Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5135/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul tələbi" barədə ilk, həmçinin Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "müqavilənin ləğv edilməsi və pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehdən onun xeyrinə 10000 manatın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 13 iyul 2023cü il tarixdə ilkin alqı-satqı müqaviləsi imzalanmış, müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 34 nömrəli yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzili “Alıcı”ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Cavabdeh tərəfindən mənzil ona təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmən iddianın təmin olunması xahiş edilmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqısatqı müqaviləsinin yalan əqd olduğunu nəzərə alaraq tərəflər arasında beh müqaviləsinin qaydalarının tətbiq edilməsini, ilkin iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin İddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış “İlkin alqı-satqı müqaviləsi”nə istinad etmişdir. Həmin müqavilənin 1-ci və 2.1-ci bəndinə görə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 nömrəli yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzilin qiyməti 220000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə görə “Alıcı” əmlakın müqavilənin 2.1-ci bəndində göstərilən qiymətinin 10000 manatını “Satıcı”ya bankın notarius hesabına ödəyərək yerdə qalan 210000 manat pulu satıcıya 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq alıcı müqavilə üzrə götürdüyü öhdəliyi yerin yetirməmiş, ödənişdən 6 ay sonra Cavabdeh sözügedən mənzili alqı-satqı yolu ilə başqa şəxsə satmaqla özgəninkiləşdirmişdir. Tərəflər sözügedən mənzilin alqı-satqısı gedişatında apardıqları danışıqlar və ilkin razılaşmalar üzrə “beh müqaviləsi” bağlamaq qərarına gəlmişlər. Bununla belə müqavilə “İlkin alqı-satqı müqaviləsi” kimi rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə yalançı əqd olaraq etibarsızdır və hazırki mübahisəyə “Beh müqaviləsi”nin şərtləri tətbiq edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla yalan əqddir. Tərəflərin iradə ifadəsi əslində beh müqaviləsi bağlamaq olmuşdur. Lakin notariat ofisi mənzilin dövlət reyestrində qeydiyyata alınmamasını əsas gətirərək beh müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu tərəflərə bildirdikdən sonra hər iki tərəf beh müqaviləsini pərdələyən yalan əqd – ilkin alqısatqı müqaviləsini bağlamışlar. Tərəflərin danışıqları, yazışmaları, müqavilənin bağlanılması gedişatında iradə ifadələri, eyni zamanda buna şahid olan şəxslər də təsdiqləyə bilər ki, tərəflər əsl həqiqətdə beh müqaviləsi bağlamaq üçün razılaşmışlar. Tərəflər arasında beh müqaviləsinin bağlanılması faktını, eyni zamanda, xx.xx.2023-cü il tarixli müqavilənin 3-cü bəndi də təsdiq edir. Həmin bənddən görünür ki, Cavabdeh müqavilə bağlanandan sonra 1 gün müddətində mənzili İddiaçı verməli və 10 il ərzində əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməlidir. İddiaçı isə mənzilə sahiblik və istifadəni həyata keçirməklə 5 il ərzində əsas alqı-satqı müqaviləsini bağlamalıdır. 3-cü bənddə göstərilən öhdəliklər qanunvericiliyin tələbinə zidd, eyni zamanda absurd (müqavilə şərtlərinə görə mülkiyyətçi Cavabdeh mənzilini 10000 manat pulun müqabilində azı 5 il müddətinə itirmiş olur ki, bu Konstitusiya ilə müdafiə edilən mülkiyyət hüququnun kobud pozulması deməkdir) olmaqla tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir. Tərəflər arasında belə razılaşma heç bir zaman olmamış, onlar yalnız beh müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Eyni zamanda İddiaçı öhdəliyini vaxtında icra etməyəcəyi təqdirdə ödəmiş olduğu behdən məhrum olacağı da öncədən bildirilmişdir. Tərəflər beh müqaviləsi bağlamaq barədə razılığ gəlmiş, danışıqlar aparmış, müqavilənin şərtlərini müəyyən etmiş, müqaviləni yazılı bağlamaq niyyəti ilə notariat ofisinə müraciət etmişlər. Lakin notarius mənzilin dövlət reyestrində qeydiyyatının olmamasını əsas gətirərək beh müqaviləsini rəsmiləşdirməmişdir. Bundan sonra tərəflər öz aralarında yalan əqd kimi ilkin alqı-satqı müqaviəsini bağlamaq barədə qərara gəlmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul tələbi" barədə ilk iddiasının təmin edilməsi, Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 № ilə qeyd edilmiş, 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh 10000 (on min) manat pulun alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddia rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti qarşılıqılı iddiada göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün, obyektiv və hərtəfli hüquqi qiymət verilməməsi, tərəflər arasındakı faktiki münasibətlərə düzgün hüquqi qiymət verilməməsi, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanan zaman tərəflərin əsl niyyətlərinin ilkin alqı-satqı müqaviləsi bağlamaq deyil, məhz beh müqaviləsi bağlamaq olması, bu səbəbdən müqavilənin yalan əqd olması, tərəflərin müqaviləyə qədərki danışıqları, hərəkətləri və s. bu kimi halların onların əsl niyyətinin beh müqaviləsi bağlamaq olması, iddiaçının da beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər əslində aralarında beh müqaviləsi rəsmiləşdirmək istəmişlər, lakin notariusun məsləhəti ilə ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 da bildirmişdir ki, o, mübahisəli mənzilin alqı-satqısı və bu məqsədlə behin razılaşdırılması barədə danışıqlarda vasitəçi kimi iştirak etmişdir. Bununla yanaşı, iddiaçı özü də votsap danışıqlarında 10000 manat pulun məhz beh olmasını bildirmişdir. Belə olan halda, ilkin alqı-satqı müqaviləsi yalan əqd kimi əhəmiyyətsiz olmaqla, ona “beh müqaviləsi”nin şərtləri tətbiq edilməlidir. Danışıqlardan açıq-aydın görünür ki, iddiaçı 1 ay müddət ərzində mənzilin alınmasına görə qalıq 210000 manat pul vəsaitini ödəməmiş, bununla da öhdəliyini pozmuşdur. Belə olan halda isə beh iddiaçıya qaytarılmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, ilk iddiada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, cavabdehə məxsus olan mənzili bəyənmiş, onu almaq niyyətində olmuşdur. Onlar qarşılıqlı razılıqla mənzilin dəyərini 220000 manat müəyyən etmiş, həmin puldan 10000 manat htissəsini müqavilə bağlanan gün ödəmiş, qalan pul vəsaitini isə 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəflə danışıqları zamanı bildirmişdir ki, ona məxsus evin tikinti şirkəti tərəfindən sökülməsi ilə bağlı yaxın günlərdə pul vəsaiti ödənilməlidir. Lakin, ondan asılı olmayan səbəblərdən tikinti şirkəti pulun ödənilməsini gecikdirmişdir. Həmin müddət ərzində cavabdeh tərəflə bir neçə dəfə telefon danışıqları olmuş, evi almaqdan imtina etməməsini, tikinti şirkəti tərəfindən pulun ödənildiyi anda qalıq pulu verəcəyini bildirmişdir. Lakin, cavabdeh onu gözləməmiş mənzili başqa şəxsə satmışdır. Tikinti şirkəti ona pulu ödədikdən sonra isə o, məcburiyyət qarşısında başqa mənzil almışdır. Belə vəziyyətdə isə, müqavilənin 4.3-cü bəndinə əsasən satıcı alıcıdan aldığı vəsaiti geri qaytarmalı və tərəflərin ilkin vəziyyəti bərpa olunmalıdır. O, ödədiyi 10000 manat pulun qaytarılmasını tələb etsə də, cavabdeh tərəf bundan imtina etmiş, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edir ki, cavabdeh tərəflə votsap danışıqlarında tərəfindən beh sözü işlədilsə də, bu 10000 manat pulun həqiqətdə beh verilməsi anlamına gəlməməlidir. Çünki aralarında yazılı beh müqaviləsi bağlanmamışdır. O, yaşlı və hüquqi savadı olmayan şəxs kimi beh sözünü hüquqi anlamda deyil, el sözü (sadə vətəndaşlar arasında istifadə edilən söz olaraq) kimi işlətmişdir. Ümumiyyətdə el arasında da təşəkkül tapmış təcrübədə görə beh adətən 500 manat, 1000 manat həddində olur, heç kim birdən birə 10000 manat beh ödəmir. Bir daha qeyd edir ki, o, 10000 manat pulu beh kimi deyil, mənzilin dəyərinin bir hissəsi kimi ödəmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında, cavabdehə məxsus olan müvafiq mənzilin ("xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzili) alqı-satqısı barədə ilkin razılaşmanın olması, mənzilin dəyərinin 220000 manat müəyyən olunması, həmin pul vəsaitindən 10000 manat hissəsinin iddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixdə cavabdehə ödənilməsi, qalan 210000 manat pulun bir ay ərzində ödənilməli olması, lakin həmin müddətdə iddiaçı tərəfindən müvafiq pul vəsaitinin cavabdehə ödənilməsinin mümkün olmaması işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan tərəflər arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və notariat qaydasında təsdiq edilərək, reyestrdə 3M-2754 № ilə qeyd edilmiş, 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 220000 manat məbləğində müəyyən olunmuşdur. Alıcı əmlakın qiymətinin 10000 manatını satıcıya ödəmişdir. Alıcı qalan 210000 manat pul məbləğini isə satıcıya 1 ay müddətində ödəməyi öhdəsinə götürür. Satıcı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzili alıcıya 1 gün müddətində təhvl verməyi və 10 il ərzində əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Alıcı isə qeyd olunan əmlaka dair istifadə və sahiblik hüququnu, həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və 5 il ərzində əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Tərəflərin hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Tərəflərdən üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldıqları vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Eyni zamanda tərəflərin izahatlarından görünür ki, cavabdeh sonradan qeyd edilən mənzili başqa şəxsə özgəninkiləşdirilmiş, iddiaçı isə özünə başqa mənzil əldə etmişdir. Belə vəziyyətdə iddiaçı cavabdehə ödədiyi 10000 manat pulu tələb etmiş, lakin cavabdeh bundan imtna etdiyindən hazırki tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə qarşılıqlı iddia verərək, ilkin alqı-satqı müqaviləsinin yalan əqd olması əsası ilə arasında beh müqaviləsinin qaydalarının tətbiq edilməsini, ilk iddianın rədd olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi” bağlamış, mübahisəli mənzilin gələcəkdə satılması üçün əmlakın qiyməti olan 220000 manatın 10000 manat hissəsi İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Həmin pul məbləğinin ödənilməsini məhkəmə iclasında həm iddiaçı tərəf, həm də cavabdeh tərəf etiraf etmişdir. İddiaçı mübahisəli mənzili alması üçün qalan pul vəsaitini ödəməyə maddi imkanı olmamışdır. Buna görə həmin müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərin ilkin vəziyyəti bərpa olunmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin müqavilədə beh müqaviləsinə aid normalar nəzərdə tutulmamışdır. Həmin müqavilə gələcəkdə daşınmaz əşyanın alqısatqısı müqaviləsi bağlamaq üçün tərəflər arasında bağlanmış ilkin müqavilədir. Həmçinin həmin müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş şərtdə satıcının alıcıdan aldığı vəsaiti geri qaytarması və tərəflərin ilkin vəziyyətinin bərpa olunması barədə şərt nəzərdə tutulmuşdur. Həmçinin tərəflərin hər-hansı müqaviləni pərdələmək niyyəti olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni əsaslı hesab edərək, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324-cü mad.). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci mad.). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci mad.). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Cavabdeh qarşılıqlı iddiada ilkin alqı-satqı müqaviləsinin yalan əqd olmasını, əslində beh müqaviləsini pərdələməsini göstərdiyindən məhkəmə kollegiyası ilk və qarşılıqlı iddia tələblərinə birlikdə, işin hallarına və qanunvericiliyin qeyd edilən nomalarına uyğun hüquqi qiymət verməyi zəruri hesab edir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Beləliklə, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq, ilkin alqı-satqı müqaviləsinin yalan əqd olduğunu iddia edən cavadeh yalnız tərəflər arasında beh münasibətlərinin olunduğunu bildirməklə kifayətlənmiş, lakin ilkin alqı-satqı müqaviləsinin əslində hüquq və öhdəliklər əmələ gətirmək niyyəti olmadan, başqa bir əqdi gizlətmək, eləcə də hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq məqsədilə bağladıqlarını (o cümlədən, qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək mənfəətin nədən ibarət olmasını) və s. bu kimi zəruri halların mövcudluğu sübuta yetirə bilməmişdir. Ümumiyyətlə aydın deyildir ki, tərəflərin başqa bir əqdi (beh müqaviləsini) gizlətmək, eləcə də hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq məqsədi nədən ibarət olmuşdur, yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxs və ya şəxslər kimdir, həmin şəxs(lər) hansı məqsədlə aldadılmışdır və s. Cavabdeh tərəf qeyd bu istiqamətdə məhkəməyə hər hansı əsaslandırma və sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh iddiaçı ilə nəyə görə məhz beh müqaviləsini bağlaya bilməməsini də əsaslandıra bilməmişdir. Cavabdeh apellyasiya şikayətində notarisun təklifi ilə ilkin alqı-satqı müqaviləsini bağladıqlarını göstərsə də, bu hal vəziyyəti dəyişdirmir. Çünki, istər nəzəri, istərsə də praktiki baxımdan müvaviq beh müqaviləsinin bağlanmasını istisna edən halın mövcudluğu müəyyən olunmamışdır. Belə olan halda isə əqdin MM-in 340.2-ci maddəsi ilə yalan (əhəmiyyətsiz) hesab edilməsi yolverilməzdir. Cavabdehin istinad etdiyi şahid ifadəsi (tərəflər arasında mənzilin alqı-satqı sahəsində vasitəçilik edən şəxs) də əqdin yalan əqd olması nəticəsinə gəlmək üçün yetərli və əsaslı sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, şahid ifadəsində ümumi formada tərəflərin mənzilin alqı-satqısı və bu məqsədlə beh verilməsi istiqamətində şifahi razılığa gəlmələrini qeyd etmiş, lakin nə yazılı müqavilənin bağlanması, nədə ki, pulun verilməsində bilavasitə iştirak etməməsini qeyd etmişdir. Digər şahid isə cavabdehin yaxın qohumu (qardaşı) olmaqla, açıq-aşkar cavabdehin mənafeyi naminə ifadə vermişdir. İddiaçının özünün cavabdeh tərəflə votsapp danışıqlarında beh sözündən istifadə etməsi də vəziyyəti dəyişdirmir. İddiaçı özü də həmin məsələyə münasibətində bildirmişdir ki, o, hüquqi baxımdan deyil, ümumi mənada (sadə vətəndaşlar arasında istifadə edilən söz olaraq) beh sözündən istifadə etmiş, məqsədi razılaşdırılmış 220000 manat pulun 10000 manat hissəsinin ödənilməsini qeyd etmək olmuşdur. Onların arasında yazılı beh müqaviləsi bağlanmamışdır. O, 10000 manat pulu beh kimi deyil, mənzilin dəyərinin bir hissəsi kimi ödəmişdir. İlkin alqı-satqı müqaviləsinə də xüsusi olaraq müvafiq bənd əlavə etmişlər ki, razılaşma baş tutmazsa, ödənilmiş həmin məbləğ qaytarılmalıdır. Məhkəmə kollegiyası cavabdehin digər dəlilinə, iddiaçının vaxtında mənzili almaması ilə bağlı zərərə düşməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, cavabdeh qarşılıqlı iddiada zərərlə bağlı hər hansı tələb irəli sürməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası mübahisəyə tələb həddində baxılmasını məqsədə müvafiq hesab edir (cavabdeh hər bir halda zərərlə bağlı tələb hüquqlarını özündə saxlayır). Göründüyü kimi, yuxarıda qeyd edilənlər qarşılıqlı iddianın əsassız olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hətta tərəflər həqiqətən beh barədə şifahi razılığı gəlmiş olsaydılar belə, yenə də qarşılıqlı iddia əsaslı sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin behlə bağlı normalarının tənzimləməsindən görünür ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (Mülki Məcəllənin 491.1-ci mad.). Mülki Məcəllənin 491.2-ci maddəsinin tələbinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən isə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Qeyd edilməlidir ki, daşınmaz əmlakların özgəninkiləşdirilməsi istiqamətində müvafiq müqavilələrin (ilkin alqı-satqı, beh və s.) yalnız notariat qaydasında təsdiq tələbi mövcud olduğundan və belə formaya riayət edilməməsinin nəticələri (qanundan irəli gələn etibarsızlıq) nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, hətta şərti olaraq şifahi beh müqaviləsinin ilkin alqı-satqı müqaviləsi ilə pərdələnməsi ehtimal edilsə belə, faktiki olaraq behə aid olan qaydaların tətbiqi mümkün deyildir (Mülki Məcəllənin 340.2-ci maddəsinin dispozitiv şərtləri ödənilmir). Çünki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında notariat qaydasında təsdiq edilmiş müvafiq beh müqaviləsi (ona aid qaydalar – müqavlənin şərtləri və s.) ümumiyyətlə bağlanmamış, bununla da formaya aid tələb pozulmuşdur. Belə olan halda isə Mülki Məcəllənin 491.3-cü maddəsinə (müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda) əsasən, iddiaçı tərəfindən ödənilmiş 10000 manat pul vəsaiti məhz avans sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında notariat qaydasında təsdiq olunmaqla, məhz ilkin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mənzilin razılaşdırılmış 220000 manat məbləğindən 10000 manat hissəsi avans olaraq ödənilmiş, lakin sonradan əsas müqavilənin bağlanması mümkün olmamış, cavabdeh tərəfin özünün də bildirməsinə görə mənzil başqa şəxsə özgəninkiləşdirilmiş, beləliklə müqaviləyə faktki xitam verilmişdir (satıcının ilkin müqavilədə nəzərdə tutulmuş mənzili gələcəkdə alıcıya satması, alıcının isə onun dəyərini ödəməsi öhdəliklərinə faktiki xitam verillmişdir). Belə olan halda isə cavabdeh iddiaçının ona ödədiyi 10000 manat pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini daşıyır. Eyni zamanda, tərəflər ilkin alqı-satqı müqaviləsinin 4.3-cü bəndində də müvafiq durumda həmin pul vəsaitinin qaytarılmalı olmasını xüsusi olaraq razılaşdırmışlar. Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, cavabdeh tərəf tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə qarşılıqlı iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-nin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul tələbi" barədə ilk, həmçinin Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5135/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5135/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver