Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5116/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşadığını, həmin ünvana elektrikdən istifadə üçün sayğac quraşdırıldığını və istifadə etdiyi elektrik sərfıyyatının ödənişini sayğac əsasında həyata keçirdiyini, “xxxx” ASC-nin Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinin nümayəndələrinin onun iştirakı olmadan, ona məlumat vermədən yaşadığı evə elektrik enerjisinə görə 886,34 manat borc yazdıqlarını, məsələ ilə əlaqədar müraciətlərinə əhəmiyyət verilmədiyini bildirmiş, ondan tələb olunan 886,34 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2020-ci il il tarixli qətnaməsi ilə iddia təmin olunmuşur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, 07.12.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sep xəttinə quraşdırılmış elektrik sayğacına şəbəkədən verilən “0” xəttinin kəsildiyi və mənzildən əlavə “0” xətti verilərək xüsusi açar vasitəsilə dövriyyədən kənarlaşdırıldığının aşkar edildiyi, aktlaşdırma aparılaraq iddiaçıya 854,76 manat borc hesablandığı, məhkəmənin isə bu hala qiymət verməyərək üstəlik sayğacın özünün hesabladığı 32 manat borcu da əsassız olaraq sildiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq idianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən iddiaçı **********8000A saylı kodla cavabdeh müəssisənin abonentidir; yaşadığı mənzilə quraşdırılmış sayğacın oxunması üzrə ona 32 manat, “xxxx” ASC-nin əməkaşları tərəfindən 07.12.2019-cu il tarixdə yazılmış akt əsasında 854,76 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya akt əsasında hesablanmış borcun əsassız olduğu qənaətinə gəlməkdə haqlı olsa da, həmin borcla yanaşı sayğac göstəricinə görə hesablanmış borcu da silməklə səhvə yol vermiş, beləliklə də nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Buna görə də kollegiyanın qənaətinə görə qətnamə ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış 854,76 manat borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir; çünkü cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin elektrik enerjisi ilə təchizatı üzrə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh “xxxx” ASC iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-832/2020 saylı iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. ünvan 3 ünvanında yaşayan İddiaçı tələb olunan 854,76 (səkkiz yüz əlli dörd manat 76 qəpik) manat **********8000Asaylı abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5116/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5116/2020
30.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver