Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5115/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1094/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı mülkiyyətində olan ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu xx.xx.2007ci il təvəllüdlü X2 bağışlamışdır. Müqavilə hər iki tərəfdən Cavabdeh tərəfindən imzalanmışdır. Qeyri-yaşayış sahəsini xx.xx.2007-ci il təvəllüdlü oğlu Nihadın adına rəsmiləşdirilməsi üçün cəzaçəkmə müəssisəsinin rəisinin imzası ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 17/26-618 saylı etibarnaməyə əsasən arvadı Cavabdeh müvafiq səlahiyyətlər vermişdir.
2. ünvan 1 binanın 1-cı mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsi olan xx.xx.2007-ci il təvəllüdlü X1 mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X3 arasında ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi”nin (müqaviləni tərəflərin adından Cavabdeh imzalamışdır) etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiada göstərilir ki, Cavabdeh onun həyat yoldaşıdır. Onunla birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü Nihad adlı oğulları olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsində yerləşən 96 saylı binanın 1-ci mərtəbəsində yerləşən 13,5 kv.m ümumi, 8,7 kv.m. əsas, 4,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi uzun illər icarə müqaviləsi əsasında onun istifadəsində olmuşdur. 2008-ci ildə həmin qeyriyaşayış sahəsini özəlləşdirmiş və tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli kitabın 4086 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi **********101 - 05101- 083001, Qeydiyyat nömrəsi **********). Həm də bu barədə onun adına Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli, MH seriyalı, 01322282 saylı çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsindən bir müddət istifadə etdikdən sonra həbs olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməyə başlamışdı. Orada cəza çəkən vaxtlarda hazırda cavabdeh olan həyat yoldaşı Cavabdeh təkidli xahişləri nəticəsində yuxarıda adı çəkilən həmin qeyri - yaşayış sahəsini azyaşlı - xx.xx.2007-ci il təvəllüdlü oğulları Nihadın adına rəsmiləşdirməyə razılıq verdi. Bu məqsədlə hazırda cavabdeh olan həyat yoldaşı Yeganənin adına Cəzaçəkmə Müəssisəsinin rəisinin imzası ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 17/26-618 saylı Etibarnamə vermişdir. Cavabdeh həmin etibarnamə əsasında xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2011-ci il tarixli “qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi” əsasında oğulları X2 bağışlamışdır. Bağışlama müqaviləsini onun adından Cavabdeh ona verdiyi “etibarnamə” əsasında imzalamışdı. Eyni zamanda da oğulları Nihad azyaşlı olduğundan onun əvəzindən də qanuni nümayəndəsi kimi anası Cavabdeh imzalamışdı. Sonradan bilmişdir ki, cavabdeh onu aldatmış, həmin qeyriyaşayış sahəsini onun razılığı olmadan icarəyə vermiş, icarə pullarını alaraq şəxsi işlərinə xərcləmiş, daha sonra onun razılığı olmadan qeyri-yaşayış sahəsinin söküntüsü ilə əlaqədar tikinti şirkəti ilə razılığa gəlmiş, onlardan külli miqdarda icarə pulu əldə etmiş və həm də həmin qeyri-yaşayış sahəsinin əvəzindən 30.0 kv.m. təmirli qeyri-yaşayış sahəsini alaraq satmış və onun da pullarını mənimsəmişdir. Cavabdehin məqsədi əvvəlcədən onu aldatmaq olmuş, guya oğulları Nihadın gələcəyini təmin etmək adı ilə onun adına bağışlamağa onu inandırmış, lakin cəza çəkdikdən sonra ona məlum olmuşdur ki, cavabdehin məqsədi ona aid əmlakları mənimsəmək olmuşdur.
5. Daha sonra İddiaçı iddia ərizəsinin məzmununa əlavələr edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən 96 saylı binanın birinci mərtəbəsində yerləşən 13.5 m2 qeyri-yaşayış sahəsi 1993-cü ildən onun istifadəsində olmuşdur. 2008-ci ildən həmin qeyri-yaşayış sahəsini özəlləşdirmiş və tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyesterində 43 nömrəli kitabının 4086 № - li vərəqində qeydiyyata alınmışdır. Həyat yoldaşı Cavabdeh universal ssenarisi üzrə riyakar davranış və danışıqlarının fonunda və eyni zamanda, cəzaçəkmə müəssisəsində olduğu müddətdə aldadaraq, xx.xx.2011-ci il tarixli, 17/26-618 saylı müəssisə rəisinin imzası ilə təsdiq edilmiş etibarnamə üzrə xx.xx.2007-ci il təvəllüdlü oğlu Nihad Quliyevin adına rəsmiləşdirməyə razılıq verdi. Nihad azyaşlı olduğundan, onun əvəzinə anası Cavabdeh çıxış edərək imza atmışdır. O, həbsdən azad olduqdan sonra məlum olmuşdur ki, cavabdeh onu aldatmış, həmin qeyriyaşayış sahəsini xəbəri və razılığı olmadan icarəyə vermiş, icarə pullarını alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa cavabdeh 2018-ci ildə "xxxx" MMC şirkətinin nümayəndələri ilə əvvəlcə onun göstərişləri üzrə hərəkət etsə də MMC-nin rəsmiləri ilə ümumi razılığa gəlmədikdə əmlakı yerlə-yeksan olduqdan sonra ağlaya-ağlaya onunla telefonla danışaraq ümidsiz olduğunu ifadə etmişdir. Bundan sonra, o, intensiv yazışmalara başladı və şikayətlərinin qarşısını almaq məqsədilə 11 saylı cəzaçəkmə müəssisəsindən 15 saylı cəzaçəkmə müəssisəsinə etap edildi və "xxxx" MMC-in hakimiyyətdəki konstentrik dairələrlə əlaqələrindən istifadə edərək şikayətinin getməməsi məqsədilə 130 (yüz otuz) gün karstda saxlandıqdan sonra 6 (altı) ay həbsxana rejiminə keçirilməsinə nail olmuşlar. Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bir neçə dəfə girov saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı həbsxanasında yanına gələrək izahat almış və mülkiyyət hüquqlarının bərpa edilməsi, paytaxt Bakıda "xxxx" MMC-nin vandalları tərəfindən həyata keçrilmiş vandalizm aktına hüquqi qiymət veriləcəyinə söz vermişlər. Bu barədə cavabdeh Yeganə Quliyevlə danışdı və onun özü də, anası, qardaşı ilə birlikdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olduqlarını, izahat verdiklərini və onun təlimatına uyğun hər şeyi etdiklərini bir daha söz verdi. Lakin, o həbsxanadan azad olduqdan sonra 2021-ci ilin noyabr ayında bilmiş ki, Cavabdeh onu aldatmış və iradəsinin əlehinə olaraq "xxxx" MMC-nin vandalları ilə konsensus razılıq əldə edərək 100 kv.m deyil, 30 kv.m sahə üçün qarşı tərəflə razılaşmış, 70 kv.m.-in əvəzində pul almış, şikayətçi olmadığını bildirmiş və bütün bunlar barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-213/2019 saylı məhkəmə hökmündə də öz əksini tapmışdır. Bir daha sübut olundu ki, cavabdehin məqsədi əvvəlcədən onu aldatmaq, xəyanət etmək olmuş və "Nihadın gələcəyini təmin etmək” adlı fikir sadəcə olaraq onu inandırmağa yönəlmiş mənfur və məkrli niyyətinin tərkib hissələrindən biridir.
6. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli əmlak iddiaçının borcuna görə müsadirə olunurdu. İcra məmuru icra sənədinin icra edilməli olduğunu bildirmişdi. İddiaçının icra sənədi üzrə tələbkara olan borcu onun anası tərəfindən ödənilmişdir. Bu səbəbdən də iddiaçının borclu olduğu tələbkar icra sənədinin icra edilməsindən imtina etdi. Bu hadisələrdən sonra iddiaçı ilə birlikdə mübahisəli əmlakın oğulları Nihada bağışlanmasında razılığa gəlmişlər. Hazırda oğlunun 15 yaşı vardır. Qeyd olunan əmlakın ümumi sahəsi 13,5 kv.m idi, lakin zirzəminin çıxarışı yox idi. Əmlakın içində avadanlıqlar var idi. Sonradan həmin ərazinin söküləcəyini, yerində "xxxx" MMC adlı şirkəti tərəfindən tikinti aparılacağını eşitmişlər. Bu xəbəri Nazim bildikdə, həmin əmlakın əvəzinə 100 kv.m ərazi verilməsini tələb etdi. "xxxx" MMC adlı şirkət isə bu təkliflə razılaşmırdı. Hətta bu mübahisələr digər hüquq-mühafizə orqanlarına qədər davam etdi. Sonunda şirkət tərəfindən onlara 30 kv.m verilməsi şərti ilə razılığa gəldilər. Əmlak sahəsi yenidən hazır olanadək ona heç bir pul vəsaiti ödənməmişdir. Hazırda uşaqlar böyüyür və onun yanında olduğu üçün o, uşaqlara baxır. Bağışlanmış əmlak hələ də oğlunun adındadır, satılmayıb. O, uşağın iradəsi əleyhinə heç bir hərəkət etməmişdir. Məlumat üçün bildirir ki, əmlak hazırda təhvil verilmə ərəfəsindədir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1094/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi (hakim Cəmilə Musayeva) ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu X2 bağışlamışdır. Müqavilə hər iki tərəfdən Cavabdeh tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı özünə məxsus ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2007-ci il təvəllüdlü oğlu Nihadın adına rəsmiləşdirilməsi üçün cəzaçəkmə müəssisəsinin rəisinin imzası ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 17/26-618 saylı etibarnaməyə əsasən arvadı Cavabdeh müvafiq səlahiyyətlər vermişdir.
9. Hazırda iddiaçı onunla X3 arasında bağlanmış, predmeti ünvan 1 binanın 1-cı mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsi olan xx.xx.2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. Müqavilə tərəfi X1 yetkinlik yaşına çatmamasına baxmayaraq, o, mülkiprosessual hüquq qabiliyyətlidir və məhkəmədə qanuni nümayəndə vasitəsilə iştirak etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən iddiaçıya X1 cavabdeh qismində işə cəlb edilməsi təklif edilsə də, o, bu məsələnin həlli üçün zəruri prosessual hərəkətləri etməmiş, X1 cavabdeh qismində işə cəlb edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Halbuki mülki prosessual qanunvericiliklə bu məsələnin həlli yalnız iddiaçının səlahiyyətlərinə aid edilmişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 48 və 49.4-cü maddələrinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
12. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
13. Məhkəmə cavabdeh qismində cəlb edilmiş Cavabdeh yetkinlik yaşına çatmayan X1 qanuni nümayəndəsinin olmasını nəzərə alaraq hazırki mülki iş üzrə icraata mövcud tərkibdə baxılmasını mümkün hesab edir.
14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci və 339.3-cü maddələri təşkil edir.
16. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
17. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
18. Həmin maddələrin məzmunundan göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir.
19. Mülki işin materiallarından göründüyü kimi iddiaçının xx.xx.2011-ci il tarixli “Qeyriyaşayış sahəsinin bağışlama müqaviləsi”nin bağlanması məqsədi ilə aldadılması, həmçinin aldanmasına səbəb kimi istinad etdiyi halların müqavilə bağlanan zaman mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatından da məlum oldu ki, o, müqavilə bağlanan zaman cavabdeh tərəfindən aldadılmamışdır. Aldadılmanı zəruri edən hallar müqavilə bağlandıqdan xeyli sonra üzə çıxmışdır. İddiaçının izahatından həmçinin müəyyən olunmuşdur ki, o, Cavabdeh sökülmüş əmlakın əvəzinə 30,0 kv.m təmirli qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən veriləcəyinə razılaşdığı, aralarında əvəzləşmə müqaviləsinin bağlandığı və bununla da Cavabdeh "xxxx" MMC-yə qarşı mövcud olan bütün şikayət və tələblərindən imtina etdiyi səbəbindən də cavabdeh tərəfindən aldandığına dair qənaətə gəlmişdir
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
21. Məhkəmə tərəfindən araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 213/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşev küçələrinin kəsişməsindəki məhəllədə 2,37 hektar ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldlqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 noyabr 2017-ci il tarixli 280 nömrəli sərəncamı ilə verildiyi və daha sonra köhnə tikililərin mülkiyyətçiləri ilə MMC arasında məhkəmə mübahisələrinin yarandığı müəyyən edilmişdir. Halbuki mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmışdır
22. Belə olan halda qeyd edilməlidir ki, İddiaçı məhkəməyə bildirdiyi faktiki hallar onun istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Çünki iddiaçı mübahisə predmeti olan əqdin bağlanması məqsədilə aldadılmamış, özünün “aldanmış” hesab edilməsinə əsas olan hallar isə mübahisələndirdiyi əqdin bağlanmasından xeyli sonra yaranmışdır.
23. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.
24. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, cavabdeh iddiaçının azadlıqdan məhrum olunduğundan istifadə edərək ona etibarnamə ilə verilmiş səlahiyyətlərdən öz maddi maraqları naminə sui-istifadə etmişdir. Cavabdeh dolayısı yol ilə həmin əmlakın və ondan əldə edilmiş pul vəsaitinin mənimsədiyini etiraf etmiş, çünki guya iddiaçının icra sənədi üzrə tələbkara olan borcu onun anası tərəfindən ödənilmiş və bağışlama müqaviləsi məhz həmin borcun müqabilində bağlanılmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş heç bir sübutu və cavabdehin etiraf xarakterli izahatını nəzərə almamışdır. İddiaçı izahatında sökülmüş əmlakın əvəzinə 30,0 kv.m təmirli qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən veriləcəyinə razılaşdığın qeyd etməmişdir. Əksinə, Cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, guya mübahisəli əmlak iddiaçının borcuna görə müsadirə olunurdu. İcra məmuru icra sənədinin icra edilməli olduğunu bildirmişdi. İddiaçının icra sənədi üzrə tələbkara olan borcu onun anası tərəfindən ödənilmişdir. Bu səbəbdən də iddiaçının borclu olduğu tələbkar icra sənədinin icra edilməsindən imtina etdi. Bu hadisələrdən sonra iddiaçı ilə birlikdə mübahisəli əmlakın oğulları Nihada bağışlanmasında razılığa gəlmişlər. Bununla cavabdeh dolayısı yol ilə həmin əmlakın və ondan əldə edilmiş pul vəsaitinin mənimsədiyini etiraf etmiş, çünki guya iddiaçının icra sənədi üzrə tələbkara olan borcu onun anası tərəfindən ödənilmiş və bağışlama müqaviləsi məhz həmin borcun müqabilində bağlanılmışdır. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsaəsn şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
34. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini iddia rədd edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
35. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
36. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
37. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayıla bilməz.
38. İddiaçı 10 il müddət keçdikdən sonra bağışlama müqaviləsinin aldadıldığına görə etibarsızlığını tələb etsə də nə iddia ərizəsində, nədə şikayətində bununla bağlı heç bir ciddi arqument göstərməmişdir.
39. İddiaçı azadlıqdan məhrum olunmasını fürsət bilərək etibarnamə ilə verdiyi səlahiyyətlərdən cavabdehin öz maddi maraqları naminə sui-istifadə etdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh də nə bilavasitə, nədə dolayı yol ilə qeyri-yaşayış sahəsini və ondan əldə edilmiş pul vəsaitinin mənimsədiyini etiraf etməmişdir. Bu dəlillər iddiaçının şəxsi mülahizəsinə əsaslanan fikirləri ola bilər.
40. Şikayətdə göstərdiyi halların həqiqi olması belə iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, iddiaçı ilə cavabdeh arasında baş verənlər iddiaçının mübahisəli qeyriyaşayış sahəsinin öz oğluna bağışlamasına dair müqavilənin etibarsızlığını tələb etməyə əsas vermir ki, o , da hazırki iddianı, özü də 10 il keçdikdən sonra irəli sürsün.
41. Qeyd olunduğu kimi, hər bir halda bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan şərtlərin baş verdiyi təsdiq olunmalıdır. Belə bir şərtin, yəni iddiaçının cavabdeh tərəfindən aldadılması ümumiyyətlə təsdiq olunmur.
42. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmumundan da bəlli oldu ki, əslində hazırki iddianın müqavilə bağlandığı vaxtdan 10 il sonra irəli sürülməsinə səbəb iddiaçının cavabdeh kimi göstərdiyi arvadı ilə şəxsi münasibətlərin gərginləşməsi olmuşdur. Ona görə də məhkəmə iddiaçının göstərdiyi halları “kifayət qədər araşdırsa” idi, belə yenədə bunun hazırki iddianın əsaslılığına və təmin olunmasına təsir edəcək dərəcədə heç bir əhəmiyyəti ola bilməzdi.
43. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1094/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1094/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.