Məhkəmə qərarları › İş №2(103)-5129/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5129/2024

12.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5129/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna yaşayış massivində yerləşən yaşayış evi üzrə 2017-ci ilin fevral ayından etibarən Cavabdeh abonentidir və ona **********08210 saylı abonent kodu verilmişdir.

2. İddiaçı yaşadığı həmin evin təbii qazla təchizatı üçün xx.xx.2022-ci il tarixdə “ZENNER G4T SMART” markalı, xx.xx.2023-cü il il tarixdə “Smart G-4 İTRON GALLUS PAY” markalı qaz sayğacları quraşdırılmışdır.

3. Sözügedən ünvanda 2021-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər ümumilikdə 13 ədəd akt tərtib olunmuş, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi göstərilməklə həmin aktlar əsasında ona cəmi 9857,5 manat borc hesablanmışdır.

4. 2017-ci ilin fevral ayından 2023-cü ilin sentyabr ayına qədər İddiaçı tərəfindən qaz istehlakına görə cəmi 707,5 manat ödəniş həyata keçirilmiş, qeyrimüəyyən səbəblə 2021-ci ilin noyabr ayında 2722,20 manat silinmə aparılmış, sayğac göstəriciləri əsasında hesablanmış borc da daxil olmaqla ona 2023-cü ilin noyabr ayında 7179,87 manat borc qalığı hesablanmışdır.

5. İddiaçı aid abonent saldosundan görünür ki, onun evində qaz işlədiicisi olaraq 4 gözlü qaz plitəsi (PQ-4) istifadə olunur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən abonent hesabına aktlar əsasında hesablanmış ümumilikdə 7179,87 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna yaşayış massivində yerləşən yaşayış evində yoxlama aparılarkən akt tərtib olunmuş və qazdan sayğacsız istifadə edildiyi göstərilməklə 7179,87 manat cərimə yazılmışdır. Halbuki nə o, nə də ailə üzvləri qazdan qeyri-qanuni istifadə etməmişlər, buna görə həmin cərimə məbləği silinməlidir. Himayəsində 5 azyaşlı övladı var, onlar aztəminatlı ailədirlər. Evdə 4 gözlü qaz plitəsi var, imkansızlıqdan qazdan istifadə etmir, evi qızdırmaq üçün odun sobasından istifadə edir. Cavabdeh İB tərəfindən sayğac 3 dəfə dəyişdirilib. Axırıncı dəfə sayğac dəyişdiriləndən sonra ona kart verilməmişdir. "Azəriqaz” İB-nin əməkdaşları 7179,87 manat borcunun olması barədə sənədi imzalayacağı təqdirdə ona kart veriləcəyini bildirmişlər. Lakin o, bu barədə sənədi imzalamamış və ona kart verilməmişdir. Körpə uşaqları evdə acınacaqlı vəziyyətdədirlər. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübut etmə yükü onun üzərinə düşür.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianın əsaslı olmadığını, iddiaçının təbii qazdan sayğacdankənar yolla istifadə etdiyinin sübuta yetirildiyini bildirmişdir.

9. Məhkəmə tərəfindən iddiaçının evinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, evdə qeyri-qanuni xətt mövcud deyil, bununla belə iddiaçı, qaz borusunun həyətdə olan hissəsində qayınanasının 2-3 saatlıq yemək bişirmək üçün qazdan əlavə xətt çəkməklə istifadə etdiyini, bu halların 2021-2022-ci illərdə aşkar edildiyini bildirmişdir.

10. Sonradan məhkəmə iclasında verdiyi izahatında da iddiaçı bildirmişdir ki, kənar xətt vasitəsilə qazdan təxminən 1 ay müddətində istifadə etmişdir.

11. Birinci instansiya məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********08210) hesablanmış 6679,87 (altı min altı yüz yetmiş doqquz manat, səksən yeddi qəpik) manat məbləğində borcun silinməsi, 85,39 (səksən beş manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı təxminən 1 ay ərzində təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir, buna görə də onun təbii qazdan istifadəyə görə cəmi 500 manat borcunun yarandığı müəyyən olunur. Belə ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlarda və tələbnamələrdə iddiaçının qaz avadanlıqlarından gün ərzində 24 saat müddətində istifadə etməsi göstərilsə də, iddiaçı qaz avadanlıqlarından gün ərzində 8 saat müddətində istifadə etmişdir. Buna görə də, iddiaçının təbii qazdan istifadəyə görə 7179,87 manat borcun silinməsinə dair iddia tələbi 500 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 6679,87 manat borcun silinməsi hissəsində isə təmin olunmalıdır.

13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü, 1.4-cü, 2.5-ci, 2.12-ci, 3.4-cü, 3.4.1-ci, 3.4.4-cü, 6.5-ci, 6.6cı, 6.7-ci bəndlərinə istinad etmişdir.

14. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

22. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada).

23. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (25 iyun 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada)

24. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

25. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

27. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

36. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

37. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

38. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdeh tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etdiyi irəli sürülərək barəsində aktlar tərtib olunmuş, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 7179,87 manat məbləğində borc yazılmışdır.

39. Birinci instansiya məhkəməsi iddiaçının qismən etirafını əsas götürməklə onun təbii qazdan təxminən 1 ay ərzində qeyri-qanuni istifadə etdiyini qəbul etmiş, bununla belə, hesablanmış borcun şişirdilmiş olması qənaətinə gələrək vurğulamışdır ki, həmin istifadəyə görə ona cəmi 500 manat borc hesablanmalı, buna görə də 6679,87 manat (7179,87 manat - 500 manat = 6679,87 manat) məbləğində borc silinməlidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya aktlar əsasında hesablanmış borcun reallığa uyğun olmadığı barədə düzgün nəticəyə gəlsə də, borcun hesablanmasında özü də səhvə yol vermiş, zərərin hesablanması üçün hesabat müddətini niyə görə məhz 1 ay götürməsini əsaslandırmamış, 2017-ci ilin fevral ayından qaz istehlak edən iddiaçının 2023-cü ilin sentyabr ayına qədər cəmi 707,5 manat ödəniş etməsini, onun evindəki qaz işlədicilərinin gücünü və müxtəlif mövsümlərdə müxtəlif həcmdə sərfiyyat olacağını nəzərə almamışdır.

41. Qeyd olunmalıdır ki, cavabdeh etirafında təxminən 1 ərzində qazdan qeyriqanuni istifadə etdiyini bildirsə də, işin halları və işdə toplanan sübutlar onun, daha uzun müddət ərzində qaz xəttinə qanunsuz qoşulduğu qənaətinə gəlməyə əsas verir.

42. İddiaçıya məxsus evlə bağlı təchizatçı şirkətin tərtib etdiyi və iddiaçının da mübahisələndirmədiyi saldo adlanan sənədə əsasən, onun yaşadığı evdə 4 gözlü qaz plitəsi (PQ-4) vardır; birinci instansiya məhkəməsinin yerində müayinə zamanı apardığı çəkilişlərdən (fotoşəkillərdən) həmçinin aydın olur ki, evdə qaz sobası və QSSQ (qeyristandart su qızdırıcısı) da vardır.

43. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, fiziki şəxs olan istehlakçını qaz sayğacı ilə təchiz etmək bilavasitə qaz paylayıcısının vəzifəsidir və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməli (sayğac quraşdırmalı), habelə qanunsuz istifadənin qarşısını almalıdır.

44. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir.

45. Başqa sözlə, iddiaçının qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıdan 2021-ci ilin yanvar ayından 2023-cü ilin yanvar aylnadək olan dövr üçün (aktların tərtib olunduğu dövr intervalı) 4 gözlü qaz plitəsinin (PQ-4), qaz sobasının və QSSQ-nin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; bundan əvvəlki, eləcə də müvafiq dövrdə iddiaçı daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən Cavabdeh İB-nin əməkdaşlarına aid olunmalıdır.

47. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

48. 4 gözlü qaz plitəsinin (PQ-4) və QSSQ-nin orta hesabla (yay və qış mövsümündə), qaz sobasının isə qış mövsümündə (2 illik dövrdə sobadan istifadə olunacaq təxminən 8 ay üçün) orta hesabla günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab edir ki, müvafiq dövr (2 il) üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 3478 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 24 ay (720 gün) = 6912 m3; QSSQ-nin maksimal saatlıq qaz sərfi olan 1,5 m3 x 8 saat x 24 ay (720 gün) = 8640 m3, dəmir peçin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 8 saat x 8 ay (240 gün) = 2688 m3 – yəni ümumilikdə 18 240 m3. Həmin sərfiyyatın 1700 m3-i 10 qəpikdən hesablanmaqla 170 manat (1700 m3 x 0,10 manat = 170 manat), 16 540 m3-i 20 qəpikdən hesablanmaqla 3308 manat (16 540 m3x 0,20 manat = 3308 manat)) qəbul oluna bilər və aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi onun abonent hesabından silinməlidir.

49. İddiaçıya aktlar əsasında cəmi 9857,5 manat borc hesablandığını, sonradan bu məbləğdən qeyri-müəyyən səbəblə 2722,20 manat silinmə aparıldığını, beləliklə aktlara görə borcun məbləğinin 7135,3 manat təşkil etdiyini, lakin onun aktlara görə ödəməli olduğu məbləğin 3478 manat olduğu nəticəsinə gəlindiyini və iddiaçının müvafiq dövrdə 707,5 manat ödəniş həyata keçirdiyini nəzərə alan kollegiya hesab edir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilməli, iddiaçının abonent hesabından silinməli olan məbləğ 4364,8 manat (7135,3 manat – 3478 manat + 707,5 manat = 4364,8 manat) olaraq müəyyənləşdirilməlidir.

50. Kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərcinin bölüşdürülməsi üzrə gəldiyi nəticə ilə razılaşır; belə ki, iddiaçının müvafiq iddianı irəli sürməsinə Cavabdeh İB-nin hesabladığı əsassız borc məbləği hesablaması səbəb olmuşdur; bununla yanaşı, mütənasibliyi təmin etmək üçün hesab edir ki, apellyasiya şikayəti vermək üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun məbləğinin 15 manat hissəsi iddiaçıdan alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-538/2024 saylı iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********08210) hesablanmış 6679,87 (altı min altı yüz yetmiş doqquz manat, səksən yeddi qəpik) manat məbləğində borcun silinməsi” hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna yaşayış massivində yerləşən yaşayış evi üzrə **********08210 saylı abonent koduna hesablanmış borcdan 4364,8 (dörd min üç yüz altmış dörd manat 80 qəpik) manat hissəsi silinsin. Qətnamə mübahisələndirilən digər hissədə, yəni Cavabdehndən 85,89 manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi İddiaçı alınıb Cavabdehnə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar