Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5145/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X2 əvəzində Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsinin” və “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 30 saylı evin, 9 saylı mənzili iddiaçının mülkiyyətindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2008-ci il tarixli “Çıxarış” ilə təsdiq edilir. Qeyd edilən mənzil yuxarıda qeyd edilmiş xx.xx.2017-ci il tarixli “İpoteka müqaviləsi” ilə ipoteka ilə yüklü edilmişdir. Bu “İpoteka müqaviləsi” formal olaraq bağlanmışdır. Belə ki, “İpoteka müqaviləsinin” bağlanmasına əsas, iddia ərizəsində qeyd edilən xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsinə” görə bağlanmışdır. “Kredit müqaviləsində” göstərilir ki, iddiaçıya guya 1 ay müddətinə 25.000 ABŞ dolları məbləğində pul faizsiz olaraq borc vermişdir. Əslində isə iddiaçıya heç bir məbləğdə pul borc verilməmişdir. Bu baxımdan hesab edilməlidir ki, hər iki müqavilə etibarsızdır. Bundan başqa nəzərə alınmalıdır ki, “İpoteka müqaviləsinin” 5.1-ci bəndinə görə həmin müqavilə dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir. Lakin həmin ipoteka müqaviləsi dövlət qeydiyyatından keçməmişdir. Başqa sözlə, həmin “İpoteka müqaviləsi” görünüş xarakterli olmuşdur. Belə ki, Cavabdeh mərhum T.Hüseynovun oğludur. T.Hüseynov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Ölüm xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Qanuna əsasən T.Hüseynov ölən gün, yəni xx.xx.2018-ci il tarixdə həmin etibarnamə qüvvədən düşmüşdür. Belə olan halda, T.Hüseynov tərəfindən Bakı Şəhəri 21 saylı Notariat Kontorunda xx.xx.2017-ci il tarixində Cavabdeh verilmiş etibarnaməyə T.Hüseynov ölən gün, yəni xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda iddiaçı ilə T.Hüseynov arasında bağlanmış 10.06.207-ci il tarixli “Kredit müqaviləsinin” müddəti cəmi 1 ay müddətinə müəyyən edilmişdir. Belə ki, həmin “Kredit müqaviləsinə” əsasən borc verən borc alana 25.000 ABŞ dolları məbləğində borc verir, borc alan isə həmin məbləği xx.xx.2017-ci il tarixədək, yəni 1 ay müddətində qaytarmaq barədə öhdəlik götürmüşdür. Eyni zamanda borclu 25.000 ABŞ dolları məbləğində borca görə həmin məbləğdən üç dəfə baha olan mübahisəli mənzilini ipoteka ilə yüklü etmişdir. Əslində T.Hüseynov sağlığında faizə pul verən şəxs olmuş və xx.xx.2017-ci il tarixli kredit və ipoteka müqavilələrinin bağlamaqda məqsədi, niyyəti cavabdehin əmlakına, yəni evinə yiyələnməkdən ibarət olmuşdur. Təbii ki, bu hal da həmin müqavilələrin formal, görünüş xarakterli olmasını, yəni etibarsızlığını ehtiva edir. İddiaçı nə T.Hüseynovu, nə də ki, onun oğlu Cavabdeh tanımamış onlardan pul almamış, həmin şəxsləri iddiaçıya iddiaçının qohumu Emin Həsənov tanıtmış, E.Həsənovu isə sonuncuları Röya adlı şəxs tanış etmiş, E.Həsənova da pul Röya adlı şəxsin vasitəçiliyi ilə verilmiş, bütün bu proseslərdən iddiaçının xəbəri olmamışdır. Məhz həmin proseslərdən iddiaçının xəbəri olan kimi, o, dərhal hazırkı iş üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, Rayon Məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilməmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddia tələbi əsassız olmaqla ilə yanaşı tələb üzrə iddia müddəti də, ötürülüb. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi hər 2 əsasla iddianı rədd etməkdə haqlı olmuşdur. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri 21 saylı Notariat Kontoru apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə T.Hüseynovun adından çıxış edən nümayəndə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 21-ci Notariat Kontoru tərəfindən reyestrdə 3-m-328 nömrə ilə qeydə alınmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 1 ay müddətinə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində pulu faizsiz olaraq T.Hüseynovdan borc almışdır. İddiaçı ilə T.Hüseynovun adından çıxış edən nümayəndə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 21-ci Notariat Kontoru tərəfindən reyestrdə 3-m-329 nömrə ilə qeydə alınmış “İpoteka müqaviləsindən” görünür ki, İddiaçı “Kredit müqaviləsi” üzrə T.Hüseynovun qarşısında üzərinə götürdüyü (borcun 1 ay ərzində qaytarmaqdan ibarət olan) öhdəliyin icrasının təminatı olaraq özünə məxsus mənzili T.Hüseynovun xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş T.Hüseynovun vərəsəsi Cavabdehdur. Miras əmlaka həmçinin yuxarıda qeyd edilən “Kredit müqaviləsi” əsasında iddiaçıya verilmiş 25.000 ABŞ dolları məbləğində pul da daxildir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, iddiaçı onun xalasıdır. İddiaçı ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış, müqavilədə pulun 10%-lə geri ödənilməsi qeyd olunmuş, lakin onlar arasında razılığa əsasən pulu 5%-lə geri qaytaracağı qərarlaşdırılmışdır. Sözügedən müqavilədən iddiaçının xəbəri olmamışdır, çünki borcu Cavabdeh o özü almışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Nəbiyeva Röya Vahid qızı öz ifadəsində göstərmişdir ki, hazırda onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Onun bu proseslərdən xəbəri olmamışdır, sadəcə E.Həsənovla birlikdə işlədiyi üçün onun pula ehtiyacı olduğunu bildiyindən Cavabdehla E.Həsənovu tanış etmişdir. Başqa heç bir məlumatı yoxdur. Üstəlik də həmin vaxt müqavilə bağlananda depozitə pul qoyulmadan tərəflər arasında müqavilə bağlanılırdı. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı ilə T.Hüseynov arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” bağlanmışdır. Müqavilədə qeyd edilir ki, iddiaçı faizsiz olaraq 25.000 ABŞ dolları məbləğində pulu T.Hüseynovdan borc alır və borcu 1 aydan gec olmayaraq qaytarılması barədə üzərinə öhdəlik götürür. İddiaçı, qeyd edilən bu müqavilə üzrə T.Hüseynovun qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus mənzili T.Hüseynovun xeyrinə ipoteka ilə yüklü etmiş və bununla əlaqədar olaraq onların arasında xx.xx.2017-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Hər iki müqaviləni T.Hüseynovun nümayəndəsi olan övladı – hazırki iş üzrə Cavabdeh imzalamışdır. İş üzrə iddiaçı qeyd edilən “Kredit müqaviləsi” üzrə ona heç bir zaman borc verilməməsi, pulun onun adına mədaxil edilməsi ilə bağlı heç bir sənədin və sübutun mövcud olmaması və Notariat Kontorunda müqavilələr bağlanan zaman ona müqavilələrin əsil mahiyyətinin izah olunmamasına, həmin vaxt cavabdehin ona iş görəcəklərini, əldə olunacaq gəlirdən ona da pay verəcəklərini deməsi, bununla da iddiaçının etibarından sui-istifadə edərək onu aldadaraq faktiki olaraq əmlakını ələ keçirməyə cəhd etmələrinə əsaslanaraq, qeydə alınmış kredit və ipoteka müqavilələrinin aldatma yolu ilə bağlanmış əqd olduğunu iddia edir. İş üzrə cavabdeh tərəf istinad olunan hallara etiraz edərək, hər iki müqavilənin həqiqi və real olaraq bağlandığını, bunu üçün etibarsız olmadıqlarını, bundan başqa tələb üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi ilə bağlı proseslər xx.xx.2017-ci il tarixdə yarandığından MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə əsasən, notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir. Pul məbləğlərini və qiymətli kağızları öhdəliyin icrası yerinin notariusu depozitə qəbul edir. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Notariat haqqında” Qanunun 74-cü maddəsində dəyişikliklər edilmiş və həmin maddə aşağıdakı redaksiyada verilmişdir: “....Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. ....Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, “... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır. Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.” “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il qərarında qeyd olunur ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” Göründüyü ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyə görə, çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlilləri barədə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin sübutetmə yükü üzərinə düşən iddiaçı, onunla T.Hüseynov arasında 21-ci Notariat Kontorunda xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona T.Hüseynov tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsini, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmamasını, müqavilələr bağlanan zaman ona müqavilələrin əsil mahiyyətinin izah olunmamasını, bununla da iddiaçının etibarından sui-istifadə edilməsini, bu səbəbdən də xx.xx.2017-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsi aldatma nəticəsində bağlanmış əqd olmasını və başqa məqsədlər üçün bağlanması hallarını sübuta yetirə bilməmişdir. Bunun əksinə Məhkəmə tərəfindən müəyyən edilir ki, kredit və ipoteka müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, mülki qanunvericiliyin prinsiplərini əhatə edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa, iddiaçı kredit və ipoteka müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Mübahisələndirilən “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” xx.xx.2017-ci ildə tərəflərin iştirakı ilə, Bakı Şəhəri 21 saylı dövlət Notariat Kontorunda bağlanmışdır. Odur ki, hesab edilməlidir ki, iddiaçının sözügedən müqavilədən xəbəri olmuş və müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməmiş və belə olan təqdirdə Rayon Məhkəməsi, iddiaçının 1 il ərzində əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə iddia ərizəsi üzrə tələbin təmin edilməməsini həmçinin də bu səbəbdən təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin iddiaçının xüsusi qərardad çıxarılması tələbinə də düzgün yanaşaraq haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlinmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5145/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5145/2020
19.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver