Məhkəmə qərarları › İş №2(103)-512/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-512/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-512/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Şəfəq Məmmədovanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4422/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı hazırda mübahisəli olan ünvan 1 ünvanda yerləşən mənzildə yaşamağa davam etmişdir. Qeyd olunan mübahisəli mənzil ona qanun üzrə vərəsəlik qaydasında atası X1 miras qalmışdır və ******* saylı çıxarış əsasında onun mülkiyyətinə keçmişdir. Hal-hazırda mübahisəli mənzil onun mülkiyyətində olsa da orada cavabdeh yeni qurduğu ailəsi ilə birlikdə yaşayır. Məhz bu səbəbdən də o, bugünədək mülkiyyətində olan mənzilə daxil ola, orada yaşaya bilmir, mənzilin mülkiyyətçisi olmağına baxmayaraq mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqularını həyata keçirə bilmir. Biləcəri qəsəbəsində mənzillərin aylıq kirayə haqqı 150-200 manat təşkil edir, bu səbəbdən də cavabdehə 8.000 manat kompensasiya verərək mənzildən istifadə hüququna xitam verilərək evdən çıxarılmasını istəyir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4422/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun keçmiş həyat yoldaşı olub. Nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra o, həmin mübahisəli mənzildə yaşamışdır. Lakin sonra evdə yaşamaqları barədə mübahisələr olmuş və iddaçı onu evə buraxmamışdır. Bildirmək istəyir ki, ünvan 1 özbaşına tikili deyil çıxarışlı evdir. Həmin mübahisəli mənzilin hazırda bazar qiyməti 70000 manatdır. Kirayə haqqı isə 350-400 manatdır. “xxxx” firmasının xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə o, razı deyil belə ki, mübahisəli mənzilin guya bazar qiyməti 35 min manatdır. Halbuki 2 otaqlı evin bu qiymətə olması mümkünsüzdür. Ona görə də təklif edilən kompensasiya bazar qiymətinə uyğun deyil. Məhkəmə isə evin qiymətinin bu qədər az olmasına əhəmiyyət verməyib iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Ona görə də məhkəmənin gəldiyi nəticə ilə də razı deyil. Həmçinin yaşayış evinin 2 mərtəbəli, 2 otaqlı olması ilə cavabdehin həmin evlə müqayisədə oxşar şəraitli evlə, oxşar yaşayış imkanının olması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razı deyildir. Hesab edir ki, iddiaçı tərəfindən təklif olunan 8000 manat Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 18-ə münasibətdə açıq-aşkar çox aşağıdır. Hazırkı vəziyyətdə bu pulla heç nə edə bilmər və “xxxx” firmasının verdiyi rəylə tamamilə razı deyildir. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən kompensasiya kimi təklif edilən 8000 manat pulu alsa da, hazırda həmin məbləğlə razı olmadığı üçün qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı və təmsilçisi apellyasiya şikayətinə etiraz edərək, bildirdilər ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4422/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi tərəflərindən icra edilmiş, 8000 manat məbləğində pul icra məmurunun depozit hesabından cavabdehə ödənilmişdir. Cavabdeh könüllü şəkildə həmin pul məbləği ilə razı olaraq almış, istifadə etdikdən sonra hazırda əlavə pul qazanmaq fikrinə düşərək apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçının atası X2 xx.xx.2006-cı il tarixdə ölümündən sonra Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 18 saylı iki mərtəbəli binada yerləşən 2 otaqlı mənzil qanun üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmiş və hazırda onun mülkiyyətindədir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh hazırda həmin mənzildə yaşayır. “xxxx” Firmasının xx.xx.2019-cu il tarixli, 21 nömrəli rəyinə əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 18 saylı iki mərtəbəli binada yerləşən 2 otaqlı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 35.000 manat təşkil etdiyi, orta aylıq kirayə haqqısının isə 170 manat məbləğində olması göstərilmişdir Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “Mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, apellyasiya baxışı zamanı “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Cavabdeh məxsus olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 18 saylı evdə yerləşən 2 otaqlı mənzillə həmin ərazidə yerləşən oxşar mənzilin aylıq kirayə haqqının dəyəri 250 manat təşkil edir. İddiaçı tərəfin təqdim etdiyi icra icraatı üzrə sənədlərinin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4422/2019 saylı qətnaməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmiş, iddiaçı 8000 manat kompensasiya məbləğini Binəqədi rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödəmiş, icra məmurunun xx.xx.2020-ci il tarixli aktına əsasən icra sənədində göstərilən tələb təmin olunmuş, cavabdeh xx.xx.2020-ci il tarixdə həmin pul məbləğini bankdan almışdır. Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh kompensasiya məbləği ilə razı olub onu aldıqdan bir müddət sonra hazırkı apellyasiya şikayəti ilə müraciət edərək kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni şəraitli mənzilin aylıq kirayə haqqının dəyərini, cavabdehin əmək qabiliyyətli olmasını və digər halları nəzərə alaraq hesab edir ki, Cavabdeh təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur və təklif olunan 8000 manat kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verir. Cavabdeh təklif olunan kompensasiya məbləği ilə razılaşaraq xx.xx.2020-ci il tarixdə həmin pul vəsaitini icra məmurunun depozit hesabından almış və hazırda pul vəsaiti ondadır. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi hissəsində qətnamə qanuni və əsaslıdır. Bundan başqa, kollegiya qeyd edir ki, iddia tələbinin “cavabdehin mənzildən çıxarılması” hissəsi “cavabdehin istifadə hüququna xitam verilməsi” tələbinə münasibətdə törəmə tələbdir və bu tələblə bilavasitə hüquqi bağlılığı var və hüquqi nəticə etibarı ilə onun təmin edilibedilməməsindən asılıdır. Bu səbəbdən, “cavabdehin mənzildən çıxarılması” hissəsində iddianın təmin edilməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4422/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar