Məhkəmə qərarları › İş №2(103)-5125/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5125/2020

01.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5125/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı2, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-451/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh və Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinəaçıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 M8, mənzil 5 ünvanında yerləşən ümumi sahəsi 120.7 kv.m olan mənzilə dair İddiaçı1 adından etibarnamə əsasında İddiaçı2 ilə Cavabdeh2 arasında Bakı şəhəri 11 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2016-cı il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına xx xxxxx 2018-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzilə iddiaçının xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bir neçə gün əvvəl ona məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6052/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı2, X14, X9 və X5 ünvan 3 M8, m5 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İşin həqiqi halı ondan ibarətdir ki, ünvan 3 M8, mənzil 5 ünvanında yerləşən mənzil İddiaçı1 məxsusdur. Mənzilin Cavabdeh2 satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilə əslində real alqı-satqını həyata keçirmək məqsədilə bağlanmamışdır. Mənzilin mülkiyyətçisi İddiaçı1 həmin mənzilin alqı-satqı müqaviləsindən heç bir məlumatı olmamışdır. İddiaçı2la Cavabdeh2 anası X7 arasında əslində borc münasibəti olmuşdur. Belə ki, İddiaçı2 müəyyən ehtiyacları ödəmək üçün 2016-cı ildən əvvəlki dövrlərdə də P.Məmmədovadan borc pul götürmüşdür. Kiçik məbləğlərdə olan borc münasibətlərində aralarında müqavilə bağlanmamışdır. Lakin 2016-cı ilin payızında İddiaçı2 borc pul lazım olmuş, bununla əlaqədar P.Məmmədovaya yenə də borc üçün müraciət etmişdir. Bu dəfə 50 min ABŞ dolları həcmində borc pul istənildikdə P.Məmmədova İddiaçı2 mənzili formal alqısatqı ilə onun adına keçirməyi tələb etmişdir. İddiaçılar və Cavabdeh2 anası P.Məmmədova qohumdurlar, əvvəllər də borc götürüb qaytardıqlarından aralarında inam olsa da, məbləğin böyüklüyünə görə mənzilin alqı-satqı müqaviləsinin bağlanması təklif edilmişdir. İddiaçı2 isə başqa cür borc pul əldə edə bilmədiyindən öz iradəsindən asılı olmayaraq anası İddiaçı1 mülkiyyətində olan mənzilin formal olaraq Cavabdeh2 adına alqısatqı müqaviləsi ilə rəsmiləşdirilməsinə razı olmuşdur. Mənzilə dair alqı-satqı müqaviləsinin formal, əslində İddiaçı2la Cavabdeh2 anası P.Məmmədova arasında olan borc münasibətlərini pərdələmək məqsədilə bağlandığı aşağıdakı dəlillər də təsdiq edir: - Bakı şəhəri Naxçıvani küçəsində yeni tikilmiş binada 120.7 kv.m sahəsi olan içərisində ailə üzvlərin ilə birlikdə yaşadığı, tam təmirli hər cür kommunal şəraitli mənzilin real satış qiyməti 2016-cı ilin dekabr ayında ən azı 250 min manat olmuşdur, hazırda da həmin dəyərdədir. Mənzil real olaraq satılırdısa, 100 min manat dəyərində satılması qətiyyən reallığa uyğun deyil ki, bu da müqavilənin formal bağlandığını təsdiq edir; - Müqavilənin bağlandığı xx.xx.2016-cı il tarixdən cəmi 1 gün sonra, xx.xx.2016-cı ıl tarixdə cavabdeh Müzəffər Məmədovun öz xətti ilə əlyazmasında İddiaçı2 50 min ABŞ dolları borc aldığını təsdiq edən qəbz yazılmışdır. Həmin qəbzdə də İddiaçı2 P.Məmmədovadan götürdüyü borcun və ona hesablanan faizlərin miqdarı göstərilir; - Cavabdeh2 universitet tələbəsi olmaqla heç bir yerdən gəlir əldə etmədiyi halda Bakı şəhərində anası P.Məmmədova ilə kirayə mənzildə yaşayır. Əgər Cavabdeh2 mənzil almışdırsa, özü kirayədə yaşadığı halda 2016-cı ilin dekabr ayından keçən 3 ildən artıq müddətdə nəyə görə bu mənzilə köçməmiş və köçmək tələbi irəli sürməmişdir. Yalnız 2019-cu ilin aprel-may aylarında İddiaçı2 borc aldığı pulu qaytara bilmədiyini görüb, artıq gözləmək istəmədiyindən və ya ondan pulu almaq üçün təzyiq elmək məqsədilə məhkəməyə müraciət etmişdir; - Cavabdeh2 mənzili real alqı-satqı etmədiyinə görə mənzilə pasport qeydiyyatına da düşməmiş, keçən müddət ərzində 1 dəfə də olsun bu mənzilə gəlməmiş və ya hər hansı formada mənzili aldığını iddia etməmiş, bunu təsdiqləyəcək davranış göstərməmişdir. Bu ilin yayında İddiaçı2 Cavabdeh2la aralarında telefon danışıqlarında 50 min ABŞ dolları borc məbləğinin qaytarılması ilə bağlı müzakirələr aparılmış, Cavabdeh2 borca faizləri hesablayaraq 2019-cu ilin may ayında İddiaçı2 onlara 106 min ABŞ dolları qaytarmalı olduğunu bildirmişdir. Yuxarıda sadalanan xüsusatlarla təsdiq olunur ki, İddiaçı1 adından İddiaçı2 etibarnamə əsasında alqı-satqısını rəsmiləşdirdiyi mənzil əslində Cavabdeh2 satılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-451/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmçinin iddiaçılar İddiaçı1 və X3 100 000 (bir yüz min) manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh2 ödənilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin tərəfləri Cavabdeh2 və İddiaçı1dır və onlar arasında hər hansı bir borc münasibəti mövcud deyil. Həmçinin birinci instansiya məhkəmə iş üzrə verilmiş ekspert rəyinə əsaslanaraq mənzilin dəyırinin daha çox olmasını, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsində isə mənzilin real bazar qiymətinin əks edilməməsi əsas götürərək iddia tələbini təmin etmiş. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında mənzilin hansı qiymətə satılıb-alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsinin tərəflərinin iradəsindən asılıdır. Qətnamədən həmçinin Bakı şəhəri 11 saylı Notariat Kontorunun nümayəndəsi onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahil etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli müqavilə bağlanarkən tərəflər iradə ifadələrini sərbəst surətdə və könüllü olaraq ifadə etmiş, bu müqavilənin məzmununu və şərtlərini öz istədikləri kimi müəyyənləşdirmiş və bu iradə ifadələrini Notariat ofisinə verilmiş ərizələr ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Xəyal Feyzullayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verib qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə digər tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 35, M8, m5 tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2016-cı il tarixə kimi AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi r, Əcəmi Naxçıvani küç, 35, M8, m5 ünvanlı mənzili 100 000 manata alıcı Cavabdeh2 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. Müqavilənin 2.1-ci bəndinə əsasən “Birinci tərəf” İddiaçı1 nümayəndəsi İddiaçı2 satılacaq mənzili 100 000 manata qiymətləndirir və həmin qiymətə “ikinci tərəf” – Cavabdeh2 satmağı, “ikinci tərəf” isə 100 000 manata almağı öhdəsinə götürür. İkinci tərəf satış məbləğindən 90 000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə birinci tərəfin nümayəndəsi İddiaçı2 ödəyir, satış qiymətindən qalan 10 000 manatın mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ******* nömrəli daşınmaz əlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı1 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 120.7 kv.m olan mənzili 100 000 manata satmış, alıcı Cavabdeh2 isə həmin qiymətə almışdır. Müqavilənin 3-cü bəndinə əsasən alıcı mənzilin qiymətinin əsasən 90 000 manatını ilkin müqavilə bağlanarkən, qalan 10 000 manatını isə hazırda satıcıya ödədi. Müqavilənin 14-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı xx.xx.2016-cı il tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli əlyazmadan görünür ki, X1 Müzəffər Süleyman oğluna xx.xx.2016-cı il tarixli XK-839 saylı məktuba əsasən xx.xx.2016-cı il tarixdə 90 000 manat və 10 000 manat olmaqla ümumilikdə 100 000 manat məbləğində pul təhvil vermişdir. -sadə yazılı (əlyazma) qəbzdən görünür ki, İddiaçı2 Cavabdeh2 faizlərlə birlikdə 106.500 ABŞ dolları borcu vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6052/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, X11, X6 və X8 qarşı “yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər İddiaçı2, X10, X4 və X5 ünvan 7 M8 m 5 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7199/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 0842/19/Mİ nömrəli ekspert rəyi ilə ünvan 7 M8 ünvanındakı 14 mərtəbəli, yeni tikili binanın 8-ci mərtəbəsində yerləşən 120,7 m² ümumi sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilinhazırkı satış (likvid) qiyməti 228 000 (iki yüz iyirmi səkkiz min) manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli ADA-01/M saylı qiymətləndirmə rəyi ilə ünvan 8 ünvanında yerləşən və ümumi sahəsi 120.7 kv.m olan mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyəri 250 000 (iki yüz əlli min) manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 bildirmişdir ki, iddiaçının yaxın dostudur, Pərvanə Məmmədovanı tanıyır, onu 2 dəfə görmüşdür, oğlunu isə tanımır. İddiaçı2 P.Məmmədovadan borc pul götürmüş, problemləri olduğundan qaytara bilməmişdir. İddiaçı2 dediklərinə əsasən P.Məmmədovadan 50 000 ABŞ dolları borc aldığını bilirdi. Onun şəxsən bununla bağlı P.Məmmədova ilə telefon danışığı olmuş, İddiaçı2 borcu qaytarmaq üçün ipoteka qoymaqla kredit götürmək istəyi barədə bildirmiş, lakin P.Məmmədova razılaşmamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X16 bildirmişdir ki, Cavabdeh2 onun nəvəsi, İddiaçı2 isə onun arvadının xalası nəvəsidir. Aralarında qohumluq münasibətləri olmuşdur. İddiaçı2 özü dəfələrlə evi satmağı təklif etmişdir. Aralarında 100 000 manat dəyərində müqavilə bağlanmışdır. Gəncədən Bakıya gələrək alqı-satqı üçün pulu “xxxxxxxxx” ASC-yə o ödəmişdir . Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, iddiaçılar iddia edir ki, cavabdehin anasından borc pul götürmüş, pulun qaytarılmasının təminatı üçün cavabdehin anası mənzilin onun oğlunun, yəni cavabdehin adına rəsmiləşdirilməsini istəmiş, ona görə də görüntü üçün alqı-satqı müqaviləsi bağlamışlar, yalnız həmin məbləğ ödəniləcəyi halda mənzilin geri qaytarılacağı şərtləndirilmişdir. İddiaçıların əsaslandığı hallardan görünür ki, onlar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər: müqavilə yalan əqdir, yəni ipoteka müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. İddiaçılar iş materiallarına əlavə edilmiş sadə yazılı formada borca dair qəbzə istinad edərək, cavabdehlə aralarında borc münasibətlərinin olduğunu irəli sürmüşlər. Kollegiya iddiaçıların bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında sadə yazılı formada borca dair qəbz olsa da, həmin qəbzin kim tərəfindən tərtib olunduğunu məlum etmək mümkün deyildir. Belə ki, sözügedən qəbzdə tərəflərin imzaları yoxdur. Həmçinin cavabdeh iddiaçılarla aralarında borc münasibətlərinin olduğunu inkar edir. Kollegiya birinci instansiya məhkəməsinin “iş materiallarında olan qiymətləndirmə rəyinə görə ünvan 8 ünvanında yerləşən və ümumi sahəsi 120.7 kv.m olan mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyəri 250 000 (iki yüz əlli min) manat müəyyən edilmişdir. Ona görə də mənzilə dair 100.000 manat dəyərində bağlanmış alqısatqı müqaviləsinin etibarlılığı şübhə yaradır və reallığı əks etdirmir.” barədə gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notarial qaydada təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notarial qaydada təsdiqləndikdə etibarlı sayılır. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və oıııın bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Göründüyü ki, sözügedən qərarda müqavilə tərəflərinin mənzilin hansı qiymətə satılmasının iradəsindən asılı olduğu qeyd edilmişdir. Hazırki işdə mübahisəli müqavilə bağlanarkən tərəflər iradə ifadələrini sərbəst surətdə və könüllü olaraq ifadə etmiş, bu müqavilənin məzmununu və şərtlərini öz istədikləri kimi müəyyənləşdirmiş və bu iradə ifadələrini Notariat ofisinə verilmiş ərizələr ilə təsdiq etmişlər. Göründüyü kimi mübahisəli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Kollegiya həmçinin onu da qeyd edir ki, İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq, müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırkı işdən isə görünür ki, İddiaçı2 mübahislə mənzilin mülkiyyətçisi olmamış, o sadəcə olaraq mülkiyyətçi Svtelana Salmanovanın adından etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlamışdır. Belə olan halda isə alqı-satqı müqaviləsinin tərəfi İddiaçı2 deyil, digər iddiaçı Svtelana Salmanovadır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı2 subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmamamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-451/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması”na dair iddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar