Məhkəmə qərarları › İş №2(103)-5144/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5144/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5144/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x2 və x1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli e- 2(001)-8467/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 650,60 manat borcun və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 681 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli e-2(001)- 8467/2019 saylı qətnaməsi ilə iddianın təmin edilmiş, Cavabdeh 650,60 manat məbləğində borcun və 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli e-2(001)-8467/2019 saylı qətnaməsindən 17 fevral 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli e-2(001)- 8467/2019 saylı qərardadı ilə cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi ilə bağlı ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli e-2(001)-8467/2019 saylı qətnaməsi 04 dekabr 2019-cu il tarixdə cavabdehin ünvanına göndərilmiş, 07 dekabr 2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə əldə edilmişdir, daha sonra 17 fevral 2020-ci il tarixdə Cavabdeh tərəfindən qeyd edilən qətnamədən apelyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Qətnamədən apelyasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməməlidir. Cavabdeh həmin qərardaddan şikayət verərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün iş üzrə mühüm əhəmiyyətli olan faktiki hallar araşdırılmamışdır. Belə ki, o, qətnamənin alınmasına dair qəbzə imza etməmiş və qəbzdəki imzanın isə kimə məxsus olmasından xəbəri yoxdur. Bundan əlavə ona məhkəmə iclasının vaxtı və yeri barədə də rəsmi qaydada məlumat və bildiriş göndərilməmişdir. Ona görə də məhkəmədən sözügedən qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli e-2(001)- 8467/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC tərəfindən qərardaddan şikayətə onların iştirakı olmadan baxılmasına dair ərizə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli e-2(001)-8467/2019 saylı qərardadı ləğv edilməli, əlavə araşdırma aparılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli e-2(001)-8467/2019 saylı qətnaməsi 04 dekabr 2019-cu il tarixdə cavabdehin ünvanına göndərilmiş, 07 dekabr 2019-cu il tarixdə xəbərnaməyə “Qocayev” soyadlı şəxs tərəfindən imza edilməklə əldə edilmişdir. (iş vərəqi səh 21-23) Cavabdehin apelyasiya şikayəti isə 17 fevral 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdehin apelyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddəti üzrsüz hesab edərək təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh öz ərizəsində sözügedən qətnaməni almadığını, qətnamənin ailə üzvü olmayan başqa şəxsə verildiyini və müvafiq poçt qəbzindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi 07 dekabr 2019-cu il tarixdə qətnamənin alınmasına dair qəbzə imza edən “Qocayev” soyadlı şəxsin kim olmasını, həmin şəxsin Cavabdeh ilə hər hansı bir qohumluq və ya digər əlaqəsinin olubolmamasını araşdırmamışdır. Buna görə də göstərilən hallar məhkəmə tərəfindən araşdırılmalı və müvafiq qərar qəbul olunmalıdır. Bu məqsədlə müvafiq poçt reyestrinə baxış keçirilə bilər. Buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli e-2(001)-8467/2019 saylı qərardadı ləğv edilməli, cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin ötürülüb-ötürülməməsi ilə bağlı məsələnin yenidən araşdırılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli e-2(001)- 8467/2019 saylı qərardadı ləğv edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli e-2(001)-8467/2019 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi məsələsinin yenidən araşdırılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar