Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5141/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(003)-2531/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş zərərin hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3110,4 manat (25920 kub.m x 0,12 manat = 3110,4 manat) məbləğində pul borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00250 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2023-cü ilin yanvar ayınadək ümumilikdə cəmi 3124,28 manat (3110,4 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 13,88 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona (abonent kodu: **********000250) əsassız hesablanmış 3124,28 (üç min yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 3124,28 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 3124,28 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübut etmək yükü cavabdehin üzərinə düşür. Bundan başqa Cavabdeh İB-nə müraciət edərək tərtib edilmiş aktların ona təqdim edilməsini tələb etsə də, ona bildirmişlər ki aktları yoxdur. Sözügedən qaz sayğacı çıxarılarkən Cavabdeh İB tərəfindən quraşdırılmış plomb həmin sayğacın üzərində tam şəkildə olmuşdur və həmin plomba heç bir müdaxilə edilməmişdir. Bu hal bir daha onun həmin qaz sayğacın müdaxilə etmək imkanının olmadığını göstərir. Buna baxmayaraq Cavabdeh İB tərəfindən ona əsassız olaraq 3124,28 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericlik normaların uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə məsuliyyət daşımır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(003)- 2531/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00250saylı sayğaca) hesablanmış 2937,6 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan 51,24 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, cavabdeh həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, lakin həmin ünvanda yaşayış olmadığını, akt üzrə dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsini qəbul etməklə cavabdehi bu hissədə sübutetmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında 3110,4 manat ziyan hesablasa da, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni iddiaçının məhz 3110,40 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifadə nəticəsində məhz aktda qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır. İş materiallarından görünür ki, Cavabdeh İB-i tərəfindən itirilmiş qazın bərpası ilə əlaqədar hesablama aparılarkən ümumilikdə İddiaçı 180 gün hesabı ilə, günlük 24 saat olmaqla dəymiş zərər hesablanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ******* saylı aktaa əsaslanmaqla itirilmiş qazın bərpası üçün 3110,40 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ünvana yerində baxış zamanı həmin ünvanda yaşayışın olmadığı müəyyən olunmuşdur. Məhkəmə qaz avadanlığına görə orta günlük iş rejiminin 8 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab etmişdir. Məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab etmişdir ki, dəymiş ziyan hesablanarkən 1440 kub metr (6x8x30=1440) təbii qaz itkisi müəyyən olunmaqla iddiaçıya 172,80 manat (1440 kub.metr x 0,12) manat borcun iddiaçıya hesablanması ədalətli və ağlabatan hesab edilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi 3110,40 manat borcun silinməsi hissəsində qismən təmin edilməli abonent kodu **********00250 olan sayğaca hesablanmış 2937,60 manat borc silinməli iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı iddia tələbində 3124,28 manat borcu silinməsini xahiş edir. Məhkəmə qeyd etmişdir ki, həmin borcun 3110,40 manat sayğacdan kənar qaz xəttinə görə hesablanmış, 13,88 manatı isə təbbi qazdan istifadəyə görə yaranmış borcdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Qeyd edildiyi kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın:
5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.5-1-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:
5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya həmin akt əsasında 3110,4 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun silinməsini tələb edir. Eyni zamanda iddaçının təbii qazdan istifadəyə görə ödənilməmiş 13,88 manat debitor borcu vardır. İddiaçı cavabdeh tərəfin aktı əsasında 3124,28 manat məbləğində hesablanmış borcun silinməsini tələb edir. Bununla yanaşı iddiaçı tərəf həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, lakin həmin ünvanda yaşayış olmadığını, akt üzrə dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Apellyasiya şikayətində isə cavabdeh tərtib edilmiş aktın əsaslı olmasına istinad etmiş, həmçinin göstərmişdir ki, məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh tərəf iddiaçının ödəniş etməməsini və ya qazın qeydə alına bilməməsinin araşdırılmadığını bildirsə də, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi faktı mövcud olmuşdur. Lakin Cavabdeh İB-i tərəfindən itirilmiş qazın bərpası ilə əlaqədar hesablama aparılarkən ümumilikdə İddiaçı 180 gün hesabı ilə, günlük 24 saat olmaqla dəymiş zərər hesablanmışdır. Bu isə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsaslanmaqla itirilmiş qazın bərpası üçün 3110,40 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ünvanında aparılmış yerli baxış zamanı X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X5 Departamentinin Qazın balansı və satışı şöbəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyir. Təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının müəyyən edilməsi, həmin hallarının qarşısının alınması və belə halların aşkar olunması məqsədilə müdriyyətin təlimatı əsasında onlar tərəfindən reydlər keçirilir. Qeyd olunan ünvanda başqa qaz avadanlıqları olsa da quşçuluq sexi kimi istifadə olunan ərazidə 1 ədəd dəmir sobadan sayğacdan kənar qaz xəttindən istifadə olunmuşdur. Eyni zamanda yerli baxış zamanı qeyd olunan ünvanda yaşayış olmadığı, əvvəllər həmin ünvanda quşçuluq sexi kimi istifadə olunduğu və həmin ünvanda 6 ədəd dəmir sobanın olması müəyyən edilmişdir. Həmin dəmir sobalardan 5 ədədinin odundan və dizel yanacağından istifadə olunduğu, 1 ədədinin təbii qazdan istifadə üçün olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, 1 aya münasibətdə dəymiş ziyan hesablanarkən birinci instansiya məhkəməsi haqlı olaraq 1440 kub metr (6x8x30=1440) təbii qaz itkisi müəyyən olunmaqla iddiaçıya 172,80 manat (1440 kub.metr x 0,12) manat borcun iddiaçıya hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış dəymiş ziyanın məbləği düzgün olmamışdır. Çünki mübahisəli ünvanda yaşayış olmamışdır və belə olan halda qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 8 saat, 360 gün deyil, 30 gün olmaqla hesablanmalıdır. Cavabdeh isə qeyd olunan hesablama ilə razılaşmasa da istinad etdiyi dəlillərə münasibətdə mötəbər sübutlar təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(003)- 2531/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fərrux Qasımov Günel Abbasova