Məhkəmə qərarları › İş №2(103)-5121/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5121/2024

29.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5121/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssisləri X2 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi ziyanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "torpaq sahəsindən qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi ziyanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması, eyni zamanda 1000 manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın ödənilməsi, 70 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin və 141 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi, ev 8A, ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2018-ci il tarixli seriya RX ******* №-li çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi halhazırda gündəlik olaraq tərəfindən istifadə olunmadığından cavabdehin qanunsuz hərəkətlərindən sonradan xəbəri olmuşdur. Belə ki, cavabdeh ona məxsus torpaq sahəsinin cənub tərəfindən zəbt edilərək torpaq sahəsində tikili inşa etmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı kəskin iradlarını bildirsə də, nəticəsi olmamış, bu səbəbdən Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin Zabrat qəsəbəsi izibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etməli olmuşdir. Nəticədə cavabdehin tikinti işləri dayandırılmışdır. Cavabdeh özünə məxsus olan köhnə evi sökərək yerində yeni ev tikmiş, sonlandıra bilməsə də, həmin tikinti işləri zamanı ona məxsus evlə iddiaçının evi arasındakı hasarı sökmüş, nəticədə hər iki evin arası açılmış, cavabdeh isə onun evində olan ona məxsus taxtaları xəbəri və razılığı olmadan aparıb tikintidə istifadə etmiş, nəticədə həmin taxtalar uzun müddət çöldə yağışın altında qaldığından yararsız hala düşmüşdür. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra həmin taxtaları gətirib ona məxsus evə qoysalar da, artıq taxtalar istifadəyə yararsızdır. Həmin taxtalar isə 1000 manat dəyərində olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün o, ərazi üzrə polis bölməsinə rəsmi müraciət etsə də, ona mübahisənin mülki məhkəmə icraatında həlli izah edilmişdir. Pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, habelə Cavabdeh 100 manat еkspеrt xərcinin tutularaq, Dövlət Xəzinədarlığı Agеntliyi, KOD 210005, VÖЕN **********, müxbir hеsab AZ 41 NABZ******************** SWİFT Bik CTRЕAZ 22, Məhkəmə Еkspеrtiza Mərkəzi, VÖЕN **********, AZ34CTRЕ******************** hеsabına köçürülməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmuş hissəsində iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların əsaslandırılmaması, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilənin olunmaması, iş üzrə xx.xx.2023-cü il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilənin olunmamasının müəyyən olunması, həmçinin xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli ekspert rəyində torpaq sahəsinin zəbt edildiyi deyil, sadəcə müdaxilə edildiyinin vurğulanması, ikinci rəyin ilkin verilən rəyin əksinə olaraq ziddiyyətli olması, məhkəmə tərəfindən bu kimi ziddiyyətli halların araşdırlmaması, heç bir əsas olmadan ikinci dəfə verilmiş ekspert rəyi və mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul etməsi ilə qərəzli yanaşmanın nümayiş etdirilməsi, nəticədə onun ədalətli məhkəmə araşdırması hüququnun, fundamental mülkiyyət hüququnun pozulması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini şikayətini müdafiə edərək orada göstərilənlərə və birinci instansiya məhkəməsndə verilmiş izahatlara uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, iddiaçı ilə qonşudur, əvvəllər iddiaçını tanımamışdır. Onların sərhəddində hasar ziqzaqvari olmuş, bir nəfər şəxs ona həmin hissədən hasarı sökərək düz formada çəkməsinə icazə vermişdir. Bu səbəbdən də o, hasarı ziqzaqvari hissədə sökərək düz xətt ilə yenidən inşa etmiş və həmin ərazidə tikinti işlərini başlamışdır. Bir müddət sonra isə iddiaçı etiraz edərək, həmin sahəsinin mülkiyyətçisi olduğunu ona bildirmişdir. Hazırda tikinti işləri dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iki ziddiyyətli rəy verilmiş, lakin məhkəmə bu halı tam və hərtərəfli araşdırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci iddia ərizəsində göstərilənlərə, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh açıq-aşkar onun mülkiyyət hüquqlarını pozmuş, onun hasarının bir hissəsini sökərək, həyətinə müdaxilə etmiş, orada tikinti işləri aparmışdır. Birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmış, hakim yerində baxış keçirmiş, ekspertiza təyin etmişdir. cavabdeh özü də etiraf edir ki, onun hasarını sökmüşdür. Texniki pasportda həmin hissədə hasarı ziqzaqvari olmuş, bu barədə fotoşəkilllərdə mövcuddur. Lakin, cavabdeh həmin hissədə hasarını sökmüşdür. Birinci dəfə rəy əsaslandırılmadan verilmiş, ikinci rəy isə tam və hərtərəfli olmaqla düzgün verilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, bu səbəbdən də şikayətin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X4 küçəsi, ev 8 A İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi faktiki sahəsi 311 kv.m təşkil edən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsi ilə ortaq olan daş hasarın bir hissəsinin iddiaya əsasən cavabdeh tərəfindən sökülməsinə baxmayaraq **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyyətində olan torpaq sahəsinə Cavabdeh tərəfindən hər hansı bir müdaxilə olunmamışdır (tikili tikilməmişdir). İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və xx.xx.2024-cü il tarixli təkrar ekspert rəyindən görünür ki, torpaq sahəsi faktiki olaraq 336,9 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 107,8 kv.m olan yaşayış evi mövcuddur. Göstərilən 336,9 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107,8 kv.m olan fərdi yaşayış evi **********62-10301 reyestr nömrəsi ilə X5 xüsusi mülkiyyətindədir, faktiki hasarların yerləşməsinə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən perimetrik ölçülərinə uyğun koordinatlara nəzərən X5 yerinə müdaxilə olmuşdur. Belə ki, texniki pasportun ziqzaqvari divar hissəsi qonşu tərəfindən sökülərək 11.0 kv.m sahəyə müdaxilə olunaraq tikili tikilməsi müəyyən edilmişdir. Bundan başqa bildirilir ki, ilkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərqin səbəbi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəylərinin fərqli olmasıdır. İş üzrə yoxlanılan hissədə birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim edilmiş sənədlərdən, keçirilmiş yerli baxışdan və təkrar ekspertiza rəyindən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdeh tərəfindən texniki pasportunda göstərilən ziqzaqvari divar hissəsi sökülərək onun sahəsinə müdaxilə olunaraq tikili inşa edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Hazırkı halda iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mübahisəli ünvanda yerləşən 0,03369 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna əsaslanmaqla, torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi və s. tələblər irəli sürmüşdür. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisənin düzgün həll olunması üçün xüsusi bilik tələb edən məsələlərin həll olunması üçün müxtəlif tarixlərdə mütəxəssis və ekspert rəyləri alınmışdır. İlkin ekspert rəyində (xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli ekspert rəyi) cavabdeh tərəfindən iddiaçıya məxusus torpaq sahəsinə hər hansı müdaxilənin olunmadığı müəyyən olunmuşdur. Lakin, birinci instansiya məhkəməsinin həyata keçirdiyi yerli baxış (yerində müayinə) zamanı müəyyən olunmuşdur ki, texniki pasportda göstərilən ziqzaqvari divar hissəsi faktiki olaraq mövcüd deyildir. İddiaçıya məxsus texniki pasportda göstərilən məlumatlarla, ekspertiza rəyi bir-birinə uyğun gəlmir. Torpaq sahəsinə və texniki pasporta vizual baxış zamanı açıq-aşkar müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsini cavabdehin torpaq sahəsi ilə birləşdirlən hasar ziqzaq şəkilli formadadır. Lakin, hazırki vəziyyətdə həmin hasar düz vəziyyətdə inşa edilib və əvvəlki ziqzaqvari hasarın aşırıldığı müəyyən olunur (izləri yerində mövcuddur). Həmin yerdə isə cavabdeh hasara bitişik tikili inşa etmişdir. Hətta yerində müayinədə iştirak edən cavabdeh həmin hasarı sökərək, düz formada inşa etdiyi, həmin ərazidə tikinti apardığını etiraf etmişdir. Ekspertiza rəyində isə bu məsələlərə ümumiyyətlə qiymət verilməmiş, nəzərdən qaçırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə təkrar tikinti-texniki ekspertiza təyin olunmasını qərarına gəlmişdir. İşdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 14 mart 2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli təkrar ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq 336,9 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 107,8 kv.m olan yaşayış evi mövcuddur. Göstərilən 336,9 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107,8 kv.m olan fərdi yaşayış evi **********62-10301 reyestr nömrəsi ilə iddiaçı X5 xüsusi mülkiyyətindədir. Faktiki hasarların yerləşməsinə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən perimetrik ölçülərinə uyğun koordinatlara nəzərən iddiaçı X5 yerinə müdaxilə olmuşdur. Belə ki, texniki pasportun ziqzaqvari divar hissəsi qonşu tərəfindən sökülərək 11.0 kv.m sahəyə müdaxilə olunaraq tikili tikilməsi müəyyən edilmişdir. Hazırkı halda isə, qətnamənin yoxlanılan hissəsində cavabdehin əsas dəlili qeyd olunan rəylər arasında ziddiyyətin olması, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılmaması olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etməklə ilkin ekspertiza ilə razı olmamasını ifadə etmiş, təkrar ekspertizanın təyin olunması barədə 29 noyabr 2023-cü il tarixli qərardadında bunu kifayət qədər əsaslandırmışdır. Yuxarıda da qeyd edildiyi kimi, ilkin ekspertiza rəyindən sonra məhkəmə tərəflərin iştirakı ilə yerində müayinə keçirmiş, mövcud vəziyyətdə iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlərlə (texniki pasport, çıxarış) ilkin ekspertiza rəyi arasında uyğunsuzluqların olmasını müəyyən etmişdir. İşdə olan, iddiaçının adına verilmiş çıxarışdan və texniki pasportdan görünür ki, həqiqətən torpaq sahələri arasında hasar ziqzaqvari şəkildə inşa olunmuşdur. İşdə olan video çəkiliş və fotolardan da hasarın ilkin vəziyyəti və sökülmüş sonrakı vəziyyəti, həmin yerdə cavabdeh tərəfindən müəyyən tikinti işlərinin aparılması da açıqaşkar görünür. Eyni zamanda ilkin ekspertiza rəyindən (eləcə də, mütəxəssis rəyindən) açıq-aşkar görünür ki, rəy əsaslandırılmamış, hər hansı koordinat nöqtələri göstərilmədən, ümumi formada müdaxilənin olmaması qeyd edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdehin özü də iddiaçıya məxsus ziqzaqvari hissədə hasarı sökməsini və düz xətt ilə inşa etməsini, həmin hissədə ev inşa etməyə başladığını inkar etməmiş (bunu həm birinci instansiya məhkəməsində yerli müayinə zamanı, həm də apellyasiya icraatı zamanı izahatında bildirmişdir), səbəbini isə guya hər hansı bir şəxsin ona belə icazə veməsi kimi əsaslandırmağa çalışmış, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, cavabdehin sadəcə ilkin rəyi əsas tutmaqla, qeyd edilənləri inkar etməyə çalışması hüquqdan sui-istifadə olmaqla, yolverilməzdir. Buna baxmyaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı ilkin və təkrar mütəxəssis rəylərini vermiş - Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssisləri X2 və X1 məhkəməyə dəvət olunaraq dindirilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında izahat vermiş mütəxəssis E.Nəsirov ilkin rəylə bağlı bildirmişdir ki, o, təqdim olunmuş sənədlər üzrə ilkin rəyi vermiş, texniki pasportda hasarın ziqzaqvari olması, lakin sökülərək düz çəkilməsi və s. bu kimi halları nəzərə almamışdır. Təkrar ekspertiza zamanı isə arxivdə saxlanılan xəritə və koordinatlar nəzərə alınmaqla, bu sahədə daha ixtisaslaşmış mütəxəssis Ş.Məmmədəliyev tərəfindən rəy verilmişdir. Hər iki rəyi və mövcud vəziyyəti nəzərə alaraq hesab edir ki, həqiqətən iddiaçıya məxsus torpaq sahəsinə təkrar rəydə göstərildiyi formada müdaxilə baş vermişdir. Məhkəmə iclasında izahat vermiş mütəxəssis Ş.Məmmədov təkrar rəylə bağlı bildirmişdir ki, İdarəyə məxsus baza məlumatlarında mübahisəli sahədə əvvəllər zikzakvari hasar olduğu görünmüş, həmin hasarın yeri müəyyən olunmaqla koordinatlara əsasən əminliklə deyə bilir ki, iddiaçıya məxsus sahəyə müdaxilə olmuşdur. O, rəydə müdaxilə olunan sahəni və s. halları konkret qeyd etmişdir. Göründüyü kimi, mütəxəssislərin izahatlarından da təkrar rəyin tam, hərtərəfli, obyektiv və daha mötəbər olması müəyyən edilir. Beləliklə, müəyyən edilir ki, cavabdeh hər hansı qanuni və hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə aralarında olan hasarın bir hissəsini (texniki pasportun ziqzaqvari divar hissəsini) sökərək həmin hissədə tikili inşa etməyə başlamış, bununla da iddiaçıya məxsus 11,0 kv.m torpaq sahəsi cavabdeh tərəfdə qalmaqla, onun tikintisi altına düşmüşdür. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, cavabdeh daşınmaz əmlaka dair qanuni əşya hüquqlarının mövcudluğuna dair məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. Belə olan halda, iddiaçı onun mülkiyyət hüququnun pozulmasına səbəb olan halların aradan qaldırılması barədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, MM-nin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Rеspublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri məcmu halda, xüsusilə mülkiyyət hüququnun konstitusion əhəmiyyətini və qanunla qorunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi ziyanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar