Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5136/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, 2(008)- 5510/2025 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2025-ci il tarixli qərardaddan Ərizəçi verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əzizbəyov küçəsi, ev 25-6-ya dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1990-cı il tarixdə vəfat etmiş atasına – X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin geri qaytarılmasını qərara almış və ərizəçiyə izah etmişdir ki, o, qərardadda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən və ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Birincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 310.1-ci maddəsinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarından isə görünür ki, xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş ərizəçi, bu kimi faktın müəyyən edilməsinin nə məqsəd ilə ona lazım olduğunu ərizədə bildirməmişdir. İkincisi, ərizəçi iş üçün zəruri hesab etdiyi sənələrin surətlərini ərizəyə əlavə etsə də, həmin ərizələrin surətləri qanunla nəzərdə tutulmuş qaydada, yəni notarial qaydada təsdiq edilməmişdir. Sənələrin əsli isə ərizəyə əlavə edilməmişdir. Ərizəçinın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizədə göstərmişdir ki, onun atası X2 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. O, atasından miras qalmış və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” almaq üçün Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmiş, daha sonra mübahisəli əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və imtina cavabı almışdır. İmtinanın bir səbəbi də təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adının arxiv sənədlərində “Qulam Mirzə” kimi, əmlakın texniki pasportunda isə “Məmməd Mirzə” kimi yazılması olmuşdur. Həmin mirası öz adına sənədləşdirə bilməsi üçün ona həmin əmlaka dair verilmiş şəxsi mülkiyyət hüququ ilə əmlakın texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun mərhum atasına məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizədə bu kimi faktın müəyyən edilməsinin nə məqsədlə ona lazım olduğunu ərizədə bildirmişdir. Bu baxımdan müəyyən edilir ki, ərizənin qaytarılması üçün Rayon Məhkəməsinin istinad etdiyi birinci hal səhvdir. Rayon Məhkəməsi, iddia ərizəsini qaytarılması barədə qərardadda həmçinin MPMin 152.1.1-ci maddəsinə istinad edərək ona əsaslanmışdır ki, iddia ərizəsində sənədlərin əsli və ya notariat qaydasında təsdiq edilmiş surətləri əlavə edilməmiş, fotosurətlər əlavə edilmişdir. Buna görə də, hesab edilməlidir ki, ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Bu səbəbdən iddia ərizəsi icraata qəbul edilməməli və qaytarılmalıdır. Rayon Məhkəməsinin bu mövqeyi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forması və məzmunu müəyyən edən MPM-in 149.2.5-ci maddəsinə görə, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən bəhs edən MPM-in 150.1-ci maddəsinin mənasına görə, iddiaçı, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) ərizəyə əlavə olunmalıdır. İddia ərizəsinin qaytarılması qaydalarını müəyyən edən MPM-in 152.1.1-ci maddəsində qeyd olunmuşdur ki, iddia ərizəsinin bu MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 149-cu maddəsində ərizəyə sənədin əslinin və ya notariat qaydasında təsdiq olunmuş surətinin əlavə edilməsi barədə tələb yoxdur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi ərizəçi tərəfindən verilmiş “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəyə əlavə edilmiş sənədlərin əslini tədqiq edilməsini vacib sayırsa onda işə baxılan zaman həmin sənədlərin əslinin və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətinin təqdim edilməsini ərizəçiyə təklif edə və ya bunu tələb edə bilərdi (MPM. Maddə 78.). Məhkəmənin tələb etdiyi sübutu məhkəməyə təqdim etməyən şəxsin (tərəfin) isə prosessual məsuliyyəti qanunla müəyyən edilmişdir. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsinin bu yanaşması da, səhvdir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Qərardaddan verilmiş şikayətdə həmçinin işin mahiyyəti üzrə baxılması xahiş olunduğundan, lakin ərizənin icraata qəbul olunub-olunmaması məsələsinə baxılması Rayon Məhkəməsinə tapşırıldığından ərizə qismən təmin edilmiş hesab edilməlidir. Beləliklə də göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 28 iyul 2025-ci il tarixli qərardad ləğv edilsin. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.
Məhkəmə qərarları › İş №2(103)-5136/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5136/2025
09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver