Məhkəmə qərarları › İş №2(103)-5127/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5127/2023

05.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5127/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2043/2023-014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 112 saylı evin 1 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (dundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00010 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) və İran sobası istifadə edilir. xx.xx.2018-ci il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “Smart G4T İTRON DİAFRAQMA” markalı qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz işləricilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, QSC-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 35.424 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 4.250,88 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına (abonent kodu: **********00010) hesablanmış 4.226,88 manat məbləğində borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 112, 1 saylı mənzildə 6 nəfərdən ibarət ailəsi ilə birgə yaşayır. Qeyd edilən evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş, **********00010 saylı abonent kodu açılaraq, Smart-kart tipli sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq, karta yüklədiyi məbləğ qədər qaz sərf edir. Bu səbəbdən cavabdehə hər hansı borcunun yaranması mümkün deyildir. Lakin mart ayında cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, guya evdə qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğuna dair akt tərtib edilmişdir. Həmin akta əsasən guya onun 4 226,88 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur. Belə ki, həmin əlavə qoşqu bir neçə il əvvəl cavabdehdən rəsmi şəkild icazə alınmaqla xeyir-şər evi üçün quraşdırılmışdır. O, həmin xətdən heç vaxt istifadə etməyib, həmin xəttin ona heç bir aidiyyəti yoxdur. Bundan əlavə, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın plombları üzərində olmuş və onun üzərində heç bir zədə aşkar edilməmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2043/2023-saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00010) hesablanmış 4.226,88 manat məbləğində borcun ləğv olunması, Cavabdehndən 62.26 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xətti istifadə etməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi akt yalnız onun öz əməkdaşları tərəfindən imza edildiyindən və iddiaçının həmin aktda imzası olmadığından qüsurludur və qanuni hesab edilə bilməz. İş materiallarında olan şəkillər aydın olmadığı və gecə vaxtı çəkildiyi üçün orada qanunsuz qaz xəttinin olması, hansı ünvana getməsi, hansı sayğaca birləşməsi müəyyən edilə bilmir. Aktın tərtib olunmasından 5 aya yaxın bir müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir hərəkət edilməmiş və istehlakçıdan borc tələb olunmamış, əksinə iddiaçı məhkəməyə müraciət edərək borcun silinməsini xahiş etmişdir. Cavabdeh tərəfin gətirdiyi şahid ifadələrində yalnız qaz xəttinə qoşulma faktının olması müəyyən olunsa da, həmin xəttin məhz iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacına qoşulması aşkar olunmur. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Smart sayğaclı abonentin hesabdan çıxarışa əsasən 2011-ci - 2023-cü illərdə iddiaçı tərəfindən mütəmadi olaraq ödənişlər olunmuşdur. Təkcə 2023-cü ildə 62,70 və 90 manat olmaqla, 222 manat ödəniş edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 1.3-cü, 3.1.5-ci, 4.8-ci, 5.2-ci, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən cavabdehin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuşdur. Həmin faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında xx.xx.2023-cü il tarixli Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən hesablanmış maddi ziyanın həcmi 35.424 m3 təşkil edir. Bununla belə, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış və iddiaçının sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktını rəqəmlərlə təsdiqləyən məlumatları araşdırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi saldoda da yer almış dəymiş ziyanın məbləğini də müəyyənləşdirməmişdır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi, həmçinin iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan cavabdehin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Belə ki, iddiaçı təbii qazı sayğacdan kənar istifadə edərkən qənaət etmək barədə düşünmür, əksinə israf edərək təbii qazı talayır. Beləliklə, birinci instansiya məhkəməsi belə qətnamə qəbul etməklə neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradan qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul etməsinin fərqində olmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Eyni zamanda, bildirmişdir ki, o, həmin evdə həyat yoldaşı ilə birlikdə yaşayır və təbii qazdan işləyən cihazlardan həmin evdə yalnız 4 gözlü qaz və iran sobası var. Onun evinin giriş darvazasının üzərindən ümumi qaz xətti keçir və həmin xəttin ona hər hansı aidiyyəti yoxdur. O, təbii qazdan sayğac üzrə istifadə etmiş və istifadə etdiyi həcmə uyğun ödənişlər etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

22. Həmçinin, qaz paylayıcısının əməkdaşları istehlakçısnın təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz onun (səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli, ən azı tərtib etdikdən sonra 1 nüsxəsini qeyd edilən şəxslərdən birinə təqdim etməlidiri. Belə ki, istehlakçının həmin prosesdə iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə onun aktı imzalamaqdan real olaraq imtina etməsi və ya özünün də pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Belə olan halda, aktda məhz nəticəyə uyğun qeydlər aparılmalıdır. O da nəzərə alınmalıdır ki, yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, videoçəkilişin aparılması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı qanunsuz qoşulma halına yol vermədiyini, ümumi qaz xəttinin onun evinin darvazasının üzərindən çəkildiyini, lakin həmin xəttin ona heç bir aidiyyətinin olmadığını bildirir. İddiaçının belə bir əmələ yol vermədiyini iddia etdiyi bir halda, qanunsuz qoşulması halının reallıqda baş verməsini sübut etmək məhz bu hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Cavabdeh də öz mövqeyinin təsdiqi olaraq iddiaçıya aid abonent saldosunu, qanunsuz qoşulma ilə bağlı fotoşəkilləri, tərtib edilmiş aktı və akt əsasında qəbul edilmiş qərarı təqdim edir, həmçinin, şahidlərin iştirakını təmin edir. Lakin bu sübutlar hər hansı mötəbərliyə malik deyil və bu baxımdan iddiaçı tərəfindən qanunsuz qoşulmaya yol verməsi və bunun nəticəsi olaraq cavabdehə nəinki 4.250,88 manat, ümumiyyətlə hər hansı məbləğdə zərər vurması qənaətinə gəlmək üçün əsas ola bilməz.

24. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli aktda iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Bu o deməkdir ki, cavabdehin nümayəndələri ən azı aktı tərtib etdikdən sonra iddiaçını bu barədə məlumatlandırmışlar, lakin iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Lakin iş materiallarından, o cümlədən iddiaçının izahatından və şahidlərin ifadələrindən bu aktın nəinki iddiaçıya təqdim edilməməsi, ümumiyyətlə iddiaçının müəyyən müddət ərzində bu akt barədə hər hansı məlumatının olmadığı müəyyən edilir. Bu da öz növbəsində həmin qeydin reallığı əks etdirmədiyini, bu baxımından həmin aktın “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri pozulmaqla tərtib edildiyini təsdiq edir.

25. xx.xx.2023-cü il tarixli akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 1 ədəd cihazın (4 gözlü qaz sobası) göstərildiyi halda, həmin aktda və qərarda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 3 cihaz (4 gözlü qaz sobası, QSC və dəmir soba) üzrə hesablanmışdır. Lakin abonent saldosunda göstərilməyən cihazların həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi aydın deyil. Aktda cavabdehin əməkdaşlarının evə baxış keçirildiyi barədə də hər hansı qeyd aparılmamışdır. Məhkəmə iclasında ifadəsi alınmış şahidlər də həmin evdə olduqlarını bildirmirlər. İddiaçı isə evdə 1 ədəd 4 gözlü qaz sobasından və 1 ədəd iran sobasından istifadə edildiyini göstərir. Belə olan halda, hər hansı müddət üçün 1 ədəd QSC üzrə hesablamanın aparılmasının hər hansı hüquqi əsası yoxdur.

26. Nəzərə alınmalıdır ki, hesablama 12 ay (xx.xx.2022 – xx.xx.2023) və 24 saat üzrə aparılmışdır. Halbuki, aktda olan qeyddən başqa bütün bu dövr üzrə qanunsuz qoşulma halına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmir. Hər bir halda, həmin qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1-dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan cavabdehin əməkdaşlarının 12 ay (360 gün) ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Belə olan halda, qanunsuz qoşulma ilə bağlı vurulmuş zərər ən azı həmin aktın tərtib edilmə tarixindən başlayaraq xx.xx.2023-cü il tarixədək hesablanmalı idi. Lakin berə bir aktın mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində 2022-ci ildə belə bir müayinənin aparılmadığını təsdiq edir və bu baxımdan da hesablamanın müddət etibarı ilə 1 il üzrə aparılmasını əsassız edir.

27. Digər tərəfdən akta və qərara əsasən ilin nisbətən isti ayı hesab olunan may və sentyabr, habelə isti ayı hesab olunan iyun, iyul və avqust ayları üzrə iran sobasının günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazın, hətta 1 ədəd 4 gözlü qaz sobasının özünün də həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması istehlakçının iradəsindən asılı olmayaraq mümkün deyil. Göstərilən 12 aylıq dövrün 5 ayına yaxın hissəsinin konkret olaraq ilin isti, o cümlədən yay dövrünə təsadüf etməsi səbəbindən isə onların ödənişsiz əsaslarla belə istifadə edilməsinə hər hansı ehtiyac qalmır. Bunu bilmək üçün qaz təchizatı sahəsində xüsusi biliyə malik olmağa hər hansı zərurət yoxdur. Bu cihazları istifadə edən və onlardan istifadə edilməsi qaydaları ilə tanış olan şəxs olmaq kifayətdir.

28. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən də iddiaçı tərəfindən abonent olduğu ünvan üzrə qaz sayğacından kənar, yəni qaz xəttinə qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi açıq və aydın şəkildə müəyyən edilmir. Sutkanın qaranlıq vaxtı çəkilmiş bu fotoçəkillərdə ayrı-ayrılıqda qaz xətti, darvazanın qapısı və sayğac əks olunmuşdur. Həmin şəkillərdən nəinki qanunsuz qoşulma halının mövcud olmasını, hətta bu şəkillərin ümumiyyətlə birinin-digərinə aidiyyətinin olmasını (vahid mənzərə yaratmır) müəyyən etmək olmur. Bu səbəbdən həmin fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Fotoşəkillərlə müqayisədə mötəbərliyi baxımından bu halı daha dəqiq və etibarlı şəkildə təsdiq edən videogörüntü isə cavabdeh tərəfindən təqdim edilmir.

29. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahidlərin ifadələri də qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid X8 mənzilə xx.xx.2022-ci il tarixdə, saat 01:51 radələrində baxışın keçirildiyini, həmin ünvan üzrə sayğac quraşdırıldığı 2018-ci ildən ödənişin edilmədiyini, qış ayları üçün 10 manat ödənişin aparıldığını, sərfiyyatın qış və yay dövründə fərqli cür hesablandığını bildirir. Halbuki, akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, akt üzrə hər hansı fərqli hesablama aparılmamışdır. Ümumiyyətlə ödənişin edilməməsi və qış ayları üçün 10 manat ödənişin edilməsi özü-özlüyündə ziddiyyətli ifadədir və abonentin saldosunda olan məlumatların tam əksidir. X2 heç bir hadisədə iştirak etmədiyini, sadəcə aktı imzaladığını bildirir. Həmin ifadələrlə bağlı cavabdeh tərəfindən məhkəmə iclasının protokoluna da qeyd verilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin ifadələrin qanunsuz qoşulma halının mövcud olmasını təsdiq edən möhtəbər sübut kimi qəbul etmir.

30. Ümumiyyətlə nəzərə alınmalıdır ki, cavabdehin əməkdaşlarının qanunsuz qoşulma halları aşkar etdikdə, qanunsuz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, bu barədə akt tərtib etmək və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etmək səlahiyyətləri imperativ şəkildə qanunvericilikdə təsbit edilmişdir. Başqa sözlə, cavabdehin əməkdaşları belə hallar müəyyən etdikdə qeyd edilən hərəkətlərin yerinə yetirilməsi vəzifəsini daşıyırlar. Belə olan halda, cavabdehin əməkdaşlarının ifadələrdə göstərildiyi kimi gecə saat 01:51-də və ya 04:00-da ünvana getməsi anlaşılmazdır.

31. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının aktda göstərilən ünvanda həyat yoldaşı ilə birlikdə daimi əsaslarla yaşaması həmin ünvan üzrə qazdan mütəmadi olaraq istifadə edilməsini birmənalı şəkildə təsdiq edir. Bu halı iddiaçı özü də etiraf edir. Bu da öz növbəsində təbii qazdan qeyri-qanuni istifadə edilməsinin müəyyən edilməsində abonentin saldo məlumatlarının təhlil edilməsinə zərurət yaradır. Lakin şahidlərin ifadəsinə zidd olaraq, saldo məlumatlarından da cərimə hesablanan dövrdə (xx.xx.2022-ci il xx.xx.2023-cü il) iddiaçının mütəmadi olaraq sayğac üzrə təbii qazdan istifadə etməsi və bu məqsədlə ödənişlər etməsi öz təsdiqini tapmır. Belə ki, bu məlumatlara əsasən qeyd edilən ünvan üzrə 2022-ci ilin yanvar ayında 343 m3, fevral ayında 226 m3, mart ayında 351 m3, aprel ayında 159 m3, may ayında 117 m3, iyun ayında 27 m3, iyul ayında 25 m3, avqust ayında 50 m3, sentyabr ayında 25 m3, oktyabr ayında 105 m3, noyabr ayında 200 m3, dekabr ayında 300 m3, 2023-cü ilin yanvar ayında isə 516 m3 həcmdə təbii qazdan istifadə etmiş və buna uyğun aylar üzrə ödənişlər etmişdir. İddiaçının həmin dövrdə daha artıq həcmdə təbii qazdan istifadə etməsi ilə bağlı isə hər hansı sübut təqdim edilmir. Məhkəmə tərəfindən də belə bir hal müəyyən edilmir.

32. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və onun əsasında qəbul edilmiş eyni tarixli qərar bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, bu səbəbdən hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən (fotoşəkillər və şahid ifadələri ilə birlikdə) sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş ziyan məbləğinin silinməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2043/2023-014 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar