Məhkəmə qərarları › İş №2(103)-512/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-512/2023

17.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-512/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X17 Şirkətinin cavabdehlər Cavabdeh və X3 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-512/2023 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəi X6, Cavabdeh iştirakları ilə, İddiaçı X17 Şirkətinin cavabdehlər Cavabdeh və X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 153/2022 saylı 09 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu X8 tərəfindən verilmiş 1035/1 nömrəli, xx.xx.2004cü il tarixli Sərəncamından və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən faktiki istifadəsində olan 300m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmiş, sonuncu X8nin büdcəsinə ******* (bir milyon iki yüz min) manat haqq ödəmişdir.

2. xx.xx.2017-ci il tarixli, AR-İ 548274 nömrəli etibarnamə əsasında həmin torpaq sahəsi X5 istifadəsinə verilmişdir.

3. İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212644, 217012, 212534, 211835, 217003, 217008 saylı neft quyularının mühafizə zolağı daxilində Cavabdeh tərəfindən tikinti inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı şirkəti cavabdehlər Cavabdeh və X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 Şirkətin Saziş ərazisi hüdudları daxilində, 2 saylı mədənin 1-ci sahəsində inşa edilmiş 212644, 217012, 212534, 211835, 217003, 217008 saylı neft quyularının mühafizə zolağı ərazisində özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212644, 217012, 212534, 211835, 217003, 217008 saylı neft quyularının mühafizə zolağı daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X18 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X18 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X17 Şirkətləri arasında imzalanmış X10 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2022 saylı, 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 146.1, 146.2, 157.4, 157.8, 158.4, 180.1, 180.2, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə qətnaməsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Şirkətə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinin mütəxəssis rəyinə əsasən təsdiq edildiyini vurğulasa da, lakin rəyin mötəbərliyinə önəm verməmiş, mütəxəssis rəyini sübut qismində tanımamışdır. Həmçinin iş üzrə keçirilmiş ekspertizaya dair ekspert rəyinə əsasən tikili ilə Şirkətə məxsus quyu arasındakı məsafənin 8 metr olmasının müəyyən edilməsinə baxmayaraq, Məhkəmə bu dəfə də ekspert rəyinin vacibliyini nəzərə almamış, həmçinin cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydalarının tələblərinin də pozulmasına hüquqi qiymət verməmişdir. Yəni həm mütəxəssis rəyi, həm də ekspert rəyi ilə cavabdehin inşa etdiyi tikilinin qanunsuz olduğu, eləcə də Şirkətə məxsus ərazidə inşa edildiyi müəyyən edilsə də, birinci instansiya məhkəməsi bu faktlara önəm verməmi, əksinə cavabdehin qanunsuz əməlinə qanuni don geyindirməklə tikilinin özbaşına olmaması qənaətinə gəlmişdir. Halbu ki, əgər mütəxəssi və ekspert rəyinə istinad edilməsinə zərurət olmayacaqdırsa, o zaman məhkəmə tərəfindən niyə ekspertiza təyin edilirdi və ƏMDK-nə sorğu verilirdi? Məhkəmə qətnamədə qanunvericiliyin tələblərini sadalayaraq özbaşına tikililərə dair 3 asas hüquqi tənzimləmə qaydasını diqqətə çatdırsa da, amma nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulur və eyni zamanda sənaye təyinatlı ərazidə və quyu yaxınlığında inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, cavabdehin arqument olaraq təqdim etdiyi X8nin 1035/1 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, həmin Bələdiyyə sərəncamı Şirkət tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirilmiş və məhkəmənin 2-1(112)-7574/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Şirkətin iddia tələbi aşağıdakı əsaslarla mümkün sayılmamışdır: Məhkəmə qərardadında qeyd etmişdir ki, "Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırki iddia ilə mübahisə edilən X8nin 1035/1 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Beləliklə də Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh arqumenti olan X8nin müvafiq sərəncamı dair hər hansı öz qüvvəsini itirtiyi üçün onun mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Lakin, Binəqədi Rayon Məhkəməsi Bakı İnzibati Məhkəməsinin bu qərardadının mahiyyətini nəzərə almamış və cavabdehin dəlili olan Bələdiyyə sərəncamının öz qüvvəsini itirməsinə əhəmiyyət verməmişdir. olub-olmamasını da Həmçinin Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, Məhkəmə mübahisəli torpaq sahəsinin X8nin mülkiyyətində araşdırmamışdır. Halbu ki, həmin torpaq sahəsi ümumiyyətlə Bələdiyyənin mülkiyyətində olmamışdır və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X8nə 908 saylı, xx.xx.2000-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsi tam, fargli, ərazidə yerləşır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

14. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

15. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

16. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

17. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

18. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

19. Maddə 50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

20. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

21. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

22. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212644, 217012, 212534, 211835, 217003, 217008 saylı neft quyularının mühafizə zolağı daxilində iddiaçı tərəfindən tikinti işləri həyata keçirilmişdir.

33. AR ƏMDK yanında DƏKÜRX-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Şirkətinin Cavabdeh tərəfindən özbaşına tikili inşa edilməsini iddia etdiyi torpaq sahəsinin İddiaçı Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.

34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6363 saylı ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən inşa olunan tikili ilə iddiaçının mübahisələndirdiyi 212644 nömrəli quyu arasındakı məsafənin 8 metr olduğu müəyyən olundu. Habelə, baxış zamanı bildirilən məlumata görə, sözügedən quyunun əvvəl neft quyusu olsa da¸ halhazırda su vurucu quyu olaraq fəaliyyət göstərməsi müəyyən olunmuşdur.

35. Bakı şəhəri Binəqədi rayonu X8 tərəfindən verilmiş 1035/1 nömrəli, xx.xx.2004cü il tarixli Sərəncamından və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən faktiki istifadəsində olan 300m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmiş, sonuncu X8nin büdcəsinə ******* (bir milyon iki yüz min) manat haqq ödəmişdir.

36. Kollegiya qeyd edir ki, analoji məhkəmə mübahisəsi X2 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir.

37. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).”

38. Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır.

39. Lakin, həmin işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X7rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).”

40. Qeyd olunan əsaslanmadan çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir cavabdeh(lər)in istifadəsindədir, həmin mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada yaşır və həmin torpaq sahəsi və fərdi yaşayış evi uzun müddətdir onun istifadəsindədir. Keçən müddət ərzində iddiaçı tərəfindən bununla bağlı cavabdehlərə hər hansı bir etiraz və ya tələb bildirilməmişdir.

42. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin qanunsuz olması və sökülməsi barədə hər hansı bir xəbərdarlıq edilməmişdir.

43. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsi və üzərində yerləşən tikili 2 saylı mədənin 1-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilinə düşsə də, həmin tikilinin cavabdeh tərəfindən uzun müddət öncə inşa edildiyini, onun həmin tikilidən uzun müddətdir istifadə etdiyini və bununla bağlı iddiaçı tərəfindən hər hansı bir etiraz və xəbərdarlıq edilmədiyini nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdeh(lər)in həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər.

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2022 saylı iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar