon məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə də düzgün omayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətin təmin olunaraq qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ev iddiaçının atasına məxsus olub, ölümündən 6 ay öncə qızına bağışlayıb, bağışlama tam qanuni olub, heç bir hədə və təsir olmayıb,hazırda da evin mülkiyyətçisi cavabdeh deyil, iddiaçının bu iddianı qaldırmağa hansısa subyektiv hüququ yoxdur. Ona görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi: ünvan 2 təsdiq edilən, 4Ə-94 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X5 öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini qızı Cavabdeh bağışlamışdır. Bakı ş.50 saylı notariat ofisində rəsmiləşdirilmiş 25 fevral 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini X1. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021- ci il tarixdə vəfat edib. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hazırkı işin mübahisə edilməyən halları ondan ibarət olmuşdur ki, iddiaçının atası Y.Muradov xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ünvan 2 təsdiq edilən, 4Ə-94 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh bağışlamışdır. X5 xx.xx.2021- ci il tarixdə vəfat edib. İddiaçı miras qoyan Y.Muradovun birinci növbə vərəsəsidir.Əmlakın bağışlanmasından iki il keçməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, mərhum X5 ilə cavabdeh arasında bağlanan və reyestrdə 40-94 nömrə ilə qeyd edilən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Rayon məhkəməsi iddia tələbini rədd edərkən qətnaməsində MM-nin bir sıra normalarını sadalasa da, lakin konkret olaraq hansı maddi hüquq normasına əsasən tələbin rədd olunmasını əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217ci maddəsində də nəzərdə tutulmuşdur.(Maddə 217.3) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir. Qeyd olunan Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi də qətnamənin ləğv olunması əsası kimi nəzərdə tutlmuşdur (maddə 385.1.2.və 385.1.3.). Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, rayon məhkəməsi hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, nəticədə də əqdin etibarsızlığı ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və düzgün olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadında da eyni hüquqi mövqe müəyyən olunmuşdur. Həmin Qərardada qeyd olunan məsələ belə müəyyən olunmuşdur:

30. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.

31. Bir daha qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf , təbii ki, məhkəmə tərəfindən həll olunur.

32. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür.

33. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Hazırkı işin müəyyən olunmuş halarından da bəlli olur ki, MM-in 1200 maddəsinə əsasən payın tamamlanmasını tələb etmək üçün Konstitusiya Məhkəməsinin həmin Qərarında göstərilmiş şərtlərin hamısı bu işdə movcuddur. Belə ki, iddiaçı məcburi pay hüququna malik olan şəxs olmaqla miras qoyanın birinci növbə vərəsəsidir, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmişdir,əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməmişdir və həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olacaqdı. Demək ki, mübahisələndirilən bağışlama müqaviləsi istinad olunan maddi hüquq normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən etibarsız hesab olunmalıdır. Mülki Prossesual Məcəllənin 385-ci maddəsində məhkəm aktlarının apellyasiya qaydasında ləğvinin əsasları müəyyən olunmuşdur. Maddi hüquq normalarının düzgün tətbiq olunmaması, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması da həmin əsaslardandır. Mülki Prossesual Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi, yəni bağışlama müqaviləsinin doğurduğu bütün hüquqi nəticələrin də etibarsız hesab edilməsinə münasibətdə xüsusi olaraq qeyd edir ki, iddia tələbi həmin hissədə olduqca mücərrəd və qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, və iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, iddia tələbi qalan hissəd təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi bağlı ödənilmiş 100 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu, ümumilikdə, 150 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-651/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. X4 ilə Cavabdeh arasında Nizami rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin bağışlanması barədə ünvan 2 təsdiq edilən, 4Ə-94 reyestr nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsi etibarsız hesab olunsun. İddia təlbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi bağlı ödənilmiş 100 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu, ümumilikdə, 150 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Məmməd Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar