Məhkəmə qərarları › İş №2(103)-5141/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5141/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5141/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(009)-952/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 36674 manat sığorta ödənişi məbləğinin və 200 manat dövlət rüsumunun, həmçinin İddiaçı2 xeyrinə 1000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə “BMW 740Lİ” markalı, WBA7E21080G408924 ban nömrəli, qara metallik rəngli, 2016-cı il buraxılışlı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini almışdır. xx.xx.2021ci il tarixdə sözügedən avtonəqliyyat vasitəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının N Q-20 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”na əsasən "xxxx" ASC-də sığorta etdirmişdir. Sığorta razılaşmasına əsasən ona M10482/21 saylı şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixdə, saat 23.12 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində yuxarıda qeyd etdiyi sığortalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisəsi baş verdikdən sonra polis orqanlarına və "xxxx" ASC-yə məlumat vermiş, hər iki qurumun işçiləri hadisə yerinə gəlmiş, müvafiq sənədləşmə işləri aparılmışdır. Şəki şəhər-rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli, 189-17927-1221 saylı müşayiətedici məktubu ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışı və s. sənədləri sığorta şirkətinə təqdim etmişdir. Qəzadan bir aydan çox müddətin keçməsinə baxmayaraq, zədələnmiş avtomobilini təmir etdirməmiş, sığorta kompensasiyasının verilməsini gözləmişdir. Bir ay ərzində zədələnmiş avtomobilinə Şəki şəhərində yerləşən dayanacaqda "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X5 və sığorta şirkətin digər işçiləri tərəfindən dəfələrlə baxış keçirilmişdir. "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X5 avtomobilə dəymiş zərərin xüsusiyyətlərini tam olaraq hadisə yerində, dayanacaqda və sonda təmir stansiyasında görmüş, fotoşəkilləri çəkmiş, müayinələr aparmışdır. “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta Qaydaları”nın 18.1,18.3 və 19.6-cı maddələrinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsin və aradan qaldırılmasına başlaya bilər. Müstəqil ekspert hesablamasına görə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ümumilikdə avtomobilə 37773 manat məbləğində zərər dəymişdir. Dəymiş zərəri avtonəqliyyat vasitələrinin təmir stansiyaları da təsdiq edir. Göstərilənlərə baxmayaraq, sığorta şirkəti öhdəliklərini yerinə yetirməmiş, sığorta ödənişini bu günə kimi verməmişdir. Ona görə də avtomobilini şəxs vəsaiti hesabına təmir etdirmiş, böyük məbləğdə maliyyə çətinliyinə düşmüşdür. Halbuki, “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 22-ci və 24-cü maddələrinə əsasən bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli idi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(009)-952/2022 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın rədd olunması qət edilmişdir. İddiaçı1 qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunmamış, iddiaçılardan İddiaçı2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz İddiaçı1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, “BMW 740” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı1 adına rəsmi reyestrdə qeydə alınması, tərəflər arasında həmin avtomobilin tam (kasko) sığortası sahəsində müqavilənin bağlanması, bu barədə 23 aprel 2021-ci il tarixli, M10482/21 saylı sığorta şəhadətnaməsinin (nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixədək 102000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 3509 manat, azadolma məbləği 100 manat və s. müəyyən olunmuş) verilməsi işin mübahisə olunmayan halladır. Bununla yanaşı, işdə olan Şəki rayonu Yol patrul xidməti tərəfindən tərtib edilmiş 28 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən - İddiaçı1 xx.xx.2021-ci i tarixdə, saat 23.12 radələrində “BMW 740Lİ” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İş üzrə əmlak üzrə müstəqil ekspert X4 tərəfindən verilmiş 5014 nömrəli rəydən görünür ki, “BMW 740Lİ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 35694 manat, işçilik xidmətləri isə 2080 manat müəyyən olunur. Avtomobilə 28 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 37774 manat təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış 28 iyul 2021-ci il tarixli, HD- 1029/21 saylı məktubun surətindən görünür ki, "xxxx" ASC-də “X1 Tam Sığortası” üzrə sığortalanmış “BMW 740” markalı, **-OV-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Dəymiş zərəri müəyyən etmək və hadisənin araşdırılması məqsədilə ekspertizanın aparılması üçün avtomobilin "xxxx" ASC-nin müqavilə bağladığı “Rich Servis” avtotəmir müəssisəsinə təqdim etməsi xahiş olunmuşdur. İddiaçı1 avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-yə təqdim edilmədiyi halda, sığorta şirkəti zərərin qiymətləndirilməsi və hadisədən araşdırılmasından məhrum olunur. Bu isə sığorta ödənişindən imtina edilməsi üçün əsasdır. İşdə olan Şəki ŞRPŞ-nin İB tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı1 özünə məxsus “BMV” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də 23 aprel 2021-ci il tarixdə tam kasko sığorta etdirmiş, bundan xeyli müddət sonra Şəki şəhəri, M.F.Axundov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə ziyan dəymişdir. Bundan sonra İddiaçı1 avtomobili servisdə deyil, bibisioğlu R.Əhmədov vasitəsilə fərdi qaydada usta fəaliyyəti ilə məşğul olan şəxsdə təmir elətdirmişdir. Lakin "xxxx" həmin faktı əsassız hesab edib, avtomobili rəsmi servisdə gətirilməməsi halından şübhələnib, bu barədə DİN-nə müraciət etmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı1 arasında olan münasibətlər məhz mülki xarakterli münasibətlərdir. Orada İddiaçı1 yaxud "xxxx" tərəfindən bağlanmış müqavilənin pozulması halından söhbət gedir ki, həmin faktından da araşdırılması aidiyyəti məhkəmə orqanınıdır. Bundan başqa, şəxsin əməlində dələduzluq olması onun belə niyyətinin müqavilə, yaxud hər hansı bir işin görülməsindən əvvəl baş verməlidir. Lakin toplanmış materialdan da göründüyü kimi, İddiaçı1 kasko elətdirməklə saxta yol nəqliyyat hadisəsi törətməklə sığorta şirkətin xeyli miqdarda pul almağı barədə dələduzluq niyyətini sübut etmək mümkün olmamışdır. Çünki, istər hadisə yerinə çıxmış YPX-nin əməkdaşları, istərsə də digər şəxslər baş vermiş yol nəqliyyat hadisəsinə şübhəli hal ilə rastlaşmadıqlarını bildirmişlər. Buna görə də toplanmış materialda İddiaçı1 əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını sübuta yetirilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən NK-1/1333 nömrəli toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 6(075)-1/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarının surətinə əsasən - şikayət təmin edilməmiş, Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi R.Xəlilovun icraatında olan HK-1/1333 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, işin hallarına və tədqiq olunmuş sübutlara əsasən iddiaçının iddia etdiyi sığorta hadisəsi baş vermişdir (bu hal hazırki vəziyyətdə cavabdeh tərəfindən də mübahisələndirilmir). Birinci instansiya məhkəməsi iddianı rədd edirkən göstərmişdir ki, İddiaçı1 ilə cavabdeh sığorta təşkilatı arasında bağlanılmış sığorta müqaviləsi yuxarıda qeyd edilən Qaydaların və mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və həmin müqavilənin şərtinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişinin formasını (nağd ödəniş, təmir və s.) sığortaçı müəyyən edir. Sığorta ödənişinin forması müəyyən edildikdən sonra avtomobilin təmir-bərpa işlərinin aparılması nəqliyyat vasitəsinə xidmət göstərilən rəsmi servis mərkəzi tərəfindən aparılacaq sığortaçının seçimi əsasında zərərin qiymətləndirilməsi sığortaçı və ya sığortaçının təyin etdiyi təmir müəssisəsi tərəfindən aparılmalıdır. Cavabdeh sığorta təşkilatı tərəfindən avtomaşına dəymiş ziyan məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə Cəmiyyətin müqavilə bağladığı “Rich Servis” avtotəmir müəssisəsinə avtomaşının həmin müəssisəyə təqdim edilməsi sığortalıya rəsmi müraciət olunaraq dəfələrlə bildirilsə də, sığortalı tərəfindən avtomaşın qiymətləndirilməsi üçün həmin servisə təqdim edilməmişdir. İddiaçı məhkəməyə “daxil olma” tarixi və “icra tarixi” qeyd olunmayan və sığortalıya məxsus avtomaşına dəyən ziyan məbləğinin müəyyən edən “ekspert rəyi” adlı sənəd təqdim etmişdir ki, həmin sənəddə ziyan məbləği 37774 manat göstərilmişdir. İddiaçı eyni zamanda avtomaşını təmir etdirsə də, ona nə qədər məbləğdə xərc çəkməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd etmə haqqında qərarda İddiaçı1 yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş ziyanın özü aradan qaldırıldığı və bunun üçün 25000 manat pul xərclədiyini göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 43-cü bəndinin tələblərinə görə yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə yol-nəqliyyat hadisəsi sayılır. Yuxarıda da qeyd edildiyi kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsinin baş verməsi mübahisəsizdir. Cavabdeh əvvəllər bu halı mübahisələndirsə də, təhqiqat orqanının müvafiq qərarı ilə (yuxarıda qeyd edilmişdir) cinayət işinin başlanması rədd olunmuşdur. Beləliklə tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin tam (kasko) sığortası müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olduğundan və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəydiyindən və mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan cavabdehin (sığortaçının) sığorta ödənişinin verilməsi üzrə öhdəliyi yaranmışdır. Belə ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi sığorta sahədə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə xəbər verməlidir. Analoji norma həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın (bundan sonra, Qaydalar) 18-ci bəndində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici müvafiq məlumatın “hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində” verilməli olmasını müəyyən etmişdir. İşin mübahisə olunmayan hallarına əsasən iddiaçı hadisədən dərhal sonra cavabdehə müvafiq məlumatı vermişdir. Həmçinin işin hallarından göründüyü kimi, cavabdehin nümayəndəsi hadisə barədə məlumatdan sonra elçə həmin günü nəqliyyat vasitəsinə baxış keçirmiş, lakin qanunla müəyyən olunmuş müddət ərzində dəymiş zərərin məbləği obyektiv qiymətləndirilməmiş, buna müvafiq sığorta ödənişi həyata keçirilməmişdir. Belə ki, Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Qaydaların 19.6-cı maddəsinə əsasən - sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər. İşdə olan sübutlardan göründüyü kimi, sığorta hadisəsinin 28 iyun 2021-ci il tarixdə baş verməsinə, həmin günü də cavabdehin nümayəndəsinin hadisə yerinə gələrək nəqliyyat vasitəsinə baxış keçirmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən də görünür ki, Şəki şəhər-rayon Pois İdarəsi tərəfindən də hadisə ilə bağlı zəruri sənədlər (inzibati qərar, akt, sxem, izahat və s.) cavabdehə göndərilmiş, sonuncu tərəfindən 07 iyul 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Belə olan halda isə cavabdeh zərərin qiymətləndirilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində hər hansı hərəkət etməmiş, iddiaçıya yalnız 28 iyul 2021-ci il tarixli məktubla avtomobilin “Rich Servis” avtotəmir müəssisəsinə təqdim olunmasını bildirmişdir. İddiaçı isə məktuba 01 sentyabr 2021-ci il tarixli cavab ərizəsində qeyd etmişdir ki, hadisədən təxminən 15 gün sonra cavabdehin ofisinə yaxınlaşmış, avtomobilinə dəymiş zərərin ödənilməsini xahiş etmiş, ondan avtomobili harada təmir edəcəyini soruşmuşlar, o isə Şəki şəhərində tanıdığı ustaya təmir etdirmək fikrində olmasını bildirmiş, buna etiraz etməmiş, təmir xərclərini təqdim etməsini xahiş etmişlər. Bundan sonra o, avtomobilini təmir edirmiş, hazırda işlək vəziyyətdədir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş, cavabdehin əməkdaşları olan X2 və X6 da ifadələrindən görünür ki, onlar avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün məhz 05 avqust 2021-ci il tarixdə Şəki şəhərinə getmişlər və həmin vaxtı avtomobilin təmirli vəziyyətdə olmasını görmüşlər. Göründüyü kimi, cavabdeh sığorta hadisəsi baş verdiyi tarixdən yalnız bir ay keçdikdən sonra zərərin qiymətləndirilməsi üçün addımlar atmağa başlamışdır ki, həmin vaxtı da avtomobil artıq iddiaçının özü tərəifndən təmir olunmuşdur. Cavabdeh etirazında iddiaçının digər 12 avqust 2021-ci il tarixli ərizəsinə istinad edərək, avtomobilin qiymətləndirilməsinə etiraz etməməsini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin ərizəsində avtomobilin qiymətləndirilməsinə etiraz etməməsini göstərməsi avtomobilin həmin vaxtı təmirsiz vəziyyətdə olması, avtomobilin iddiaçının göstərdiyi təmir müəssisəsinə aparmaqdan imtina etməsi və s. bu kimi anlamlara gəlmir. Bir daha qeyd edilməldiir ki, qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi, cavabdeh kasko sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində dərhal zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Lakin cavabdeh iddiaçıya ilk dəfə müvafiq məktub göndərənədək (və sonradan nümayəndələri zərəri qiymətləndirmək üçün Şəki şəhərinə gedənədək) artıq sığorta hadisəsindən uzun müddət keçmiş, bununla da cavabdeh hərəkətsizlik göstərmiş olmuş, nəticədə Qaydaların da yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçı əmlakına dəymiş zərərin aradan qaldırılmasına başlamaqda haqlı olmuşdur. Cavabdeh əksini sübut edə bilmədyindən məhkəmə kollegiyası iddiaçının bildirdiklərini (iddiaçının müəyyən müddət gözləməsi, sonradan cavabdehin əməkdaşlarına müraciət etməsi, sığorta ödənişinin verilməsini xahiş etməsi, ona avtomobilinin digər yerdə təmirinə etiraz olunmaması, bu səbəbdən özü tərəfindən qiymətləndliriciyə müraciət olunması, təmir işlərini həyata keçirməsi və s.) qəbul edir. Cavabdehin digər etirazına əsasən hadisə baş verən günü əməkdaşı hadisə yerinə və avtomobilə baxış keçirmiş, bu barədə raport hazırlamış, orada zərər 2500 manat müəyyən etmişdir. Bu səbəbdən də zərərin məbləği məhz həmin həddə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası cavabdehin həmin etirazı ilə də razılaşmır. Birincisi hadisə günü cavabdehin əməkdaşı tərəfindən tərtib edilmiş həmin raportda zərərin hansı formada müəyyən olunması təfsir olunmamış (hadisə nəticəsində konkret hansı detalların zədələnməsi, bunun aradan qaldırılması üçün nələrin tələb olunması, detalların ayrı-ayrılıqda qiyməti, ustaların zəhmət haqqı və s.), 2500 manat qiymətin nəyin əsasında müəyyən olunması və s. zəruri hallar göstərilməmiş, sadəcə təqribi olaraq 2500 manat zərər qeyd olunmuşdur. Belə olan halda isə həmin raport məhz dəymiş zərərin obyektiv qiymətləndirilməsi istiqamətində qanunvericiliyin qeyd edilən tələblərinə uyğun mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, cavabdeh həmin məbləğin ödənilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Xüsusilə qeyd edilməlidir ki, əgər həmin məbləğ zərərin obyektiv qiymətləndirilməsi üçün yetərli idisə, o zaman cavabdehin hadisədən bir ay vaxt keçdikdən sonra iddiaçıya məktub göndərərək avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün onun “Rich Servis” avtotəmir müəssisəsinə təqdim olunmasını tələb etməsi ziddiyətli omaqla, əsaslandırılmamışdır. Bütün qeyd edilənləri nəzərə alaraq Kollegiyası hesab edir ki, cavabdehin üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, siğorta hadisəsindən sonra zərərin qiymətləndirilməsi və ödənilməsi istiqamətində qanunvericiliyin tələblərinə riayət etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, belə olan halda iddiaçı dəymiş zərərin özü tərəfindən aradan qaldırılması məcburiyyətində qalmışdır ki, bu da qanunvericiliyə zidd deyildir. Cavabdeh, həmçinin iddiaçının təqdim etdiyi qiymətləndiricinin rəyi ilə də razılaşmamış, onu şübhə altına almışdır. Bu səbəbdən də iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunması və qeyd edilən halların aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 9/6293 saylı ekspert rəyindən görünür ki, X4 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW 740 Lİ” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 32731 manat müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, avtomobil hazırki vəziyyətdə təmir olunmuşdur, iddiaçı isə təmir-bərpa işlərinin nəticəsində real olaraq ödədiyi pul vəsaitləri bağlı məhkəməyə sübutlar təqdim etməmişdir (avtomobil təmir olunduğundan məhkəmə kollegiyası avtomobilin hansı hissələrinin zədələnməsi, hansı ehtiyat hissələrinin dəyişdirilməsi barədə ekspertizanın keçirilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir). Belə olan halda isə yalnız qüsut aktına və ona əsaslanmış ekspertizə rəyinin məlumatlarına əsasən iddiaçıya dəymiş real zərərin (iddiaçının çəkdiyi real xərclərin) məhz 36674 manat (və ya ekspertiza rəyinə əsasən 32731 manat) qəbul edilməsi ədalətli və obyektiv olmazdı (bu səbəbdən də zərurət olmadığından məhkəmə kollegiyası qüsur aktını vermiş İlqar Zeynalovun məhkəməyə dəvət olunaraq dindirilməsi və s. bu istiqamətdə olan vəsatətlərini təmin etməmişdir). Çünki, iddiaçının özü polisdə araşdırma zamanı verdiyi izahatında etiraf etmişdir ki, servisdə baxış zamanı avtomobilinin təmirinə təqribən 40000 manat pul vəsaiti tələb olunması bildirilsə də, o avtomobilini cəmi 25000 manat pul xərcləməklə təmir etdirmiş, bu səbəbdən də ona artıq pul lazım olmamasını, yalınz təmirə real olaraq xərclədiyi pulun ona verilməsini tələb etmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hadisə nəticəsində iddiaçıya dəymiş real zərərin məhz 25000 manat həddində müəyyən olunmasını qanuni və ədalətli hesab edir. Çünki, Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğdən sığorta şəhadətnaməsində müəyyən olunmuş 100 manat azadolma çıxılmaqla, 24900 manat pul vəsaiti (sığorta ödənişi) cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Cavabdeh isə bunun əksini (dəymiş zərərin daha az olması və s.) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını (apellyasiya şikayətinin dəlillərini) əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olun bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən İddiaçı1 xeyrinə 24900 manat pul vəsaiti tutulmalı, iddia yoxlanılan qalan hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 200 manat dövlət rüsumu ödəmişdir, həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(009)-952/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(009)-952/2022 saylı qətnaməsi yoxlanılan hissədə (iddianın İddiaçı1 münasibətdə rədd olunmuş hissəsində) ləğv edilsin, iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh "Günay Sığorta” ASC-dən 24900 (iyirmi dörd min doqquz yüz) manat sığorta ödənişi və 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. İddia yoxlanılan qalan hissədə təmin edilməsin. Məhkəmə xərci cavabdeh "Günay Sığorta” ASC-ə aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar