Məhkəmə qərarları › İş №2(103)-5122/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5122/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5122/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 İddiaçı vəkili Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. BA112683 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Audi” markalı “A6” modelli, 2015-ci il buraxılışlı, qara rəngli ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil fiziki şəxs X5 adına qeydiyyata alınmışdır.

2. “Elektron notariat” X1 çıxarışa əsasən mülkiyyətçi X7 “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə AC 016081 nömrəli sürücülük vəsiqəsi olan İddiaçı adına etibarnamə vermiş, həmin etibarnamə üzrə İddiaçı avtomobildən istifadə etmək hüququ müəyyən olunmuşdur.

3. İ-MİC-2377/21 saylı sığorta şəhadətnaməsindən və həmin sığorta şəhadətnaməsinə 3 saylı əlavəsinə əsasən tərəflər arasında fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığorta müqaviləsi bağlanmış və iddiaçının idarə etdiyi avtomobil xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında 47.000 manat sığorta məbləği həddində sığorta edilmiş və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən 100 manat şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur.

4. xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermişdir. Həmin protokol üzrə çıxarılmış TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir.

5. Namiq Həsənovun (Audi.az) xx.xx.2021-ci il tarixdə, saat 12:47-də Həsən Şıxlıya (Paşa Sığorta) ünvanladığı elektron məktuba əsasən ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə keçirilmiş elektron diaqnostika zamanı müəyyən olunmuşdur ki, avtomobilin təhlükəsizlik yastıqları xx.xx.2021-ci il tarixdən nasaz olmuşdur. Bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd etmişdir (sürücünün təhlükəsizlik yastığının piropatronu və s.).

6. "xxxx" ASC-nin 23 oktyabr 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə ümumilikdə 16.951 manat pul vəsaiti tələb olunur.

7. Müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixdə “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi zamanı hava yastıqlarının açılması baş verməmişdir. Həmin avtomobilin hava yastıqları toqquşma zamanı təsir edən zərbədən açılmamışdır. Həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır.

8. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 5343/1 saylı məktubuna əsasən İddiaçı bildirilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına sorğu göndərilmişdir. Mülki Məcəllənin 934.1-ci maddəsinə uyğun olaraq göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəyi qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 8.680 manat məbləğində qiymətləndirilmişdir.

9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişi verilməsindən imtina edilmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli şikayəti əsasında İddiaçı idarə etdiyi “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta dələduzluğu olması ilə bağlı araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qusar Rayon Prokurorluğunun 01 noyabr 2022-ci il tarixli, 401xid-22 saylı məktubuna əsasən həmin qərar hal-hazırda ləğv edilməmişdir.

11. Qusar rayon Polis şöbəsinin “Cinayət işinn başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən X8 barəsində cinayət işinin başlanması rədd edilmişdir.

12. “X15” Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”a əsasən “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə 29.565 manat zərər dəymişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 saylı ekspert rəyinə əsasən nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən həmin əziklərin nəqliyyat vasitəsinin hərəkət sürətinin hansı hədlərində maneəyə dəyməsi zamanı yaranmasının müəyyən edilməsinə dair hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığından nəqliyyat vasitələrinin üzərində olan əziklərin hərəkət sürətnin hansı hədlərində yaranmasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmənin ekspert qarşısında qoyduğu 2-7-ci suallar üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir.

14. “Audi A6” markalı avtomobilin təlimat kitabçasına əsasən müəyyən olunur ki, təhlükəsizliyə görə yüksək risk faktorlu qəza baş verdikdə, təhlükəsizlik yastıqları işə salındıqda, pirotexniki açar işə salınır, avtomobilin akkumulyatorunun alternatoru və starteri bort şəbəkəsindən ayrılır. Təhlükəli toqquşmalarda fövqəladə vəziyyətdən asılı olaraq bir və ya bir neçə hava yastığı sistemi işə salınır. Yüngül və arxa toqquşmalarda, eləcə də avtomobilin aşması zamanı hava yastığı sistemi açılmır. Belə vəziyyətdə, sərnişinlər adətən bərkidilmiş təhlükəsizlik kəmərləri ilə qorunur. Hər bir konkret vəziyyətdə təhlükəsizlik yastıqlarının açılması üçün vahid meyarlar yoxdur. Bu, qəzaların son dərəcə fərqli xüsusiyyətləri ilə bağlıdır. Məsələn, avtomobillə toqquşma obyektinin xüsusiyyətləri (bərk, yumşaq), toqquşma bucağı, avtomobilin sürəti və s. kimi amillər mühüm rol oynayır.

15. "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məkubuna əsasən təcrübədə yol nəqliyyat hadisəsi nəticəsində hava yastıqları açılmış 2015-ci il buraxılışlı, “Audi A6” markalı avtomobilin hadisədən sonra hərəkətə gətirilməsi (idarə olunması) bəzi hallarda texniki baxımdan mümkün olmuş, bəzi hallarda isə bu mümkün olmamışdır. Belə ki, bu kimi hallar həm nəqliyyat vasitəsinin texniki vəziyyətindən (əvəllər avtomobilin zədə görməsi və rəsmi servisdən kənar yerlərdə avtomobildə işlərin görülməsi və sair), həm də baş vermiş qəzanın risk faktorunun dərəcəsindən asılı ola bilər. 2015-ci il buraxılışlı “Audi A6” markalı avtomobil rəsmi servis tərəfindən müayinə olunmadan həmin avtomobilə dair sorğuda qeyd olunan sualın dəqiq cavablandırılması mümkün deyil.

Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx"ASC-dən “Audi A6” minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 29.565 manat sığorta ödənişinin, cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, hazırki iddia verilən vaxtadək 8.986 manat dəbbə pulunun, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Audi A6” minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən cavabdeh tərəfindən tam sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi etibarnamə əsasında İddiaçı tərəfindən idarə olunarkən Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır. TP4634387 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “X15 Servis Mərkəzi” tərəfindən həmin avtomobilə dair xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən ehtiyyat hissələrinin dəyəri və ümumi xidmət haqqı cəmi 29.565 manat müəyyən edilmişdir. Onun tərəfindən dəfələrlə cavabdehə və digər müxtəlif orqanlara müraciət olunaraq sığorta ödənişinin həyata keçirilməsi tələb olunsa da, cavabdeh dəfələrlə müxtəlif bəhanələr gətirərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəkdir. Əlavə olaraq bildirmişlər ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər 8.680 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh onun istifadəsində olan telefon nömrəsinə SMS göndərərək bildirilmişdir ki, “əmlaka dəymiş zərər 8.680 manat müəyyən edilmişdir. Təmir və ya ödəniş seçimi ilə bağlı qərar 1 gün ərzində bildirilsin”. Qeyd olunan məbləğ düzgün hesablanmadığından, eləcə də avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edildiyindən (hansı ki razılaşmaya və 3 saylı Əlavəyə ziddir) o, buna razı olmamış və öz iradlarını bildirmiş və avtomobilin yeni detallarla təmir edilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla razılaşmamışdır. O, bu barədə müxtəlif orqanlara, eləcə də Mərkəzi Banka da müraciət etmişdir. Bundan sonra, cavabdeh təşkilatın bu məsələyə münasibəti tamamilə dəyişmiş, ona qarşı qərəz yaranmış və cavabdeh xx.xx.2021-ci il tarixli məktubla Mərkəzi Banka və ona müraciət edərək göstərmişdir ki, “cəlb edilmiş müstəqil ekspertin hadisə ilə bağlı verdiyi rəy ilə sığortalının izahatı üzrə təqdim etdiyi məlumatlar arasında bir çox ziddiyyətli məqamlar olduğu müəyyən edilmişdir. Hal-hazırda hadisənin təfərrüatlarının aydınlaşdırılması və baş vermiş qəzanın sığorta hadisəsi olubolmamasının müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılmaqdadır. Nəzərinizə çatdırmaq istərdim ki, baş vermiş qəzanın sığorta hadisəsi olması faktı öz təsdiqini tapdığı təqdirdə vətəndaşa sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edilməyəcəkdir”. Sonradan isə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, “tərəflərindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət yaratmaqdadır. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib etməkdədir” Bu səbəbədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 23.1.5-ci bəndinə əsasən sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina üçün əsasdır. Hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi və həmin mövqeyə əsasən də sığorta ödənişindən imtina etməsi tam qanunsuz və əsassızdır. Belə ki, yolnəqliyyat hadisəsi baş verəndən dərhal sonra onun tərəfindən sığorta şirkətinə eləcə də polis orqanına məlumat verilmiş, X16 əməkdaşları, eləcə də cavabdeh təşkilatın əməkdaşları hadisə yerinə gəlmişlər və baş verənlərin canlı şahidi olmuşlar. Hətta yol nəqliyyat hadisəsi baş verməzdən bir neçə dəqiqə və hadisə baş verəndən dərhal sonra videogörüntülər mövcuddur. xx.xx.2021-ci il tarixli ekspert rəyi tam qanunsuz və əsassız olmaqla yanaşı qərəzlidir və mövcud sübutlarla tam təkzib olunur. Belə ki, ilk növbədə hadisədən bir neçə dəqiqə və hadisədən dərhal sonra çəkilmiş videogörüntülərlə sübut olunur ki, avtomobilin qabaq təhlükəsizlik yastıqları hadisədən öncə açılmış vəziyyətdə olmamış, məhz hadisə nəticəsində açılmışdır, hətta bu zaman təhlükəsizlik yastıqlarından çıxan tüstü də videogörüntülərdə əks olunur. Bundan başqa, cavabdeh öz imtinasında qeyd olunan halları əsas tutaraq, guya iddiaçının dələduzluq yolu ilə sığorta ödənişi tələb etməsi ilə bağlı iddiaçı barəsində Qusar RPŞ-yə müraciət etmiş, lakin cavabdehin müraciətində qeyd olunan hallar öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli qərar ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Qusar Rayon Məhkəməsinin 6(029)- 3/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin şikayət ərizəsi təmin edilmiş, həmin qərar ləğv edilmişdir. "xxxx" ASC ilkin araşdırma dövründə sığortalı İddiaçı dəymiş ziyanın əvəzi kimi 8.680 manat təklif etmiş, lakin İddiaçı həmin ziyanın 20.000 manatdan yuxarı olduğunu bildirərək təklifi rədd etmişdir. Bu səbəbdən də sığorta şirkəti müstəntiqin qərarından şikayət vermişdir. Sonradan yenidən araşdırma aparılmış və yenə də Qusar RPŞ-nin İstintaq Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, qanunvericiliyə və sığorta müqaviləsinə əsasən hər gecikdirilən gün üçün sığorta məbləğinin 0,1 % faizi həcmində, hazırki iddia verilən vaxtadək 8.986 manat, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulu ödəməlidir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X6).

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə işin faktiki halları arasında kəskin ziddiyyət olmasına dair cavabdeh tərəfin istinad etdiyi etirazın dəlilləri əsaslıdır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəf iddiaçı tərəfə sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Çünki, sığorta hadisəsinin məhz 02 oktyabr 2021-ci il tarixdə baş verməsində əsaslı şübhələr var, avtomobil ya bundan öncə hər-hansı qəzaya düşmüş və təhlükəsizlik yastıqları açılmış, yaxud avtomobildə texniki nasazlıqlar olması səbəbindən həmin yastıqlar buna zərurət olmadan işə düşmüşdür. Hər bir halda, təhlükəsizlik yastıqları ilə bağlı hal 02 oktyabr 2021-ci il tarixdə baş verməsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqəli deyil, bundan öncəki dövrdə baş verən, məhkəməyə məlum olmayan hal ilə əlaqəlidir. Məhkəmə xx.xx.2021-ci il tarixdə baş vermiş qəza nəticəsində “Audi A6” markalı, 2015-ci il buraxılışlı, qara rəngli ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının açılmasından sonra avtomobilin mühərrikinin işə salaraq həmin avtomaşınla hadisə yerindən getməsinə dair işin müəyyən edilmiş halına da qiymət verərək hesab etmişdir ki, hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsinin mümkün olmamasına dair kifayət qədər sübutların mövcudluğu, iddiaçının avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramasından (qayaya çırpılması), sonra həmin avtomaşını hava yastıqları açılmış vəziyyətdə yenidən mühərriki işə salmaq yolu ilə idarə etməklə hadisə yerindən getməsi kimi iddiaçı tərəfin izahatının nə dərəcədə səmimi və həqiqətə uyğun olmasını şübhə altına almağa kifayət qədər əsas yaradır. Bir sözlə, iddiaçı tərəfin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının hadisədən öncə açılmış vəziyyətdə olmaması, məhz hadisə nəticəsində açılmasına irəli sürdüyü dəlillər və sübut əhəmiyyətli hesab etdiyi sənədlər kifayət qədər mötəbər və tutarlı sübut növləri kimi qiymətləndirilmir. Belə ki, məhkəmə cavabdeh tərəfin ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatların hadisənin faktiki halları ilə ziddiyyət yaratmasına dair dəlillərinin daha inandırıcı saymaqla onlarla razılaşmış və hesab etmişdir ki, yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri iddiaçı tərəfindən təqdim edilən məlumatları təkzib edir. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından təqdim edilmiş ekspert rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün mötəbər sübut kimi qəbul etmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci, 14.2ci, 21.1-ci, 21.2-ci, 390.1-ci, 443.1-ci, 883.1-ci, 884.3-cü, 888.1-ci, 899.1.1-ci, 922.1-ci, 925.1-ci, 925.2-ci, 926-cı, 933-cü, 935.1.6-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 9.1-ci, 9.3-cü, 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 217-ci, 218.1-ci, 218.3-cü və 220.4-cü maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100.3-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.072007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və mülki işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işin bütün faktiki halları nəzərə alınmamışdır. İş materiallarında hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı bir neçə sübut mövcuddur. Belə ki, zərər məbləği "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 2 hesabatında müvafiq olaraq 15.591 manat və 16.951 manat, həmçinin xx.xx.2021ci il tarixli hesabatında 8.680 manat, eləcə də “X15 Servis Mərkəzi”nin xx.xx.2022-ci il tariхli dəymiş zərərin hesablanmasına dair aktında 29.565 manat müəyyən еdilmişdir. O, avtomobilini məhz “X15 Servis Mərkəzi”nin xx.xx.2022-ci il tariхli dəymiş zərərin hesablanmasına dair aktına göstərilən qiymətə təmir etdirmişdir. Qeyd olunan məsələ ilə bağlı, Məhkəmə Eskpertiza Mərkəzinin yuxarıda qeyd olunan rəyi ilə də müəyyən olunmuşdur ki, avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30.535 manat müəyyən olunur. Avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25.161 manat müəyyən olunur. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin və ona əlavənin şərtlərinə əsasən sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edilməyəcəyini nəzərə alsaq, əslində ekspert rəyində qeyd olunan məbləğ iddia tələbində qeyd olunan məbləğdən artıqdır. Lakin buna baxmayaraq, obyektivlik və ədalətlilik baxımından iddiaçı sığorta hadisəsi nəticəsində özü tərəfindən avtobilin təmirinə çəkilmiş real xərci və sığorta ödənişinin əsassız və qanunsuz olaraq gecikdirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada dəbbə pulunu tələb edir. Belə ki, cavabdеh sığоrta ödənişini qanunsuz və əsassız оlaraq gеcikdirdiyi üçün, qanunvеriciliyə və sığоrta müqaviləsinə əsasən hər gеcikdirilən gün üçün sığоrta məbləğinin 0,1% faizi həcmində, hazırkı iddia vеrilən vaхtadək 8.986 manat, еyni zamanda iş üzrə qəbul еdiləcək məhkəmə qətnaməsi icra оlunan günədək еyni qaydada (hər gün üçün 29,56 manat) hеsablanmaqla dəbbə pulu ödəməlidir. (Sığоrta məbləği = 29.565 manat х 0,1% = 29,56 manat х 304 gün (xx.xx.2021-dən xx.xx.2022-dək)=8.986 manat). Mülki işin materiallarında olan sübutlara, iddia ərizəsində və yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi tam əsaslı və qanunidir, bu səbəbdən də tam təmin olunmalıdır. Mülki Məcəllənin müvafiq maddələrinin tələblərində və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə” sığorta Qaydalarının tələblərində sığorta ödənişinin verilməsindən imtina edilən hallar imperativ olaraq müəyyən olunmuşdur. Lakin hazırkı iş üzrə cavabdeh sığorta şirkəti qeyd olunan normalarda nəzərdə tutulmuş imtina üçün əsasların mövcud olmamasına baxmayaraq, qanunsuz və əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina etmiş, işə baxan məhkəmə də bütün bu halları araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşin mübahisəsiz hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta şirkəti sığorta ödənişindən imtina üçün “sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi”nə istinad etsə də, bunun nədə ifadə olunduğunu və tələblərə əsasən həmin mövcud olmayan halın nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması əsaslarından hansına aid olmasını qeyd etməmiş və sübut edə bilməmişdir. Əksinə iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, məlum sığorta hadisəsi baş vermiş, hadisə baş verən kimi o, bu barədə sığorta şirkətinə və X16nə məlumat vermiş, sığorta şirkətinin əməkdaşı hadisə yerində gəlmişdir. Eyni zamanda, DYP əməkdaşları hadisə yerində olmuş, baş vermiş yol nəqliyyat hadisəsinə görə onun barəsində protokol tərtib edilmiş və o inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticə etibarı ilə iddiaçının guya sığorta hadisəsi barəsində sığorta şirkətinə hansısa yalnış məlumat verməsi mövcud deyildir, bunun nədə ifadə olunduğu isə anlaşılan deyil. Sadəcə olaraq sığorta şirkətinin sığorta ödəşindən əsassız olaraq imtina etməsi üçün uydurduğu bəhanədir. Ümumiyyətlə, baş vermiş hadisə nəticəsində avtomobilin hava yastıqlarının hansı səbəbdən və ya hansı formada açılıb-açılmaması qanunvericilikdə sığorta ödənişindən imtina üçün nəzərdə tutulmuş əsaslara aid deyildir və sığorta ödənişindən imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən sübutlar təhrif olunmuş, düzgün araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsində iş materiallarında olan sübutları təhrif etmiş, işə baxan məhkəmə söz oyunu oynamaqla, yəni nasaz olan təhlükəsiz yastıqlarını hadisədən öncə “açılmış” kimi qələmə verməklə qeyri-obyektiv və qərəzli davranmış və bir sözlə işin mahiyyətinə təsir edə biləcək halları qərəzli olaraq cavabdehin xeyrinə dəyişməyə çalışmışdır. Bundan başqa, məhkəmə yenə də iş materiallarında olan sübutları təhrif etmiş və göstərmişdir ki, “avtomobilinə dair istehsalçının məlumatlarına görə avtomobilin təhlükəsizlik yastıqları açılandan sonra avtomobil kilidlənir və hərəkətsiz hala gəlir. Əlavə müdaxilə olmasa, avtomobilin hərəkətə gətirilməsi mümkün deyil.” Halbu ki, avtomobilə dair istehsalçının məlumatlarında belə bir fikir və ya qayda müəyyən edilməmişdir və məhkəmənin qeyd etdiyi həmin “məlumat” istehsalçının məlumatlarında mövcud deyildir. Əksinə avtomobilə dair istehsalçının məlumatlarında birmənalı və konkret olaraq qeyd olunmuşdur ki, “Hər bir konkret vəziyyətdə təhlükəsizlik yastıqlarının açılması üçün vahid meyar yoxdur!!! Bu, qəzaların son dərəcə fərqli xüsusiyyətləri ilə bağlıdır. Məsələn, avtomobillə toqquşma obyektinin xüsusiyyətləri (bərk, yumşaq), toqquşma bucağı, avtomobilin sürəti və sair kimi amillər mühüm rol oynayır”. Məhkəmənin istinad etdiyi və cavabdeh tərəfin ekspert rəyində qeyd olunan məlumatlar iş üzrə tədqiq olunmuş digər sübutlarla təkzib olunur, ümumiyyətlə həmin rəy tam olaraq qanunsuz və əsassızdır. Belə ki, işin müəyyən olunan halları ilə təsdiq olunur ki, hadisə baş verən zaman avtomobil orta 13 km/saat və maksimal 46 km/saat sürətlə hərəkətdə olmuş, lakin həmin rəydə avtomobilin 10 km/saat sürətlə hərəkət etdiyi yazılmışdır. Bundan başqa, eyni suallar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyində hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığı, qeyd olunan sualların məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd olunsa da, göründüyü kimi cavabdehin təqdim etdiyi rəyi verən müstəqil ekspert bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda və öz mülahizəsinə uyğun şəkildə qanunsuz rəy vermişdir. Həmçinin, həmin ekspert rəyindən görünür ki qeyd olunan rəydə məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli müraciəti qeyd olunmuşdur. Yəni ekspert reallığa və faktlara uyğun deyil, cavabdehin dediklərinə əsasən rəy vermişdir. Bundan əlavə, qeyd olunan rəyin və cavabdehin etirazının digər dəlillərinin əsassız olması ilə bağlı istintaq orqanının qanuni qüvvədə olan qərarı, yəni Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarı mövcuddur. Həmin qərarla cavabdehin dəlillərinə qiymət verilmişdir. Cavabdehin dəlilləri əsaslı olsa idi, onun barəsində cinayət işi başlanılardı. Eyni zamanda onun tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərlə də təsdiq olunur ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətindədir. Hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə də təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünür. Bundan əlavə necə ola bilər ki, sığorta ödənişindən qanunsuz olaraq imtina edilməsi üçün bəhanə gətirilən ekspert rəyi xx.xx.2021-ci il tarixində verilməsinə baxmayaraq, cavabdeh sığorta şirkəti xx.xx.2021-ci il tarixində, yəni imtina üçün əsas tutduqları əsassız rəyin verilməsindən 24 gün sonra iddiaçının istifadəsində olan telefon nömrəsinə SMS göndərərək əmlaka dəymiş zərərə görə 8.680 manat təklif etsin???!!! Qeyd olunanlardan da aydın olur ki, cavabdehin özünün əldə etdiyi və sığorta ödənişindən imtina üçün əsas tutduğu “ekspert rəyi” tam qanunsuz, əsassız və qərəzlidir. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını kobud şəkildə pozmuş və hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Mülki Məcəllənin 935.1.6-cı maddəsində göstərilən hal sığorta ödənişindən imtina üçün əsas olduğundan "xxxx" ASC xx.xx.2022-ci il tarixli yazılı bildirişlə iddiaçıya müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli müraciəti ilə əlaqədar məsuliyyətinin yaranmadığını əsaslandırmışdır. Avtomobilin təhlükəsizlik yastıqlarının başqa tarixdə və fərqli şəraitdə açılması, avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilməsi xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəyinin əsaslı və qanuni olması bir sıra hallarla da öz təsdiqini tapır. Belə ki, Audi servisin təlimat kitabçası “Audi A6” markalı avtomobilin hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsinin mümkünsüzlüyünü vurğulayır. İddiaçı öz izahatında bildirir ki, avtomobilin işə salınması üçün hadisə yerinə hər hansı mütəxəssis çağırmamış, avtomobili mühərrik hissəsinə müdaxilə edilmədən özü işə salmaqla Bakı şəhərinə qayıtmışdır. Həmçinin, xx.xx.2021-ci il tarixdə keçirilmiş avtomobilin elektron diaqnostikası zamanı müəyyən olunmuşdur ki, avtomobilin təhlükəsizlik yastıqları xx.xx.2021-ci il tarixdən nasaz olmuşdur. Daha sonra Bort kompüter göstəricilərinə əsasən avtomobilin salonunda olan hava yastıqları xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd etmişdir 9sürücünün təhlükəsizlik yastığının piropatronu və sair). xx.xx.2021-ci il tarixli məktubun göndərilməsi səbəbi ilə bağlı isə qeyd edilmişdir ki, bu məktub Mülki Məcəllənin 925-ci maddəsinin tələblərinə riayət etmək məqsədi ilə göndərilmişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlər ödəniş edilməsini deyil, müəyyənləşdirilmiş zərərin miqdarı barədə faydalanan şəxsin məlumatlandırılması xarakteri daşıyır. Belə məlumatların göndərilməsi sığortaçını mülki Məcəllənin 935-ci maddəsində göstərilən imtina əsaslarına istinad edərək, sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildirişin verilməsini məhdudlaşdırmır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir; 935.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsi əsaslarından biridir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı sığortalının sığorta tələbi daxil olduqdan sonra ən qısa müddət ərzində sığortalanan əmlaka dəymiş zərərin məbləğini müəyyən etməli, bundan sonra 1) sığorta ödənişinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sonuncu sənədin daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini ödəməli və ya 2) sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya yazılı formada məlumat verməlidir.

33. Hazırki mülki iş üzrə tərəflər arasında mübahisə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı sığorta şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan avtomobilə dəymiş zərərə görə sığorta ödənişi verilmədiyini əsas gətirərək avtomobilə dəymiş zərərin və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir, cavabdeh isə sığortalının sığorta tələbində göstərilən hallarla hadisənin faktiki əsaslarının ziddiyyət təşkil etdiyini, avtomobildə əvvəlcədən yaranmış nasazlıqların iddiaçının sığorta ödənişi almaq naminə sığorta hadisəsi kimi qələmə verdiyini bildirərək, sığorta ödənişinin verilməsindən imtina edir.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması aydınlaşdırılmalı, bundan sonra iddiaçının tələb etdiyi sığorta ödənişinin və sığorta ödənişinin gecikdirməsi əsası ilə dəbbə pulunun ödənilməsi məsələsinə hüquq qiymət verilməlidir.

35. İddiaçı idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının xx.xx.2021-ci il tarixdə Qusar-Laza yolunun 37-ci km-liyində maneəyə dəyməsi nəticəsində açıldığını iddia edir və həmin hadisədən sonra avtomobilin mühərrikini işə salaraq hadisə yerindən uzaqlaşdığını bildirir. Lakin iddiaçının istinad etdiyi məqamlar iş materiallarında olan sübutlarla təkzib olunur.

36. Belə ki, müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən avtomobilin hava yastıqlarının toqquşma zamanı təsir edən zərbədən açılmadığı, həmin yastıqların açılmasının başqa tarixdə və fərqli şəraitdə baş verdiyi və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edildiyi, bu səbəbdən avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqənin olmadığı qeyd edilmişdir.

37. Digər tərəfdən, Audi.az tərəfindən cavabdehə ünvanlanmış elektron məktubda qeyd edilən avtomobilin təhlükəsizlik yastıqlarının xx.xx.2021-ci il tarixdən nasaz olduğu, bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd edildiyi bildirilir. Bundan başqa, “Audi A6” markalı avtomobilin təlimat kitabçasına əsasən təhlükəsizliyə görə yüksək risk faktorlu qəza baş verdikdə, təhlükəsizlik yastıqları işə salındıqda, pirotexniki açar işə salınır, avtomobilin akkumulyatorunun alternatoru və starteri bort şəbəkəsindən ayrılır.

38. Yuxarıda göstərilən üç hal iddiaçının irəli sürdüyü tələblərin hüquqi əsasını sarsıdır və cavabdehin sığorta ödənişindən imtina edilməsi ilə bağlı mövqeyini gücləndirir.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyinin mötəbərliyini sual altına alaraq birinci instansiya məhkəməsinin həmin ekspert rəyinə əsaslanmasını qanunsuz hesab etmişdir. İddiaçının apellyasiya şikayətində sərgilədiyi bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırki halda iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil etdiyindən məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sayır və apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Hər bir halda, həmin rəydə göstərilənləri təkzib edən hər hansı məlumat iddiaçı tərəfindən məhkəməyə təqdim edilmir. Halbuki, avtomobil məhz iddiaçı üçün əlçatımlı idi və əksini sübut etmək üçün iddiaçı avtomobilə digər mütəxəssislər tərəfindən baxışın keçirilməsini təşkil edə bilərdi. Lakin bunu etməmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində istinad etdiyi hadisə anından əvvəlki və sonrakı avtomobilin videogörüntülərinin mövcudluğu ilə bağlı arqumentinə münasibətdə qeyd edir ki, həmin görüntülərin varlığı avtomobilin hava yastıqlarının əvvəldən nasaz olma faktını və ya hadisənin real hadisə olmasını özözlüyündə təsdiq edə bilməz. Bu səbəbdən, həmin videogörüntülər, o cümlədən hərəkət etdiyi məkan üzrə mənzərəni qeydə almaq əvəzinə naməlum səbəbdən və davamlı şəkildə avtomobilin məhz sükanının qeydə alındığı videoçəkiliş iş üzrə mötəbər sübut kimi qiymətləndirilmir.

