Məhkəmə qərarları › İş №2(103)-5114/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5114/2025

05.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5114/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: prosessual müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsi ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh 2 saylı Mədənin 3cü sahəsində yerləşən və Şirkətin saziş ərazisi hüdudları (1. 402229.861 4481040.417;

2. 402251.595 4481036.795; 3. 402247.436 4481010.969 4. 402228.251 4481015.597 koordinatlar) daxilində, Mədən 3, korpus 123, ev 260 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, qətnamənin bu hissədə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış və cavabdehə izah edilmişdir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən apelyasiya şikayəti ilə müraciət etmək hüququ vardır. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)- 122/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, lakin müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsivəkili Nümayəndə1 tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göründüyü kimi ərizə və təkrar apellyasiya şikayəti 3 (üç) ay sonra daxil olmuş, həmçinin ərizəyə müddətin ötürülməsinə səbəb olmuş hallar barədə sübutlar əlavə etməmişdir. Məhkəmə qeyd etmişdir ki, şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prossesual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizəverən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir. Məhkəmə hesab etmişdir ki, ərizədə göstərilən hallar qətnamədən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmənin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadından şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)- 295/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət geri qaytarılmış və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izah edilmişdir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən şikayət ilə müraciət etmək hüququ vardır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmənin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadından təkrar şikayət verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsindən verilən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətə əməl edilmədiyindən Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2025-ci il 2(001)-122/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Halbuki qətnamə Cavabdeh aid olan elektron kabinetə yerləşdirildiyi qeyd edilsə də, Cavabdeh qətnaməni imza ataraq xx.xx.2025-ci il tarixdə məhkəmədən götürmüşdür. Çünki Cavabdeh öz adına hər hansı bir elektron kabinetin olmasından xəbərsiz olmuşdur. Apellyasiya şikayəti vəkil Nümayəndə1 qız tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. Cavabdeh tərəfindən qətnamə Binəqədi Rayon Məhkəməsindən imza ataraq xx.xx.2025-ci il tarixdə götürüldüyündən apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir. Lakin apellyasiya şikayəti tərəfindən verilsə də, müddətin ötürülməsi ilə bağlı qərardadın xx.xx.2025-ci il tarixdə qəbul edilməsi barədə məlumat vəkil olaraq tərəfindən yalnız may ayında başqa bir mülki işlə əlaqədar məhkəmə iclasında olarkən bu iş barəsində apellyasiya şikayətinin apellyasiya instansiyasına gedib-getməməsi barədə soruşduqdan sonra elektron kabinetə əlavə olunmuş və gördükdən sonra xx.xx.2025-ci il tarixdə müddətin bərpası ilə birgə apellyasiya şikayəti vermişdir. Bir müddət ərizəyə baxış yubanmış və xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır. Qərardad elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadında apellyasiya şikayətinə qanunla müəyyən olunmuş müddətdə əməl edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin olunmamışdır. Şikayət olunan qətnamə xx.xx.2025-ci ildə Cavabdeh məhkəməyə yaxınlaşaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsinin ona verilməsini xahiş etmiş və ona məhkəmə qəbzinə imza etdirilməklə qətnamə təqdim edilmiş və apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə vəkil Nümayəndə1 apellyasiya şikayətini elektron kabinet vasitəsilə göndərmişdir. Apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən alınmışdır. Sözügedən qətnamə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə bildirişi imzalamaqla götürülmüşdür. Apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə ekabinet vasitəsilə göndərilmişdir. Cavabdehin qətnaməni elektron qaydada alınması və hansı tarixdə oxuması məlum deyil, çünki o, e-kabinetdən istifadə etməmişdir və bu səbəbdən də qətnaməni məhkəmədən bildirişə imza atmaqla götürmüşdür. Apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə verilməsi müddətin ötürülməsi ilə verilməsi barədə verilmiş xx.xx.2025-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadı əsassızdır. Bu qərardad səbəbindən Cavabdeh xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qətnaməsini apellyasiya qaydasında mübahisələndirə bilmir, bu hüquqdan məhrum olur və nəticədə hüquqları pozulur. Buna görə də qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək sübut kimi ilk dəfə qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verilməsi nəzərə alına bilər. Prosessual müddətin buraxılmamasını və buna görə də məhkəmə tərəfindən uyğun maddəyə müvafiq olaraq apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi əsaslıdır. Buna görə də Binəqədi Rayon Məhkəməsinin 2(001)-122/2025 saylı 14 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddət Cavabdeh tərəfindən buraxılmadığı üçün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadını ləğv edərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair” mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmılşdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. İşin apellyasiya icraatı zamanı Cavabdeh 28 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Binəqədi qəsəbə Bələdiyyəsinin birgə razılığı əsasında Bakı şəhər sakini X3 79 saylı qərarla qanunla müəyyən edilmiş qaydada ayrılmış rəsmiləşdirilmiş 2600 kv.metr torpaq sahəsinin 500 kv.metrni fərdi yaşayış evinin tikilməsi üçün 96 saylı 29 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ‘Torpaq sahəsinə sahiblik və onlardan istifadə hüquqlarının” mülkiyyətçi və istifadəçilərin, qarşılıqlı rəsmiləşdirilmiş, razılığı ilə digər qanuni şəxslərə verilməsini mümkün hal hesab etdiyini nəzərə alaraq, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Binəqədi rayon İcra Hakimiyyətinin razılığı ilə Azərbaycan Respublikasının qanunlarının tələblərini və Binəqədi qəsəbə Bələdiyyəsinin Nizamnaməsini əsas tutaraq Sərəncam verilmişdir. 2007-ci ildə aldığı torpaqda təhlükəsizlik qaydalarına riayət edərək ev tikib. Evin yerləşdiyi sahə ondan əvvəl tikilmiş evlərin, marketlərin tam əhatəsində mərkəzdə heç bir şirkətə və qurğuya mane olmayan yerdə yerləşir. Həmin evinə Binəqədi rayon İcra Hakimiyyətinə evi tam hazır olduqda məlumat verib ünvan alıb, özü və ailə üzvləri qanuni evə pasport qeydiyyatına alınıblar. Bununla bərabər evinin su, işıq və qaz xətləri ilə təchiz olunması üçün Dövlət idarələrindən sənədlər, icazələr alınmışdır. 653 saylı "xxxx"ın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyi Layihə Konstruktor Bürosu smeta və ekspertiza şöbəsi 96/307 saylı xx.xx.2010 tarixli, Azərbaycan Sənaye və Energetika Nazirliyi Dövlət Qaz Nəzarət idarəsi xx.xx.2010 tarixli, 96-00392 saylı xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” istehsalat Birliyi tərəfindən Texniki şərt verilmişdir. xx.xx.2007-ci ildən torpağına və evinə vergi rüsumları ödəyir. Minbir əziyyətlə özünə və övladlarına qurduğu evinə çıxarış veriləcəyini gözlədiyi halda 20 (iyirmi) ilə yaxın müddətdə tikib yaşadığı evə sərəncam qanuni sənədi olan torpağına İddiaçı şirkəti onların torpağında özbaşına tikili tikməsi iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qoyduğu xx.xx.2023-cü il tarixdə məhkəməyə gedib. Hakim Nigar xanım Nəbizadənin sədrliyi ilə keçirilən məhkəmədə torpağına və evinə aid sənədləri təqdim edib. O, sənədləri və SOCAR-ın öz möhürü ilə təsdiq edilmiş texniki şərt və layihəni göstərib bildirib ki, vətəndaş sənəd əsasında ev tikib. Məhkəməyə dəvət olunmuş Binəqədi Bələdiyyəsinin nümayəndəsi hüquqşünas bildirib ki, onun mülkiyyətinə ayrılmış torpaq sahəsi “Bələdiyyənin statusu haqqında” Qanunun 16-cı maddəsinin 3-cü və 4-cü bəndi, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, həmçinin Azərbaycan Respublikasını Torpaq Məcəlləsinin 47-ci və 48-ci maddələrini rəhbər tuturaq ayrılıb və 96 saylı sərəncamla 500 kv.metr qanunla vətəndaşa verilmişdir və vətəndaş özbaşına ev tikməyib. İddiaçı şirkəti məhkəmənin dayandırılmasını xahiş edib və məsləhətləşməyə gediblər. Yenidən xx.xx.2024-cü il tarixdə Bakı şəhər İnzibati Məhkəməsinə Binəqədi Bələdiyyəsi haqqında iddia qaldırıblar, torpağın onlara məxsus olması haqqında Mehriban xanım Qarayevanın sədrliyi ilə iclas keçirilib. Qərarın və sərəncamın qanunsuluğu tələbi məhkəmənin 2- 1(112)-46221/2024 saylı qərardadına əsasən iddia mümkünsüz sayılaraq rədd edilmişdir. Yenidən İddiaçı şirkətinin onun evinin onların iş proseslərinə mane olması iddiası ilə Binəqədi Məhkəməsində işə baxıldı. xx.xx.2025-ci ildə artıq bu dəfə qısa müddətə Binəqədi Məhkəməsinə gətirilən Etibar Mustafayev adlı hakimin sədrliyi ilə keçirilən məhkəmə iclasında hakim qarşı tərəfin xx.xx.2023-cü ildən qaldırdığı haqsız iddialarına Əmlak Məsələləri Dövlət Kadastr və Reystri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin, mühəndis inventarlaşdırıcısı Orxan Səmədzadənin onun ünvanında, iştirakı olmadan, sənədlərinə baxmadan, hakiminin özünün qəbul etdiyi qətnamədə qeyd edildiyi kimi, vizual baxış keçirərək verdiyi rəyin əsasında 2(001)- 112/2025 saylı qətnamə çıxararaq Binəqədi rayon İcra Hakimiyyətinin razılığı ilə ünvan verilmiş. Həmin ünvanında qeydiyyata düşmək üçün verilən arayış əsasında Binəqədi Polis İdarəsionu və ailə üzvlərini həmin ünvanda qeydiyyata almışdı. 15 ildən artıqdır ki, həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəriqaz” İB-nin Layihə Konstruktor bürosu, SOCAR-m “Azəriqaz” İB-nin baş direktorunun 1-ci müavini N.Səmədzadənin Layihə-Smeta və Ekspertiza şöbəsinin rəisi H.Vahidovun 1660 saylı xx.xx.2010-cu ildə imzaladıqları Texniki Şərti əsas verir ki, mütəxəssislər ərazidə olub baxış keçirib evin heç bir daşınmaz əmlaka, qurğuya mane olmadığını və koordinatlarla onların ərazisi olmadığı üçün icazə və sənədləri veriblər. İddiaçı şirkətinin əsassız iddiasını təmin edən hakim Ehtibar Mustafayev Bakı şəhər İnzibati Məhkəməsində Binəqədi qəsəbə Bələdiyyəsinin torpağın onlara məxsus olması haqqında Qərarın və Sərəncamın qanunsuzluğu tələbi 2-1(112)- 46221/2021 saylı qərardadla mümkünsüz sayılıb rədd edilmiş qərardadına xx.xx.2024-cü ildən tikilən mülkə 18 ildən sonra gəlib iddia qaldırmaqla Mülki Məcəllənin 373-cü naddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə təlbələri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qanunvericiliyin müddətlə bağlı qeyd edilən tələblərindən də göründüyü kimi daşınmaz əmlaklarla bağlı iddia müddəti 6 il nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilən texniki şərt göstərir ki, iddiaçıya daşınmaz əmlakın (fərdi yaşayış evinin) mövcudluğu ilə bağlı 2010-cu ildə məlumatı olmuş 15 il ərzində susmaqla nəinki daşınmaz əmlaklarla bağlı iddia müddətlərini eləcə də ümumi müddətini ötürmələrini Bakı İnzibati Məhkəməsində Binəqədi qəsəbə Bələdiyyəsinə qaldırdıqları torpağın onlara məxsus olması haqqında Qərarın və Sərəncamın qanunsuzluğu tələbləri 2-1(112)-21/2024 saylı qərardadında mümkünsüz sayılaraq rədd edilməsini yuxarıda qeyd edilən hallardan, qanunvericiliyin tələblərindəndə açıq-aydın görünür ki, verilən iddia qanunsuz və əsassızdır. İddia müddətinin ötürməsi ilə verilmişdir və onun Azərbaycan Respublikası Konstitusiyasının və Mülki qanunvericiliklə qorunan hüquqlarını pozub. Məhkəmədən dövlət və onun orqanlarının sənədlərinə güvənib min bir əziyyətlə özü və övladları üçün tikdiyi evin qanuni olmasında vəkili Xeyran xanımın və özünün haqlı şikayətlərini təmin edib ədalətli qərar çıxarılmasını bir daha xahiş edir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə 28 mart 2017-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X4rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki, əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin sənədlərindən müəyyən olunur ki, cavabdeh mübahisələndirdiyi məhkəmə aktını rəsmi qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, təkrarən isə xx.xx.2025-ci il tarixdə almış, ilk dəfə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə təqdim etmiş, həmin şikayətin xx.xx.2025-ci il tarixdə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı cavabdehin və cavabdehin vəkil olan nümayəndəsinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bundan sonra xx.xx.2025-ci il tarixdə, yəni 3 ay sonra cavabdehin nümayəndəsi (vəkili) təkrarən apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etmiş, 3 ay müddətində məhkəmə aktından apellyasiya şikayəti verə bilməsi üçün hansı maneələrin olmasını vəsatətində qeyd etməmiş, bu barədə hər hansı bir sübutunu vəsatətinə əlavə etməmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin razılaşmadığı məhkəmə aktını mübahisələndirmək, ondan şikayət vermək hüququndan istifadə edə bilməsi üçün elektron sistemdə qeydiyyatdan keçsə də, yaradılmış elektron kabinetindən istifadə etməməsi qanunu qüvvəsini alan məhkəmə aktından şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Bundan başqa ilk dəfə verdiyi apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə geri qaytarılmasını bilən cavabdehin nümayəndəsi (vəkili) 3 aydan sonra təkrarən apellyasiya şikayəti verərkən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməli, bu barədə sübutlarını məhkəməyə təqdim etməli idi. Cavabdehə keyfiyyətli hüququ xidmət göstərmək vəzifəsi daşıyan vəkil (nümayəndə) isə nəinki sübutlarını birinci instansiya məhkəməsinə təqdim etmiş, təyin olunan məhkəmə iclasında belə iştirak etməmişdir. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı işdə isə cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində işlərə baxılmasının “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirildiyini, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçərək yaratdıqları elektron kabinet vasitəsi ilə məhkəmə aktlarını qəbul etməli olmalarını bilmiş, 3 aydan sonra təkrar apellyasiya şikayəti verərkən buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Ona görə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdehin nümayədəsi (vəkili) tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-122/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar