Məhkəmə qərarları › İş №2(103)-5124/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5124/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5124/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabehlər Cavabdeh2 və X1 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: xx.xx.2021-cı ildə sığorta hadisəsi baş verib. Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi, digər cavabdeh Qılıncxan Bayramova məxsus olan “Ford Transit” markalı **- TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə başqa şəxsin idarə etdiyi “X3” markalı **-MV- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. “Ford Transit” markalı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən icbari qaydada sığortalandığından “X3” markalı avtomobilin mexaniki zədə almasına görə həmin avtomobilin sahibi Əfqan Əliyevə iddiaçı tərəfindən zərərin əvəzi kimi 5.000 manat sığorta ödənişi verilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdehlərdən subroqasiya qaydasında 5.000 manat alınaraq iddiaçıya verilsin. İddiaçı 5.000 manatı cavabdehlərdən ona görə tələb edir ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə edib. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər Cavabdeh2 və Qılıncxan Bayramov məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi iddianı düzgün olaraq rədd edib, çünki iddiaçının subroqasiya hüququ yaranmayıb. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Birinci: Cavabdeh2 bildirir ki, yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olmayıb. Yol nəqliyyat hadisəsinin “Ford Transit” markalı avtomobilin sürücüsünün - Cavabdeh2 təqsiri üzündən baş verdiyini sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin hadisənin Cavabdeh2 təqsiri üzündən baş verdiyi təsdiq edən sübutlar işdə yoxdur. “İcbari sığortalar haqqında” Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Göründüyü kimi, “mülki məsuliyyətin yaranması faktı” ifadəsindən istifadə olunub, mülki məsuliyyətin yaranması üçün yol hərəkəti qaydasının təqsirli pozuntusu və bu pozuntu ilə zərərin arasında səbəbli əlaqə müəyyən edilməlidir. Cavabdeh2 barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunub. Həmin maddədə etibarnamə olmadan avtomobilin idarə edilməsinə görə məsuliyyət müəyyən olunub. Etibarnamə olmadan avtomobil idarə edilməsi ilə yolnəqliyyat hadisəsinin (toqquşmanın) arasında səbəbli əlaqə ola bilməz. Elə inzibati xətalar (yol ayrıcını keçmə qaydasının pozulması, ötmə qaydasının pozulması və s.) var ki, onlar öz xarakterinə görə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilir. Lakin elə inzibati xətalar (etibarnamə olmadan avtomobilin idarə edilməsi, təhlükəsizlik kəməri bağlamadan avtomobilin idarə edilməsi və s.) var ki, onlar öz xarakterinə görə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilməz. Əgər sığortaçı mülki məsuliyyətin yaranmasını müəyyən etmədən mülki məsuliyyətin icbari sığortası üzrə sığorta ödənişi verirsə, belə halda onun əks tərəfə qarşı subroqasiya hüququ yaranmır. İkinci: “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası belə göstərilib: “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi”. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Bu maddədə “qanuni əsaslar” deyiləndə yalnız etibarnamə və ya digər yazlı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. Odur ki, avtomobilin istismar edilməsinin mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülkiyyətçi - cavabdeh Qılıncxan Bayramov bildirib ki, avtomobilin Cavabdeh2 tərəfindən idarə edilməsi onun iradəsinə uyğun olub. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu, onu təsdiq edir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında şifahi istifadə müqaviləsi mövcuddur. Avtomobilə dair istifadə müqaviləsi üçün yazılı forma məcburi forma kimi müəyyən edilməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar