Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5142/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənova Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-657/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız olaraq yazılmış 832,51 manat borcun hesabından silinməsi, həmçinin 360 manat məbləğində pulun ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə, ******* saylı akt tərtib edilmiş və akta əsasən 1192,32 manat cərimə yazılmışdır. İddiaçının olanların heç birindən xəbəri olmamışdır. İddiaçıya aktlar təqdim olunsa da, şəkillər verilməmişdir. İddiaçı komissiya təşkil edilməsini və evə baxış keçirilməsini təklif etmiş, amma Cavabdeh İB-nin nümayəndələri bununla razı olmamış, iddiaçıya məhkəməyə müraciət etməsini bildirmişlər. Cavabdeh təşkilat iddiaçını əlavə xəttdən istifadə etməsində təqsirləndirərək, ona əsası olmayan əsassız borc hesablamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(011)-657/2023 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********00220 saylı abunə koduna hesablanmış 832,51 (səkkiz yüz otuz iki manat əlli bir qəpik) manat məbləğində borcun silinməsi, iddiaçıdan cərimə borcunun silinməsi üçün tutulmuş 360 (üç yüz altmış) manat pul vəsaitinin iddiaçıya geri ödənilməsi, cavabdehdən 31,92 (otuz bir manat doxsan iki qəpik) manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altmış beş) manat pulun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçı tərəfindən kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə edilməsi, aktların qanuni olması, iddanın rədd olunmalı olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməslərinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus mənzilə baxış zamanı təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan abonent saldosundan görünür ki, Cavabdeh İB tərəfindən sözügedən ünvanda istifadə olunan cihazlar hissəsində yalnız PQ-4 (4 gözlü qaz piltəsi) göstərilməklə iddiaçıya dəymiş ziyana görə 1192,32 manat borc hesablanmışdır. İşdə olan iddiaçı tərəfindən Cavabdeh İB-nə ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, hesablanmış 1192,32 manat borcu qəbul (etiraf) etmiş, həmin borcdan 360 manat ödəmiş, qalan 832,51 manatı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, 2022-ci ilin yanvar – 2023-cü ilin aprel dövrünü əhatə edən abonent saldosundan görünür ki, iddiaçı tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, 31 avqust 2022-ci il tarixli aktın tərtib olunduğu tarixdən əvvəlki 3 ay müddət üzrə (iyun, iyul və avqust ayları) heç bir ödəniş edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı borcun yazıldığı ünvanda daimi yaşamır, oraya mütəmadi olaraq gəlib-gedir. Bu halı təsdiq etmək üçün iddiaçı məhkəməyə davamlı olaraq yaşadığı evə aid saldo təqdim etmişdir. Cavabdeh İB tərəfindən borcun etirafı barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı ərizə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh İB təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə görə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdeh İB-dən asılı vəziyyətdə olurlar. Hazırkı işdən də görünür ki, iddiaçı olan vətəndaşa onun mənafeyi ziddinə ərizə yazdırılmış və vətəndaşa ərizənin mətni yanlış izah edilməklə ərizəyə imza atdırılmışdır. Belə ki, iddiaçının izahatlarından görünür ki, o, ünvan 2 ünvanı üzrə də sayğacın dəyəri olaraq istinad olan məbləği ödədiyindən hazırkı iş üzrə ondan tələb olunan 360 manatın məhz sayğac dəyəri olaraq tələb edildiyini düşünmüşdür. İstinad olunanlardan əlavə olaraq məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində də iddiaçının yaşadığı ünvanda yerləşən sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədələr aşkar edilməməsini əsas götürərək iddiaçıya yazılmış cərimə borcunu əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra, Qaydalar) 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin müəyyən olunmuş faktiki hallarından və təqdim olunmuş sübutlardan müəyyən edilir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan üzrə qaz sayğacına baxış keçirilmiş, tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2022-ci il tarixli akta əsasən - təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş, faktla bağlı müvafiq fotoşəkillər çəkilmişdir. Eyni zamanda, işdə olan 2022-ci ilin yanvar – 2023-cü ilin aprel dövrünü əhatə edən abonent saldosundan da açıq-aşkar görünür ki, iddiaçı tərəfindən 31 avqust 2022-ci il tarixli aktın tərtib olunduğu tarixdən əvvəlki 3 ay müddət üzrə (iyun, iyul və avqust ayları) heç bir ödəniş həyata keçirilməmişdir (halbuki, saldodan qalan aylar üzrə müəyyən ödənişlərin edilməsi