41. Apellyasiya şikayətində göstərilən digər bir dəlil sığorta ödənişindən imtina etməsinə baxmayaraq sığortaçının avtomobilə dəymiş zərəri qiymətləndirməsi, sığortaçı tərəfindən tərtib olunmuş qüsur aktı ilə iddiaçı tərəfindən servis mərkəzindən əldə olunmuş qüsur aktı arasında avtomobilə dəymiş zərərin müəyyənləşdirilmiş qiymətində kəskin fərq olması, bunun iddiaçıda narazılıq yaratması və bundan sonra sığorta şirkəti tərəfindən qərəzli olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsidir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sığorta qanunvericiliyinin istinad olunan müddəalarından da göründüyü kimi sığorta şirkətinə sığortalı (sığorta olunan) tərəfindən sığorta tələbi daxil olduqdan sonra yekunda veriləcək qərardan asılı olmayaraq dəymiş zərərlə bağlı qiymətləndirmənin aparılması təşkil olunmalı və dəymiş zərər hesablanmalıdır. Başqa sözlə, sığorta tələbi üzrə imtina veriləcəyi əsası ilə sığortalı əmlaka dəymiş zərərin müəyyənləşdirilməməsi sığorta qanunvericiliyinin müddəalarına ziddir.

42. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, iddiaçının iddia tələbinin əsaslarından birini də "xxxx" ASC-nin şikayəti əsasında iddiaçı barəsində sığorta dələduzluğu əsası ilə toplanılmış material üzrə cinayət işinin rədd edilməsi təşkil edir. Belə ki, iddiaçı bu hala istinad edərək bildirmişdir ki, sığorta şirkəti iddiaçı tərəfindən baş vermiş hadisənin uydurma olduğunu və görüntü üçün yaradıldığını göstərsə də, səlahiyyətli dövlət orqanının qərarında bu hal öz təsdiqini tapmamışdır, bu səbəbdən də cavabdehin sığorta ödənişindən imtina etməsi əsassız olmuşdur.

43. Məhkəmə kollegiyası iddiaçının bu arqumentinə münasibətdə qeyd edir ki, sığorta qanunvericiliyinə əsasən sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə sənəd (Forma 4) imperativ əhəmiyyət daşıyır. Başqa sözlə, sığortalı barədə inzibati təhbehvermə haqqında və ya cinayət işinin rədd edilməsi barədə qərarın çıxarılması sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi və ya verilməsindən imtina edilməsi əsaslarından biri kimi çıxış etmir. Yəni, iş materiallarında olan cavabdehin iddiaçı barədə Qusar Rayon Prokurorluğuna ünvanladığı şikayət sığorta ödənişindən imtina edilməsi üçün atılan addım funksiyasını deyil, sadəcə hüquqi müstəvidə öz hüquqlarının müdafiəsi və qanunsuz hesab etdiyi əməllərin aşkara çıxarılaraq bu kimi hallarla mübarizə aparılması məqsədi daşıyır.

44. Mülki işin yuxarıda sadalanan həqiqi hallarından da göründüyü kimi, cavabdeh iddiaçının idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsini sığorta hadisəsi hesab etməməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda göstərilən səbəblərdən cavabdeh avtomobilə dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Bu baxımdan qeyd edilən hadisə sığorta hadisəsi hesab oluna bilməz və cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələbləri çərçivəsindədir. Bu da öz növbəsində iddiaçının bu tələbinin, həmçinin bu tələbdən törəyən digər tələblərinin əsassız olduğunu təsdiq edir və iddianın rədd edilməsini şərtləndirir.

45. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: . İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar