Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5143/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: icbari sığorta üzrə zərərçəkmiş şəxs qismində avtomobilə dəymiş zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AE010274 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən G4FGLW572278 nömrəli mühərrik, Z94C351BBMR134917 nömrəli banı olan 90UY891 qeydiyyat nişanlı 2021-ci il buraxılışlı KİA RİO CROSS MİNİK avtomobili ona məxsusdur. 18 oktyabr 2021-ci ildə təxminən saat 08:00 radələrində “Mercedes” markalı 99RN633 dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bildiririr ki, “Mercedes” markalı 99RN633 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ilə bağladığı sığorta müqaviləsi çərçivəsində sığortaçı qismində çıxış edən "xxxx" ASC tərəfindən tərtib edilmiş akta əsasən ona məxsus avtomobilə dəymiş zərərin məbləği 730 (yeddi yüz otuz) manat müəyyən edilmişdir. O, bu məbləğlə razı deyil və qeyd edir ki, sığorta münasibətləri çərçivəsində zərərçəkən şəxs kimi "xxxx" ASC tərəfindən hüquqları təmin edilməmiş, zərər məbləğinin müəyyən edilməsi qanunvericiliyin tələbləri pozularaq həyata keçirilmişdir. Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” 24 iyun 2011-ci il tarixli 165-İVQ nömrəli Qanunun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Bildirir ki, sığorta şirkətinin əməkdaşları tərəfindən nəinki gedişat barədə məlumat verilməmiş, hətta dəfələrlə edilmiş zənglərə və şikayətlərə cavab verilməmişdir. Bundan əlavə, qiymətləndirmə qanunvericilikdə nəzərdə tutulmuş müddət pozulmaqla aparılmışdır. Belə ki, yol nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixində baş versə də, zərərin qiymətləndirilməsi barədə məktub 1 aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Halbuki, “İcbari sığorta haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Eyni zamanda bildirir ki, zərərin qiymətləndirilməsi üçün tərtib edilən akt heç bir real qiymətləndirməyə, bazar qiymətinə və göstəricilərə uyğun olmamışdır. Ümumiyyətlə, dəymiş zərərin avtomobilin zədələnmiş hansı detalı üzrə müəyyən edildiyi qeyri- müəyyəndir. Müəyyən edilən məbləğ avtomobilin təmiri və təmiri ümumiyyətlə mümkün olmayan ehtiyat hissəsinin dəyişidirilməsi üçün lazım olan məbləğdən 3 dəfə aşağıdır. Sadəcə vizual baxış əsasında aparılan qiymətləndirmə Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyətindən xəbər verməklə yanaşı, qeyri-obyektiv və formal fəaliyyətinin göstəricisidir. Qeyd edir ki, avtomobil 2021-ci ilin mart ayında “Kia Motors”un rəsmi satış mərkəzində alınmışdır və həmin servis tərəfindən rəsmi xidmət göstərilməkdədir. Servis Mərkəzindən alınmış qüsur aktı əsasən avtomobilə dəymiş zərərin məbləği 1.835,80 manat müəyyən edilmişdir. Bundan əlavə bildirir ki, şirkətin fəaliyyətindən narazılıqla bağlı həm özlərinə, həm də Mərkəzi Banka şikayət məktubu ilə müraciət etmişdir. Mərkəzi Bank tərəfindən şirkətə sərbəst auditorun təyin edilməsi ilə bağlı göstəriş məktubu ünvanlanmışdır. Bundan sonra sığorta şirkəti tərəfindən ona Mərkəzi Bankın göstərişini yerinə yetirmək məqsədi ilə sərbəst auditorun təyin edilməsi barədə məktub göndərilmişdir. Həmin məktub əsasında sığorta şirkətinə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert qismində təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Təəssüflər olsun ki, şirkət öz ənənəsinə sadiq qalaraq vətəndaş hüquqlarının pozulması istiqamətində qanunazidd fəaliyyətini davam etdirmişdir. Belə ki, heç bir əsaslandırma və haqlı səbəblər olmadan həmin müəssisənin ekspert qismində cəlb edilməsinə şifahi telefon zəngi vasitəsi ilə razı olmadığını bildirmişdir. İmtinanın əsasları barədə yazılı cavab məktubunun göndərilməsini tələb etsə də, buna məhəl qoyulmamışdır. Bildirir ki, sığorta hadisəsindən artıq 5 aya yaxın müddətin keçməsinə baxmayaraq, məsələnin qanunvericiliyin tələbləri çərçivəsində həll edilməsi, vətəndaş hüquqlarının bərpası istiqamətində heç bir addım atılmamışdır. Odur ki, dəyən real zərər məbləğində, yəni 1.835,80 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bildirir ki, sığorta şirkətinin hərəkətsizliyi, o cümlədən qanunsuz hərəkətləri, vətəndaş hüquqlarımın bu formada tapdalanması mənəvi sarsıntı və iztirab keçirməyinə əsas olmuşdur. O, sığorta şirkətinə öz vəzifələrini yerinə yetirməsi vəziyyətinin öyrənilməsi, bir zərərçəkən şəxs kimi mənə dəymiş zərərin ödənilməsi 3 istiqamətində hansı addımlar atılması ilə bağlı dəfələrlə Günay Sığorta ASC-nin Çağrı Mərkəzinə zəng vurmuş, onlarla əlaqə saxlamağa cəhd göstərmişdir. Bildirir ki, edilmiş zənglərə əksər hallarda cavab verilməmiş, cavab verildikdə isə çox gec, 10-12 dəqiqə gözlədikdən sonra şablon sözlərlə sualları cavablandırılmışdır. Haqlı tərəf, zərərçəkən tərəf olsa da, ona qarşı təzyiqlər hiss etmiş və buna əsasən də mənəvi sarsıntı keçirmişdir. Sığorta şirkətinin fəaliyyətsizliyi onda nəinki şirkətə, hətta sığorta institutuna qarşı inamsızlıq yaratmışdır ki, məcbur qalıb Mərkəzi Banka və ən nəhayət, əlavə xərclər çəkərək məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, hər zəng, hər müraciət və hər dəfə mənfi cavablar emosional əzab keçirməyinə, o cümlədən iş vaxtından ayrılmağına əsas olmuşdur. Sığorta müqaviləsinin bağlanması üçün vətəndaşlara göstərdikləri xidmət “keyfiyyətinin” (lüzumlu və lüzumsuz telefon zəngləri vasitəsi ilə) eynisini təəssüflər olsun ki sığorta hadisəsi baş verdiyi təqdirdə görə bilməmişdir. Bildirir ki, sığorta ödənişi ödənilmədiyi üçün o, avtomobili saz olmayan vəziyyətdə idarə etməli oldu ki, bu da ona əlavə psixoloji sıxıntı və təzyiq verirdi. O, məcbur qalıb öz vəsaiti hesabına avtomobili qismən təmir etdirməli oldu. Odur ki, göstərilənlərə əsasən "xxxx" ASC-nın qanunsuz əməlləri nəticəsində ona dəymiş 5.000,0 manat mənəvi zərərin ondan tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1 -ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq, sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər qecikdirilmis gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermişdir, Qanunun 17.4-cü maddəsi nəzərə alınmaqla iddia ərizəsinin verildiyi tarixə, yəni xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək dəbbə pulu 262,50 manat təşkil edir: gecikdirilmiş gün sayı - 143 gün (xx.xx.2021 - xx.xx.2022); sığorta ödənişi məbləği - 1.835,80 manat; Dəbbə pulu - 262,50 manat (1.835,80 x 0,1 % x 143 gün). Odur ki, "xxxx" ASC tərəfindən gecikdirilmiş sığorta ödənişi üçün məhkəmə qərarı qəbul edilən və qüvvəyə minən tarixədək dəbbə pulunun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
2. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən sığorta hadisəsi nəticəsində dəyən real zərər məbləğində, yəni 1.835,80 manat sığorta ödənişinin müəyyən edilməsi və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, "xxxx" ASC-nın qanunsuz əməlləri nəticəsində dəymiş 5.000,0 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, "xxxx" ASC tərəfindən gecikdirilmiş sığorta ödənişi üçün məhkəmə qərarı qəbul edilən və qüvvəyə minən tarixədək - hazırkı tarixə isə 262,50 manat dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 91,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-912/2022 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbləri qismən təmin edilmiş, xx.xx.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Kia Rio» markalı ** UY *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 1330 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat, cəmi 1363 (bir min üç yüz altmış üç) manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 934-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İcbari sığortalar haqqında” AR Qanununun 3.1.2, 4.1, 15.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-912/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı avtomaşının digər hissələrinin də zədələndiyi aşkar formada müəyyən və sübut edildiyi, bunun məhkəmə qərarında öz əksini tapdığı halda iddianın həmin hissədə qismən təmin edilməsi anlaşılan olmamışdır. Belə ki, sübutların araşdırılması zamanı CD diskə baxış keçirilən zaman xx.xx.2021-ci il tarixli 1835,80 manat məbləğində olan qüsur aktında göstərilən hər bir detalın həqiqətən zədələndiyi müəyyən edilsə də, məhkəmə bu faktı qərar qəbul edərkən nəzərə almamışdır. İclas zamanı 1330,80 manat məbləğində qüsur aktını məhkəməyə təqdim edərkən onun avtomobilin təmir edilmiş hissəsinə münasibətdə Servis tərəfindən təqdim edildiyi və 1330,80 manatın 1835,80 manat zərərin tərkib hissəsi olduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Qeyd edilən hal məhkəmə qərarında da öz əksini tapmışdır: Məhkəmə qərarın 4-cü səhifəsi, 9-cu absaz: Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən qüsur aktlarından və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən olunur ki, yol nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən digər hissələr də zədələnmişdir. Qeyd edir ki, iddia tələbi yalnız avtomaşının təmir edilmiş hissəsinə münasibətdə təmin edilmişdir. Lakin qüsur aktının 2-ci və 3-cü sətirlərində qeyd edilən ehtiyat hissələri, yəni arxa buferin alt qarası və arxa buferin metallik kantı üzrə hər hansı təmir həyata keçirilmədiyindən, məhkəmə tərəfindən həmin hala düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edilən hissələr üzrə ümumilikdə xərc 456 manat (336+120) təşkil edir.
7. Məhkəmə qərarında mənəvi zərərlə bağlı qeyd edilmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildirir ki, sığorta şirkətinin hərəkətsizliyi, o cümlədən qanunsuz hərəkətləri, vətəndaş hüquqlarının tapdalanması mənəvi sarsıntı və iztirab keçirməyinə əsas olmuşdur. İddia ərizəsinin əvvəlində də qeyd etdiyi kimi, sığorta şirkətinə öz vəzifələrini yerinə yetirməsi vəziyyətinin öyrənilməsi, bir zərərçəkən şəxs kimi ona dəymiş zərərin ödənilməsi istiqamətində hansı addımlar atılması ilə bağlı dəfələrlə Günay Sığorta ASC-nin Çağrı Mərkəzinə zəng vurmuş, onlarla əlaqə saxlamağa cəhd göstərmişdir. Edilmiş zənglərə əksər hallarda cavab verilməmiş, cavab verildikdə isə çox gec, 10-12 dəqiqə gözlədikdən sonra şablon sözlərlə sualları cavablandırılmışdır. Belə ki, Şirkətin Çağrı Mərkəzindən aidiyyəti əməkdaş və ya şöbə ilə əlaqələndirilməsi xahiş etsə də, əksər hallarda heç bir nəticə verməmişdir. X1 əməkdaşları, istərsə də əlaqələndirdikləri halda aidiyyəti şöbələrin əməkdaşları tərəfindən kobudluqla, kobud cavablarla üzləşmişdir. Haqlı tərəf, zərərçəkən tərəf olsa da, özünə qarşı təzyiqlər hiss etmiş və buna əsasən də mənəvi sarsıntı keçirmişdir. Hər zəng, hər müraciət və hər dəfə mənfi cavablar emosional əzab keçirməyimə, o cümlədən iş vaxtından ayrılmağıma əsas olmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsi sığorta ödənişinin ödənilməsindən imtina zamanı həyata keçirir. İşin faktiki hallarından aydın olur ki, o, cavabdeh sığorta şirkətinin heç bir reallığa və bazar qiymətinə uyğun olmayaraq müəyyən etdiyi zərərin məbləği ilə razı olmadığından cavabdehdən 1835,80 manat ödənişin edilməsini tələb etsə də, cavabdeh bu ödənişi etməkdən imtina etmişdir. Hətta ona müstəqil ekspertin təyin edilməsi ilə bağlı yazılı ərizə ilə müraciət etsə də, həmin ərizəyə cavab verilməmiş, özü onlarla telefon əlaqəsi saxladıqdan sonra ekspertin təyin edilməsinə razı olmamışlar. Göründüyü kimi, cavabdeh hər bir hərəkəti ilə real zərər məbləğində ödənişin ona ödənilməsindən birbaşa və dolayısı ilə yayınmış və bununla da ödəniş həyata keçirilməmişdir. Cavabdehin bu hərəkətsizliyi Qanunun 18.1-ci maddəsinin tələbləri dairəsinə düşsə də, məhkəmə bu hala düzgün qiymət verməmiş və Qanunun müddəasını səhv tətbiq etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 10.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilməyən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
15.Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 16.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 18.“İcbari sığortalar haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. 19.Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 20.Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 21.Həmin Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişi verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 22.AR Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 23.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24.Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi kimi 1835,80 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 262,50 manat dəbbə pulu, habelə apellyasiya şikayətinin verilməsi üçün 20 manat dövlət rüsumu tutulmalı, qətnamə mənəvi zərərin tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
25. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 730 manat vəsait hesablanmışdır.
26. İş üzrə “Kia Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1835,80 manat vəsait hesablanmışdır.
27. İş üzrə “Kia Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1330,80 manat vəsait hesablanmışdır.
28. İş üzrə ödəniş qəbzindən məlum olur ki, "xxxx" MMC-yə «Kia» markalı 90-UY891 dövlət qeydiyyat nişanlı avtomaşının təmiri ilə bağlı 1330 manat məbləğində ödəniş həyata keçirmişdir.
29. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20201-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Mercedes” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilə «Kia Rio» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio» markalı avtomaşına dəymiş 730 manat zərər məbləğinin ödənilməsi üçün bank hesabının təqdim edilməsi xahiş olunmuşdur.
30. İşin qeyd edilən hallarına istinad edən birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən bir tərəfdən iddiaçının təqdim etdiyi qüsur aktlarına və CD diskdə əks olunmuş videoyazıya istinad etmiş və yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən digər hissələrinin də zədələndiyini müəyyən etmişdir. Bu zaman məhkəmə həmin qüsur aktını daha mötəbər sübut kimi qəbul etdiyini, eyni zamanda iddiaçı tərəfindən avtomobilin təmirinə çəkilən xərc kimi ödəniş qəbzində göstərilən məbləği daha mötədər sübut kimi qəbul etdiyini göstərmişdir.
31. Göründüyü kimi, məhkəmə hər iki qüsur aktını mötəbər sübut kimi qəbul edərək mübahisəni həll edərkən onlara istinad etmişdir. Lakin məhkəmə həmin qüsur aktlarının birində iddiaçıya məxsus avtomobilə dəyən zərərin məbləğinin 1835,80 manat digərində isə 1330,30 manat müəyyən edilməsinə, bu aktlar arasındakı fərqin hansı səbəbdən yaranmasına və hansı səbəbdən məhz daha az məbləğ göstərilmiş akta istinad etməsinə aydınlıq gətirməmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən qüsur aktlarının müqayisəli təhlili onu göstərir ki, hər iki akt yeni qurum – KİA Motors MMC-nin servis mərkəzi tərəfindən eyni tarixdə tərtib edilmişdir. Həmin aktlarda müəyyən edilmiş məbləğlərin fərqli olması isə bu ondan əmələ gəlmişdir ki, aktın birində dəyişilməli olan ehtiyat hissələrinin siyahısında göstərilmiş iki detal – arxa buferin alt qarası (336 AZN) və arxa buferin metallik kantı (120 AZN) digər aktda qeyd edilməmişdir.
33. İddiaçı bu fərqi onunla izah etmişdir ki, birinci akt (1835 AZNN) avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün baxış keçirilərkən, ikinci akt (1330 AZN) isə o, avtomobilini öz hesabına təmin etdirən zaman tərtib edilmişdir. Yəni, birinci aktda avtomobilin tam bərpa edilməsi üçün görülməli olan bütün işlər və dəyişdirilməli olan detallar, ikinci aktda isə yalnız onun sifarişi əsasında icra edilməli olan işlər göstərilmiş və buna görə hesabat aparılmışdır. Belə ki, o, avtomobili öz hesabına təmir etdirməli olmuş və bu zaman qeyd edilən iki detalı sonradan təmir etdirmək qərarına gəlmişdir. Həmin detallar hal hazıradək təmir edilməmişdir.
34. Məhkəmə kollegiyası iddiaçının bu dəlillərini əsaslı hesab edir. Belə ki, həmin iki ədəd detalın təmir edilməli olması, lakin təmir edilməməsi tərtib edilmiş aktlardan və görülmüş işə görə iddiaçının "xxxx" MMC-yə etdiyi ödənişin məbləğindən də aydın şəkildə müəyyən edilir.
35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 1330,30 manat deyil, 1835,80 manat təşkil etməsi barədə iddiaçının dəlilləri əsaslı olmuşdur.
36. İddia tələbinin sığorta ödənişinin gecikdirilməsi ilə bağlı kollegiya qeyd edir ki, sığorta hadisəsinin xx.xx.2021-ci il tarixdə baş verməsi, sığorta ödənişinin isə iddiaçıya hal-hazıradək ödənilməməsi işin mübahisəsiz hallarıdır.
37. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən ona istinad etmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən iddiaçıya sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. Əksinə iddiaçıya sığorta ödənişi təklif olunmuş, lakin sığortalı həmin məbləğlə razılaşmamış və bu səbəbdən məbləğlə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə bu halın sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməsi hesab edilmədiyi qənaətinə gəlmişdir.
38. Kollegiya birinci instansiya məhkəməsinin bu qənaəti ilə də razılaşmır və qeyd edir ki, cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya təklif edilən məbləğ onun özü tərəfindən birtərəfli qaydada müəyyən edilməklə sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər məbləğini tam əhatə etməmişdir. Həmçinin, iddiaçı tərəfindən edilən müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən sığorta ödənişinin ağlabatan müddət ərzində ödənişi təmin edilməmişdir. Kollegiya hesab edir ki, sığortaçının bu davranışı onun tərəfindən sığorta ödənişinin sığorta qanunvericiliyində müəyyən edilmiş müddət ərzində edilməsindən imtina kimi qiymətləndirilməlidir.
39. Bu səbəbdən iddiaçının sığorta ödənişini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödəməməsinə görə hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulunun tutulmasına dair tələbini də məhkəmə kollegiyası əsaslı hesab edir.
40. Ödənişin gecikdirildiyi günlərin 143 gün təşkil etməsinə dair iddianın dəlillərini də məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, “İcbari sığortalar haqqında” AR Qanununun tələblərinə əsasən sığorta ödənişi zəruri sənədlər əldə edildikdən sonra 7 iş günü ərzində edilməli olsa da, iddiaçı sənədləri əldə etdiyi xx.xx.2021-ci ildən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək sığorta ödənişini etməmişdir.
41. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi ziyanın tutulması hissəsində iddianın təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşır.
42. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
43. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
44. Lakin iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənəvi sarsıntı keçirməsini bildirsə də, bu sarsıntının nədə ifadə olunmasını dəqiq izah edə bilməmişdir.
45. Bundan başqa, iddiaçı əsasən cavabdeh təşkilata zənglər etdiyini, onun zənglərinə ya cavab verilmədiyini, ya da gec cavab verildiyini, cavab verilərkən isə onun suallarını şablon sözlərlə cavablandırdıqlarını, nəticədə mənəvi sarsıntı keçirdiyini bildirir.
46. Kollegiya bununla bağlı qeyd edir ki, telefon zənglərinə cavab verilməməsi və ya gec cavab verilməsi, yaxud sualların iddiaçını qane etməyən şəkildə cavablandırılması kimi hallar hüquqa zidd hərəkət kimi qiymətləndirilə bilməz. Mənəvi zərərin əvəzinin ödənilməsi isə yalnız o halda mümkündür ki, bu zərər cavabdehin hüquqazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun.
47. İddiaçıya sığorta ödənişinin verilməsinin gecikdirilməsi ilə bağlı isə kollegiya qeyd edir ki, bu halla bağlı qanunvericilikdə hər gecikdirilmiş gün üçün dəbbə pulunun ödənilməsi imkanı nəzərdə tutulmuşdur ki, iddiaçı bu imkandan istifadə edərək cavabdehdən 262,50 manat dəbbə pulunun ödənilməsini tələb etmişdir.
48. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının göstərdiyi hallar əsasında cavabdehdən mənəvi ziyanın tələb edilməsi əsassızdır.
49. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu qənaətə gəlir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tərəfindən işin həqiqi halları düzgün müəyyən edilməmişdir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
52. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
53. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apellyasiya şikayəti vermiş, cavabdeh isə həmin qətnaməni mübahisələndirməmişdir. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. Bunun nəticəsində cavabdehdən tutulmalı olan pul məbləği ümumilikdə 768,30 manat artmışdır. İddia tələbinin 5000 manat mənəvi zərərin əvəzinin tutulması hissəsində isə qətnamə dəyişdirilməmişdir.
54. Belə olan halda kollegiya hesab edir ki, hazırkı qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Cavabdehə münasibətdə isə qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan onun tərəfindən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-912/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Kia Rio» markalı ** UY *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 1835,80 manat, sığorta ödənişinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödənilməməsinə görə 262, 50 manat dəbbə pulu və apellyasiya şikayətinin verilməsi üçün 10 manat dövlət rüsumu tutulsun. İddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.