görünür). Xüsusilə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh İB-nə ünvanlanmış 10 oktyabr 2022ci il tarixli ərizəsində 31 avqust 2022-ci il tarixli akta əsasən hesablanmış - 1192,32 manat borcu qəbul (etiraf) etmiş, həmin borcdan 360 manat ödəmiş, qalan 832,51 manatı hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, işdə olan sübutlarla iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qaydada, qanunsuz istifadə edilməsi müəyyən edilir. Məhkəmə kollegiyası ekspertiza rəyinə də münasibət bildirərək qeyd edir ki, rəylə hazırki vaxtda qaz borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməməsi qeyd olunsa da, bu hal vəziyyəti dəyişdirmir. Yəni, ekspert hazırki vaxtda müdaxilə izlərinin aşkar olunmamasını müəyyən etmişdir. Lakin, işdə olan sübutlarla aktın tərtib olunduğu zamanı müvafiq kənar qoşulma halının mövcudluğu öz təsdiqini tapmışdır (MPM-in 101.7-ci maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir). İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh İB-nə ünvanladığı 10 oktyabr 2022-ci il tarixli ərizəsini iş üzrə mötəbər sübut kimi qəbul etməmiş, mövqeyini iddiaçınnı Cavabdeh İB-dən asılı vəziyyətdə olması, ərizənin onun mənafeyi ziddinə yazdırılmasına, ərizənin mətninin yanlış izah edilməsi və s. kimi əsaslandırmışdır. Lakin, işdə olan məhkəmə iclas protokollarından görünür ki, protokollarda iddiaçının Cavabdeh İB-nə ünvanladığı 10 oktyabr 2022-ci il tarixli ərizəsinin onun iradəsi əleyhinə, məcburi qaydada və s. yazdırılması ilə bağlı hər hansı qeyd mövcud deyildir. Bu hallar hakim tərəfindən tərəflərlə ümumiyyətlə müzakirə olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şəxsi mülahizələrdən çıxış edərək, qeyd edilən ərizəni sübut kimi qəbul etməmiş, bu istiqamətdə mövqeyini işdə olan sübutlara uyğun əsaslandırmamışdır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya məxsus ünvanda “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib etməklə, bunun nəticəsində dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla belə, Kollegiya, cavabdeh tərəfindən iddiaçıya hesablanmış dəymiş ziyanın məbləği ilə razılaşmır. Belə ki, 31 avqust 2022-ci il tarixli «dəymiş ziyanın ödənilməsinə dair tələbnamə»nin dəymiş ziyan həcminin hesablanması bölməsindən görünür ki, cavabdeh tərəfindən hər bir cihaz üzrə qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti qeyd olunmaqla, dəymiş ziyan 180 gün müddət üçün hesablanmışdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, ünvan üzrə abonent saldosundan görünür ki, iddiaçı tərəfindən akt tərtib olunduqdan əvvəlki üç ay üzrə (iyun, iyul və avqust) ödənişlər olmamış, əvvəlki aylarda isə qaz sərfi üçün müvafiq ödənişlər həyata keçirmişdir. Bu səbəbdən də, iddiaçıya kənar xəttdən istifadəyə görə əlavə sərfiyyat 180 gün üçün deyil, onun yarısını təşkil edən 90 gün üçün hesablanmaqla, 596,16 manat (1192,32:2=596,16) müəyyən edilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən ödənilmiş 360 manat nəzərə alınmaqla, iddiaçının qalıq borcu 296,16 manat təşkil edir. Bu səbəbdən də, 31 avqust 2022-ci il tarixli akta əsasən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış müvafiq pul vəsatindən 596,16 manat hissəsi silinməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməli, 31 avqust 2022-ci il tarixli akta əsasən Cavabdeh tərəfindən İddiaçı **********00220 saylı abunə koduna hesablanmış borcdan 596,16 manat pul silinməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, məhkəmə icraatı zamanı 65 (altmış beş) manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Bununla yanaşı, iddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunun ödənilməsindən azad olduğundan, həmçinin iddia qismən, yəni 596,16 manat hissədə təmin olunduğundan, qanunvericiliyin tələblərinə əsasən ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməli, sonuncudan tutularaq dövlət nəfinə verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-657/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-657/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən 31 avqust 2022-ci il tarixli akta əsasən İddiaçı **********00220 saylı abunə koduna əlavə sərfiyyat kimi hesablanmış 1192,32 manat pul vəsatindən 596,16 (beş yüz doxsan altı manat 16 qəpik) manat hissə silinsin, iddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin. Cavabdehdən 65 (altmış beş) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), həmçinin 30 (otuz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5142/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5142/2023
26.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver