Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5143/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5460/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 01.06.2019-cu il tarixli müqaviləyə əsasən 74 manat əsas, 7 manat dəbbə pulunun, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən 180 manat əsas, 18 manat dəbbə pulunun, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən 364 manat əsas, 36 manat dəbbə pulunun, cəmi 679 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5460/2021 saylı 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01.06.2019-cu tarixli müqaviləyə əsasən 74 manat əsas, 1 manat dəbbə pulu, 07.10.2019- cu il tarixli müqaviləyə əsasən 180 manat əsas, 5 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən 364 manat əsas, 10 manat dəbbə pulu olmaqla, cəmi 679 manat əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq qətnamə qəbul etmişdir. X6-dan onun adına götürülən bütün bu elektron əşyalar onun tanışı tərəfindən götürülmüşdür və bütün ödənişləri də onun adından etmişdir. Lakin tanışı bir müddət ödənişlər etdikdən sonra hansısa səbəblərdən qalan ödənişləri etməmişdir. Xətai rayon Məhkəməsində o, keçirilən proseslərdə iştirak edərək məhkəməyə bildirmişdir ki, qalan ödənişləri o, hissə-hissə ödəniş etməyə razıdır, hətta bununla bağlı məhkəmə hakimi ondan ərizə də almışdır. Lakin sonrada məhkəmə tərəfindən qətnamə çıxarılaraq qeyd edilmişdir ki, guya ki, o, məhkəmə proseslərində iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5460/2020 saylı 19 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh cəmi 679 manat borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 634 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, tərəflər arasında 01.06.2019-cu il tarixdə “Nokia 8110” markalı telefonun nisyə alqı-satqısı barədə 00693847 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 222 manat, ilkin ödəniş 0 manat, ödəniş müddəti 6 ay olmaqla, aylıq ödəniş 37 manat müəyyən edilmişdir. Əşya cavabdehə 01.06.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 07.10.2019-cu il tarixdə “Apple” markalı Airpodsın nisyə alqı-satqısı barədə 00965764 saylı nisyə müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 540 manat, ilkin ödəniş 0 manat, ödəniş müdəti 12 ay olmaqla, aylıq ödəniş 45 manat müəyyən edilmişdir. Əşya cavabdehə 07.10.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 07.10.2019-cu il tarixdə “Panasonic Led” markalı televizorun nisyə alqı-satqısı barədə 00965749 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 468 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 26 manat müəyyən edilmişdir. Əşya cavabdehə 07.10.2019cu il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən edilmişdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 148 manat, qalıq borcu 74 manat, dəbbə pulu 7 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 360 manat, qalıq borcu 180 manat və dəbbə pulu 18 manat, üçüncü müqavilə üzrə ödədiyi pul məbləği 104 manat, qalıq borcu 364 manat və dəbbə pulu 36 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 3 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “Nokia 8110” markalı telefon üçün qalıq borcu 74 manat, dəbbə pulu 7 manat, “Apple” markalı Airpods üçün qalıq borcu 180 manat və dəbbə pulu 18 manat, “Panasonic Led” markalı televizor üçün qalıq borcu 364 manat və dəbbə pulu 36 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 612 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Cavabdehdən cəmi 679 manat borcun tutulması hissəsində isə məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının tələb etdiyi dəbbə pullarının əsassız və şişirdilmiş məbləğ olduqlarını qeyd edərək azaltsa da, cəmi borcun hesablanması hissəsində bunu nəzərə almamış və cəmi borcun hesablanmasında səhvə yol vermişdir. Belə ki, müqavilələr üzrə məhkəmə tərəfindən tutulan məbləğləri topladıqda (74+1+180+5+634+10=634) cəmi tutulmalı olan borcun 679 manat deyil, 634 manat olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Apelyasiya şikayətinin dəlilərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində göstərilən dəlilləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borcun hissə hissə ödənilməsi məsələsi icra mərhələsində həll olunan məsələdir və şikayətin bu dəlili də qətnamənin ləğvi üçün səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5460/2020 saylı 19 noyabr 2020ci il tarixli qətnaməsi Cavabdeh cəmi 679 manat borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 634 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5460/2020 saylı 19 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh cəmi 679 manat borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 634 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5143/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5143/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver